Heydər Əliyev və iqtisadi islahatlar

Azərbaycanın inkişaf tarixinə nəzər salanda görürük ki, ulu öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonrakı dövr əslində respublikamızı müstəqil dövlət quruculuğuna aparan yolun başlanğıcı idi. Başqa sözlə, ötən əsrin 70-ci illərindən başlanan iqtisadi inkişaf, milli-mədəni dirçəliş, özünüdərk, milli ruhun yüksəlişi xalqımızın illərdən bəri qəlbində yaşatdığı dövlətçilik ideyasının milli-azadlıq mübarizəsində əsas hərəkətverici qüvvəyə çevrilməsinə mühüm zəmin yaratdı.

Lakin müstəqilliyin ilk illərində ölkədə hökm sürən xaos, özbaşınalıq, siyasi böhran, Ermənistanın qəsbkarlıq siyasəti nəticəsində Azərbaycan torpaqlarının 20 faizinin işğal olunması və bunun nəticəsində 1 milyondan artıq soydaşımızın doğma yurd-yuvasından didərgin düşməsi sosial-iqtisadi böhranı daha da dərinləşdirmiş və beləliklə, ölkə iqtisadiyyatı idarəolunmaz vəziyyətə düşmüşdü. Yeni dövrün tələblərinə uyğun iqtisadiyyatın qurulmaması, yerli və keçmiş SSRİ miqyasında fəaliyyət göstərən müəssisələr arasında mövcud əlaqələrin pozulması, ölkənin siyasi-iqtisadi və informasiya blokadasına alınması nəticəsində 1990-cı illərin əvvəllərində ÜDM-in, sənaye istehsalının, xarici ticarət dövriyyəsinin həcmi azalmış, inflyasiya idarəolunmaz səviyyəyə çatmışdı. İstehsal sahələrinin sıradan çıxması ilə işsizlik səviyyəsi artmış, əhalinin pul gəliri azalmışdı.

Azərbaycanın gələcək taleyinin müəyyənləşdiyi belə bir ağır, çətin zamanda bütün həyatını xalqına həsr etmiş Heydər Əliyev hakimiyyətə qayıdışı ilə böyük xilaskar missiyasını yerinə yetirdi. Bununla da xalqımızın itirilmiş inamı özünə qaytarıldı, ölkənin yeni inkişaf dövrünün əsası qoyuldu, xaos və böhrana son qoyuldu, vətəndaş müharibəsinin qarşısı alındı, atəşkəsə nail olundu.

Hakimiyyətə “Mən Azərbaycanın müstəqilliyini Azərbaycan xalqı üçün böyük nailiyyət hesab etmişəm və bu müstəqilliyin əldə olunmasına xidmət etmişəm. Bundan sonra ömrümün qalan hissəsini də Azərbaycanın müstəqilliyinin möhkəmlənməsinə, inkişaf etməsinə sərf edəcəyəm” prinsipi ilə qayıdan dahi şəxsiyyət ömrünün sonunadək bu strateji xəttə sadiq qaldı. Bu gün isə tam əminliklə deyə bilərik ki,  əgər o vaxt ölkədə baş verən hadisələrə ümummilli lider prinsipial münasibət bəsləməsəydi, Azərbaycan adlı dövlət hazırda dünya xəritəsində olmazdı.

Ümummilli liderimizin  yenidən hakimiyyətə qayıtması ilə bütün sahələrdə olduğu kimi, ölkəmizin iqtisadi həyatında da taleyüklü dəyişikliklərin əsası qoyuldu. Azərbaycan dövlətini labüd fəlakətdən, hərc-mərclikdən xilas edən Heydər Əliyev respublikanın iqtisadi yüksəlişi üçün kompleks tədbirlər həyata keçirməyə başladı. Ulu öndərin   rəhbərliyi ilə qısa müddətdə bazar iqtisadiyyatının formalaşması üçün qanunvericilik bazası yaradıldı, məqsədli dövlət proqramları qəbul edildi, institusional islahatlar aparıldı, mülkiyyət münasibətlərində əsaslı dəyişikliklərə başlanılması üçün mühüm addımlar atıldı.

Xatırladaq ki, dahi siyasətçi Heydər Əliyev tərəfindən müəyyənləşdirilən və Azərbaycanın gələcək inkişafına istiqamətlənən strategiyanın əsasını iqtisadiyyatın tərəqqisinə, mövcud resurslardan səmərəli istifadəyə, dünya iqtisadiyyatına inteqrasiyaya və nəticə etibarilə vətəndaşların rifah halının yüksəldilməsinə hesablanan sosialyönümlü bazar iqtisadiyyatının yaradılması təşkil edirdi. Ona görə də dahi şəxsiyyət tərəfindən başlanan irimiqyaslı iqtisadi islahatlar nəticəsində ölkədə maliyyə vəziyyəti getdikcə sabitləşdi, iqtisadiyyata investisiyalar cəlb olundu, xalqın həyat səviyyəsi yaxşılaşdı.

Genişmiqyaslı islahatların ağrısız keçməsi, vətəndaşların mənafeyinə ziyan vurulmaması üçün ilk növbədə mükəmməl qanunvericilik bazasının formalaşdırılmasına mühüm önəm verən ulu öndərin rəhbərliyi dövründə iqtisadi sahələrin tənzimlənməsi ilə bağlı 70-dən artıq qanun qəbul olunmuş, 100-dən çox fərman və sərəncam imzalanmış, 30-a yaxın dövlət proqramı təsdiq edilmişdir. Bu normativ-hüquqi sənədlərin başlıca məqsədini müstəqil Azərbaycan dövlətinin iqtisadi əsaslarının möhkəmləndirilməsi, bazar iqtisadiyyatının formalaşdırılması, dövlət idarəetməsinin təkmilləşdirilməsi, vətəndaşların sosial və iqtisadi hüquqlarının daha dolğun təmin olunması təşkil edirdi. Ümumilikdə isə 1993-2003-cü illərdə qəbul edilmiş 1715 qanun və qərardan 975-i ümummilli lider Heydər Əliyevin qanunvericilik təşəbbüsü əsasında parlamentə təqdim olunmuşdu.

Ümummilli liderin ölkə iqtisadiyyatının hərtərəfli inkişafı üçün neft amilindən məharətlə istifadə etməsi, 1994-cü ilin sentyabrında böyük təzyiqlərə baxmayaraq “Əsrin müqaviləsi”nin imzalanmasına nail olması yüksək siyasi iradənin və qətiyyətin təntənəsi idi. Bu saziş Azərbaycanın qapılarını dünyanın üzünə açdı, bu sahədə yeni müqavilələrin imzalanmasını və ölkəyə investisiya qoyuluşunu təşviq etdi. Azərbaycan MDB məkanında Qərbin iri neft şirkətləri ilə böyük miqyasda saziş imzalayan ilk dövlət olmaqla, Xəzər dənizində beynəlxalq əməkdaşlığın əsasını da qoydu. Eyni zamanda, Azərbaycan neftinin dünya bazarlarına çıxarılması üçün 1996-cı ildə Bakı-Novorossiysk, 1999-cu ildə Bakı-Supsa ixrac neft kəmərlərinin istismara verilməsi, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin inşasına dair sazişin imzalanması ilə ixrac marşrutlarının diversifikasiyasına nail olundu. Bununla yanaşı, Azərbaycan qazının Qərb bazarına ixracının reallaşması üçün ulu öndərin  təşəbbüsü ilə Cənubi Qafqaz Boru kəmərinin inşasına başlanıldı.

Dahi şəxsiyyət 1999-cu ildə neft yataqlarının xarici şirkətlərlə birgə işlənməsindən əldə edilən mənfəət neftinin satışından daxil olan vəsaitlərin səmərəli idarəsini, həmin vəsaitlərin prioritet sahələrin inkişafına və sosial-iqtisadi baxımdan mühüm önəm daşıyan layihələrin həyata keçirilməsinə yönəldilməsini reallaşdırmaq üçün Dövlət Neft Fondunun yaradılması ilə bağlı fərman imzaladı. Ümummilli liderin müdrik qərarı ilə Dövlət Neft Fondundan ilk vəsait qaçqın və məcburi köçkünlərin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına yönəldildi. 

Ulu öndərin müəyyənləşdir­diyi sosial-iqtisadi siyasətin mühüm istiqamətlərindən biri infrastrukturun inkişaf etdirilməsi olmuşdur. Bu baxımdan? Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən nəqliyyatın inkişafı siyasətinin mərkəzində respublikada beynəlxalq, habelə tranzit dəhliz və yolların, ölkənin regionlararası, şəhər və rayondaxili yol-nəqliyyat infrastrukturunun inkişafı, eləcə də milli nəqliyyat-yol sisteminin dünya kommunikasiya məkanına sürətli inteqrasiyası dururdu. Bu məqsədlə TRASEKA, Şimal-Cənub nəqliyyat dəhlizinin, İNOGEYT proqramının həyata keçirilməsinə başlanıldı. Nəticədə Azərbaycan Xəzər regionunda əsas multimodal nəqliyyat qovşağına və beynəlxalq əhəmiyyətli neft-qaz tranziti ölkəsinə çevrildi.

Ümummilli liderin təşəbbüsü və rəhbərliyi ilə 1995-ci ildən başlayaraq iqtisadiyyatın bazar münasibətləri əsasında qurulması, aqrar islahatların həyata keçirilməsi, sovxoz və kolxozlara məxsus torpaqların, mal-qaranın və əmlakın kəndlilərə paylanması, qiymətlərin sərbəstləşdirilməsi kimi tədbirlər kənd təsərrüfatının inkişafına təkan vermiş, bu sahədə ciddi struktur dəyişiklikləri aparılmış, yeni sahələr yaranmış, məzmunca fərqli münasibətlər formalaşmışdır. Ulu öndərin memarı olduğu torpaq islahatı kənd təsərrüfatını 1990-cı illərin əvvəllərindəki böhranlı vəziyyətdən xilas etmiş və gələcək inkişafının əsasını qoymuşdur. Bu islahatlar nəticəsində 1350 min hektardan çox torpaq sahəsi əvəzsiz olaraq kəndlilərə paylanmış, kolxoz və sovxozların yerində fermer təsərrüfatları yaradılmışdır. Bütün xatırladılan tədbirlərin reallaşdırılması nəticəsində hazırda aqrar bölmədə özəl sektorun xüsusi çəkisi demək olar ki, 100 faizə çatmışdır.

1995-ci ildən etibarən ölkədə aparılan ardıcıl və sistemli iqtisadi islahatların ən mühüm istiqamətlərindən birini də dövlət mülkiyyətinin özəlləşdirilməsi, azad sahibkarlığın inkişafı üçün əlverişli şəraitin yaradılması təşkil etmişdir. Özəlləşdirilən torpaqlarda səmərəli təsərrüfatçılığın, sahibkarlığın inkişafının təmin olunması məqsədilə ümummilli liderin təşəbbüsü ilə kənd təsərrüfatı məhsulları istehsalçılarının əvvəlki vergi borcları silinmiş, onlara uzunmüddətli vergi tətillərinin verilməsinə başlanılmışdır.  

“Sahibkarlığın inkişaf etdirilməsi, sərbəst iqtisadiyyata yol verilməsi, bazar iqtisadiyyatının yaradılması bizim strateji yolumuzdur” - deyən Heydər Əliyev ölkənin gələcək iqtisadi inkişafının məhz özəl sektorla bağlı olduğunu daim diqqətə çatdırırdı. Ulu öndərin müəyyənləşdirdiyi  və rəhbərliyi ilə uğurla həyata keçirilən sahibkarlığın inkişafı strategiyası özəl bölmənin inkişafına yönəlmiş tədbirlərin sistemliliyi, dövlət tənzimlənməsinin liberallaşdırılması, dövlət-sahibkar münasibətlərinin institusionallaşdırılması ilə nəzərə çarpırdı. Onu da deyək ki, qəbul edilən dövlət proqramlarının bu sahənin inkişafında xüsusi rolu oldu, kiçik və orta sahibkarlığın inkişafını iqtisadi siyasətin prioritet istiqamətlərindən birinə çevirdi, sahibkarlara maliyyə dəstəyi və zəruri texniki yardım göstərən strukturların formalaşdırılmasına zəmin yaratdı. Sahibkarların vergi yükünün azaldılması məqsədilə mənfəət və əlavə dəyər vergisinin dərəcələrinin aşağı salınmasına, kiçik sahibkarlıq subyektlərinə sadələşdirilmiş vergi tətbiq edilməsinə müsbət təsir göstərdi. 

Ümummilli liderin ölkənin gələcək inkişafı ilə bağlı qarşıya qoyduğu vəzifələrdən biri də regionların tarazlı və davamlı inkişafının təmin edilməsi olmuşdur. Bu baxımdan, 1995-2003-cü illərdə bazar münasibətlərinin geniş vüsət alması, hərtərəfli iqtisadi islahatların aparılması, özəlləşdirmə proqramlarının həyata keçirilməsi, milli sahibkarlar sinfinin formalaşması ilə regionların hazırkı inkişafına əlverişli zəmin yaradılmışdır.   

Heydər Əliyev strategiyasının həyata keçirilməsi sayəsində 1995-ci ildən Azərbaycanda inkişafın yeni mərhələsi – bərpa və dinamik inkişaf dövrü başlanmışdır. 1995-2003-cü illər ərzində ümumi daxili məhsul 1,7 dəfə, dövlət büdcəsinin gəlirləri 3,9 dəfə, sənaye məhsulunun həcmi 23,3 faiz, kənd təsərrüfatı istehsalı 53,8 faiz, xarici ticarət dövriyyəsi 4 dəfə, iqtisadiyyatda məşğul olanların orta aylıq əməkhaqqı 6,2 dəfə artmışdır. Bu dövrdə iqtisadiyyata bütün maliyyə mənbələri hesabına 20 milyard dollar həcmində investisiya qoyulmuşdur.

Bu gün ulu öndərin inkişaf strategiyasını uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çevik və qətiyyətli, uzaqgörən iqtisadi siyasəti sayəsində qazanılan uğurlar daha da möhkəmləndirilmişdir. Dövlət başçısının rəhbərliyi ilə dayanıqlı və davamlı inkişaf edən, dünyada mövqeyi möhkəmlənən, regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilən ölkəmiz daha böyük uğurlara doğru inamla irəliləyir. Özünəməxsus milli inkişaf modeli ilə tanınan Azərbaycan hazırda inkişafının keyfiyyətcə yeni və yüksək inkişaf mərhələsini yaşayır. Ulu öndərin memarı olduğu müasir Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, kosmosa rabitə peyki çıxaran dövlətlər sırasına daxil olması, bazar iqtisadiyyatına keçidin başa çatması, ölkəmizin xaricə investisiya yatıran dövlətə çevrilməsi son illərdə qazanılan uğurların yalnız bir hissəsidir.

Beləliklə, siyasi və iqtisadi baxımdan sabit, davamlı və dayanıqlı tərəqqi yolu ilə irəliləyən Azərbaycanın bugünkü uğurları Heydər Əliyev siyasətinin, bu siyasətin Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsinin məntiqi nəticəsidir. Bu inkişaf kursu isə Azərbaycanı daha böyük zəfərlərə, möhtəşəm qələbələrə aparır.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

Məqalə İqtisadiyyat Nazirliyi tərəfindən KİV nüma­yən­­dələri arasında elan olunan yaradıcılıq müsabiqəsinə təqdim edilir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında