Prezident İlham ƏLİYEV: Biz Azərbaycan dövləti və xalqının inkişaf etməsi, normal yaşaması üçün tədbirlər görürük

 

 

 

 

 

 

 

 

 

 


Bizim bütün işlərimizin təməlində və mərkəzində insan amili dayanır. Hesab edirəm ki, bu, hər bir dövlət üçün ən vacib yanaşmadır. Çünki hər şey insan üçün edilir. Onun azadlığı, təhlükəsizliyi, sağlamlığı, işlə təmin edilməsi, rahat yaşaması dövlətin başlıca qayğısıdır. Hesab edirəm ki, bu istiqamətdə də böyük addımlar atılmış, uğurlar əldə edilmişdir. Azərbaycan vətəndaşları azad cəmiyyətdə yaşayırlar. Onlar bütün azadlıqlara malikdirlər və öz dövlətinin gücünü artırmaq üçün çalışırlar.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti 


Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatların strateji hədəfləri sırasında qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəldilməsi, regionların davamlı və tarazlı inkişafının təmin edilməsi ilə yanaşı, sosialyönümlü siyasətin prioritetliyinin qorunub saxlanılması da əsas yer tutur. Bu, təsadüfi deyil. Çünki  son illər respublikamızda  əhalinin etibarlı sosial müdafiəsinin, habelə vətəndaşların yüksək rifah halının təmini istiqamətində həyata keçirilən ardıcıl tədbirlər Azərbaycanın milli inkişaf modelinin sosialyönümlü səciyyə daşıdığını tam təsdiqləyib. Sahibkarlığın inkişafı, yeni müəssisələrin işə salınması məqsədilə reallaşdırılan islahatlar yoxsulluğun səviyyəsinin azaldılmasına, əmək qabiliyyətli əhalinin iqtisadi fəallığının yüksəlməsinə, eləcə də ölkənin məşğulluq strategiyasının səmərəliliyinə imkan verib.

Son illər respublikada sosialyönümlü siyasətin bütün mahiyyəti üzrə gerçəkləşdirilməsinə şərait yaradan, bu sahədəki ənənəvi yanaşma və metodları daha da təkmilləşdirən mükəmməl qanunvericilik sisteminin yaradılması, mühüm fərman və sərəncamların imzalanması, habelə bu sahədə mövcud beynəlxalq konvensiyaların ratifikasiyası da mühüm əhəmiyyətə malikdir.

Yuxarıda qeyd edilənlərlə bağlı Nazirlər Kabinetinin
2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ətraflı danışılıb. Bildirilib ki, hesabat dövründə  sosialyönümlü tədbirlərin həyata keçirilməsi, onların maliyyə təminatı üzrə dövlətin siyasətinin prioritetliyi təmin edilib.

Dövlət başçısı iclasda sosial məsələlərdən danışarkən, Mənzil İnşaatı Dövlət Agentliyinin xətti ilə böyük şəhərciyin salınması,  “Ağ Şəhər” layihəsinin birinci mərhələsinin artıq başa çatdırılması, Bakının müxtəlif yerlərində müddəti keçən və yararsız vəziyyətdə olan binaların sökülərək, yerlərində hündürmərtəbəli binalar tikilməsi məsələlərinə də diqqət yönəldib. Bununla yanaşı, Azərbaycanda qazlaşdırmanın səviyyəsinin bundan sonra da yüksəldiləcəyini, kəndlərdə yaşayan əhalinin təmiz içməli su ilə təminatının daha da yaxşılaşdırılacağını,  kənd yolları layihələrinin icrasına xüsusi önəm veriləcəyini, Bilgəh-Sumqayıt yolunun genişləndiriləcəyini, eyni zamanda, Sumqayıtı alternativ yolla paytaxtla, xüsusilə Bakıətrafı qəsəbələrlə, Beynəlxalq Aeroportla birləşdiriləcəyini xatırladıb. 

Prezident İlham Əliyev bildirib ki, bundan sonra da  tibb müəssisələrinin, qəzalı məktəblərin tikilməsinə və ya əsaslı təmir edilməsinə mühüm önəm veriləcək, əhalinin tibbi müayinədənkeçmə layihəsi diqqətdə saxlanılacaq.

Azərbaycan iqtisadiyyatında əldə olunan uğurların son nəticədə sosial ədalət prinsiplərinin möhkəmləndirilməsinə xidmət etdiyini vurğulayan dövlət başçısı İlham Əliyev sosial sahədə həyata keçirilən ciddi proqramların mahiyyətini izah edərək deyib: “...Əlbəttə, bizim bütün işlərimizin təməlində və mərkəzində insan amili dayanır. Hesab edirəm ki, bu, hər bir dövlət üçün ən vacib yanaşmadır. Çünki hər şey insan üçün edilir. Onun azadlığı, təhlükəsizliyi, sağlamlığı, işlə təmin edilməsi, rahat yaşaması dövlətin başlıca qayğısıdır. Hesab edirəm ki, bu istiqamətdə də böyük addımlar atılmış, uğurlar əldə edilmişdir. Azərbaycan vətəndaşları azad cəmiyyətdə yaşayırlar. Onlar bütün azadlıqlara malikdirlər və öz dövlətinin gücünü artırmaq üçün çalışırlar”.

Azərbaycan Prezidentinin tapşırıq və tövsiyələrinə uyğun olaraq görülən böyük quruculuq işləri vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılmasına, onların qayğı və problemlərinin həllinə, cəmiyyətdə mənfi halların kökünün kəsilməsinə, vətəndaşların gündəlik tələblərinin yerinə yetirilməsinə şərait yaradır. Eyni zamanda, dövlət orqanlarında və idarələrində vətəndaş müraciətlərinə daha diqqətlə yanaşılması, dövlət məmurlarının onlara qayğısının artırılması, hər bir vətəndaşın dövlətin və cəmiyyətin mövcud imkanlarından daha yaxşı bəhrələnməsi təmin edilir.

Dövlətimizin başçısı İlham Əliyev mütəmadi olaraq görüşlərində vətəndaşları narahat edən problemlərə xüsusi diqqət yetirir, bəzi mənfi hallar barədə daha təsirli tədbirlər görülməsini tələb edir. Məhz elə bunun nəticəsidir ki, Azərbaycan vətəndaşları ölkə Prezidentinin yeritdiyi iqtisadi və sosial siyasəti ürəkdən bəyənir, insanlara qayğı göstərilməsi ilə bağlı dövlət məmurları qarşısında qoyduğu ciddi tələbləri tam dəstəkləyirlər.

Nazirlər Kabinetinin sözügedən iclasında qeyd edilən məsələyə də toxunulub. Prezident İlham Əliyev kəndlərdə yaşayan əhalinin təmiz içməli su ilə təmin edilməsi məsələsindən danışarkən bildirib: “İçməli su layihələri nəzərdə tutulan investisiya həcmində tam icra edilməlidir. Eyni zamanda, bu il biz kəndlərdə yaşayan əhalinin təmiz içməli su ilə təmin edilməsi üçün 270 kiçik layihə icra edəcəyik. Bu təmizləyici qurğuların 170 kənddə quraşdırılması “Azərsu” ASC-nin, 100 kənddə isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xətti ilə təmin ediləcək. Müvafiq sərəncam imzalanmışdır. Bütün kəndlərin adları bu sərəncamda göstərilmişdir. Mən xüsusilə belə tapşırıq verdim ki, həm o kəndlərin sakinləri, həm bu işi icra edənlər bilsinlər, bu məsələ nəzarət altındadır. Əgər sadəcə o sərəncamda yazılsaydı ki, 100 və ya 200 kəndin su problemi həll edilsin, buna filan qədər vəsait ayrılsın, sonra ona nəzarət etmək çox çətin olacaqdı: 100 kəndəmi, yoxsa 50 kəndə su verildi? Sərəncamda bütün o rayonların, kəndlərin adı göstərilib və mən o kəndlərin sakinlərindən xahiş edirəm ki, onlar da nəzarət etsinlər. Götürsünlər o sərəncamı baxsınlar. Əgər onların kəndi o siyahıda varsa və o iş görülmürsə dərhal yerli icra orqanlarına, Prezident Administrasiyasına məlumat versinlər. Əlbəttə ki, əgər o işdə hansısa bir qüsur olarsa, buna yol verən şəxslər müvafiq qaydada cəzalandırılacaqlar. Mən bunu ona görə deyirəm ki, ictimai nəzarət güclənsin. Mən dəfələrlə bu barədə demişəm ki, ictimai nəzarəti gücləndirmək üçün gərək ictimaiyyətdə məlumat olsun. Bax, bu məlumatı biz veririk, 270 kəndin modul tipli təmizləyici qurğularla təmin edilməsi bu il başa çatmalıdır, vəsait ayrılıb və nəzarət də olmalıdır.”

Məhz elə bunun nəticəsidir ki, Azərbaycan vətəndaşları gündəlik həyatda qarşılaşdıqları hər bir problemin həllində dövlət orqanlarının qayğı və diqqətindən bəhrələnir, onlar üçün yaradılmış həyat şəraitinin kifayət qədər yüksək olduğunu görür və hiss edirlər.

Bu gün ölkəmizdə qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsinə, onların yaşayış şəraitinin yaxşılaşdırılmasına prioritet vəzifə kimi yanaşılır. Azərbaycan Prezidenti İlham Əliyev iclasda bununla bağlı danışarkən, əvvəlcə diqqəti Cocuq Mərcanlı kəndinin bərpasına yönəldib. Bildirib ki, hazırda orada yeni qəsəbə salınır. Birinci növbədə 50 ev, məktəb, uşaq bağçası, məscid tikilir, yeni yol salınır. Sonra əlavə 150 ev və tibb məntəqəsi tikiləcək…

Dövlət başçısı daha sonra vurğulayıb: “Bu il köçkünlər üçün digər yerlərdə yeni binalar tikilir, qəsəbələr salınır. Onlardan biri Tərtər rayonunda inşa edilən böyük qəsəbədir, yaxın aylarda istifadəyə veriləcək. Eyni zamanda, Bakı və Sumqayıt şəhərlərində qəzalı binalarda yaşayan köçkünlərin problemləri də əminəm ki, yaxın vaxtlarda öz həllini tapacaq. İlk növbədə, ən ağır vəziyyətdə yaşayan dörd min köçkün ailəsi yeni evlərə köçürüləcəkdir. Bu proses mərhələli yollarla həll ediləcək, həm yeni binalar tikilir, eyni zamanda, vaxtilə tikilmiş mövcud binalarda mənzillər alınacaq və məcburi köçkünlər orada yerləşdiriləcəkdir. Hesab edirəm ki, yaxın bir neçə aydan sonra birinci qrup köçkünlər yeni evlərə köçürüləcəkdir”.

İqtisadi inkişaf potensialı müasir dövrdə hər bir dövlətin gücünü müəyyənləşdirən  başlıca amildir. Ümumiyyətlə, hər bir ölkənin, xalqın problemlərinin ən səmərəli yolu məhz iqtisadi-sosial tərəqqidən keçir. Ona görə də respublikamızın iqtisadi siyasətinin sosialyönümlü xarakter daşıması təsadüfi deyil. Bu, bir tərəfdən insan amilinə yüksək həssaslıq nümunəsidirsə, digər tərəfdən bazar iqtisadiyyatı yolu ilə inkişaf etmiş bir sıra qabaqcıl dünya dövlətlərinin təcrübəsinə əsaslanır. Dövlət başçısı İlham Əliyev də bu reallığı daim önə çəkir. Çünki  insanların sosial şəraitinin yaxşılaşdırılması iqtisadi-sosial islahatların həyata keçirilməsinə, iqtisadi inkişaf prosesində hər bir vətəndaşın iştirakını təmin etməyə müsbət təsir göstərir.

Son illərin  reallıqları da göstərir ki, ölkənin iqtisadi inkişafından, neft strategiyasının və sahibkarlığın inkişafının uğurlu nəticələrindən əldə edilən dividendlər bilavasitə insanların sosial problemlərinin həllinə, vətəndaşların həyat səviyyəsinin yaxşılaşmasına yönəldilir. Yeni iş yerlərinin açılmasına, sosial müdafiə sisteminin davamlı şəkildə təkmilləşdirilməsinə mühüm önəm verilməsi də dövlətin vətəndaşlarına olan diqqət və qayğısının bariz təcəssümüdür. Fikrimizin təsdiqi kimi, Prezident İlham Əliyevin bununla bağlı iclasda dediyi sözləri diqqətə çatdırmaq istərdik: “Bölgələrdə məşğulluğun artırılması daim diqqət mərkəzindədir. Mən bunu dəfələrlə demişəm ki, biz bu məsələni daim diqqətdə saxlamalıyıq. Çünki bizdə əhali artır, bu il də, gələn illərdə də artacaq və artan əhali üçün gələcəkdə yeni iş yerləri lazım olacaq. Azərbaycanda demoqrafik vəziyyət çox yaxşıdır, əhali artır. Ancaq bu, bizi daha da fəal işləməyə sövq etməlidir. Ona görə, məşğulluğun artırılması həmişə gündəlikdə duran məsələ olacaqdır. Biz bunu həll edirik. Mən qeyd etdim ki, həm dövlət, həm özəl sektorda 70 min daimi iş yeri yaradılıbdır, mövsümi işlərlə bərabər 85 min. Bu, üç ay üçün böyük rəqəmdir və bu işləri davam etdirməliyik. Eyni zamanda, özünüməşğulluq proqramı geniş vüsət almalıdır. Artıq birinci addımlar atılıb və bu, həm dövlət orqanları, yerli icra orqanları, həm də özəl qurumlar tərəfindən həyata keçirilən layihələr olmalıdır. Çünki hər bir ailənin, yəni, hələ yoxsulluq şəraitində yaşayan ailənin imkanı olmalıdır ki, öz ehtiyacını özü ödəsin və biz bu imkanı yaratmalıyıq. Əlbəttə, dövlət çətin vəziyyətdə yaşayan vətəndaşlara həmişə qayğı, diqqət göstərir, ünvanlı sosial yardım proqramı icra edilir. Ancaq biz tədricən özünüməşğulluq sisteminə keçməliyik. Bu, vətəndaşlar üçün də daha əlverişlidir, daha yaxşıdır. Onların öz ailə büdcələri olacaq. Sadəcə biz onlara kömək etməliyik. Kənd yerində onlara şərait yaradılmalıdır, mal-qara, ev quşları verilməlidir. Arıçılıq, heyvandarlıq burada çox böyük rol oynaya bilər ki, onlar öz büdcələrini özləri təmin etsinlər. Amma dövlət əlbəttə ki, ilk mərhələdə onlara kömək göstərəcək. Ona görə, Nazirlər Kabineti özünüməşğulluq proqramına xüsusi diqqət yetirməlidir. Yenə də deyirəm, burada bütün müvafiq qurumlar, strukturlar vahid siyasət aparmalıdırlar. Əlbəttə ki, bu işlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə aparılır, ancaq hesab edirəm ki, digər nazirliklər - İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, yerli icra orqanları və sahibkarlar buna qoşulmalıdır...”.

Dövlətimizin başçısı çıxışında daha sonra diqqətə çatdırıb ki, bütün bu məsələləri həll etmək üçün Azərbaycanın güclü iqtisadi potensialı olmalıdır. Ölkəmizdə bu potensial yaradılıb. Bu ilin birinci rübünün yekunları onu göstərir ki, Azərbaycan iqtisadiyyatı çox dinamik şəkildə inkişaf edir. 

Yazının sonunda deyilənləri yekunlaşdırıb belə qənaətə gəlmək olar ki, bu gün Azərbaycanın qarşısında duran ən mühüm strateji məqsəd ölkəmizin müstəqilliyini bundan sonra da gücləndirmək və respublikamızı dünyanın ən inkişaf etmiş dövlətləri səviyyəsinə yüksəltməkdir. Buna görə də hazırda respublikamızda sosial- iqtisadi inkişafla bağlı böyük layihələrin icrası diqqət mərkəzində saxlanılır, qeyri-neft sektorunun davamlı inkişafına mühüm önəm verilir, ictimai xidmətlər və sosial infrastruktur daha da təkmilləşdirilir.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında