Azərbaycanın təcrübəsi dünya miqyasında artıq bir nümunə kimi qəbul edilir

Azərbaycanda bazar iqtisadiyyatı prinsiplərinin tam bərqərar olması, xarici investisiyaların qeyri-neft sektoruna, xüsusən də regionların inkişafına yönəldilməsi, əlverişli sahibkarlıq və biznes mühitinin formalaşdırılması, işsizlik probleminin həlli, əhalinin həyat şəraitinin yaxşılaşdırılması məsələləri Azərbaycan Prezidenti İlham Əliyevin yeritdiyi iqtisadi siyasətin prioritet istiqamətləri kimi diqqət çəkir.

İdarəetmə sisteminə dinamizm və müasirlik çalarları gətirən dövlət başçımız hökumətin həyata keçirməli olduğu tədbirlərin icra prosesini daim şəxsi nəzarətində saxlayır, habelə ölkənin strateji resurslarını milli inkişafa təkan verən qlobal layihələrin reallaşdırılması yönündə səfərbər edir. Bu baxımdan son illərdə regional inkişaf və qeyri-neft sektorunun tərəqqisi istiqamətində reallaşdırılmış tədbirləri xüsusi vurğulamaq olar.

Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında yuxarıda qeyd edilən məsələlərlə bağlı geniş danışılıb.

Prezident İlham Əliyev giriş nitqində deyib: “Dünyada və regionda mövcud beynəlxalq vəziyyət hələ ki, çox gərgindir. Mövcud olan münaqişələr, qanlı toqquşmalar davam edir. Yeni risklər yaranır, yeni təhdidlər ortaya çıxır və bütövlükdə, əfsuslar olsun ki, 2017-ci ildə bölgədə sabitlik istiqamətində ciddi addımlar atılmamışdır. Əksinə, bir daha qeyd etmək istəyirəm ki, risklər artır. Əlbəttə, biz bu bölgədə yaşayan bir ölkə kimi bundan narahatıq və öz tədbirlərimizi görürük ki, Azərbaycan dövləti və Azərbaycan xalqı inkişaf etsin, normal yaşasın, ölkəmizdə təhlükəsizlik təmin edilsin və özümüzü potensial risklərdən qoruya bilək”.

Azərbaycan Prezidentinin düzgün müəyyənləşdirilən  sosial-iqtisadi inkişaf strategiyası əsasında apardığı çevik və praqmatik siyasət ölkəmizin tərəqqi yolu keçərək, dünya dövlətləri arasında layiqli yer tutmasını təmin edib. Sosial-iqtisadi inkişafla bağlı statistik rəqəmlərə, həmçinin yürüdülən daxili və xarici siyasət kursuna, reallaşdırılan layihələrə və beynəlxalq təşkilatların hesabatlarına nəzər saldıqda bunu daha aydın görə bilərik.

Dövlətimizin başçısı  diqqətə çatdırıb ki, hesabat dövründə ölkəmiz uğurla inkişaf edib, bütün proqnozlar yerinə yetirilib. İqtisadiyyatın ayrı-ayrı sahələrində müsbət nəticələr nəzərə çarpıb.   Qeyri-neft sektoru 2,4 faiz, kənd təsərrüfatı 3,5 faiz artıb, qeyri-neft sənayesinin artımı 2 faiz səviyyəsində olub. Bitkiçilikdə artım 20 faiz təşkil edib. Bu isə onu göstərir ki, görülən işlər, həyata keçirilən ciddi islahatlar, investisiyalar öz uğurlu nəticəsini verib.

Nazirlər Kabinetinin sözügedən iclasında milli inkişaf prioritetlərinin düzgün müəyyənləşdirilməsi, ölkənin bütün potensialının intellektual resursların, insan kapitalının gücləndirilməsi yönümündə səfərbər edilməsi məsələsinə xüsusi önəm verilib. Hesabat dövründə respublikanın iqtisadi inkişafının keyfiyyətcə yeni mərhələyə qədəm qoyması xatırladılıb. Bildirilib ki, bu mərhələdə əsas məqsədlərdən biri milli iqtisadiyyatın rəqabətqabiliyyətliyinin yüksəldilməsinə, sosial-iqtisadi inkişafın davamlılığına nail olmaq, özəl sektoru daha da gücləndirməkdir. Son illər imzalanan fərmanlarda, təsdiq edilən dövlət proqramlarında bu hədəfin uğurla reallaşması üçün bir sıra vəzifələr müəyyənləşdirilib. Həmin vəzifələrin gerçəkləşdirilməsi məqsədilə rəqabətqabiliyyətli, ixracyönümlü, çoxşaxəli, innovativ iqtisadiyyatın formalaşdırılması, sənayeləşmə siyasətinin sürətləndirilməsi, mütərəqqi təcrübəyə əsaslanan sənaye zonalarının yaradılması, müəssisələrin texnoloji cəhətdən yeniləşdirilməsi, intensiv metodların tətbiqinin daha da genişləndirilməsi  nəzərdə tutulur.

Nazirlər Kabinetinin iclasından da göründüyü kimi, bu ilin ilk üç ayı da əvvəlki dövrdə olduğu kimi, əhalinin sosial müdafiəsinin beynəlxalq standartlara uyğunlaşdırılması və maddi rifah halının yaxşılaşması, neft gəlirlərini qeyri-neft sektoruna yönəltməklə və modern texnologiyalara əsaslanmaqla yeni sənaye sahələrinin yaradılması, iqtisadi və sosial infrastrukturun davamlı inkişafı, eyni zamanda, dövlətimizin hərbi qüdrətinin yüksəldilməsi ilə əlamətdar olub. Bu müddət ərzində ölkə boyu tikinti-quruculuq və abadlıq işləri davam etdirilib, bir sıra sosial obyektlər tikilib, təhsil, mədəniyyət, səhiyyə, idman, turizm, ekologiya sahələrində irəliləyiş baş verib. Görülən işlər və nəticələr isə deməyə əsas verir ki, Azərbaycan dünyaya özünün uğurlu inkişaf modelini təqdim edə bilib və qısa zaman kəsiyində ölkəmizdə, sözün əsl mənasında, inqilabi yeniləşmə və tərəqqiyə nail olunub.

Günel SƏFƏROVA,
“Gənc Vətəndaş” Maarifləndirmə İctimai Birliyinin  icraçı direktoru


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında