Azərbaycan Avrasiyanın önəmli nəqliyyat dəhlizləri mərkəzinə çevrilməkdədir

Ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanın nəqliyyat sisteminin gücləndirilməsi və ölkənin tranzit imkanlarından səmərəli istifadə edilməsi üçün Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə layihələrin həyata keçirilməsinə başlanıldı. Tarixi İpək Yolunun bərpası ideyasının əfsanədən reallığa çevrilməsi istiqamətində reallaşdırılan kompleks tədbirlər respublikamızın geostrateji və coğrafi əhəmiyyətini daha da artırdı.

Ötən müddətdə bu istiqamətdə çox mühüm addımlar atılıb. Bir sıra dövlətlərlə nəqliyyat, logistika və digər sahələrdə çox uğurlu əməkdaşlıq münasibətləri qurulub. Qədim İpək Yolunun modernləşdirilməsi, Rusiya və İran istiqamətində tranzit marşrutlarının yenidən işə salınması, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin çəkilişinin sürətləndirilməsi, çoxşaxəli regional infrastruktur sisteminin yaradılması istiqamətlərində mühüm tədbirlər həyata keçirilib.

Xatırladım ki, Bakı-Tblisi-Qars dəmir yolu layihəsinin reallaşdırılması və Bosfor boğazında dəmir yolu tunelinin inşası Transavropa və Transasiya dəmir yolu şəbəkələrinin birləşdirilməsini, yük və sərnişinlərin birbaşa Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçməklə Avropa və Asiyaya çıxışını təmin etməklə yanaşı, region ölkələrinin tranzit potensialının artmasına, Avropaya inteqrasiya proseslərinin sürətlənməsinə, habelə   əməkdaşlığın daha da inkişafına, ölkəmizin xarici iqtisadi əlaqələrinin genişlənməsinə xidmət edəcək.

Onu da qeyd edim ki, hazırda Azərbaycanın sürətli inkişaf dinamikası yeni-yeni qlobal nəqliyyat layihələrinin həyata keçirilməsinə imkan verir. Bu, ölkəmizin iqtisadi qüdrətini artırmaqla bərabər, onun dünyada baş verən hadisələrə təsir imkanlarını da artırır. Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev deyib: “Bu ilin əvvəlindən nəqliyyat sektorunda da yaxşı nəticələr var. Xüsusilə qeyd etməliyəm ki, Astaraçay çayı üzərində tikdiyimiz körpü vasitəsilə bu ilin mart ayında Azərbaycandan İrana artıq birinci qatar keçibdir. Biz Şimal-Cənub dəhlizi ilə bağlı ərazimizdə olan bütün işləri yekunlaşdırdıq. Əminəm ki, bu il Şimal-Cənub layihəsinin icrasında birgə səylərlə müsbət irəliləyiş olacaq. O ki qaldı, Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsinə, Türkiyə tərəfi artıq bir neçə dəfə rəsmi qaydada bəyan edib ki, bu il bu layihə də istifadəyə veriləcək. Bilirsiniz ki, Azərbaycan bu layihə ilə bağlı öz üzərinə düşən bütün vəzifələri artıq icra edib”.

Dövlətimizin başçısı çıxışında, həmçinin qlobal nəqliyyat layihələrin həyata keçirilməsindən danışarkən, diqqəti mühüm bir məqama da yönəldib. Bildirib ki, yeni ixrac bazarları axtarmalı, logistika mərkəzləri təşkil etməliyik. İndi Qazaxıstanın Aktau vilayətində Azərbaycan Logistika Mərkəzi yaradılıb. Görürük ki, bunun böyük faydası var. Bir sözlə, bu, həm daxili istehsalı, eyni zamanda, valyuta gəlirlərimizi artırmaq üçün böyük əhəmiyyət daşıyan sahədir.

Yeri gəlmişkən, iclasda yuxarıda qeyd edilən məsələlər dəmir yolu nəqliyyatının timsalında daha geniş şəkildə ifadə olunub. “Azərbaycan Dəmir Yolları” QSC- nin sədri Cavid Qurbanov  çıxışında deyib ki, dövlət başçısının tapşırığına əsasən, Naxçıvan-Məşhəd-Naxçıvan beynəlxalq sürət qatarı artıq fəaliyyətə başlayıb. Astara-Rəşt dəmir yolunun inşası başa çatdıqdan sonra isə Naxçıvan-Bakı qatarı işə salınacaq ki, bununla da muxtar respublika əhalisinin dəmir yolu vasitəsilə paytaxtla asan əlaqəsi təmin olunacaq, həmçinin Naxçıvanda istehsal olunan bir sıra sənaye və kənd təsərrüfatı məhsullarının təqribən 30-32 saata  Bakıya daşınması mümkün olacaq. Eyni zamanda, sadalanan məhsulların qonşu ölkələrin bazarlarına çıxarılmasına imkan yaranacaq.

İclasda, eyni zamanda, diqqətə çatdırılıb ki, Azərbaycan dəmir yollarının beynəlxalq nəqliyyat dəhlizlərinə inteqrasiya olunması üçün müvafiq infrastrukturun yaradılması istiqamətində hazırda lazımi tədbirlər görülür. Bakı-Tbilisi-Qars dəmir yolunun artıq bu il istismara verilməsi planlaşdırılır. Layihə çərçivəsində Gürcüstan ərazisində, Türkiyə sərhədinə qədər ümumilikdə 183 kilometr, o cümlədən 30 kilometr uzunluğunda Qars-Axalkalaki yeni dəmir yolunun inşası, Axalkalaki stansiyasında vağzal və təkər cütlərinin dəyişdirilməsi kompleksinin və 4450 metr uzunluğunda tunelin inşası reallaşdırılıb. Gürcüstan ərazisində Türkiyə sərhədinə qədər sınaq qatarının hərəkəti təmin edilib. Hazırda Türkiyə ərazisində layihənin tamamlanması istiqamətində işlər sürətləndirilib.

Şimal-Cənub və Cənub-Qərb beynəlxalq nəqliyyat marşrutları çərçivəsində Azərbaycan və İran dəmir yollarının birləşdirilməsinə dair işlər də daim diqqət mərkəzində olub. Azərbaycan ərazisində 2016-cı il aprelin 20-də başlayan tikinti işləri qısa müddət ərzində başa çatdırılıb, 16 kilometrdən çox dəmir yolunun və Azərbaycan-İran sərhədində, Astara çayı üzərində 82,5 metr uzunluğu olan körpünün tikintisi tam yekunlaşdırılıb, cari il martın 3-də ilk sınaq qatarı həmin körpüdən keçərək İran ərazisinə daxil olub. Adı çəkilən qonşu dövlətin  ərazisində 1,4 kilometr uzunluğunda yolun və yük terminalının inşası isə hazırda davam edir. 

İslahatlar çərçivəsində aparılan sağlamlaşdırma prosesi sərnişin vaqon parkını da əhatə edir. İsveçrənin “Stadler Reil Qrup” şirkətinin istehsalı olan 4 vaqondan ibarət 5 ədəd ikimərtəbəli sürət qatarı alınaraq ölkəyə gətirilib və həmin şirkətlə Bakı-Tbilisi-Qars marşrutu ilə hərəkət edəcək daha 30 vaqonun alınmasına dair təchizat müqaviləsi imzalanıb, hazırda isə maliyyələşməni təmin etmək üçün kredit müqaviləsi ilə bağlı danışıqlar aparılır.

Cənab Prezidentin tapşırığınıza əsasən, respublikanın tranzit potensialının artırılması məqsədi ilə Azərbaycan Dəmir Yolları ölkəmizin digər nəqliyyat strukturları ilə birgə, artıq bir neçə iri beynəlxalq layihələrin təşəbbüskarı və iştirakçısıdır. Ötən ilin sonunda Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun Assosiasiyası yaradılıb, vahid qiymətlər və vahid pəncərə sistemi tətbiq olunub. Hazırda Şərq-Qərb dəhlizində alternativ marşrutların hazırlanması istiqamətində tədbirlər həyata keçirilir. Çinin cənub rayonlarından Avropaya nəql olunan yüklərin Qırğızıstan, Özbəkistan və Türkmənistandan keçməklə Azərbaycana və daha sonra Avropa ölkələrinə daşınmasını nəzərdə tutan yeni marşrutun yaradılması istiqamətində danışıqlar aparılır.

İclasda, eyni zamanda, diqqətə çatdırılıb ki, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Marşrutunun inkişaf etdirilməsi məqsədi ilə Rusiya, Azərbaycan və İran dəmir yolları administrasiyalarının birgə fəaliyyəti nəticəsində İranın Bəndər Abbas limanından Rusiyanın Moskva şəhərinə 14 gün ərzində sınaq yüklərin daşınması həyata keçirilib və bu yüklərə vahid qiymət siyasətinin tətbiq olunması üzrə razılıq əldə edilib. Bundan başqa, Hindistandan Rusiyaya test olaraq konteynerlər nəql edilib və Hindistan yüklərinin bu dəhlizə daha intensiv və davamlı cəlb olunması üçün qarşı tərəflə ardıcıl iş aparılır.

İclasda qeyd edildiyi kimi, yuxarıda sadalanan işlər Prezident  İlham Əliyevin Azərbaycan dəmir yollarının inkişafına, müasirləşməsinə və mövcud problemlərinin həllinə böyük həssaslıqla, diqqətlə yanaşmasının məntiqi nəticəsidir. Bu isə onu deməyə əsas verir ki, dəmir yollarında son dövrdə başlanan islahatlar nəticəsində Azərbaycan dəmir yolları regionun mühüm və əhəmiyyətli nəqliyyat–logistika holdinqinə çevrilərək dünyanın inkişaf edən ölkələrinin dəmir yolları sırasında öz layiqli yerini tutacaq.

Məhərrəm MƏMMƏDOV, 
iqtisadçı-ekspert,
Fəxri dəmiryolçu


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında