...İlin birinci rübü ümidvericidir, bir daha onu göstərir ki, həm proqnozlarımız yerinə yetirilir, həm siyasətimiz uğurludur. Elə etməliyik ki, cari ilin sonuna qədər bu müsbət dinamikanı saxlayaq, ölkəmizi daha da gücləndirək.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Qlobal maliyyə böhranının davam etdiyi son illər Azərbaycan Respublikasında nəzərdə tutulmuş bütün infrastruktur layihələri və sosial proqramlar uğurla icra olunmuşdur. Xüsusən də son iki-üç il ərzində dünya bazarında neftin qiymətinin kəskin şəkildə azalmasına baxmayaraq, ölkəmiz əvvəlki dövrlərdə əldə etdiyi inkişaf tempini qoruyub saxlaya bilmiş, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı istiqamətində uğurlu nəticələrə imza atmışdır. Bu da təsadüfi deyil. Çünki özünün daxili imkanlarına, zəngin təbii sərvətlərinə əsaslanan Azərbaycan müstəqil iqtisadi siyasət yürüdür, bir sıra qlobal enerji və nəqliyyat layihələrinin təşəbbüskarı və əsas iştirakçısı kimi çıxış edir. Bu isə ölkəmizi regionda və dünyada mühüm tərəfdaşa və nüfuz sahibinə çevirir.
Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş məqsədyönlü iqtisadi strategiyanın uğurla davam etdirilməsi, qlobal enerji layihələrinin reallaşdırılması nəticəsində Azərbaycan 2017-ci ilə də uğurla başlamışdır. Təsadüfi deyil ki, Nazirlər Kabinetinin bu ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyev bu məqama xüsusi diqqət yetirərək demişdir: “2017-ci ilin birinci rübünün yekunları onu göstərir ki, Azərbaycan iqtisadiyyatı çox dinamik şəkildə inkişaf edir. İqtisadiyyatımızın əsas göstəriciləri qeyri-neft sektorunun, qeyri-neft sənayesinin və kənd təsərrüfatının inkişafıdır. Bütün bu istiqamətlər üzrə yaxşı nəticələr var. İqtisadiyyatın qeyri-neft sektoru 2,4 faiz artıbdır, qeyri-neft sənayemizin artımı 2 faiz səviyyəsində olubdur, kənd təsərrüfatı 3,5 faiz artıbdır. Bu, onu göstərir ki, bizim gördüyümüz işlər, ciddi islahatlar, investisiyalar artıq öz nəticələrini verir”.
Artıq keçid iqtisadiyyatı dövrünü uğurla başa çatdıran Azərbaycanın qarşıya qoyduğu əsas hədəflərdən biri ölkədə son dərəcə mühüm və iri infrastruktur layihələrinin reallaşdırılmasından ibarətdir. Həmin layihələrin siyahısının kifayət qədər geniş olmasına baxmayaraq, onların öhdəsindən gəlmək üçün Azərbaycanda zəngin təcrübə, siyasi iradə, ən başlıcası isə güclü maliyyə dayaqları mövcuddur. Qeyd etdiyimiz kimi, artıq özünün iqtisadi inkişafını təmin etmiş Azərbaycan Respublikası bütün diqqəti vacib infrastruktur layihələrinin reallaşdırılmasına yönəltmişdir. Məhz bunun nəticəsidir ki, 2017-ci ilin ilk rübündə ölkəmizdə bir sıra vacib sosial və infrastruktur layihələrinin icrası uğurla davam etdirilmişdir.
Bu sahədə işlər ilin qalan dövrü ərzində də davam etdiriləcək, həm sosial sferada nəzərə çarpan problemlər aradan qaldırılacaq, həm də ölkənin iqtisadi inkişafına təkan verən yeni-yeni infrastruktur obyektləri yaradılacaq. Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı proqram xarakterli yekun nitqində Prezident İlham Əliyev ilin sonunadək olan dövr üçün prioritetləri açıqlamış, nəzərdə tutulan işlərin həlli yollarını və başlıca hədəfləri konkret müddəalar əsasında şərh etmişdir. Hər şeydən əvvəl, makroiqtisadi sabitliyin hər bir ölkənin iqtisadi dayanıqlılığı üçün əsas şərtlərdən biri kimi səciyyələndirən dövlət başçısı 2017-ci ildə Azərbaycanda makroiqtisadi sabitliyin təmin ediləcəyinə əminliyini bildirmiş, inflyasiyanın birrəqəmli həddə saxlanılması, istehlak qiymətlərinə daim diqqət göstərilməsi üçün lazımi tədbirlərin görülməsini tapşırmışdır. Bununla yanaşı, ölkənin gələcək inkişafının əsas şərtlərindən biri olan valyuta ehtiyatlarının qorunması, hətta bu sahədə müəyyən artıma nail olunması da mühüm vəzifə kimi qarşıya qoyulmuşdur. Dövlət büdcəsinin icrasına nəzarətin gücləndirilməsinin vacibliyini önə çəkən Prezident İlham Əliyev büdcə xərclərinin 100 faiz icra edilməsi, qəbul edilmiş pul proqramı, eyni zamanda, xərclərlə gəlirlər arasındakı tarazlığın tam təmin olunması ilə bağlı konkret tapşırıqlar vermişdir.
Ölkəmizdə məşğulluğun təmin edilməsi baxımından mühüm rol oynayan inşaat sektorunda işlər tədricən əvvəlki məcrasına qayıdır. Dövlət başçısının xüsusi nəzarəti altında olduğu bu sektora dövlət dəstəyinin gücləndirilməsi təşəbbüskarlığa geniş meydan açır. İndi dövlət xətti ilə reallaşdırılan tikinti layihələri ilə yanaşı, iş adamları tərəfindən irəli sürülən təşəbbüslər də inşaat sektoruna yeni dinamizm, canlanma gətirir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, hazırda Bakı şəhərində 300-dən çox yeni hündürmərtəbəli bina tikilir. Bu da minlərlə yeni iş yerinin yaradılmasına imkan verib. Son zamanlar bu sahədə qəbul edilmiş qərarlar, dövlət investisiyaları və əlbəttə, özəl sektorun fəallaşması ölkənin tikinti kompleksində yeni mənzərə yaradıb. Ötən il Mənzil İnşaatı Dövlət Agentliyinin xətti ilə təməli qoyulmuş böyük şəhərciyin tikintisi sürətlə davam etdirilir. Yaxın vaxtlarda isə ikinci belə layihənin icrasına başlanılması, bundan əlavə, paytaxtda “Ağ şəhər” layihəsinin birinci mərhələsi başa çatdırılıb. Növbəti illərdə layihə çərçivəsində çoxsaylı binaların inşası nəzərdə tutulur.
Azərbaycanın inşaat sektorunda reallaşdırılan yeni layihələr sırasında müddəti keçmiş və yararsız vəziyyətdə olan binaların sökülərək yerində müasir, komfort şəraitə malik binaların tikintisi xüsusi diqqət çəkir. Məlum olduğu kimi, ilk belə pilot layihə ötən il Sabunçu rayonunda icra edilmiş, yeni binanın açılışında Prezident İlham Əliyev şəxsən iştirak etmişdir. Maraqlıdır ki, artıq paytaxtın müxtəlif yerlərində reallaşdırılan bu tip layihələrdə sahibkarlar yaxından iştirak edirlər. Nazirlər Kabinetinin iclasındakı yekun nitqində bu barədə söhbət açan dövlətimizin başçısı demişdir: “Mənə verilən son məlumata görə, Bakı şəhərində bu yolla həyata keçirilən layihələrin sayı artıq 75-ə çatıb. Bu proses davam edir. Mən yerli icra orqanlarına, sahibkarlara bir daha müraciət edirəm ki, onlar bu işi düzgün təşkil etsinlər. Sahibkarlar təşəbbüs göstərsinlər, yerli icra orqanları isə öz növbəsində onlara şərait yaratsınlar, kömək etsinlər. Beləliklə, biz burada bir neçə məqsədi təmin edəcəyik. Qeyd etdim ki, iş yerləri açılacaq, inşaat sektoru inkişaf edəcək, insanların təhlükəsizliyi, rifahı və şəhərimizin abadlaşması təmin olunacaq”.
Ölkə rəhbəri paytaxt mikrorayonları ilə bağlı nəzərdə tutulmuş layihələrdən bəhs edərək, bu barədə də müvafiq tapşırıq və tövsiyələrini vermişdir. Artıq icrasına hazırlıq işlərinə start verilmiş birinci mikrorayonun ərazisindəki köhnəlmiş binaların yerində yeni, müasir, gözəl memarlıq üslubunda binalar tikiləcəyini diqqətə çatdıran dövlət başçısı bildirdi ki,75 binanın hər birinin birinci mərtəbəsində uşaq bağçası olmalıdır. Bu da Bakının uşaq bağçası ilə bağlı mövcud olan probleminin həllinə müsbət təsir göstərəcəyi şübhəsizdir.
Azərbaycanda güclü sənaye potensialı mövcuddur. Son illər həmin potensialın hərəkətə gətirilməsi, xüsusən də ölkənin qeyri-neft sənayesi ilə bağlı imkanlarının artırılması sahəsində mühüm işlər görülür. 2017-ci ildə ölkəmizin iqtisadi inkişaf strategiyasının əsas hədəflərindən biri də qeyri-neft sənaye istehsalının artırılmasından ibarətdir. Məhz buna görə də Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında bu il sənaye potensialının inkişafı ilə bağlı ciddi addımların atılmasını qarşıya mühüm vəzifə kimi qoymuşdur. Məlum olduğu kimi, son illər Azərbaycan qeyri-neft iqtisadiyyatı dövrünə qədəm qoyub. Artıq iqtisadiyyatın mühüm sahəsi sayılan sənaye istehsalında qeyri-neft məhsullarının xüsusi çəkisi getdikcə artır.
Son illər dövlət başçısı İlham Əliyevin xüsusi göstərişi əsasında ölkəmizdə sənaye parklarının yaradılmasına başlanılmışdır ki, bunda da əsas məqsəd qeyri-neft sənayesinin inkişafının sürətləndirilməsindən ibarətdir. Artıq ölkəmizdə bir neçə sənaye parkı mövcuddur. Bu baxımdan hazırda fəaliyyətdə olan Balaxanı Sənaye Parkı, eləcə də Sumqayıtdakı Texnologiyalar və Kimya Sənaye parkları bu sahədə reallaşdırılan ilkin layihələr kimi diqqəti cəlb edir. Ötən müddətdə Sumqayıt Kimya Sənaye Parkında böyük müəssisələrin yaradılmasına bir milyard dollardan artıq investisiya qoyulub. Bununla yanaşı, ötən il təməli qoyulan Mingəçevir Sənaye Parkında isə gələn aydan etibarən inşaat işlərinə başlanılacaq. Yüngülsənayeyönümlü Mingəçevir Sənaye Parkında ilkin mərhələdə doqquz müasir fabrik tikiləcək, minlərlə iş yeri yaradılacaq. Azərbaycanın sənaye potensialının gücləndirilməsi məqsədilə ötən il Pirallahı qəsəbəsində dərman preparatları zavodunun təməli qoyulmuş, Neftçala sənaye zonasının inkişafı sahəsində ciddi işlər görülmüşdür. Bununla yanaşı, Masallı şəhərində sənaye zonası üçün yer ayrılmış, hazırda burada lazımi infrastrukturun yaradılması sahəsində işlər gedir. Yaxın vaxtlarda isə digər bir neçə zavodun tikintisi nəzərdə tutulur. Bir sözlə, dövlət başçısının konkret tapşırığına əsasən, yaxın illərdə ölkənin hər bir rayonunda sənaye zonalarının və sənaye parklarının yaradılması nəzərdə tutulur ki, bu da öz növbəsində daha yüksək nailiyyətlərə yol açır.
Yeri gəlmişkən, Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında yaradılmaqda olan “SOCAR Polymer” zavodunun gələcək fəaliyyətindən bəhs edərək bildirmişdir ki, sözügedən müəssisə işə düşdükdən sonra Azərbaycanda hazır məhsul istehsal etmək üçün yaxşı imkanlar yaranacaq və bu, biznes üçün də çox gəlirli bir sahə olacaq. Məhz buna görə də dövlət başçısı sahibkarları gələcəkdə “SOCAR Polymer”in bir çox hazır məhsulu əsasında zavodlar, fabriklər yaratmağa səsləmişdir.
Azərbaycan iqtisadiyyatının ikinci mühüm sahəsi sayılan kənd təsərrüfatının dirçəldilməsi istiqamətində həyata keçirilən tədbirlər də qeyri-neft sektorunun inkişafına mühüm töhfələr verir. Məlum olduğu kimi, bu ilin yanvar ayında Nazirlər Kabinetinin ötən ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası, eləcə də regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının ikinci ilinin yekunlarının müzakirəsi zamanı Prezident İlham Əliyev 2017-ci ilin ölkəmizin aqrar sektorunda daha yüksək artıma nail olunacağına əminliyini bildirərək bu sahədə əsas prioritetləri müəyyənləşdirmişdir. Azərbaycanda uzun illər ərzində tənəzzül dövrünü yaşayan pambıqçılığın bərpa edildiyini diqqətə çatdıran dövlət başçısı keçən il bu sahədə əldə olunmuş nəticələri yüksək qiymətləndirmişdir. Həm sözügedən iclasda, həm də martın 28-də Saatlıda pambıqçılıqla bağlı keçirilən müşavirədə ölkə rəhbəri cari il üçün bu sahədə böyük planların olduğunu vurğulamış, əkin sahələrinin artırılaraq ən azı 120 min hektara çatdırılmasını konkret vəzifə kimi qarşıya qoymuşdur. Bütövlükdə isə bu il pambıqçılıqda 200 minə yaxın insanın işə cəlb ediləcəyi və pambıq tədarükünün 200 min tondan da çox olacağı gözlənilir.
Bununla yanaşı, kənd təsərrüfatı məhsullarının ixracını artırmaq məqsədilə ölkədə fındıq, badam, zeytun, xurma, nar və üzüm bağlarının genişləndirilməsi, bu sahədə fermerlərə lazımi dəstəyin göstərilməsi də aqrar sektorun əsas hədəfləri kimi müəyyənləşdirilmişdir. İl ərzində Azərbaycanda tütünçülüyün və çayçılığın inkişafı ilə bağlı mühüm tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur ki, bu da ölkəmizin ixrac imkanlarını artırmaqla yanaşı, yeni iş yerlərinin yaradılmasına da mühüm töhfələr verəcək.
Son illər kənd təsərrüfatının mühüm sahələrindən sayılan heyvandarlıqda yeni layihələr icra edilir. Heyvandarlığın qapalı şəraitdə inkişaf etdirilməsinin vacibliyini önə çəkən dövlət başçısı bu addımın yüksək səmərə verəcəyinə əminliyini bildirməklə yanaşı, örüş torpaqlarından səmərəli şəkildə istifadə olunması, səmərəsiz sahələrin təyinatının dəyişdirilərək əkinə cəlb edilməsi ilə bağlı tapşırıq vermişdir.
Nazirlər Kabinetinin aprelin 10-da keçirilən iclasında isə dövlət başçısı aqrar sahənin 2017-ci il üçün prioritetləri sırasına 150 min hektar yeni torpaq sahəsinin suvarılması məsələsini əlavə edərək bunun kənd təsərrüfatı istehsalının artırılmasında inqilabi dəyişikliyə gətirib çıxaracağına əminliyini bildirmişdir. Bununla yanaşı, torpaqların dəqiq uçotunun aparılması da qarşıya mühüm bir vəzifə kimi qoyulmuşdur. Bu il, həmçinin kənd təsərrüfatının inkişafında mühüm rol oynayan pivot suvarma sistemləri və pestisid zavodlarının istifadəyə verilməsi nəzərdə tutulur.
Prezident İlham Əliyevin aqrar sektorda ən zəif yer kimi xarakterizə etdiyi taxılçılığın inkişaf etdirilməsi sahəsində də son zamanlar təqdirəlayiq işlər görülür. Hökumətin məlum iclasında dövlət başçısı ölkənin taxıla olan tələbatının ödənilməsində daxili imkanların araşdırılması və bu sahədə təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi ilə bağlı da müvafiq tapşırıqlar vermişdir.
Məlum olduğu kimi, son illər Azərbaycanın sosial-iqtisadi tərəqqisini sürətləndirmək, əhalinin həyat səviyyəsini daha da yaxşılaşdırmaq məqsədilə ölkədə son dərəcə uğurlu investisiya siyasəti həyata keçirilir. Prezident İlham Əliyev tərəfindən qəbul olunmuş olduqca aydın, özündə konkret hədəfləri ehtiva edən, ölkə qarşısında duran əsas məsələlərin həlli üçün mühüm vasitə sayılan məqsədyönlü Dövlət İnvestisiya Proqramı uğurla icra edilir. Adıçəkilən proqramda ölkənin iqtisadi inkişafının sürətləndirilməsi, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafını təmin etməklə yeni iş yerlərinin yaradılması kimi mühüm məsələlərin həlli ilə yanaşı, bir sıra infrastruktur layihələrinin həyata keçirilməsi də nəzərdə tutulur. Bu baxımdan ölkə əhalisinin firavan həyatının təminatına hesablanmış sosial layihələr diqqəti daha çox cəlb edir. Prezident İlham Əliyev bu il ölkəmizdə infrastruktur layihələrinin icrasının davam etdirilməsi, əhalinin qaz, elektrik enerjisi və içməli su təminatının daha da yaxşılaşdırılması ilə bağlı konkret tapşırıqlar vermiş, kənd yollarının tikintisi üzrə ən azı 40 layihənin icra ediləcəyini diqqətə çatdırmışdır.
İlin sonunadək Azərbaycanda qazlaşdırmanın faiz göstərici bir qədər də artırılacaq, kəndlərdə yaşayan əhalinin təmiz içməli su ilə təmin edilməsi üçün 270 kiçik layihə icra ediləcək. Yeri gəlmişkən, dövlət başçısının müvafiq sərəncamında adları qeyd olunan kəndlərdə “Azərsu” ASC və Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 270 modul tipli sutəmizləyici qurğu inşa olunacaq.
Sosial infrastruktur layihələri sırasında qəzalı məktəblərin yerində modul tipli məktəblərin tikintisi layihələri də diqqət çəkir. Artıq ölkənin müxtəlif regionlarında üç belə məktəb tikilib istifadəyə verilib. Dövlət başçısının tapşırığına əsasən, ilin sonunadək modul tipli daha 12 məktəbin tikintisi nəzərdə tutulur.
Nazirlər Kabinetinin iclasında ölkə əhalisinin məcburi tibbi müayinəsinin davam etdirilməsi ilə bağlı müvafiq tapşırıqlar verən Prezident İlham Əliyev Azərbaycanda demoqrafik vəziyyətin arzuolunan səviyyədə olmasını vurğulayaraq, bölgələrdə məşğulluğun artırılması, yeni iş yerlərinin yaradılması sahəsində müvafiq işlərin görüləcəyini bildirmişdir. Ölkəmizdə çətin vəziyyətdə yaşayan vətəndaşlara göstərilən dövlət qayğısından bəhs edən Prezident İlham Əliyev ünvanlı sosial yardım proqramı ilə yanaşı, tədricən özünüməşğulluq sisteminə keçməyin vacibliyini də önə çəkdi. Dövlət başçısı Nazirlər Kabinetinə, Əmək və Əhalinin Sosial Müdafiəsi, İqtisadiyyat, Kənd Təsərrüfatı nazirliklərinə, eləcə də yerli icra orqanlarına və sahibkarlara özünüməşğulluq proqramına xüsusi diqqət yetirilməsi ilə bağlı tapşırıq və tövsiyələrini vermişdir.
Qeyd etdiyimiz kimi, son illər Azərbaycanda uğurlu sosial siyasət yürüdülür, ölkə əhalisinin həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində müntəzəm tədbirlər həyata keçirilir. 2017-ci ilin prioritetləri sırasında da sosialyönümlü tədbirlər mühüm yer tutur. Xatırladaq ki, Nazirlər Kabinetinin yanvar ayında keçirilən iclasında qarşıda duran vəzifələrdən bəhs edən Prezident İlham Əliyev demişdir: “ Sosial siyasət daim bizim əsas prioritetlərimizdən biri olmuşdur. 2016-cı ildə maaşlar 7 faiz, pensiyalar 8 faiz artmışdır. Yenə də artmalıdır. Hesab edirəm ki, 2017-ci ildə də bu istiqamətdə müsbət dinamika olacaqdır”. Elə cari ilin ilk ayında Prezident İlham Əliyev tərəfindən ölkə əhalisinin sosial rifah halının yaxşılaşdırılmasına yönəldilmiş mühüm fərman və sərəncamların imzalanması da Azərbaycan dövlətinin son illər həyata keçirdiyi sosial siyasətə sadiqliyini bir daha nümayiş etdirdi.
Göründüyü kimi, 2017-ci ildə Azərbaycanda reallaşdırılacaq infrastruktur layihələri, dövlət başçısı tərəfindən irəli sürülən mühüm təşəbbüslər ölkəmizin sosial-iqtisadi tərəqqisini xeyli sürətləndirəcək, əhalinin həyat səviyyəsinin bir qədər də yaxşılaşmasına səbəb olacaqdır.
Mirbağır YAQUBZADƏ,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.