Aprelin 12-də Bakıda IV Beynəlxalq “Caspian Energy Forum–2017” keçirilib. Forum Azərbaycan Respublikası hökumətinin və “Caspian European Club”un (Caspian Business Club) dəstəyi ilə təşkil edilib.
AZƏRTAC xəbər verir ki, “Caspian European Club” və “Caspian American Club”un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev tədbirin keçirilməsində əsas məqsədin biznes-dövlət ünsiyyətinin daha da möhkəmləndirilməsinə dəstək olduğunu deyib. “Bundan əvvəlki üç forum da Bakıda təşkil olunmuşdu. Ümid edirik ki, bu forum da uğurlu olacaq”, - deyə T.Əliyev bildirib.
T.Əliyev qeyd edib ki, növbəti V Beynəlxalq “Caspian Energy Forum-2018” dekabr ayında Çexiyanın paytaxtı Praqa şəhərində təşkil olunacaq. Həmçinin bu ilin sentyabr ayında Bakı şəhərində Birinci Beynəlxalq Caspian-American Forum keçiriləcək.
Forumun açılış mərasimində Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviçin “Caspian Energy Forum -2017”nin iştirakçılarına videomüraciəti səsləndirilib. Xorvatiya Respublikasının Prezidenti Kolinda Qrabar-Kitaroviçin müraciətini isə Xorvatiyanın Azərbaycandakı səfiri Drajen Hrastiç çatdırıb.
Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviçin videomüraciətində bildirilib ki, Azərbaycan qazı 2020-ci ilə qədər Avropaya çatdırılacaq və beləliklə, Avropa İttifaqı öz enerji resurslarını diversifikasiya edəcək. “Cənub Qaz Dəhlizi” layihəsi Avropanın enerji birliyinin həyati əhəmiyyətli elementidir. “Cənub Qaz Dəhlizi” üzrə bütün müqavilələr artıq imzalanıb və tikinti işləri bütün layihə məntəqələrində aparılır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hər cəhətdən bu layihəni dəstəkləyir və bu prosesdə şəxsən iştirak edir.
Xorvatiya Respublikasının Prezidenti Kolinda Qrabar-Kitaroviçin müraciətində qeyd edilib ki, Avropa İttifaqı qaz tədarükünün şaxələndirilməsi ilə bağlı bir çox işlər görüb. Bununla belə, Avropa İttifaqının müəyyən nailiyyətlərinə baxmayaraq, bu məsələdə zəif məqamlar qalır. Energetika sahəsində əməkdaşlığın genişləndirilməsi Avropaya özünü daha müdafiə olunmuş və rəqabətqabiliyyətli hiss etməyə imkan verəcək. Bu məqsədlərə çatmaq üçün Avropa Xəzər regionu ölkələri ilə daha sıx əməkdaşlıq etməyə başlayıb.
K.Qrabar-Kitaroviç müraciətində əlavə edib ki, Xorvatiya Azərbaycanla energetika sahəsində əməkdaşlığı davam etdirmək niyyətindədir. Bu, təkcə Xorvatiya üçün deyil, qonşu ölkələr üçün də böyük əhəmiyyət daşıyır.
Sonra forum öz işini sessiyalarla davam etdirib.
İlk sessiyada “Biznesin stimullaşdırılması - dövlәt siyasәtinin prioriteti”, “Dünya bazarlarının böhran şəraitində inkişaf perspektivləri”, “Azәrbaycan Respublikasının iqtisadiyyatının islahatlaşmasında Dövlәt Gömrük Komitəsinin rolu”, “Dövlәt müəssisələrinin səhmləşdirilməsinin perspektivləri, iqtisadiyyatda islahatların aparılması”, “Keyfiyyәtli infrastrukturun inkişafı – rəqabətədavamlı ixracyönümlü məhsul istehsalının əsas aspekti”, “İxracın təşviqi istiqamətində görülən işlər və yaratdığı imkanlar” mövzuları müzakirə olunub.
“Caspian European Club” və “Caspian American Club”un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyevin moderatorluğu ilə keçirilən birinci sessiyada Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bildirib ki, ötən il gömrük tarixində ciddi islahatlar və şəffaflığın təmin olunması ilə yadda qalıb. Görülən işlərə elektron bəyannaməyə keçid, yaşıl dəhlizin tətbiqi və sair işlər daxildir. Azərbaycanda gömrük xidməti aprel ayından pilot layihə olaraq, may ayının əvvəllərindən isə bütünlüklə elektron xidmətə keçib: “10 təşkilat artıq bizim təşəbbüslə yaşıl dəhlizdən istifadə edə bilir. Bundan əlavə, spesifik rüsumların tətbiqinə başlamışıq. Məqsəd aqrar məhsulları və tikinti materiallarını qorumaq, istehsalı inkişaf etdirməkdir”, - deyə komitə sədri vurğulayıb.
A.Əliyev qeyd edib ki, dünya iqtisadiyyatında baş verən iqtisadi böhranın Azərbaycana təsirlərini minimuma endirmək üçün Prezident İlham Əliyevin tapşırığı ilə islahatlar davamlı xarakter alıb. Gömrük sahəsində şəffaflığın artırılması və gömrük orqanlarının fəaliyyətinin daha da təkmilləşdirilməsi ilə bağlı dövlətimizin başçısı tərəfindən bir sıra mühüm fərman və sərəncamlar imzalanıb.
DGK sədrinin sözlərinə görə, Azərbaycanda meyvə-tərəvəzin ixracı ötən ilin müvafiq dövrünə nisbətən 73 faiz artıb, idxal isə 17 faiz azalıb. Artıq sərhəd-keçid məntəqələrində və hava limanlarında “Tax free” sisteminin tətbiqinə başlanılıb. Ölkəni tərk edən turistlər sərbəst şəkildə qəbzlərini təqdim edib pullarını geri ala bilirlər.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov bildirib ki, Azərbaycanın 940 milli standartının 45 faizi beynəlxalq standartlara uyğunlaşdırılıb. “Texniki tənzimləmə haqqında” qanun hələ qəbul olunmadığı üçün standartlar məcburidir.
İxrac potensialının gücləndirilməsi barədə danışan R.Həsənovun sözlərinə görə, ixracın təmin edilməsi üçün məhsul və istehsal sahələri olmalıdır. Bu məqsədlə dövlət tərəfindən böyük işlər görülüb və görülməkdədir: infrastruktur baxımından yollar və elektrik şəbəkələri təmin olunub. İş adamları bu infrastrukturdan yararlanmalı, öz məhsullarını xarici bazarlara ixrac etməyə çalışmalıdırlar. İkinci vacib məsələ istehsal edilən məhsulların ixrac olunduğu ölkələrin normativ sənədlərinə uyğunluğudur. Komitə tərəfindən bununla bağlı geniş islahatlar aparılır. 2008-ci ildə Avropa İttifaqı ilə “Tvinninq” layihəsi həyata keçirilib və avropalı ekspertlərin köməyi ilə “Standartlaşma haqqında” qanun hazırlanıb.
Keyfiyyət infrastrukturunun inkişafına toxunan R.Həsənov qeyd edib ki, metrologiya sahəsində ölçmələr düzgün olmazsa, məhsulun təhlükəsizliyindən söhbət gedə bilməz. “Bu sahədə də Avropa İttifaqı ilə “Tvinninq” layihəsi həyata keçirilib. Milli etalon bazası yaradılıb və bu iş davam etdirilir. Azərbaycan metrologiya sahəsində müvafiq beynəlxalq təşkilatlara qəbul olunub. Bu da bizim ölçmələrin tanınmasına xidmət edir. Ölçmələrin tanınması isə məhsulun ixracına birbaşa olmasa da, dolayısı ilə təkan verir”, - deyə komitə sədri vurğulayıb.
Keyfiyyət infrastrukturunun digər vacib atributunun akkreditasiya sistemi olduğunu bildirən R.Həsənov deyib: “Bizim akkreditasiya olunmuş laboratoriyaların verdiyi sənədlər bir çox ölkədə tanınmır. Bununla bağlı 2017-ci ildə yenidən Avropa İttifaqı ilə “Tvinninq” layihəsi nəzərdə tutulub. Məqsəd bizim Akkreditasiya Xidmətinin və bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, eyni zamanda, Akkreditasiya Xidmətinin işinin beynəlxalq miqyasda tanınmasından ibarətdir”.
Azərbaycanın ilk ticarət nümayəndəliyinin Rusiyada yaradıldığını bildirən iqtisadiyyat nazirinin müavini Sahil Babayev məlumat verib ki, növbəti nümayəndəlik Birləşmiş Ərəb Əmirliyi və Çində yaradılacaq. Nümayəndəliklərin yaradılmasında məqsəd Azərbaycanın investisiya potensialını bu ölkələrdə tanıtmaq, əcnəbi iş adamlarını Azərbaycana dəvət etmək, sahibkarlarımızın xarici ölkələrdəki maraqlarını qorumaqdır. Bundan başqa, son zamanlar Azərbaycan xarici ölkələrdə ticarət evləri də yaradır. Artıq Belarusda belə bir ticarət evi açılıb, Rusiya və Ukraynada ticarət evlərinin açılması ilə bağlı işlər aparılır.
S.Babayevin sözlərinə görə, qeyri-neft sektorunun dinamik inkişafı, iqtisadiyyatın şaxələndirilməsi üçün müəyyən işlər görülüb. Bu günədək 1,2 milyard manat dəyərində 121 layihəyə investisiya təşviqi sənədi verilib. Artıq ixracatçılara geri ödəmə sisteminin tətbiqinə başlanılıb və 5 ay ərzində sahibkarlara 750 min manat həcmində dövlət dəstəyi göstərilib.
Nazir müavini qeyd edib ki, ötən rüb ərzində Azərbaycanın ixracı 50 faiz, o cümlədən qeyri-neft məhsullarının ixracı üzən platforma istisna edilməklə 32,5 faiz, kənd təsərrüfatı məhsullarının ixracı 44 faiz, sənaye məhsullarının ixracı isə üzən platforma istisna olmaqla 25 faiz artıb.
“İxracatçılara dəstək vermək, onların problemlərinin həllinə kömək göstərmək məqsədilə ixracatçılar klubu yaradılıb. Həmçinin “Azexport.az” portalı yaradılıb və sahibkarlar burada öz məhsullarını dünya alıcılarına təqdim edə bilirlər. Bunun nəticəsi olaraq, bu ilin birinci rübündə ixracatçıların sayı 20 faiz artıb”, - deyə S.Babayev vurğulayıb.
“Azərsun Holdinq” MMC-nin baş icraçı direktoru Savaş Uzan şirkətin ixracatla bağlı dövlətin dəstəyini daim hiss etməsindən və yerli istehsalatın böyüdülməsi, qida təhlükəsizliyinin təmin olunması, sağlam rəqabət haqda danışıb.
“SOCAR Polymer” şirkətinin baş maliyyə analitiki Babək Beydullayev bildirib ki, “SOCAR GPC” layihəsinin (qaz emalı və qaz-kimya zavodları kompleksi) 2022-ci ilin birinci rübündə istismara verilməsi nəzərdə tutulur. Layihənin maliyyələşdirilməsi üçün müxtəlif maliyyə institutları ilə danışıqlar aparılır. Bir sıra imkanlar nəzərdən keçirilib. Layihə çərçivəsində maliyyə sazişi 2017-ci ilin sonu və ya 2018-ci ilin əvvəlində imzalanacaq.
B.Beydullayevin sözlərinə görə, layihənin ümumi dəyəri 4 milyard dollar təşkil edir. Kompleksdə istehsal edilən məhsulların 50 faizi Türkiyəyə ixrac olunacaq. Bununla yanaşı, Yaxın Şərq, Çin və bəzi Avropa ölkələri də potensial bazar kimi qiymətləndirilir.
Daha sonra Veysəloğlu Şirkətlər Qrupunun prezidenti Aydın Talibov, “Polymart” MMC-nin idarə heyətinin sədri Rəşad Məmmədov təmsil etdikləri qurumların fəaliyyəti barədə məlumat verib, görüləcək işlər barədə danışıblar.
"Əsas layihələr. Xəzər regionu dövlətlərinin enerji sektorunun investisiya cazibədarlığı" mövzusunda keçirilən ikinci sessiyaya moderatorluq edən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib ki, Azərbaycan bu gün regionda qlobal sarsıntılara, maliyyə böhranlarına, dünya bazarında neftin qiymətinin aşağı düşməsinə baxmayaraq cəsarətli addımlar atır. Dünyada baş verən qlobal maliyyə böhranı, qlobal risklərin artması göstərdi ki, dövlətlər arasında əməkdaşlıq güclənməlidir, iqtisadi münasibətlər təkmilləşməlidir. Bugünkü forumda qaldırılan məsələlər zamanın çağırışlarından irəli gələn vəzifələrin həllinə yönəlib. Bu kimi forumların hər birimiz üçün böyük əhəmiyyəti var. Regional və transmilli layihələrdə, irimiqyaslı strateji proqramlarda Azərbaycanın iştirakı, Qədim İpək Yolunun bərpası istiqamətində həyata keçirilən tədbirlər, sahibkarlığın inkişafı və yerli məhsullarımızın xarici bazarlara çıxarılması ilə əlaqədar görülən işlər ölkəmizin qüdrətini və imkanlarımızın böyük olduğunu göstərir.
Sessiyada çıxış edən nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə qeyd edib ki, Azərbaycan əhalisinin 78 faizinin internet istifadəçisidir, bunun 72 faizi genişzolaqlı internetin payına düşür. Ölkəmiz mobil telefon istifadəçilərinin əhatə dairəsinə görə də dünya üzrə irəlidə gedən ölkələrdəndir və 100 faizdən artıq əhatə dairəsinə malik olan ölkələr sırasındadır. Nazir müavini bildirib ki, biznes sahəsində informatika texnologiyalarının verdiyi imkanlardan daha geniş istifadə olunması üçün Azərbaycanda xüsusi işçi qrupunun yaradılması nəzərdə tutulub. Kiçik və orta sahibkarlar İKT imkanlarından öz inkişafları üçün istifadə edərək potensiallarını bir qədər də artırmalıdırlar. “Ölkəmizdə qarşıya qoyulan məqsəd bundan ibarətdir ki, İKT sektoru ildən-ilə güclənsin və ixrac potensialı artırılsın. Bu, ölkə daxilində tələbatı ödəməklə yanaşı, Azərbaycan brendi olan məhsulların xaricə çıxışını təmin etməlidir",- deyə Elmir Vəlizadə qeyd edib.
Azərbaycan şirkətlərinin bir neçə gündən sonra İKT sahəsi üzrə Belarusda keçirilən sərgiyə qatılacaqlarını deyən nazir müavini diqqətə çatdırıb ki, yaxın vaxtlarda Moskvada da keçiriləcək müvafiq sərginin tarixində ilk dəfə olaraq Azərbaycan tərəfdaş ölkə statusunda milli pavilyonla iştirak edəcək. “Pavilyonda ölkəmizin özəl şirkətləri də İKT üzrə məhsullarını nümayiş etdirəcəklər. Bütün bunlar göstərir ki, biz beynəlxalq əməkdaşlığa açığıq”, - deyə Elmir Vəlizadə bildirib.
Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədrinin müavini Cəmil Məlikov deyib ki, Azərbaycanda ildə orta hesabla 20 milyard kilovatt-saat enerji istehsal olunur və bu enerji istehsalçılar tərəfindən istifadə edilir. Enerji istehsalı üçün isə təqribən 6 milyard kubmetr qaz sərf olunur. “Biz küləyin, günəşin, çayların hesabına alternativ enerji - istilik enerjisi əldə etdikcə, qaz sərfiyyatına qənaət olunur və bu da ölkənin qaz ixrac potensialını artırmağa imkan yaradır”, - deyə C.Məlikov bildirib.
Dövlət agentliyinin qarşısında duran əsas vəzifələrdən birinin Azərbaycanın bərpa olunan enerji mənbələrindən səmərəli istifadə etmək olduğunu deyən Cəmil Məlikov qeyd edib ki, agentliyin digər fəaliyyət istiqaməti ixrac potensialının artırılmasıdır. Bu amillər bizi daha böyük elektrik stansiyalarının yaradılmasına, beynəlxalq qurumlarla texniki-iqtisadi əsaslandırmaların hazırlanmasını həyata keçirməyə sövq edir.
Qeyd olunub ki, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi energetika sahəsində Çin Xalq Respublikası ilə memorandum imzalayıb. Bundan başqa, Asiya İnkişaf Bankı tərəfindən həyata keçirilən “Bərpa Olunan Enerji Ehtiyatlarının İnkişafı” layihəsi Azərbaycanda alternativ enerjinin inkişaf etdirilməsi sahəsində Oğuz, Ağcabədi və Samux rayonlarının enerji təchizatının effektivliyinin artırılmasına yönəldilib.
Forumda çıxış edən Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Rusiya, Mərkəzi Asiya və Qafqazda enerji üzrə direktoru Aida Sitdikova vurğulayıb ki, AYİB “Cənub Qaz Dəhlizi” layihəsində Azərbaycanla tərəfdaşlıq edir. Bu layihə Avropa Komissiyası tərəfindən dəstəklənir. “Azərbaycan çox vacib tərəfdaşdır və onun enerji baxımından böyük potensialı var. Bilirik ki, təbii qaz vacib enerji növüdür və alternativ enerjiyə keçiddir. Azərbaycanla əməkdaşlığımız ilkin mərhələdədir. Biz Gürcüstan və Qazaxıstanda layihələr reallaşdırırıq, Azərbaycanda da belə layihələrə başlamaq istəyirik”, - deyə Aida Sitdikova bildirib.
“Şahdəniz” layihəsi barədə danışan Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin aparıcı elmi işçisi Gülmirə Rzayeva xatırladıb ki, layihə üzrə 25 illik müqavilə bağlanıb və Azərbaycan 9 Avropa şirkətinə qaz satışını həyata keçirəcək. "Yunanıstan, İtaliya və Bolqarıstana satılacaq “mavi yanacağ”ın payı daha çoxdur. Azərbaycanın sözügedən layihədə ümumi payı 14 milyard dollar təşkil edir. Onun 6,5 milyard dolları artıq ayrılıb, 5,6 milyard dolları isə 2019-cu ilədək maliyyələşdiriləcək. Azərbaycan tərəfi öz maliyyə öhdəliyini vaxtında yerinə yetirir. Ümumilikdə isə, layihənin maliyyələşdirilməsi ilə bağlı heç bir problem olmayacaq", - deyə Gülmirə Rzayeva əlavə edib.
“İpək Yoluna Çinin baxışı” mövzusunda məruzə ilə çıxış edən “Zenith Energy Ltd.” şirkətinin prezidenti və baş icraçı direktoru Andrea Kattaneo Azərbaycanın bu layihədə iştirakını xüsusi vurğulayıb.
“R.İ.S.K Company”nin baş direktoru Cabir Cümşüdov və SİNAM şirkətinin prezidenti Elçin Əliyev təmsil etdikləri qurumların fəaliyyətindən danışıb, bugünkü forumun ölkə iqtisadiyyatına verəcəyi töhfələrdən söz açıblar.
Forum çərçivəsində “Caspian Energy Award Baku–2017” mükafatı qalib şirkətlərə təqdim olunub.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.