Prezident İlham ƏLİYEV: Bu gün Azərbaycan beynəlxalq arenada çox etibarlı tərəfdaş kimi tanınır

 

 

 

 

 

 

 

 

 


Azərbaycan bütün sahələrdə çox sürətlə inkişaf edib, bizim beynəlxalq mövqelərimiz möhkəmlənib, ölkə daxilində proseslər müsbət istiqamətdə gedir, iqtisadi inkişaf təmin edilir, bütün sosial məsələlər öz həllini tapır. Çox ciddi sosial təşəbbüslər irəli sürülmüşdür, ordu quruculuğu uğurla gedir və əminəm ki, biz bu il istədiyimiz nəticələrə, bütün hədəflərə çatacağıq və 2017-ci il də ölkəmiz üçün uğurlu il olacaqdır.

İlham ƏLİYEV
 Azərbaycan Respublikasının Prezidenti



Qeyri-neft sektoru 2,4 faiz, kənd təsərrüfatı 3,5 faiz artıb, qeyri-neft sənayesinin artımı 2 faiz səviyyəsində olub. Bitkiçilikdə artım 20 faiz təşkil edib. Bu isə onu göstərir ki, görülən işlər, həyata keçirilən ciddi islahatlar, investisiyalar öz uğurlu nəticəsini verib.

Davos Ümumdünya İqtisadi Forumu iqtisadiyyatların rəqabət qabiliyyətliliyinə görə Azərbaycanı 37-ci yerə layiq görüb, artıq mənzərə tamamlanır. Biz böhranlı illərdə öz reytinqimizi üç pillə artıra bilmişik. İnkişafda olan ölkələr arasında reytinqə görə isə Azərbaycan 1-ci, 2-ci yerləri bölüşür. Budur bizim işimizə verilən real və etibarlı qiymət.


Azərbaycan Prezidenti İlham Əliyevin düzgün müəyyənləşdirilən  sosial-iqtisadi inkişaf strategiyası əsasında apardığı çevik və praqmatik siyasət ölkəmizin tərəqqi yolu keçərək, dünya dövlətləri arasında layiqli yer tutmasını təmin edib. Sosial-iqtisadi inkişafla bağlı statistik rəqəmlərə, həmçinin yürüdülən daxili və xarici siyasət kursuna, reallaşdırılan layihələrə və beynəlxalq təşkilatların hesabatlarına nəzər saldıqda bunu daha aydın görə bilərik. Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin cari ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında da  bu barədə ətraflı söhbət gedib.

İclasda milli inkişaf prioritetlərinin düzgün müəyyənləşdirilməsi, ölkənin bütün potensialının intellektual resursların, insan kapitalının gücləndirilməsi yönümündə səfərbər edilməsi məsələsinə xüsusi önəm verilib. Hesabat dövründə respublikanın iqtisadi inkişafının keyfiyyətcə yeni mərhələyə qədəm qoyması xatırladılıb. Bildirilib ki, bu mərhələdə əsas məqsədlərdən biri milli iqtisadiyyatın rəqabətqabiliyyətliliyinin yüksəldilməsinə, sosial-iqtisadi inkişafın davamlılığına nail olmaq, özəl sektoru daha da gücləndirməkdir. Son illər imzalanan fərmanlarda, təsdiq edilən dövlət proqramlarında bu hədəfin uğurla reallaşması üçün bir sıra vəzifələr müəyyənləşdirilib. Həmin vəzifələrin gerçəkləşdirilməsi məqsədilə rəqabətqabiliyyətli, ixracyönümlü, çoxşaxəli, innovativ iqtisadiyyatın formalaşdırılması, sənayeləşmə siyasətinin sürətləndirilməsi, mütərəqqi təcrübəyə əsaslanan sənaye zonalarının yaradılması, müəssisələrin texnoloji cəhətdən yeniləşdirilməsi, intensiv metodların tətbiqinin daha da genişləndirilməsi   nəzərdə tutulur.

Dövlətimizin başçısı  giriş nitqində diqqətə çatdırıb ki, hesabat dövründə ölkəmiz uğurla inkişaf edib, bütün proqnozlar yerinə yetirilib. İqtisadiyyatın ayrı-ayrı sahələrində müsbət nəticələr nəzərə çarpıb.  Qeyri-neft sektoru 2,4 faiz, kənd təsərrüfatı 3,5 faiz artıb, qeyri-neft sənayesinin artımı 2 faiz səviyyəsində olub. Bitkiçilikdə artım 20 faiz təşkil edib. Bu isə onu göstərir ki, görülən işlər, həyata keçirilən ciddi islahatlar, investisiyalar öz uğurlu nəticəsini verib.

Ölkə rəhbəri qeyd edib ki, birinci rübdə ölkəmizin valyuta ehtiyatları 1 milyard dollar səviyyəsində artıb. Hazırda Azərbaycanın valyuta ehtiyatları 38,5 milyard dollar təşkil edir. Bundan başqa, hesabat dövründə ticarət dövriyyəsində 15 faiz, ixracda təxminən 50 faiz artım olub. İş yerlərinin açılması da diqqət mərkəzində saxlanılıb. Belə ki, birinci rübdə 85 min yeni iş yeri yaradılıb. Onlardan 70 minini daimi iş yeri təşkil edib. Sevindirici hal isə ondan ibarətdir ki, iş yerlərinin yaradılması təkcə dövlət müəssisələrində yox, həm də özəl sektorda  həyata keçirilib.

Prezident İlham Əliyev iclasda yuxarıda qeyd edilən rəqəmlərlə bağlı deyib: “Bu göstəricilər bizim iqtisadi vəziyyətimizi real əks etdirir. Əgər əlavə etsəm ki, bu il Davos Ümumdünya İqtisadi Forumu iqtisadiyyatların rəqabət qabiliyyətliliyinə görə Azərbaycanı 37-ci yerə layiq görüb, artıq mənzərə tamamlanır. Biz böhranlı illərdə öz reytinqimizi üç pillə artıra bilmişik. İnkişafda olan ölkələr arasında reytinqə görə isə Azərbaycan 1-ci, 2-ci yerləri bölüşür. Budur bizim işimizə verilən real və etibarlı qiymət. Biz bu yolla gedəcəyik, iqtisadi potensialımızı gücləndirəcəyik”.

İclasda ölkə həyatında diqqətçəkən digər məsələlərə də toxunulub. Vurğulanıb ki, bu il “Cənub” qaz dəhlizinin icrası ilə bağlı önəmli hadisə baş verib. Adıçəkilən Dəhlizin Məşvərət Şurası üçüncü dəfə Bakıda görüş keçirib. Avropa Komissiyası, Amerika, Böyük Britaniya tərəfindən sözügedən layihəyə dəstək göstərilib. Eyni zamanda,  Məşvərət Şurasının yekun qətnaməsində Azərbaycanın liderlik rolu qeyd olunub.

Birinci rübdə nəqliyyat sektorunda da müsbət nəticələr əldə edilib. Məsələn, Astaraçay çayı üzərində tikilən körpü vasitəsilə Azərbaycandan İrana artıq birinci qatar keçib. Şimal-Cənub dəhlizi ilə bağlı respublikamızda həyata keçirilən bütün işlər yekunlaşdırılıb. Bakı-Tbilisi-Qars dəmir yolunun da bu il istifadəyə verilməsi nəzərdə tutulub. Azərbaycan bu layihə ilə bağlı öz üzərinə düşən bütün vəzifələri artıq uğurla icra edib.

Azərbaycan Prezidenti İlham Əliyev iclasda turizmin inkişafına da diqqət yetirib: “Keçən il turistlərin, xarici vətəndaşların ölkəmizə səfərləri 11 faiz artmışdır. Bu ilin birinci rübündə artıq 25 faiz artım var. Bu da çox gözəl göstəricidir. Bunun əlbəttə ki, bir çox səbəbləri var. Birincisi, Azərbaycanda mövcud olan və son illər ərzində yaradılmış müasir infrastruktur. Bizim 6 beynəlxalq aeroportumuz var. Bizim ən son modellərlə təchiz edilmiş hava nəqliyyatımız var. Bütün bölgələrə gözəl yollar çəkilibdir. Bakıda və bölgələrdə gözəl otellər tikilibdir. Bakıda dünyanın demək olar ki, bütün aparıcı otel şəbəkələri öz otellərini idarə edirlər. Bütün bölgələrdə müasir otel infrastrukturu, müalicəvi turizm inkişaf edir. Biz ənənəvi turizm bölgələrini bərpa etdik. Vaxtilə - Sovet dönəmində Naftalana 70 min turist gəlirdi. Verilən son məlumata görə, hər il təxminən 30-35 min insan buraya müalicə almağa gəlir. Biz Qalaaltı kurortunu bərpa etmişik, özü də yüksək səviyyədə. Sovet vaxtında orada olan vətəndaş indi görür ki, burada yerlə göy qədər fərq var. Biz digər müalicəvi turizm zonalarını yaratdıq, yeni turizm obyektləri istifadəyə verildi. Qusarda Şahdağ, Qəbələdə Tufandağ xizək kompleksləri ən müasir turizm infrastrukturudur. Bunlar olmasaydı, ölkəmizə kim gələrdi? İkincisi, ölkəmizdə mövcud olan sabitlik. İndi turistlər də baxırlar ki, hara getsinlər, riskli yerlərə getmək istəmirlər. Bilirlər ki, Azərbaycanda onların təhlükəsizliyi qorunacaq. Bilirlər ki, Azərbaycan sabit ölkədir. Bu da önəmli amildir”.

Dövlətimizin başçısı çıxışında “ASAN viza” sisteminin yaradılması, bununla da respublikamıza turist axınının güclənməsi, İslam Həmrəyliyi Oyunlarına yüksək səviyyədə hazırlıq işlərinin görülməsi məsələlərinə də toxunub.

İclasda ölkəmizin milli təhlükəsizliyini təmin etmək məqsədilə həyata keçirilən tədbirlərdən də ətraflı danışılıb. Bildirilib ki, bir il öncə aprel döyüşləri zamanı təmas xəttində Silahlı Qüvvələrimiz tərəfindən işğalçı ölkənin ordusuna sarsıdıcı zərbələr endirilməsi nəticəsində bir sıra yaşayış məntəqələri və əhəmiyyətli yüksəkliklər azad olunub. Həmin döyüşlər zamanı yerli istehsal olan bir sıra müdafiə təyinatlı məmulatlardan geniş istifadə olunub. Düşmənin canlı qüvvəsinin və döyüş texnikasının dəqiq müəyyənləşdirilib məhv edilməsində Azərbaycan istehsalı olan yeni növ hərbi təyinatlı məhsullar mühüm rol oynayıb.

İndiyədək bu istiqamətdə digər məqsədyönlü işlərin gerçəkləşdirilməsi də diqqətə çatdırılıb. Belə ki, ölkə rəhbərinin tapşırığı ilə Milli Ordumuzu daha müasir silah və texnika ilə təmin etmək məqsədilə qısa müddət ərzində yaradılan yeni nəsil “Zərbə KM” pilotsuz uçuş aparatının sınaqları uğurla həyata keçirilib və ötən ilin sentyabr ayında təqdimatı reallaşıb. Adıçəkilən məmulatın seriyalı istehsalı üzrə müqavilələr bağlanıb və istehsal edilərək sifarişçilərə təhvil verilib.

İclasda xatırladılıb ki, hazırda ölkə sənayesinin dayanıqlı inkişafının təmin edilməsinin əsas istiqamətlərindən olan ixrac potensialının genişləndirilməsi, idxalın yerli istehsalla əvəzlənməsi ilə bağlı məmulatların ixracı üzrə müqavilələr bağlanıb və icrasına başlanılıb. İxrac edilən məmulatlardan bütün növ döyüş sursatlarını, müasir atıcı və artilleriya silahlarını, pilotsuz uçuş aparatlarını, zirehli texnikaları və s. göstərmək olar.

Bu gün 10-dan çox ölkənin müvafiq qurumlarına Azərbaycanın istehsalı olan hərbi məhsulların ixracı həyata keçirilir. Hazırda bağlanmış müqavilələrin dəyəri 101 milyon ABŞ dolları təşkil edir. Bu məbləğin 57 milyon dolları icrada olan müqavilələrdir, qalan 44 milyon dolları isə qarşı tərəfdən son istifadəçi sertifikatları təqdim edildikdən sonra qüvvəyə minəcək.

İclasda yuxarıda qeyd edilənlərlə yanaşı, dövlət başçısının  Azərbaycan dəmir yollarının inkişafına, müasirləşməsinə və mövcud problemlərin həllinə böyük həssaslıqla  yanaşması da xatırladılıb. Bildirilib ki, son illərdə ölkə Prezidentinin  rəhbərliyi altında respublikamızın dəmir yollarının regionun mühüm və əhəmiyyətli nəqliyyat–logistika holdinqinə çevrilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib. Qısa müddətdə, ümumilikdə, 383 kilometr dəmir yolu əsaslı təmir olunub, kontakt şəbəkə üzrə əsaslı təmir və yenilənmə işləri aparılıb, 153 dəst yeni yoldəyişən qurğu alınıb. Bakı-Böyük Kəsik sahəsində yolun enerji təchizatı sisteminin sabit cərəyandan dəyişən cərəyana keçirilməsi üçün yarımstansiyalarda tikinti işləri başa çatdırılıb, 84 kilometr uzunluğu olan Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən sürətli elektrik qatarı istifadəyə verilib. Bütün bunlarla yanaşı, vaqon parkının yenilənməsi məqsədilə 3101 ədəd yeni yük vaqonları alınıb.  Fransanın “ALSTOM” şirkətinin istehsalı olan 50 ədəd müasir elektrovozların alınmasına dair müqavilə imzalanıb.

Respublikanın tranzit potensialının artırılması məqsədilə Azərbaycan Dəmir Yolları ölkəmizin digər nəqliyyat strukturları ilə birgə artıq bir neçə iri beynəlxalq layihələrin təşəbbüskarı və iştirakçısıdır. Ötən ilin sonunda Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun Assosiasiyası yaradılıb, marşrutda vahid qiymətlər və vahid pəncərə sistemi tətbiq olunub. Hazırda Şərq-Qərb dəhlizində alternativ marşrutların hazırlanması istiqamətində işlər aparılır. Çinin cənub rayonlarından Avropaya nəql olunan yüklərin Qırğızıstan, Özbəkistan və Türkmənistandan keçməklə Azərbaycana və daha sonra Avropa ölkələrinə daşınmasını nəzərdə tutan yeni marşrutun yaradılması istiqamətində danışıqlar aparılır.

İclasda ölkə rəhbərinin Azərbaycanda gəmiçiliyin inkişafına göstərdiyi xüsusi diqqət və qayğıdan da ətraflı danışılıb. Bildirilib ki, gəmiçiliyin fəaliyyət sahələrinin şaxələndirilməsi və bir bazardan asılılığının azaldılması ilə əlaqədar 2014-cü ildə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Xəzərdən kənar beynəlxalq sularda fəaliyyətini bərpa edib. Hazırda Xəzərdən kənarda Azərbaycan bayrağı altında 10 gəmi fəaliyyət göstərir. Ötən il Gəmiçiliyin quru yük daşımalarının 34 faizini Xəzərdə, 66 faizini isə Xəzərdən kənar beynəlxalq sularda daşımalar təşkil edib. Bu da xaricdən ölkəyə əlavə valyutanın gətirilməsinə imkan verir.

Prezident İlham Əliyev yekun nitqində qeyd edib ki, bu gün inşaat sektorunda canlanma müşahidə olunur. Bu da təbiidir. Çünki keçən il görülmüş işlər, qəbul edilmiş qərarlar artıq öz müsbət nəticəsini  verir. Hazırda Bakı şəhərində 300-dən çox yeni hündürmərtəbəli bina tikilir. Burada minlərlə yeni iş yeri yaradılır.

Keçən il Mənzil İnşaatı Dövlət Agentliyinin xətti ilə böyük şəhərciyin təməl daşı qoyulub, inşaat işləri gedir. İndi ikinci layihənin icrası gözlənilir. “Ağ Şəhər” layihəsinin birinci mərhələsi başa çatıb. Qarşıdakı  beş il ərzində onlarla bina tikiləcək. Bakının müxtəlif yerlərində artıq müddəti keçmiş və yararsız vəziyyətdə olan binalar sahibkarlar tərəfindən sökülür. Orada yaşayan vətəndaşlara ya kompensasiya verilir, ya da vəsait ayrılır ki, onlar kirayədə yaşasınlar. Köhnəlmiş, qəzalı vəziyyətdə olan həmin binaların yerində artıq hündürmərtəbəli,  memarlığı ilə seçilən binalar ucaldılır.

Dövlət başçısı Azərbaycanda sənaye parkları və məhəllələrinin yaradılması ilə bağlı görülən işlərdən də ətraflı danışıb. Xatırladaq ki, Prezidentin 26 dekabr 2014-cü il tarixli sərəncamı ilə təsdiqlənən   “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nda qeyd edilən məqsədlərə nail olmaq üçün mövcud istehsal sahələrinin genişləndirilməsi, yeni sahələrin təşkili, qeyri-neft sənayesinin ixrac potensialının artırılması, elmtutumlu və innovativ istehsalın inkişaf etdirilməsi, sənaye zonalarının  yaradılması   nəzərdə tutulur. İndiyədək Sumqayıt, Balaxanı, Mingəçevir və Qaradağda sənaye parklarının, Neftçalada sənaye məhəlləsinin təşkili istiqamətində geniş tədbirlər həyata keçirilib.

Prezident İlham Əliyev deyib: “Sənaye istehsalı və kənd təsərrüfatı əsas prioritet istiqamətlərdir. Hər iki istiqamət üzrə yaxşı nəticələr var. Qeyd etdiyim kimi, qeyri-neft sənayesi 2 faiz, kənd təsərrüfatı 3,5 faiz artıb. İndi rayonlarda sənaye zonaları yaradılır. Mingəçevir Sənaye Parkında ilk zavodlar bu ilin sonunda istifadəyə veriləcək. Sumqayıt Texnologiyalar Parkında, Kimya Sənaye Parkında, Pirallahı və Balaxanı Sənaye parklarında, Neftçala Sənaye Məhəlləsində işlər yaxşı gedir. Yəni, bu proses artıq gedir. Bir neçə il bundan əvvəl mən qeyd etdim və tapşırıq verdim ki, hər bir rayonda sənaye zonası tikilsin. Biz artıq bunu görürük. Bütün rayonlar bu işlərə fəal qoşulmalıdır”.

Dövlət başçımız çıxışında həmçinin vurğulayıb ki, bu gün Azərbaycanın qarşısında duran ən mühüm strateji məqsəd ölkəmizin müstəqilliyini bundan sonra da gücləndirmək və respublikamızı  dünyanın ən inkişaf etmiş və rəqabətədavamlı dövlətləri səviyyəsinə yüksəltməkdir. Buna görə də müasir dünyanın çağırışları da nəzərə alınmaqla, regionlardakı sürətli inkişaf davam etdiriləcəkdir. “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial iqtisadi inkişafı Dövlət Proqramı”nın və digər böyük layihələrin icrası qeyri-neft sektorunun davamlı inkişafına şərait yaradacaq, ictimai xidmətlər və sosial infrastruktur daha da təkmilləşəcək və Azərbaycan dünyanın aparıcı ölkələri sırasına çıxacaqdır.

Prezident İlham Əliyev yekun nitqində sənayenin, sahibkarlığın daha da inkişaf etdirilməsi, kənd təsərrüfatının prioritet istiqamət kimi diqqət mərkəzində saxlanılması, o cümlədən, kənd təsərrüfatı məhsulları həcminin artılılması, daxili tələbatın tam ödənilməsi, torpaqların dəqiq uçotunun aparılması, subsidiyaların verilmə prosedurlarının təkmilləşdirilməsi, müxtəlif ölkələrdə “Made in Azerbaijan” brendinin tanıdılması, qazlaşdırmanın səviyyəsinin yüksəldilməsi, kənd yolları layihələrinin reallaşdırılması, habelə digər sosial-iqtisadi tədbirlərin gerçəkləşdirilməsi istiqamətində qarşıda duran vəzifələrə də diqqət çəkib.

Vaqif BAYRAMOV,
 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında