Azərbaycan iqtisadiyyatı yeni inkişaf mərhələsinə qədəm qoyub. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən əsaslı iqtisadi islahatlar, qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində reallaşdırılan ardıcıl tədbirlər nəticəsində iqtisadiyyatın neft-qaz amilindən asılılığı getdikcə azalır. Son illər dünyaya özünün yeni inkişaf modelini təqdim etməyi bacaran Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi ilbəil sürətlənir. Bu da ölkəmizdə qeyri-neft sahələrinin inkişafına səbəb olur.
Ölkəmizin yeni iqtisadi inkişaf strategiyasının əsas istiqamətlərindən birini qeyri-neft sektorunun vacib sahələrindən sayılan inşaat kompleksi təşkil edir. Məlum olduğu kimi, bu sahənin inkişaf etdirilməsi ölkədə yeni və uzunmüddətli iş yerlərinin yaradılması, inşaat materiallarının istehsalının stimullaşdırılması, tikinti materialları bazarında canlanmanın artması baxımından xüsusi əhəmiyyət daşıyır. Son illərin qlobal maliyyə böhranlarının ölkəmizin inşaat sektorunda ciddi tənəzzülə gətirib çıxarmasına baxmayaraq, Prezident İlham Əliyevin xüsusi qayğı və diqqəti sözügedən sahənin işində müəyyən canlanmaya səbəb olub. Artıq tikinti kompleksi özünün yeni inkişaf mərhələsinə qədəm qoyub, bu sahədə yüksək investisiya fəallığı müşahidə olunur.
Azərbaycanda tikinti kompleksinin mühüm inkişaf mərhələsi xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Təkcə onu qeyd etmək kifayətdir ki, ulu öndər respublikamıza rəhbərlik etdiyi hər iki dövrdə tikinti-quruculuq işlərinə xüsusi qayğı və həssaslıqla yanaşmış, bir sıra nəhəng obyektlərin inşasına şəxsən nəzarət etmişdir. Respublikamızı geniş tikinti-quruculuq meydanına çevirən Heydər Əliyevin bilavasitə şəxsi təşəbbüsü və hərtərəfli qayğısı nəticəsində Bakıda, digər şəhər və rayonlarımızda bir sıra nəhəng istehsal müəssisələri, yüzlərlə yaşayış binası, səhiyyə, mədəniyyət, təhsil obyektləri tikilib istifadəyə verilmişdir.
Azərbaycanın müstəqilliyinin ilk illərindən başlayaraq, ölkənin inşaat sektorunda özəl şirkətlərin sayının getdikcə artması da məhz ulu öndərin bu sahəyə göstərdiyi qayğı və diqqətin nəticəsi idi. Dövlətin bu sahəyə göstərdiyi hərtərəfli dəstəyi nəticəsində uzun illər bu sahədə çalışmış, peşəkarlıq qazanmış inşaatçıları öz ətrafında birləşdirən tikinti təşkilatları mütəşəkkil qurucu qüvvəyə çevrilmişdir. Həmin təşkilatlar ölkəmizin sosial-iqtisadi inkişafında, investisiya layihələrinin reallaşmasında, məşğulluq problemlərinin həllində önəmli rol oynayırlar.
Azərbaycanın şanlı quruculuq salnaməsinin yaradıcısı, xalqımızın ümummilli lideri Heydər Əliyev bütün digər sahələrdə olduğu kimi, inşaat sektorunda çalışanların da əməyini hər zaman yüksək qiymətləndirmişdir. Ulu öndərin siyasətini layiqincə davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyev də ölkəmizdə geniş quruculuq işlərinin önündə gedən bu sadə peşə sahiblərinə xüsusi diqqət və qayğı ilə yanaşır, onların əməyini yüksək dəyərləndirir. Elə dövlət başçısının Azərbaycan inşaatçılarının ölkə iqtisadiyyatının inkişafındakı xidmətlərini nəzərə alaraq 2009-cu il dekabr ayının 16-da imzaladığı sərəncamla “İnşaatçılar Günü” peşə bayramını təsis etməsi də məhz bu şərəfli peşə sahiblərinə göstərilən diqqət və qayğının bariz nümunəsidir.
Ölkəmizin tikinti kompleksinin inkişafına mühüm töhfələr verən “Tunel-Metro İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətin kollektivi “İnşaatçılar Günü” peşə bayramını yüksək nailiyyətlərlə qeyd edirlər. Xatırladaq ki, tanınmış inşaatçı, Azərbaycanın Əməkdar mühəndisi Qərib Dadaşovun rəhbərlik etdiyi “Tunel-Metro İnşaat” MMC 2001-ci ildə yaradılıb.
Şirkət 2001-2010-cu illərdə “Azərtunelmetrotikinti” ASC arasında bağlanan subpodrat müqaviləsi əsasında metro tikintisində sanballı işlər görüb. Bakı Metropoliteninin “Həzi Aslanov”, “Nəsimi”, “Azadlıq prospekti”, ”Dərnəgül”, “Avtovağzal” və “Əcəmi-2” stansiyalarının, eləcə də “28 May” stansiyası üçün yeni çıxışın tikintisi məhz bu təşkilata həvalə olunub.
Bu gün müxtəlif sahələrdə gerçəkləşdirilən irili-xırdalı inşaat layihələrinin uğurla həyata keçirilməsində fəal iştirak edən “Tunel-Metro İnşaat” MMC ötən illərdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin qəsəbələrin və məhəllələrin inşası ilə bağlı keçirilən tenderlərdə də ardıcıl iştirak edib və bir sıra tikintiləri aparmaq hüququ qazanıb. Ötən illərdə bu komitə ilə formalaşan sifarişçi-podratçı münasibətləri yüksələn xətt üzrə inkişaf edib və nəticədə on minlərlə evsiz-eşiksiz insan isti, rahat ünvanda yaşamaq hüququ qazanıb. Prezident İlham Əliyevin 2004-cü ildə imzaladığı sərəncamla məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramının icrasından irəli gələn məsələlərin həllində yaxından iştirak edən “Tunel-Metro İnşaat” MMC-nin kollektivinin səyi ilə ötən illərdə Goranboy şəhəri ərazisində 688 məcburi köçkün ailəsi üçün salınan məhəllədə 45, Müşfiqabad qəsəbəsində 1410 məcburi köçkün ailəsi üçün yaradılan yaşayış massivində 40 mənzilli beşmərtəbəli yaşayış binaları tikilib istifadəyə verilib. Bununla yanaşı, Ağdam, Bərdə, Beyləqan, Biləsuvar, Goranboy, Saatlı və Göygöl rayonlarının ərazilərində, Füzuli rayonunun Zobucuq qəsəbəsində və Mingəçevir şəhərində məcburi köçkünlər üçün salınan qəsəbələr, paytaxtın Binəqədi rayonunun ərazisində doqquzmərtəbəli yaşayış evləri də məhz bu idarənin fədakar inşaatçılarının əməyi nəticəsində ərsəyə gəlib.
Məcburi köçkünlərin məskunlaşdırılmasına mühüm töhfələr verən “Tunel-Metro İnşaat” MMC-nin kollektivi yeni qəsəbələrin və yaşayış binalarının tikintisi ilə yanaşı, bir sıra zəruri infrastrukturun yaradılması ilə bağlı tender şərtlərinə də yüksək səviyyədə əməl edib. Abşeron rayonu Masazır qəsəbəsində 758, Bərdə rayonu ərazisində 783, Ağcabədi rayonu ərazisində 556, Şəki şəhərində 423, Mingəçevir şəhəri ərazisində 502, İmişli rayonu ərazisində 550, Ağdam rayonu ərazisində 632, Bərdə rayonu ərazisində 588, Beyləqan rayonu ərazisində 320, Saatlı rayonu ərazisində 230, Göygöl rayonu ərazisində 600, Mingəçevir şəhərində 594, Gəncə şəhəri ərazisində 1500 məcburi köçkün ailəsi üçün salınan qəsəbələrin və məhəllələrin qaz təchizatı sisteminin yaradılması, xətlərin çəkilməsi, eləcə də bir sıra tikililərin infrastruktur layihələri də məhz Qərib Dadaşovun rəhbərlik etdiyi tikinti təşkilatı tərəfindən gerçəkləşdirilib.
Yeri gəlmişkən, qaçqın və məcburi köçkünlərin həyat səviyyəsinin yaxşılaşdırılması bu gün də Azərbaycanda həyata keçirilən sosial siyasətin mühüm istiqamətlərindən biridir. Təsadüfi deyil ki, cari ilin yanvar ayının 10-da Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi nkişafının yekunlarına və 2017-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyev ölkədə sosial sahədə həyata keçirilən işlərdən bəhs edərkən demişdir: “ Keçən il məcburi köçkünlərin problemlərinin həlli üçün yeni addımlar atılmışdır, yeni qəsəbələr salınmışdır. Bu il də bu proses davam edəcək, yəni, bu məsələ daim diqqət mərkəzindədir. Əlimizdən gələni edirik və edəcəyik ki, məcburi köçkünlərin vəziyyətini daha da yaxşılaşdıraq”.
Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun aparılan tikinti-quruculuq işlərində obyektivliyi və aşkarlığı təmin etməsi ölkənin digər tikinti təşkilatları kimi “Tunel-Metro İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyət üçün də bu sahədə geniş imkanlar açır. Hazırda “Dövlətqaçqınkom”un sifarişi ilə Tərtər rayonu ərazisində 1170 məcburi köçkün ailəsi üçün zəruri sosial infrastrukturu olan 34 ədəd yaşayış binasından ibarət yeni şəhərciyin salınmasında sözügedən tikinti müəssisəsi də yaxından iştirak edir. Yeni yaşayış məhəlləsinin qaz təchizatı sisteminin və istilik şəbəkəsinin qazanxana ilə birlikdə tikintisi və şəhərcikdə dördmərtəbəli 36 mənzilli iki ədəd yaşayış binasının tikintisi “Tunel-Metro İnşaat” MMC-nin kollektivinə həvalə edilib. 2016-cı ilin dekabr ayında layihənin icrasına başlayan inşaatçılar tikinti-quraşdırma işlərini ilin sonunadək tam başa çatdırmaq üçün bütün imkanları səfərbər ediblər.
Hazırda Qarabağa və ətraf rayonlara Böyük Qayıdışın müjdəçisi olan Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi Prezident İlham Əliyevin sərəncamına əsasən bərpa olunur. Dövlətimizin başçısının müvafiq sərəncamlarından sonra Cocuq Mərcanlı kəndində 200 evdən ibarət yeni qəsəbənin master-planı hazırlanıb. Master-plana əsasən, qəsəbədə təhsil, səhiyyə, mədəniyyət ocaqları inşa olunacaq, kommunal xidmətlərin yüksək səviyyədə təşkili üçün qaz, elektrik enerjisi, su xətti çəkiləcək, ümumi uzunluğu 9 kilometr olan müasir avtomobil yolu salınacaq. Xatırladaq ki, Cocuq Mərcanlı kəndi ərazisində 50 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış qəsəbəsində qaz təchizatı şəbəkəsinin tikintisi “Tunel-Metro İnşaat” MMC-nin kollektivinə həvalə olunub. Artıq Füzuli rayonu ərazaisindən Cocuq Mərcanlı kəndinə qaz xəttinin çəkilişi başa çatdırılıb.
Yeni tikilən yaşayış evlərinin və məktəb binasının “mavi yanacaq”la təminatı üçün nəzərdə tutulmuş qaz xəttinin ümumi uzunluqu 5 kilometr təşkil edir. İnşaatçılar bu günlərdə daxili qaz xətlərinin çəkilişinə başlayacaqlar.
Ölkə inşaatçıları üçün əlamətdar olan peşə bayramı günündə “Tunel-Metro İnşaat” MMC-nin rəhbəri, Əməkdar mühəndis Qərib Dadaşovun da deməyə sözü çoxdur:
– Azərbaycanın dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən köklü islahatlar, baş verən iqtisadi sıçrayış tikinti, quruculuq, abadlıq sahəsində də özünü aydın şəkildə göstərir. Ulu öndərin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə hazırda ölkə ərazisi böyük tikinti-quruculuq meydanına çevrilib. Təsadüfi deyil ki, cənab İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövr haqlı olaraq nəhəng tikinti və quruculuq illəri kimi xarakterizə olunur. Hazırda paytaxtımızda bir-birindən möhtəşəm yaşayış kompleksləri tikilir, bir sıra pilot layihələr icra olunur. Eyni zamanda, dövlətin inşaat sektoruna qayğı və diqqəti bu sahədə təşəbbüskarlığa, yaradıcı əməyə geniş meydan açır. Bütün bunlar Azərbaycanın inşaat kompleksinin canlanmasına, tikinti materialları istehsalının genişləndirilməsinə və çoxsaylı iş yerlərinin açılmasına imkan yaradır.
Paytaxt Bakıda, eləcə də regionlarda yeni istehsal sahələrinin və sosial infrastrukturun yaradılmasında, qədim və köhnə tikililərin təmir olunmasında, zəruri kommunikasiyaların yenilənməsində Azərbaycan inşaatçıların müstəsna xidmətləri var. Aparılan tikintilərdə Azərbaycan memarlığının zəngin milli ruhu, koloriti və daimi müasirliyi öz əksini tapır. Eyni zamanda, müasirliklə milliliyin vəhdəti, tarixi ənənələrin davam etdirilməsi hazırlanan yeni layihələrdə yaşadılır, həyata keçirilən işlər milli üsluba, xalqımızın zəngin memarlıq ənənələrinə uyğunlaşdırılır. İnşaatçının işi tikməkdir, ucaltmaqdır, rahatlıq yaratmaqdır. Həyatın artan ehtiyaclarının qabağına yalnız bu yolla çıxmaq olar. İnşaatçı peşəsinin bir özəlliyi də odur ki, gördüyü işlər həmişə göz qabağında olur. Yaxşı iş üzağlığı, pis iş töhmət gətirir. Qazandığımız uğurlarda kollektivin hər bir üzvünün böyük əməyi var. Fədakar inşaatçılar Kamandar Bayramov, Şövqi Seyfullayev, Kərim Kərimov və başqaları ilə, necə deyərlər, dağı dağ üstə qoymaq olar.
Möhtərəm Prezidentimiz İlham Əliyevin inşaatçıların əməyinə verdiyi yüksək qiymət onu sübut edir ki, yaxşı əməl mükafatsız qalmır. Dövlət başçısının tikinti kompleksində çalışanların əməyinə verilən yüksək dəyərin göstəricisi sayılan “İnşaatçılar Günü” nü təsis etməsi, hər il peşə bayramlarında bir qrup şəxsin fəxri adlara, orden və medallara layiq görməsi bu çətin və şərəfli peşə sahiblərini ölkəmizin gələcək tərəqqisi naminə yeni-yeni nailiyyətlərə ruhlandırır.
Fürsətdən istifadə edib Azərbaycanımızın daha da gözəlləşməsi, müasirləşməsi istiqamətində yorulmaq bilmədən çalışan həmkarlarımı, eləcə də kollektivimizin hər bir üzvünü peşə bayramı münasibətilə ürəkdən təbrik edir və bütün inşaatçılar adından əminliklə bildirirəm ki, dövlət başçısı cənab İlham Əliyevin yüksək qayğı və diqqətinə əməli işlə cavab verəcək, ölkəmizin sosial-iqtisadi inkişafının təmin olunmasında bundan sonra da var gücümüzlə çalışacağıq...
Mirbağır YAQUBZADƏ,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.