Azərbaycan Prezidenti İlham Əliyev ötən illərdə olduğu kimi, bu gün də aqrar sahənin inkişafına mühüm önəm verir. Məhz bunun nəticəsidir ki, respublikamızda sosial-iqtisadi inkişafla bağlı aparılan uğurlu siyasət, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi, torpaqlardan səmərəli istifadə edilməklə ölkənin ərzaq təhlükəsizliyinin təmin olunması, yeni iş yerlərinin yaradılması, ən başlıcası isə insanların həyat şəraitinin yaxşılaşdırılması sahəsində qarşıya qoyulan vəzifələr uğurla həyata keçirilir.
Dövlət başçısının tövsiyəsi ilə hazırda ölkə iqtisadiyyatının ən vacib sahəsi olan kənd təsərrüfatında istehsalın və ixracın stimullaşdırılması, məhsulun rəqabətqabiliyyətliliyinin artırılması, əhalinin ərzaq məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsinə dövlət dəstəyinin səmərəliliyinin yüksəldilməsi məqsədilə bitkiçilik və heyvandarlığın inzibati rayonlar üzrə ənənəvi sahələri tədqiq edilərək sinfi təsnifatı hazırlanır. Azərbaycanın regionları üzrə ənənəvi kənd təsərrüfatı məhsullarının mövcud vəziyyəti öyrənilərək müvafiq təklif və tövsiyələr verilir, həmçinin aqrar sektorun əlavə dəyərdə payının dinamikası araşdırılır, qiymət, gəlirlər, istehsalın həcmi üzrə qiymətləndirmələr aparılır.
Saatlıda Prezident İlham Əliyevin sədrliyi ilə pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində bütün bunlar barədə ətraflı danışılıb. Kənd təsərrüfatının ənənəvi sahələrinə, o cümlədən pambıqçılığın dirçəldilməsinə xüsusi qayğı göstərilməsi diqqətə çatdırılıb. Bildirilib ki, pambıqçılığın Azərbaycanda qədim ənənələri var. Əsrlər boyu xalqımız pambıqçılıqla məşğul olub. Ancaq pambıqçılığın ən sürətli və uğurlu inkişaf dövrü ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun təşəbbüsü və bilavasitə rəhbərliyi ilə 1970-ci illərdə və eyni zamanda, 1980-ci illərin əvvəllərində Azərbaycanda pambıqçılıq sürətlə inkişaf edib. Əgər statistikaya nəzər salsaq, görərik ki, ulu öndərin dövründə Azərbaycanda pambıq tədarükü bir neçə dəfə artıb. 1980-ci illərin əvvəllərində 800 min ton–1 milyon tona qədər pambıq tədarük edilib.
Ulu öndərimiz tərəfindən pambıqçılığın inkişaf etdirilməsi kolxoz və sovxozların iqtisadiyyatının möhkəmlənməsinə, kənd sakinlərinin maddi rifah halının yaxşılaşmasına müsbət təsir göstərib. 1969-cu ildə pambıqçılıqdan 150 milyon manat götürüldüyü halda, 1976-cı ildə bu rəqəm 350 milyon manata çatıb. 1970-1976-cı illərdə kolxoz və sovxozlar tərəfindən pambıqdan 2 milyard manat əldə edilib. Bir sözlə, o dövrdə Azərbaycanda illik pambıq istehsalı yuxarıda qeyd edildiyi kimi, 1 milyon tona çatdırılıb. Ölkə büdcəsinin 22-25 faizini pambıqçılıq təmin edib.
Həmin dövrdə respublikamızda pambığın 39 sortu rayonlaşdırılıb. Rayonlaşan hər bir yeni sort əvvəlki sortlardan təsərrüfat qiymətli göstəricilərinə, məhsuldarlığına görə fərqlənib və ümumi istehsalın sabit artımına zəmin yaradıb.
Dahi öndər tez-tez pambıq tarlalarında, kənd adamları arasında olurdu və onlara öz dəyərli tövsiyəsini verirdi. O, qabaqcıl pambıqçıların, sürücü-mexaniklərin əməyini həmişə yüksək qiymətləndirir və onlara ölkənin ali mükafatlarını təqdim edirdi.
Pambıqçılığın dinamik inkişafının elmi əsaslarla nizamlanmasını daim diqqətdə saxlayan ulu öndər bu sahənin inkişafına hər cür qayğı göstərir, pambıçılıq bölgələrində nəticəli fəaliyyət üçün əlverişli mühit yaradırdı. Ümummilli lider alimlərin yaradıcı əməyini də yüksək qiymətləndirir, bütün elmi-tədqiqat institutlarının məhsuldar elmi fəaliyyəti üçün tələb olunan maddi-texniki bazanın yaradılmasını daim nəzarətdə saxlayırdı.
Müstəqillik illərində isə pambıq istehsalına diqqət və əkin sahələri ildən-ilə azaldı. Əlbəttə, bu, bir tərəfdən “qara qızıl”ın “ağ qızıl”ı üstələməsi, arxa plana keçirməsi, digər tərəfdən isə məhsulun dünya bazarında qiymətinin sürətlə ucuzlaşması ilə bağlı idi. Məhz bunun nəticəsi idi ki, 2005-ci ildə Azərbaycanda olan 112 min 500 hektar pambıq əkini sahəsi 10 ildən sonra nə az, nə çox - 5 dəfə azalaraq 23 min hektara endi.
Azərbaycan Prezidenti müşavirədəki çıxışında, həmçinin qeyd edib ki, 1970-1980-ci illərdə pambıqçılığın inkişafına xüsusi qayğı ilə yanaşılıb. Elə bunun nəticəsində də yüksək göstəricilər əldə edilib. Təəssüf ki, sonrakı dövrdə pambıqçılıq tənəzzülə uğrayıb. Bunun da müəyyən obyektiv və subyektiv səbəbləri olub. Keçirilən müşavirənin də məqsədi məhz sahənin inkişafı ilə bağlı görülən işləri təhlil etmək, qarşıda duran vəzifələri müəyyənləşdirməkdir.
Prezident çıxışında aqrar sektorun ayrı-ayrı sahələrində həyata keçirilən tədbirlərdən, ərzaq təhlükəsizliyi məsələlərinin həlli istiqamətində atılan addımlardan, qazanılan uğurlardan ətraflı bəhs edib. Eyni zamanda, hazırda kənd təsərrüfatının bəzi sahələrinin bir qədər diqqətdən kənarda qaldığını da təəssüflə vurğulayıb. Dövlətimizin başçısı bunun səbəbləri ilə bağlı danışarkən deyib: “Hesab edilirdi ki, biz bazar iqtisadiyyatı şəraitində yaşayırıq və bazar iqtisadiyyatı hər şeyi tənzimləyir, hər şeyi yoluna qoyur. Ancaq həyat göstərir ki, bu, belə deyil. Əlbəttə ki, biz bazar iqtisadiyyatına sadiqik, bu gün iqtisadiyyatımızın 80 faizdən çoxu özəl sektorda formalaşır və sahibkarlığın inkişafına çox böyük dəstək verilir, o cümlədən çox böyük maliyyə dəstəyi. Son illər ərzində sahibkarlara müxtəlif layihələri icra etmək üçün böyük məbləğdə güzəştli kreditlər verilmişdir. Ancaq pambıqçılığın tənəzzülə uğraması göstərir ki, dövlət mütləq bu işlərə müdaxilə etməlidir. Bazar iqtisadiyyatı heç də o demək deyil ki, hər şey yolunda olacaq. Pambıqçılığın tənəzzülə uğraması bunun bariz nümunəsidir. Ona görə, qərar qəbul edildi ki, bu gün bir halda ki, ərzaq məhsulları və ərzaq təhlükəsizliyi ilə bağlı məsələlərin böyük əksəriyyəti öz həllini tapıb və artıq icrada olan layihələr yaxın zamanlarda öz bəhrəsini verəcək, indi dövlət kənd təsərrüfatının inkişafına həm daha güclü dəstək verməlidir, həm də bu sahəyə daha da böyük miqyasda müdaxilə etməlidir. O mənada müdaxilə etməlidir ki, biz fermerlərə kömək göstərək, onların problemlərini həll edək və ölkəmizdə ənənəvi olan, ancaq əfsuslar ki, tənəzzülə uğrayan sahələri bərpa edək və inkişaf etdirək”.
Xatırladaq ki, Prezident İlham Əliyevin aqrar sahənin inkişafı ilə bağlı qəbul etdiyi qərarlar və qarşıya qoyduğu vəzifələr bu sahənin də inkişafına təkan verdi və onun tarixi şöhrətini özünə qaytarmağa başladı. Başqa sözlə, dövlət başçısının pambıqçılara göstərdiyi qayğı və diqqət bu gün öz bəhrəsini verməkdədir. Belə ki, pambıq əkininə ayrılan subsidiyalar, gübrə və pestisidlərə tətbiq olunan güzəştlər, Kənd Təsərrüfatı Nazirliyinin “Aqrolizinq” ASC vasitəsilə gətirilən texnikaların güzəştli şərtlərlə satılması, İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən ayrılan güzəştli kreditlər sahənin inkişafına bilavasitə müsbət təsirini göstərir.
Ölkə Prezidenti 2017-ci il yanvarın 26-da keçirilən “2014-2018-ci illərdə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda qeyd edib: “Hər il “Kənd Təsərrüfatı İli” olmalıdır. Eyni zamanda, biz pambıqçılıqla daha ciddi məşğul olmalıyıq, çünki bu, həm insanları işə cəlb edir, həm də onların sosial vəziyyətinin yaxşılaşdırılmasına kömək etməklə ölkəyə valyuta gətirən əsas strateji məhsullardan biridir”.
Keçən təsərrüfat ilinin təcrübəsi, pambıqçılığın inkişafı ilə bağlı yaradılan hərtərəfli şərait, müasir innovativ texnologiyaların tətbiqi, eləcə də dövlət tərəfindən göstərilən maliyyə və digər zəruri dəstək istehsalçıları daha da ruhlandırıb, cari ildə onlarda pambıq əkininə olan marağı daha da artırıb.
Ölkəmizdə artıq böyük bir pambıqçılıq hərəkatı başlayıb. Ulu öndər Heydər Əliyevin dövründə olduğu kimi, pambıqçılıq geniş vüsət alıb. İndi artıq hər hansı bir təbliğata ehtiyac qalmayıb. Bu da insanların güzəranının, yaşayış səviyyəsinin və işgüzarlığının artması deməkdir. Bir sözlə, pambıqçılığın inkişafı üçün dövlət tərəfindən hər cür şərait yaradılıb. Sözsüz ki, belə şərait pambıqçılığın daha geniş inkişafına güclü təkan verəcək, məhsuldarlıq isə daha yüksək olacaq.
Prezident İlham Əliyev müşavirədə bildirib ki, bu il 22 rayonda pambıq əkiləcək. Əkin sahələri 136 min hektar olacaq. Hektardan Orta məhsuldarlıq isə 20 sentner ətrafında gözlənilir. Əlbəttə ki, çox da ola bilər, az da. Misal üçün keçən il 17 sentner olub. Ancaq keçən il, əlbəttə ki, biz bir qədər vaxt itirdik. Eyni zamanda, hava şəraiti imkan vermədi. Burada qeyd olundu ki, hətta yanvar ayında pambıq yığılırdı. Ancaq kütləvi surətdə yığım dekabr ayına qədər davam edirdi. Bu il əlbəttə ki, bütün işlər vaxtında görülməlidir. Bütün hazırlıq işləri vaxtında və əsaslı görülüb. Səpinə artıq bu gün start verildi və yığım da əlbəttə ki, vaxtında aparılmalıdır. Əgər biz hektardan orta hesabla 20 sentner götürsək, bu, 270 min ton pambıq tədarükü deməkdir. Əgər 2015-ci ildə cəmi 35 min ton pambıq yığıldığını nəzərə alsaq, bu, qısa müddət ərzində çox böyük göstəricidir. Qısa müddət ərzində görülən işlər, bax, bu gözəl nəticəyə gətirib çıxarıb. Bu, onu göstərir ki, dövlət dəstəyi olan yerdə, işlər düzgün təşkil olunanda hər şeyi etmək mümkündür. Biz Azərbaycanda pambıqçılığı artıq demək olar ki, bərpa etmişik və bundan sonra gələcək illərdə ancaq inkişaf yolu ilə gedəcəyik.
İxracyönümlü məhsulların istehsalı bu gün ölkə qarşısında prioritet vəzifə olaraq dayanır. Bu istiqamətdə bütün zəruri tədbirlər həyata keçirilir. Ölkəmizin kənd təsərrüfatı potensialından səmərəli istifadə edilməsi gözlənilən nəticələrin əldə olunmasına imkan yaradacaq.
Pambıq sahələrinin genişləndirilməsi istiqamətində həyata keçirilən sistemli tədbirlər əminlik yaradır ki, bu məhsulumuz da ixrac potensialında əsas yerlərdən birini tutacaq. Prezident İlham Əliyevin sədrliyi ilə Saatlıda pambıqçılığın inkişafı məsələlərinə həsr olunan ikinci respublika müşavirəsinin keçirilməsi də dövlətin bu sahəyə olan diqqət və qayğısını bir daha göstərdi.
Statistikaya əsasən, hər hektardan orta hesabla 20 sentner pambıq toplanarsa, bu, 270 min ton pambıq tədarükü deməkdir. Xatırladaq ki, ötən il ümumilikdə rayonlar üzrə 51 min hektar pambıq əkilmişdi və nəticədə 90 min tona yaxın məhsul götürülmüşdü. 2015-ci ildə isə cəmi 35 min ton pambıq yığıldığını nəzərə alsaq, ötən müddət ərzində çox böyük göstəricilər əldə olunub. Bu, bir daha pambıqçılığa dövlət dəstəyinin yüksək səviyyədə olduğunu nümayiş etdirir. Əkin sahələrinin genişlənməsini nəzərə alsaq, bu il pambıqçılıqda 200 mindən çox insan işlə təmin olunacaq. Bu isə əhalinin məşğulluğunun artırılmasına, işsizliyin azalmasına gətirib çıxaracaq. Dövlət İnvestisiya Proqramında pambıqçılığın inkişafı ilə bağlı böyük vəsait nəzərdə tutulub. Azərbaycana minlərlə yeni texnika gətirilib. Ötən il 100-ə yaxın pambıqyığan kombayn gətirilmişdisə, cari ildə 200-dən çox müasir kombayn sifariş edilib.
Müşavirədə pambıqçılığın, ümumiyyətlə, aqrar sektorun inkişafı ilə bağlı digər məsələlərə də toxunulub. Bildirilib ki, itkilər həm tarlalarda, həm də ki, yollarda minimuma endirilməlidir. Pambıq sahələrinə gedən yollar əsaslı təmir olunmalıdır. Qəbul məntəqələrində və pambıqtəmizləmə zavodlarında fasiləsiz elektrik enerjisi təmin edilməlidir. Eyni zamanda, nasos stansiyalarına da fasiləsiz enerji verilməlidir. Kənd təsərrüfatı mütəxəssisləri, aqronomlar, bu peşələr üzrə kadrlar hazırlanmalıdır. Pestisid istehsalı zavodunun yaradılması da zəruridir.
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.