Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edir

Aqrar sahəyə göstərilən dövlət dəstəyi bu inkişafı daha da sürətləndirəcək

Cari ilin ilk iki ayının nəticələri onu deməyə əsas verir ki, 2015-ci ilin sonlarından başlayaraq hökumətin start verdiyi iqtisadi islahatlar artıq öz nəticələrini verməyə başlayır.  Ötən ilin yanvar-fevral ayları ilə müqayisədə cari ilin ilk iki ayında ölkədə ümumi daxili məhsul istehsalı 0,4 faiz artıb. İqtisadiyyatımızda baş verən bu artım əslində ölkədə iqtisadi inkişafın yeni mərhələsi kimi qiymətləndirilməlidir.

Məlum olduğu kimi,  2016-cı ilin yanvar-fevral aylarında Ümumi Daxili Məhsul istehsalı 2015-ci ilin yanvar-fevral ayları ilə müqaisədə 3,2 faiz azalmışdı. Belə olan halda, cari ilin iki ayı ərzində iqtisadiyyatda baş vermiş irəliləyişi 0,4 faiz həcmində deyil, faktiki olaraq ötən ilin ilk iki ayında yaranmış 3,2 faizlik geriləmə də nəzərə alınmaqla ümumilikdə 3,6 faiz artım (3,2 +0,4)  kimi qəbul etmək lazımdır. Bu isə kifayət qədər yaxşı nəticədir.

Bu ilin yanvar-fevral aylarında demək olar ki, iqtisadiyyatın əksər sahələrində pozitiv nəticələr əldə olunub. Ötən ilin ilk iki ayı ilə müqaisədə, 2017-ci ilin yanvar-fevral aylarında qeyri-neft sektorunda artım 2,3 faiz  olub. Ötən ilin ilk iki ayı ərzində isə  bu göstərici üzrə 5,5 faiz geriləmə qeydə alınmışdı. Ümumiyyətlə, hesabat ilinin iki ayı ərzində qeyri-neft sənayesi 5 faiz, əsaslı kapital qoyluşu 5,7 faiz, kənd təsərrüfatı məhsullarının istehsalı 3,2 faiz (o cümlədən bitkiçilik məhsullarının istehsalı 28,8 faiz), yükdaşımaların həcmi 4,4 faiz artmışdır. Xarici ticarət dövriyyəsində ötən ilin yanvar ayında qeydə alınmış geriləmə cari ilin yanvar ayında 2,6 faizə qədər azalmış, həmin dövrdə qeyri-neft sektorunda ixracın həcmi 49,5 faiz artmışdır.

Bütövlükdə bu ilin ilk iki ayının nəticələri göstərir ki, son illərdə Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar artıq öz bəhrəsini verməkdədir. Aqrar sahəyə dövlət dəstəyinin gücləndirilməsi isə bu perspektivli və əməktutumlu sahənin inkişafını daha da sürətləndirir.  Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsində kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sektorunda nəzərdə tutulan tədbirlər üzrə 2020-ci ilədək  pambıq istehsalı və emalı üzrə istehsal həcminin ən azı 4 dəfə, barama istehsalı, eləcə də emalı üzrə istehsal həcminin ən azı 1000 dəfə artması, qısamüddətli dövr üçün istehsalın xammal şəklində ixrac məqsədilə artırılması, uzunmüddətli perspektivdə isə həmin məhsullardan alınan emal məhsullarının yerli istehsalını formalaşdırmaqla idxalın əvəzlənməsi və ixracın artırılması nəzərdə tutulub. Digər məhsulların da istehsalı və emalı sahəsində əsaslı dönüş proqnozlaşdırılır.

Ölkə Prezidenti cənab İlham Əliyev martın 28-də Saatlı rayonunda pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsindəki çıxışı zamanı cari ilin ötən dövrü ərzində ölkə iqtisadiyyatında əldə olunmuş uğurları belə dəyərləndirmişdir: “Bizim üçün əsas göstərici qeyri-neft  sektorunun və kənd təsərrüfatının göstəriciləridir. Hər iki göstərici çox müsbətdir. Hesab edirəm ki, bu gün dünya miqyasında ən yüksək inkişaf göstəriciləri məhz bizim göstəricilərimizdir. Bunu beynəlxalq mötəbər qurumlar da qeyd edir. Onların arasında xüsusilə Davos Ümumdünya İqtisadi Forumu ən mötəbər dünya forumudur və onun hesablamalarına görə, Azərbaycan iqtisadiyyatı dünya miqyasında öz rəqabətqabiliyyətliliyinə görə 37-ci yerdədir. Dünyada 200-dən çox ölkə var. Bax, biz bu parametrə görə 37-ci yerdəyik. Hesab edirəm ki, bu, tarixi nailiyyətdir”.

Ölkənin aqrar sektorunda əldə olunmuş nəticələr göz qabağındadır. Əgər 2015-ci ildə Azərbaycanda cəmi 200 kiloqramdan bir qədər çox barama istehsal olunmuşdusa, 2016-cı ildə bu rəqəm 70 tona çatıbdır və yaxın bir neçə ildə onun on dəfələrlə artırılması nəzərdə tutulur. Ötən il 51 min hektar sahədə pambıq əkilib. Cari ildə isə ölkənin 25 rayonu üzrə təxminən 136 min hektar sahədə pambıq əkini nəzərdə tutulur. Əgər hektardan orta hesabla 20 sentner pambıq yığılarsa bu, 270 min ton pambıq tədarükü deməkdir. Nəzərə alaq ki, 2015-ci ildə 18 min hektar sahədən cəmi 35 min ton pambıq yığıldımışdı. Qısa müddət ərzində belə yüksək irəliləyişə nail olmaq çox mühüm məsələdir.

Hazırda söhbət təkcə bu məhsulların istehsalını artırmaqdan getmir. Qarşıda duran əsas vəzifə istehsal olunan pambığın, baramanın və digər məhsulların emalını yüksək səviyyədə təşkil etməkdən, son məhsul istehsalından gedir. Bu xammallardan hazırlanacaq son məhsullar ölkəmizə  daxil olacaq möhkəm valyutanın həcmini qat-qat artıracaq. Bu səbəbdən də hökumət ölkədə emal sənayesinin inkişafını ön plana çəkir. Ölkə başçısının bilavasitə təşəbbüsü ilə emal sənayesinin sürətli inkişafını nəzərdə tutan bir sıra layihələrin icrasına start verilib.

Heç şübhəsiz, ölkədə pambıqçılığın, ipəkçiliyin inkişafı Azərbaycanda yüngül sənayenin də inkişafına yaxşı zəmin yaradacaq. Mingəçevirdə Sənaye Parkının yaradılması, Şəki İpək Kombinatının yenidən qurulması buna bariz misaldır. Biz artıq öz məhsullarımızın dünya bazarlarına çıxarılması və bu məhsulların orada öz layiqli yerlərini tutması yolunda dövlət səviyyəsində çox önəmli addımlar atmağa başlamışıq. “Made in Azərbaycan” brendinin təbliğinə dair hökumətin qəbul etdiyi qərarlar təqdirəlayiq və vacib addımlardır.

Cənab Prezidentin Saatlı rayonunda keçirdiyi müşavirədə də dəfələrlə vurğulandığı kimi, iqtisadiyyatın real sektorunun sürətli inkişafı yaxın gələcəkdə onun neftdən asılılığını minimum həddə endirə biləcək. Bu isə o deməkdir ki, dünya bazarlarında neftin qiymətinin necə dəyişməsindən asılı olmayaraq Azərbaycan iqtisadiyyatı daha dayanaqlı olacaq və öz sürətli inkişafını davam etdirəcək.

Fikrət YUSİFOV,
 iqtisad elmləri doktoru, professor


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında