Azərbaycan əhalisi on milyona yaxınlaşır. Bu, yaxın gələcəkdə tarixi nailiyyət olacaq. Ancaq, eyni zamanda, bu, bizim qarşımızda yeni vəzifələr qoyur. Biz iş yerlərinin yaradılması ilə daim məşğul olmalıyıq ki, işsizlik aşağı səviyyədə olsun. Ona görə məşğulluq üçün pambıqçılığın çox böyük xeyri var.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Azərbaycanda aparılan uğurlu, məqsədyönlü siyasət nəticəsində iqtisadiyyatın formalaşdırılması ölkədə işgüzar fəallığın daha da yüksəldilməsinə, neft sənayesinin, eləcə də qeyri-neft sektorunun sürətli inkişafına, yoxsulluğun azaldılmasına əlverişli şərait yaradıb, əhalinin etibarlı sosial müdafiəsinin, maddi-rifah halının əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasını təmin edib.
Respublikada elmi əsaslara söykənərək hazırlanan regional dövlət proqramlarının uğurla reallaşdırılması nəticəsində ölkəmizin dünyadakı nüfuzu durmadan artıb, regionun siyasi, iqtisadi və mədəni mərkəzlərindən birinə çevrilib.
Prezident İlham Əliyevin intensiv metodlara əsaslanan aqrar sektorun yaradılmasına yönələn siyasəti, həyata keçirilən dövlət dəstəyi tədbirləri də öz uğurlu nəticəsini verib, bu, kənd təsərrüfatı məhsullarının istehsalının və ixracının artmasına, özünütəminetmə səviyyəsinin yüksəlməsinə səbəb olub.
Dövlət başçımızın tapşırığı ilə aqrar sektorun, xüsusilə ixracyönümlü məhsulların istehsalının stimullaşdırılması, bu sahəyə hərtərəfli dövlət dəstəyi kənd təsərrüfatının ənənəvi sahələrinin, o cümlədən pambıqçılığın dirçəldilməsinə güclü təkan verib. Belə ki, pambıq əkinlərinin sahəsi ötən il 2015-ci ilə nisbətən 2,8 dəfə artaraq 52057,7 hektara çatıb. Respublikada 87 min 237,7 ton pambıq tədarük olunub ki, bu da 2015-ci illə müqayisədə 2,5 dəfə çoxdur. İstehsalçılara verilən subsidiyalar, məhsulun alış qiymətinin artırılması və digər stimullaşdırıcı tədbirlər kənd əhalisinin yenidən pambıqçılığa marağının artmasına səbəb olub.
Azərbaycanda pambıq istehsalının inkişafı ilə bağlı bir neçə məqama nəzər salaq. Dünya bazarında pambıq ehtiyatlarının azalması, tələbin isə artması və beləliklə də qiymətlərin yüksəlməsi fonunda ölkəmizdə qədim ənənəyə malik pambıqçılığın inkişafının sürətləndirilməsi məqsədilə dövlət başçısı tərəfindən bir sıra mühüm vəzifələr müəyyənləşdirilib. Həmin vəzifələrin icrasını reallaşdırmaq üçün bütün imkanlar təhlil olunaraq qısa müddətdə pambıqçılıqla məşğul olan rayonlarda şirkətlərlə, aidiyyəti xidmət təşkilatları ilə birgə əlaqəli iş qurulub. Bu gəlirli sahənin inkişaf etdirilməsi şübhəsiz ki, ölkədə əlavə iş yerlərinin açılmasına və əhalinin yüksək maaşlı işlə təmin olunmasına imkan yaradıb.
Saatlıda Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə pambıqçılığın inkişafı məsələlərinə dair ikinci respublika müşavirəsində bütün bunlar barədə ətraflı danışılıb. Dövlətimizin başçısı müşavirədə giriş nitqində deyib: “Pambıqçılığın ölkə iqtisadiyyatına çox böyük xeyri var. Bu, ölkəmizə valyuta gətirir və pambıq elə bir məhsuldur ki, dünya birjalarında satılır. Ona görə pambığın və mahlıcın satışı üçün bazarları aramaq lazım gəlmir və bu, əlbəttə ki, böyük üstünlükdür. Eyni zamanda, pambıqçılıq əməktutumlu kənd təsərrüfatı sahəsidir. Keçən il pambıqçılığa 10 minlərlə insan cəlb edilmişdir. Bu il bu rəqəm daha da böyük olacaq. Bölgələrdə məşğulluğun artırılması baxımından pambıqçılığın çox böyük xeyri var. Bunu artıq pambıq əkən bütün rayonların ictimaiyyəti və vəzifəli şəxslər yaxşı bilirlər, görürlər ki, bu gün bu rayonlarda işləmək istəyən, ancaq hələ işsiz qalan vətəndaş özü üçün iş tapa bilər.
Dövlət, əlbəttə ki, öz tədbirlərini görür. Onu da qeyd etməliyəm ki, ilin əvvəlindən ancaq ictimai işlərə 40 mindən çox vətəndaş cəlb edilmişdir, 40 mindən çox yeni iş yeri ancaq dövlət sektorunda yaradılmışdır. Dövlət şirkətlərində, dövlət qurumlarında, yerli icra orqanlarında 40 mindən çox vətəndaş artıq işlə təmin edilib. Bu, təmir-tikinti işləridir, bu, yaşıllıqlara qulluq etmək üçün nəzərdə tutulan iş yerləridir. Biz yeni iş yerləri yaratmalıyıq. Çünki biz işsizliyi daim aşağı səviyyədə saxlamalıyıq. Bu gün dünya miqyasında işsizliklə mübarizədə Azərbaycan nümunəvi ölkə kimi göstərilir. Çünki bizdə işsizlik çox aşağı səviyyədədir və bu, aşağı səviyyədə qalmalıdır. Bəzi qonşu ölkələrdə işsizlik artıq böhran həddinə çatır, eyni zamanda, orada demoqrafik böhran yaşanır. Bizdə isə əhali artır. Əhali artdıqca biz yeni iş yerləri haqqında düşünməliyik. Əhalinin artımı çox müsbət göstəricidir və müsbət prosesdir. Azərbaycan əhalisi on milyona yaxınlaşır. Bu, yaxın gələcəkdə tarixi nailiyyət olacaq. Ancaq, eyni zamanda, bu, bizim qarşımızda yeni vəzifələr qoyur. Biz iş yerlərinin yaradılması ilə daim məşğul olmalıyıq ki, işsizlik aşağı səviyyədə olsun. Ona görə məşğulluq üçün pambıqçılığın çox böyük xeyri var”.
Müşavirədə, həmçinin xatırladılıb ki, ötən il pambığın alış qiyməti 41 qəpikdən 50 qəpiyə qaldırılıb, eyni zamanda, hər kiloqrama 10 qəpik subsidiya verilib. Bu il isə 22 rayonda 136 min hektar sahədə pambıq əkilməsi nəzərdə tutulub. Belə ki, Ağcabədi rayonunda 8 min 800, Ağdamda 3 min, Ağdaşda 3 min, Ağsuda 2500, Beyləqanda 8 min 500, Bərdədə 8 min 500, Biləsuvarda 11 min, Cəlilabadda 500, Füzulidə 2 min, Goranboyda 5 min, Hacıqabulda 1200, İmişlidə 18 min, Kürdəmirdə 4 min, Neftçalada 10 min, Saatlıda 17 min 100, Sabirabadda 15 min, Salyanda 7 min, Samuxda 30, Tərtərdə 3 min, Ucarda 2500, Yevlaxda 2 minə yaxın, Zərdabda 3100 hektarda pambıq əkilməsi planlaşdırılıb.
Bu il yetişdiriləcək pambığın vaxtında yığılması və tədarükü məqsədi ilə artıq bütün zəruri tədbirlər görülüb və müvafiq texnikalar sifariş verilib. Bunun da hesabına cari ildə 100 min tondan artıq, ötən illə müqayisədə isə 3 dəfə çox məhsulun istehsalı gözlənilir ki, bu da ölkəyə valyuta daxilolmalarını, eləcə də kənd əhalisinin gəlir əldə etmək imkanlarını artırmaqla yanaşı, bölgələrdə məşğulluq probleminin həllinə müsbət təsir göstərəcək. Xatırladaq ki, növbəti ildə pambığın əkin sahələrinin 100-120 min hektara çatdırılması və onun 50 min hektara qədər hissəsində müasir pilot suvarma sistemlərinin qurulması pambıq istehsalını ən azı 250 min tona qədər artırmağa şərait yaradacaq.
Prezident İlham Əliyev pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində bildirib ki, biz keçən ildən başlayaraq pambıqçılığa çox böyük dövlət dəstəyi göstəririk. İndiki müşavirə ikinci müşavirədir və bu müşavirələrin keçirilməsi həmin dəstəyin bariz ifadəsidir.
Dövlətimizin başçısı daha sonra deyib: “Eyni zamanda, biz vətəndaşları və fermerləri stimullaşdırmaq üçün çox ciddi tədbirlər görürük. Pambığın alış qiyməti keçənilki 41 qəpikdən 50 qəpiyə qaldırılıb, eyni zamanda, 10 qəpik subsidiya verilir. Vətəndaşlar hər gün tarla başında öz halal pullarını alırlar”.
Prezident vətəndaşlar tərəfindən pambıqçılığa çox böyük maraq yarandığını, bunun çox önəmli amil olduğunu da xatırladıb. “Dövlət öz dəstəyini göstərir və göstərəcək. Biz pambıqçılığın inkişafı üçün yüz milyonlarla dollar xərcləmişik və xərcləyəcəyik. Ancaq əgər vətəndaşlar tərəfindən bu sahəyə maraq göstərilməsəydi, bizim işlərimiz yarımçıq qala bilərdi. Ona görə, burada həm dövlət dəstəyi, bütün dövlət qurumlarının, özəl qurumların birgə fəaliyyəti və ictimaiyyət tərəfindən göstərilən dəstək tamamilə yeni bir vəziyyətə gətirib çıxarıb. Əminəm ki, bu il göstəricilər daha yaxşı olacaq, buna şübhə yoxdur”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Azərbaycan Prezidenti gələcəkdə pambıqçılığın daha da sürətlə inkişaf etdiriləcəyini, bu sahənin daha geniş vüsət alacağını, bunun həm vətəndaşlara, həm də dövlətə böyük xeyri olacağını bildirib.
Pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində statistikaya əsaslanaraq vurğulanıb ki, əgər bu il hər hektardan orta hesabla 20 sentner pambıq toplanarsa, bu, 270 min ton pambıq tədarükü deməkdir. Xatırladaq ki, ötən il ümumilikdə rayonlar üzrə 51 min hektar pambıq əkilmişdi və nəticədə 90 min tona yaxın məhsul götürülmüşdü. 2015-ci ildə isə cəmi 35 min ton pambıq yığıldığını nəzərə alsaq, ötən müddət ərzində çox böyük göstəricilər əldə olunub. Bu, bir daha pambıqçılığa dövlət dəstəyinin yüksək səviyyədə olduğunu nümayiş etdirir. Əkin sahələrinin genişlənməsini nəzərə alsaq, bu il pambıqçılıqda 200 mindən çox insan işlə təmin olunacaq. Bu isə əhalinin məşğulluğunun artırılmasına, işsizliyin azalmasına gətirib çıxaracaq. Dövlət İnvestisiya Proqramında pambıqçılığın inkişafı ilə bağlı böyük vəsait nəzərdə tutulub. Azərbaycana minlərlə yeni texnika gətirilib. Ötən il 100-ə yaxın pambıqyığan kombayn gətirilmişdisə, cari ildə 200-dən çox müasir kombayn sifariş edilib.
“2017-ci ildə pambıq istehsalının təşkili ilə bağlı Tədbirlər Planı”na əsasən, pambıq əkiləcək sahələr, onların su təminatı və meliorativ vəziyyəti müəyyənləşdirilib. Pambıq əkini nəzərdə tutulan rayonların ümumi suvarılan sahələri 908 min hektar (ondan 541 min hektarı meliorasiya olunmuş sahələr), o cümlədən əkin sahələri 750 min hektar təşkil edir. Etibarlı su mənbəyi ilə təmin olunan bu torpaqlardan səmərəli istifadə etməklə pambıq istehsalının artırılması mümkündür.
Yerli icra hakimiyyəti strukturları ilə dəqiqləşdirilmiş məlumatlara əsasən, respublikanın 25 rayonu üzrə təxminən 136 min hektar sahədə pambıq əkini nəzərdə tutulur. Bu sahələrin 39 min hektarı dövlət fondu, 26 min hektarı bələdiyyə və yerdə qalanı isə pay torpaqlarıdır. Hazırda bu sahələrin 116 min hektarında şum və 55 min hektarında arat aparılıb.
Bütün torpaqqazan texnikalar suvarma və kollektor-drenaj şəbəkələri üzərinə köçürülüb, şəbəkələrin lildən təmizlənməsi üzrə plan-qrafik tərtib edilib, işlərin icrası ciddi nəzarətə götürülüb. Suvarmaya hazırlıq məqsədilə pambıqçılıq rayonlarında 4561 kilometr suvarma kanalları, 460 kilometr kollektor-drenaj şəbəkəsi lildən təmizlənib, suvarma kanalları üzərində 500-dən artıq hidrotexniki qurğu təmir edilib.
Yuxarı Mil və Neftçala kanallarında tikinti işlərini cari ildə davam etdirməklə Ağcabədi rayonunda 2700 hektar və Neftçalada 4300 hektar yeni suvarılan torpaq sahələrinə suvarma suyunun çatdırılması təmin ediləcək. Sabirabad rayonunun Sarxanbəyli, Moranlı, Bala Həşimxanlı kəndlərinin 2 min hektar əkin sahələrinin su təminatının yaxşılaşdırılması üçün bu il Kür çayı üzərində nasos stansiyasında hidrotexniki avadanlıqların quraşdırılması və “H” kanalının tikintisi işləri davam etdirilərək may ayının 1-dək əkin sahələrinin bir hissəsinə suvarma suyunun verilməsi təmin olunacaq.
Yuxarıda sadalananlarla yanaşı, müşavirədə pambıqçılıqda iqtisadi səmərəliliyin təmin edilməsi, tədarükçü şirkətlərin fermerlərin pulunu ləngitmədən və dəqiq vermələri, tarlalarda işləyənlər üçün yaxşı şərait yaradılması, pambıqçıların əməyinin stimullaşdırılması, texniki təchizatın daha da gücləndirilməsi və digər məsələlərlə bağlı məsələlərdən də ətraflı danışılıb.
Respublikamızda kənd təsərrüfatı məhsullarının ixracını artırmaq üçün geniş imkanlar var. Kənd təsərrüfatının inkişafına dair Strateji Yol Xəritəsində qeyd edildiyi kimi, 2014-cü il üzrə “The Observatory of Economic Complexity” hesabatına görə, Azərbaycan ixracın həcmi üzrə dünyada 144 ölkə arasında 70-ci yerdə qərarlaşıb. Strateji Yol Xəritəsində gələcəkdə idxaldan asılılığı minimuma endirmək və yerli məhsullarla özünü təminetmə səviyyəsini daha da yüksəltmək məqsədilə rəqabətqabiliyyətli qeyri-neft məhsullarının istehsalı və ixracının təşviqi ilə bağlı qarşıya konkret hədəflər qoyulub. Həmçinin “Qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 18 yanvar tarixli sərəncamı və “Qeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” 2016-cı il 1 mart tarixli fərmanı ölkənin ixracının şaxələndirilməsi və rəqabət qabiliyyətinin yüksəldilməsinə yönəlib.
Strateji Yol Xəritəsində müəyyənləşdirilən vəzifələrin həyata keçirilməsi, habelə dövlətin kənd təsərrüfatına göstərdiyi diqqət və qayğı nəticəsində yaxın, orta və uzunmüddətli dövr üçün nəzərdə tutulan hədəflərə çatmaq mümkün olacaq.
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.