...Biz yaxşı pul qazanmaq üçün imkanlar yaradırıq. Ona görə pambıqçılığın inkişafı Prezident kimi mənim üçün, ilk növbədə, sosial layihədir, ondan sonra iqtisadi layihədir, daha sonra isə valyuta gətirən layihədir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsi dövlətin iqtisadi siyasətinin prioritet istiqaməti kimi aktuallığını getdikcə artırır. Son illər iqtisadiyyatın yeni inkişaf modelini dünyaya təqdim etməyi bacaran Azərbaycan Respublikasında neft iqtisadiyyatı dövrü qeyri-neft sektorunun tədrici inkişaf mərhələsi ilə əvəz olunur. Təsadüfi deyil ki, martın 28-də Saatlıda pambıqçılığın inkişafı məsələlərinə dair keçirilən respublika müşavirəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev demişdir: “Qeyri-neft sektorunun inkişafı prioritet sahədir, xüsusilə indiki şəraitdə ki, neftin qiyməti dünya bazarlarında kəskin şəkildə aşağı düşüb. Biz indi qeyri-neft sektorunun inkişafına həm daha çox fikir verəcəyik, həm də ki daha da fəal iş aparılacaqdır”.
Son illər dövlətin aqrar sektora göstərdiyi qayğı və diqqət kənd təsərrüfatında sahibkarlıq hissinin xeyli güclənməsinə səbəb olub. Bununla yanaşı, dövlət başçısının ölkənin sahibkarlıq subyektləri ilə keçirdiyi çoxsaylı görüşlər, onların üzləşdikləri müxtəlif problemlərin dərhal aradan qaldırılması ilə bağlı verdiyi konkret göstərişlər də öz bəhrəsini verir. Ölkə başçısının qeyd etdiyi kimi, ötən müddətdə Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə iş adamlarına 2 milyard manatdan çox güzəştli kreditlər verilib. Əsasən iqtisadiyyatın real sektoruna yönəldilən həmin kreditlər hesabına ölkədə on minlərlə yeni iş yeri, minlərlə yeni müəssisə yaradılıb. Bu da ölkəmizin qeyri-neft sektorunun inkişafı üçün geniş imkanlar açıb. Təkcə onu qeyd etmək kifayətdir ki, cari ilin ilk iki ayında ölkə üzrə qeyri-neft sənayesi 5 faiz, kənd təsərrüfatı isə 3 faizdən çox artıb. Yeri gəlmişkən, Azərbaycanın qeyri-neft sektoru və kənd təsərrüfatının inkişafı sahəsində əldə etdiyi uğurlar dünya miqyasında ən yüksək inkişaf göstəriciləri kimi qiymətləndirilir. Məhz buna görə də beynəlxalq mötəbər qurumların, xüsusən də Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan iqtisadiyyatı dünya miqyasında öz rəqabətqabiliyyətliliyinə görə 37-ci yerdə qərarlaşıb.
Ölkə iqtisadiyyatının mühüm sahəsi sayılan aqrar sektorda həyata keçirilən əsaslı islahatlar qeyri-neft sektorunun inkişafına mühüm töhfələr verməklə yanaşı, məşğulluq strategiyasının həllinə də geniş imkanlar yaradır. Bu baxımdan kənd təsərrüfatının mühüm sahələrindən sayılan pambıqçılığın inkişafı Azərbaycanda prioritet sahə sayılır. Xatırladaq ki, ötən il dövlət başçısının sədrliyi ilə Sabirabadda pambıqçılığın inkişafına həsr olunmuş müşavirədən sonra ölkədə qədim ənənələrə malik pambıqçılığın inkişafında yeni mərhələ başlandı. Təkcə onu qeyd etmək kifayətdir ki, Azərbaycanda pambıqçılıqda dönüş ili sayılan 2016-cı ildə 51 min hektardan 90 min tona yaxın məhsul götürülmüşdür. Müqayisə üçün deyək ki, Azərbaycanın pambıqçılıq tarixində ən böhranlı il sayılan 2015-ci ildə 18 min hektardan cəmi 35 min ton pambıq tədarük edilmişdir. Bu da narahatlıq doğurmaya bilməzdi. Məhz buna görə də dövlət başçısının bu sahədə həyata keçirdiyi təxirəsalınmaz tədbirlər nəticəsində pambıqçılığın böhrandan çıxarılması üçün bütün imkanlar səfərbərliyə alındı, lazımi texnikalar alındı, bu sahədə dövlət dəstəyi gücləndirildi, meliorasiya işləri aparıldı. Bunun da iqtisadi səmərəsi göz önündədir. Azərbaycanda qeyri-neft iqtisadiyyatının sürətli inkişaf mərhələsinə qədəm qoyduğu 2017-ci ildə də pambıq əkini sahələrinin genişləndirilməsi, bütün aqrotexniki tədbirlərin yüksək səviyyədə həyata keçirilməsi, ən müasir texnikaların, lazımi avadanlıq, gübrə və dərmanların alınması hesabına daha yüksək məhsuldarlıq gözlənilir. Bu baxımdan Saatlıda keçirilən müşavirədə səsləndirilən fikirlər, dövlət başçısı tərəfindən qarşıya qoyulan mühüm vəzifələr xüsusi əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev müşavirədə son iki ildə Dövlət İnvestisiya Proqramında pambıqçılığın inkişafı ilə bağlı böyük vəsaitin nəzərdə tutulduğunu, bu sahədə kompleks tədbirlərin görüldüyünü diqqətə çatdıraraq bildirdi ki, 2016-cı ildə xaricdən 1800 ədəd texnika, o cümlədən 94 pambıqyığan kombayn və 300-ə yaxın traktor alınıb. Bu il isə 3811 ədəd texnika, o cümlədən 209 pambıqyığan kombayn və 810 traktor sifariş edilib. Həmin texnikaların alınmasına 150 milyon dollar vəsait xərclənib. Bu, dövlətin pambıqçılığa göstərdiyi diqqəti təsdiqləyən mühüm amil hesab edilməlidir.
Bununla yanaşı, ölkə Prezidenti pambıqçılığa marağın daha da artırılması üçün bir sıra zəruri tədbirlərin həyata keçirilməsinə dair konkret tapşırıqlar verdi. Pambıq tarlalarında çalışan zəhmətkeşlər üçün lazımı şəraitin yaradılması ilə bağlı nəzərdə tutulmuş işlər bu baxımdan diqqəti cəlb edir. Müşavirədə bu məsələyə toxunan dövlət başçısı qeyd etdi ki, əkin sahələrinin artması ilə əlaqədar olaraq bütün lazımi infrastruktur yaradılmalı, tarla düşərgələri yüksək səviyyədə təşkil edilməli, tarlalarda və kənd yollarında itkilər minimuma endirilməlidir. Həmin fikrin davamı olaraq son illər ölkəmizdə kənd yollarının təmiri və tikintisi, yeni yolların salınması sahəsində görülən işləri xatırladan Prezident İlham Əliyev pambıq sahələrinə gedən yolların da əsaslı təmiri ilə bağlı konkret tapşırıqlar verdi. Ölkədə pambıqçılığın sürətli inkişafına nail olunması üçün qəbul məntəqələrinin, pambıqtəmizləmə zavodlarının, eləcə də nasos stansiyalarının fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi də qarşıya mühüm bir vəzifə kimi qoyuldu.
Ölkədə məşğulluğun təminatını, işsizliyin aradan qaldırılmasını dövlətin sosial siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirən Prezident İlham Əliyevin aqrar sektorun strateji sahələrindən sayılan pambıqçılığın dirçəldilməsinə göstərdiyi diqqət və qayğı kənd təsərrüfatında çoxsaylı iş yerlərinin yaradılmasına geniş imkanlar yaradır. Təsadüfi deyil ki, Saatlıda keçirilən müşavirədə son illər Azərbaycanda əhalinin artması ilə əlaqədar əmək resurslarından səmərəli istifadənin vacibliyini önə çəkən dövlət başçısı hazırda ölkəmizdə yeni iş yerlərinin yaradılması ilə bağlı tədbirlərin görüldüyünü diqqətə çatdıraraq bildirdi ki, gələcəkdə proqnozlaşdırılan iş yerləri ilə bağlı əmək resursları tam səfərbərliyə alınmalıdır ki, burada həm boşluq, həm də əmək resurslarının çatışmazlığı yaranmasın, eyni zamanda, işsizlik də artmasın. Bu istiqamətdə düşünülmüş siyasət aparılmasının vacibliyini xüsusi vurğulayan Prezident İlham Əliyev bu il əkin sahələrinin genişlənməsi hesabına pambıqçılıqda 200 mindən çox insanın işlə təmin olunacağını əminliklə söyləyərək demişdir: “Pambıqçılıq əməktutumlu kənd təsərrüfatı sahəsidir. Keçən il pambıqçılığa 10 minlərlə insan cəlb edilmişdir. Bu il bu rəqəm daha da böyük olacaq. Bölgələrdə məşğulluğun artırılması baxımından pambıqçılığın çox böyük xeyri var. Bunu artıq pambıq əkən bütün rayonların ictimaiyyəti və vəzifəli şəxslər yaxşı bilirlər, görürlər ki, bu gün bu rayonlarda işləmək istəyən, ancaq hələ işsiz qalan vətəndaş özü üçün iş tapa bilər”.
Pambıqçılığın inkişafına marağın artırılması istiqamətində həyata keçirilən stimullaşdırıcı tədbirlərin ən mühümü, heç şübhəsiz, bu sahədə tətbiq olunan qiymət siyasəti ilə bağlıdır. Məlum olduğu kimi, 2016-cı ildə Azərbaycanda pambığın hər kiloqramının qiyməti 9 qəpik artırılmaqla yanaşı, dövlət tərəfindən əlavə subsidiya verilmişdir. Belə ki, ötən il pambığın alış qiyməti 41 qəpikdən 50 qəpiyə qaldırılmış, eyni zamanda, dövlət tərəfindən əlavə 10 qəpik subsidiya verilməsi təmin olunmuşdur. Bu da dövlətin sözügedən sahəyə verdiyi əhəmiyyətin, bütövlükdə isə fermerlərə göstərdiyi dəstəyin bariz nümunəsi kimi dəyərləndirilməlidir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanda fermerlər üçün yaradılmış şərait heç bir başqa ölkədə yoxdur. Belə ki, ölkəmizdə uzun illərdir ki, fermerlər torpaq vergisi istisna olmaqla bütün vergilərdən tam azaddırlar. Bununla yanaşı, ölkədə investisiya və ixrac üçün təşviq mexanizmi işə salınıb ki, bu da fermerlərə stimul verir, onlar üçün əlavə imkanlar yaradır. Aqrar sahədə həyata keçirilən stimullaşdırıcı tədbirlər sırasında fermerlərə gübrələrin güzəştli şərtlərlə verilməsi də diqqət çəkir. Məlum olduğu kimi, uzun illərdir ki, fermerlər aldıqları gübrənin qiymətinin cəmi 30 faizini ödəyirlər. Eyni zamanda, onlara güzəştli şərtlərlə yanacaq və kreditlər verilir. Təkcə son illər ölkə iqtisadiyyatının real sektoruna 2 milyard manat ən aşağı faizlə kreditlər ayrılıb ki, bunun da əsas hissəsi regionların payına düşüb.
Son illər ölkəmizdə əkin sahələrinin suvarılmasına diqqət getdikcə artırılır, yeni suvarma sistemləri tətbiq olunur. Təkcə onu qeyd etmək kifayətdir ki, dövlət başçısının son illər imzaladığı sərəncamlara uyğun olaraq pambıqçılıq rayonlarında 126 subartezian quyusu qazılıb, daha 11 quyuda isə qazma işləri bu il mayın 1-dək başa çatdırılacaq. Əkin sahələrinin su təminatının yaxşılaşdırılması məqsədilə pambıqçılıq rayonlarının istismar idarələrinə 16 ədəd yeni torpaqqazan texnika, 25 ədəd müxtəlif nəqliyyat vasitəsi, 482 subartezian nasosu, 21 səyyar nasos stansiyası, 140 nasos, 171 elektrik mühərriki və digər avadanlıqlar ayrılıb. Bu il ölkə üzrə 150 min hektar suvarılmamış torpaqlara su çəkilişi təmin ediləcək ki, bunun da böyük hissəsi pambıq əkini sahələrinin payına düşür. Yeri gəlmişkən, ötən illər ərzində meliorasiya sahəsinə ayrılmış vəsait hesabına ölkəmizdə 4 böyük su anbarı yaradılıb. Taxtakörpü, Şəmkirçay, Göytəpə və Tovuzçay su anbarlarının istifadəyə verilməsi hesabına on minlərlə yeni torpaq sahələri əkinə cəlb olunub. Bu baxımdan dünyada ən müasir və səmərəli suvarma sistemləri sayılan pivot suvarma sistemləri diqqəti cəlb edir. Müşavirədə diqqəti bu vacib məsələyə yönəldən Prezident İlham Əliyev son zamanlar sözügedən sahəyə göstərilən dövlət dəstəyindən söhbət açaraq qeyd etdi ki, məhsuldarlığı bir neçə dəfə artırmaq imkanına malik olan pivot sistemlərdən Azərbaycanda təkcə pambıqçılıqda yox, başqa sahələrdə də istifadə olunacaq ki, bu da torpağın məhsuldarlığını artırmaqla yanaşı, həm fermerlərə, həm də dövlətə xeyir gətirəcək. Eyni zamanda, qarşıdakı illərdə kənd təsərrüfatının inkişafı, xüsusilə suvarma, meliorasiya ilə bağlı böyük planların mövcudluğunu söyləyən dövlət başçısı pivot suvarma sistemlərinin Azərbaycanda istehsalına nail olunmasının vacibliyini bildirdi.
Kənd təsərrüfatı məhsulları istehsalının idxaldan asılılığının minimuma endirilməsi də qarşıda duran mühüm vəzifələrdəndir. Artıq ölkəmizdə böyük gübrə zavodu tikilir. Gələn il fəaliyyətə başlayacaq həmin zavod azot gübrəsinə olan tələbatı daxili istehsal hesabına tam ödəməyə imkan verməklə yanaşı, böyük ixrac potensialı da yaradacaq. Məlum olduğu kimi, ölkəmizdə pestisid istehsalı zavodunun mövcud olmaması səbəbindən sözügedən vasitə xaricdən alınır. Bu da xaricə valyuta axını baxımından zərərli tendensiya sayılır. Müşavirədə dövlət başçısı bunun qarşısını almaq üçün pestisid istehsalının ölkədə təşkil edilməsinin əhəmiyyətini vurğuladı.
Ölkədə pambıqçılığın sürətli inkişaf mərhələsinə qədəm qoyması emal sahəsinin də genişləndirilməsi, yeni pambıqtəmizləmə zavodlarının tikintisi zərurətini yaradır. Bu məqsədlə yaxın illərdə İmişlidə yeni bir zavodun tikintisi nəzərdə tutulur. Müşavirədə zavodların tikintisini pambığın proqnozlaşdırılan tədarükü ilə uzlaşdırılmasının vacibliyini önə çəkən ölkə rəhbəri bildirdi ki, hazırda ölkəmizdə fəaliyyətdə olan 22 zavodun emal gücü 400 min ton təşkil etdiyi halda, Sovet vaxtında Azərbaycanda mövcud olan zavodlarda 900 min ton pambıq emal olunurdu. Buna görə də pambıqçılıq nəzərdə tutulmuş sürətlə inkişaf edəcəyi təqdirdə məhsul istehsalı təqribən bir-iki ilə 400 min tona çatdırılacaq. Bununla bağlı İqtisadiyyat və Kənd Təsərrüfatı nazirliklərinə, Sahibkarlığa Kömək Milli Fonduna, eləcə də özəl qurumlara tövsiyə və tapşırıqlar verildi.
Qeyri-neft ixracının artırılmasını qarşıya mühüm vəzifə kimi qoyan Prezident İlham Əliyev buna nail olmaq üçün, ilk növbədə, ölkədə kənd təsərrüfatının ənənəvi sahələrinin inkişaf etdirilməsini zəruri hesab edir. Dövlət başçısının qeyd etdiyi kimi, ötən il Azərbaycanda tütünçülükdə, baramaçılıqda ciddi dönüşə nail olunub. Bununla yanaşı, hazırda ölkəmizdə üzümçülüyün inkişafı sürətlə gedir, şəkər çuğundurunun kütləvi əkini aparılır. Sözügedən sahələrdə istehsalın idxaldan asılılığının minimuma endirilməsi üçün daha çox yerli xammala üstünlük verilməsi nəzərdə tutulur. Bunu isə ölkəmiz üçün məşğulluq və ixrac potensialı kimi dəyərləndirən dövlət başçısı qeyri-neft məhsullarının, xüsusilə kənd təsərrüfatı məhsullarının ixracını Azərbaycanın indiki inkişaf mərhələsinin əsas vəzifəsi hesab edir. “Made in Azerbaijan” brendinin artıq dünyaya yayıldığını diqqətə çatdıran Prezident İlham Əliyev hazırda bütün siyasi təmaslar, dövlət başçıları ilə görüşlər zamanı ən vacib məsələ kimi Azərbaycan məhsullarının ixracını diqqət mərkəzində saxladığını bildirdi. Bununla belə, dövlət başçısı ölkə sahibkarlarını da bu məsələdə xüsusi fəallığa səslədi.
Prezident İlham Əliyev müşavirədəki yekun nitqində əkin sahələrinin genişləndirilməsi ilə yanaşı, orta məhsuldarlığın mövcud 20 sentnerlik səviyyəsinin də artırılması ilə bağlı konkret tapşırıqlar verdi. Qeyd olundu ki, 2020-ci ildə açıq suvarma yolu ilə 140 min hektarda pambıq əkini ilə bərabər, təqribən 60-65 min hektar sahəni pivot sistemləri ilə təmin etmək mümkün olacaq ki, bu da orta məhsuldarlığı 30 sentnerə, illik istehsalı isə 600 min tona çatdırmağa imkan verəcək. Yaxın gələcəkdə 200 min hektarda pambıq yetişdirməklə ölkə üzrə minimum 300 min insanı işlə təmin etmək mümkün olacaq. Dövlət başçısı qeyd etdi ki, pambıqçılığın inkişafının ölkəmizə əlavə gəlir gətirəcəyini nəzərə alaraq neftdən əldə edilən vəsait sözügedən sahəyə qoyulur ki, camaat daha da yaxşı dolansın, işləsin, pul qazansın, halal zəhmətlə dolansın. Biz yaxşı pul qazanmaq üçün imkanlar yaradırıq. Ona görə pambıqçılığın inkişafı Prezident kimi mənim üçün, ilk növbədə, sosial layihədir, ondan sonra iqtisadi layihədir, daha sonra isə valyuta gətirən layihədir.
Eyni zamanda, pambıqçılığın əvvəlki şöhrətinin qaytarılması Azərbaycanda yüngül sənayenin də inkişafına böyük təkan verəcək. Məlum olduğu kimi, ötən il Mingəçevirdə təməli qoyulan sənaye parkında tikiləcək 9 müəssisədən biri iplik zavodudur. Həmin zavodun işə düşməsi isə Azərbaycanda mahlıc, iplik istehsalını genişləndirəcək. Yaxın gələcəkdə yaradılan yeni zavodlar isə ölkəmizə hazır məhsul, tekstil satmağa imkan yaradacaq.
Bütövlükdə isə dövlət başçısı Azərbaycanda paqmbıqçılığın əvvəlki şöhrətinin qaytarılması üçün tədarükçü şirkətlərlə yerli və mərkəzi orqanlarının birgə işləməsinin vacibliyini diqqətə çatdırdı və əminliklə bildirdi ki, görülən və görüləcək bütün işlər nəticəsində bu il də pambıqçılıqda yaxşı nəticələr əldə olunacaq.
Mirbağır YAQUBZADƏ,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.