Azərbaycan 4,6 milyon dollarlıq ixrac sifarişi alıb

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, rəqabətqabiliyyətli və ixracyönümlü yerli məhsulların xarici bazarlarda “Made in Azerbaijan” brendi adı altında təşviqi istiqamətində hazırda aidiyyəti dövlət qurumları tərəfindən kompleks tədbirlər həyata keçirilir.

Dövlət başçısının  “Azər-baycan Respublikasında istehsal olunan malların vahid məlumat bazasının yaradılması haqqında” 21 sentyabr 2016-cı ildə imzalanmış sərəncamı əsasında İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nəzdində fəaliyyətə başlayan  Azexport.az saytı bu baxımdan əhəmiyyətli missiya həyata
keçirir. Bu gün adıçəkilən portal dünyanın ən populyar elektron satış şəbəkələri ilə inteqrasiya olunaraq, Azərbaycan mallarını bütün dünyaya nümayiş etdirir. Mütəmadi yenilənən, istifadəyə rahat, əlçatan, təhlükəsiz, sürətli olan Azexport.az portalı “Made in Azerbaijan” brendini alıcılara yaxınlaşdırır.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, ötən ay ərzində sözügedən portala yerli məhsulların ixracı üçün müxtəlif ölkələrdən 4 milyon 630 min ABŞ dolları dəyərində sifariş daxil olub. Bu təkliflər əsasən Rusiya, Türkiyə, İraq, Bolqarıstan, Liviya, Moldova və digər ölkələrdəndir.

Yeri gəlmişkən, Bolqarıstandan 4 min ton qırmızı mərci, 10 ton fındıq ləpəsi, İraq və Liviyadan 300 ton makaron məmulatları, Türkiyə, Liviya, Qana və Nigeriyadan 180 ton toyuq əti,  Moldovadan 20 min ədəd limonad sifarişi daxil olub.

Bundan başqa, Rusiyadan kosmetik şirkətin, şərab məhsullarının distribüterliyi üçün təklif gəlib. Hazırda istehsalçı şirkətlər qiymət və məhsul nümunələrini qarşı tərəfə göndərib.

Azexport.az vasitəsilə Fransadan nar şirələrinin distribüterliyi üçün sifariş daxil olub. Bunun üçün 10-dan çox nümunə artıq Fransaya göndərilib.

Yeri gəlmişkən, bir neçə gün bundan əvvəl İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Vaşinqtonda ABŞ-Azərbaycan əlaqələrinin 25 illiyinə həsr edilmiş tədbir çərçivəsində nüfuzlu “Dentons Washington” ofisində “Azexport” portalını təqdim edib.

Mərkəzdən bildirildiyinə görə, təqdimat mərasimində ilk olaraq, ABŞ Kommersiya Departamentinin Qafqaz və Mərkəzi Asiya işləri ofisinin direktoru Danika Starks iki ölkə arasında əlaqələrin genişləndirilməsində hər cür dəstəyi göstərməyə hazır olduqlarını söyləyib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Azərbaycanda aparılan iqtisadi islahatlar və onların uğurlu nəticələri barədə məlumat verib. Qeyd edib ki, Dünya Bankı ilə Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən hazırlanmış və biznes mühitinin əlverişliliyi üzrə qiymətləndirməni əks etdirən “Doing Business” hesabatında Azərbaycan dünyada qabaqcıl yerdə qərarlaşıb. Bundan sonra da bu sahədə aparılan islahatlar daha da sürətləndiriləcək. Vüsal Qasımlının “Azexport” portalı ilə bağlı hazırlanmış xüsusi təqdimatı maraqla qarşılanıb.

Təqdimatda “Deliotte” şirkətinin idarəedici tərəfdaşı Nuran Kərimov, “Dentons” şirkətinin icraçı tərəfdaşı Ceyms Hoqan, “PwC Azərbaycan” şirkətinin idarəedici tərəfdaşı Mövlan Paşayev iştirak ediblər.

Qeyd edək ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin fəaliyyətinin məqsədləri ölkənin dayanıqlı iqtisadi inkişafının təmin edilməsi istiqamətində makro və mikroiqtisadi səviyyədə təhlil və tədqiqatlar aparmaqla, analitik məlumatlar əsasında iqtisadi islahatların həyata keçirilməsi üçün təkliflər, habelə orta və uzunmüddətli dövr üçün proqnozlar hazırlamaqdan, dövlət orqanlarını və qurumlarını həmin proqnozlarla təmin etməkdən, həmçinin iqtisadiyyatın müxtəlif sahələrində Azərbaycan Respublikasının nailiyyətlərinin təbliğini təşkil etməkdən ibarətdir.

Vaqif BAYRAMOV,
 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında