Ölkəmizin qaz təsərrüfatında yeni infrastruktur yaradılır

Son illər ölkə iqtisadiyyatının aparıcı sahəsi olan neft sənayesinin imkanları əsaslı şəkildə yaxşılaşdırılır, dənizdə və quruda yeni-yeni sosial və infrastruktur obyektləri inşa olunur. Bütün bu tədbirlər neft və qaz hasilatının artırılmasına, neftçilərin sosial şəraitinin yaxşılaşdırılmasına imkan yaradır. Neft sənayesinin inkişafı üçün son dərəcə vacib olan bu işlər isə Dövlət Neft Şirkəti "Neftqaztikinti" Trestinin inşaatçıları tərəfindən həyata keçirilir.
İndi neft sənayesində fəaliyyət göstərən tikinti təşkilatlarının qarşısında duran mühüm vəzifələrdən biri də ölkəmizdə qaz hasilatının artırılması, yığım-nəql sistemi üçün lazım olan infrastrukturun yaradılmasından ibarətdir. Xatırladaq ki, bir neçə il əvvəl ölkə Prezidenti İlham Əliyevin göstərişi ilə Dövlət Neft Şirkəti tərəfindən hazırlanmış yeni qaz proqramının uğurla həyata keçirilməsində inşaatçılar da yaxından iştirak edirlər. Belə ki, ölkə ərazisinin tamamilə qazlaşdırılması, əhalinin və iqtisadiyyatın mavi yanacağa olan tələbatının daha dolğun ödənilməsi məqsədilə yeni, nisbətən böyük nəqletmə gücünə malik qaz kəmərlərinin, eləcə də qazsaxlama anbarlarının və kompressor stansiyalarının inşası istiqamətində işlər getdikcə sürətləndirilir. Bu işlərin həyata keçirilməsində "Neftqaztikinti" Trestinin qabaqcıl müəssisələrindən olan 2 saylı tikinti-quraşdırma idarəsinin inşaatçıları da yaxından iştirak edirlər. Yeri gəlmişkən, son illər ölkənin qaz təsərrüfatının infrastruktur imkanlarının genişləndirilməsi ilə bağlı bir sıra mühüm iri layihələrin icrasının bu idarəyə həvalə olunması kollektivin məsuliyyətini birə-beş artırır. Ötən müddətdə ölkənin qaz təsərrüfatı üçün son dərəcə vacib olan həmin layihələrin bir çoxunun icrası artıq uğurla başa çatdırılmışdır.
Ötən il oktyabr ayının ilk günlərindən 2 saylı tikinti-quraşdırma idarəsinin inşaatçıları tərəfindən tikintisinə başlanılmış "Səngəçal baş qurğuları - Qazıməmməd kompressor stansiyası magistral qaz kəmərinin tikintisi" layihəsi son illər ölkəmizin qaz təsərrüfatında reallaşdırılan mühüm işlərdəndir. Xatırladaq ki, adıçəkilən layihənin iki mərhələdə həyata keçirilməsi nəzərdə tutulurdu. Ümumi uzunluğu 47 kilometr təşkil edən kəmərin 23 min 950 metrlik hissəsinin inşası layihənin ikinci növbəsi çərçivəsində həyata keçirilmişdir. Diametri 1020 millimetr olan borularla çəkilmiş ilk hissədə sınaq işləri tamamlandıqdan sonra obyekt cari ilin oktyabr ayında təhvil verilmişdir. Bununla yanaşı, "Səngəçal baş qurğuları - Qazıməmməd kompressor stansiyası magistral qaz kəmərinin tikintisi"layihəsinin birinci növbəsi çərçivəsində inşaat və sınaq işləri də artıq uğurla başa çatdırılmışdır. Obyektin yaxın günlərdə istifadəyə verilməsi nəzərdə tutulmuşdur. Onu da deyək ki, inşaatçılar 47 kilometrlik kəmərin inşası ilə yanaşı, obyektin pikburaxma, pikqəbuletmə və ölçü qovşaqlarında da nəzərdə tutulmuş tikinti-quraşdırma işlərini vaxtında və keyfiyyətlə yerinə yetirmişlər.
Hazırda ölkənin yeraltı qaz anbarlarının genişləndirilməsi istiqamətində də mühüm işlər görülür. Cari ilin ötən dövründə 2 saylı tikinti-quraşdırma idarəsinin kollektivi "Qaradağ yeraltı qazsaxlama anbarında quyulara qaz vurulması üçün kompressor stansiyasının tikintisi" layihəsi çərçivəsində inşaat işlərini uğurla başa çatdırmışlar. Xatırladaq ki, Qaradağ qazsaxlama anbarında quyulara qaz vurulması üçün 5 ədəd MSK-12 tipli qaz monokompressor maşını quraşdırılmışdır. Azərbaycanın qaz təsərrüfatında ilk dəfə quraşdırılıb istismara verilən həmin maşınlar vasitəsilə stansiyadan sutka ərzində 6 milyon kubmetr qazı qəbul edib ötürmək mümkün olacaq.
"Qalmas yeraltı qazsaxlama anbarının qaz kəməri qolunun tikintisi", layihəsi də 2 saylı tikinti-quraşdırma idarəsinin inşaatçıları tərəfindən reallaşdırılan mühüm tədbirlərdəndir. Cari ilin ötən dövrü ərzində layihə çərçivəsində 21 kilometr uzunluğunda boru kəməri çəkilmiş, porşenburaxma, porşenqəbul və ölçü qovşaqları tikilmişdir. Oktyabr ayında isə nəzərdə tutulmuş sınaq işləri tamamlandıqdan sonra obyekt sifarişçi təşkilata təhvil verilmişdir.
Azərbaycanın qaz təsərrüfatında son illər ərzində həyata keçirilən ən mühüm işlərdən biri də "Astara kompressor stansiyasının genişləndirilməsi" layihəsidir. Layihənin icrasına başlanıldığı ötən dövr ərzində idarənin inşaatçıları tərəfindən Astara kompressor stansiyasında nəzərdə tutulmuş betonlama işləri uğurla başa çatdırılmış, müasir standartlara cavab verən metal-konstruksiyalar quraşdırılmış, inzibati, məişət və kompressor stansiyası binalarının tikintisi tamamlanmışdır. Bununla yanaşı, ərazidə transformator yarımstansiyası və yanğın nasosxanası tikilmiş, giriş-çıxış xətləri çəkilmiş, kollektorlar quraşdırılmışdır. Onu da deyək ki, layihəyə əsasən, Astara stansiyasında 10 ədəd kompressor maşınının quraşdırılması nəzərdə tutulmuşdur. Artıq birinci mərhələdə quraşdırılması planlaşdırılan 6 maşın bünövrə üzərinə bərkidilmiş və lazımi sınaq işləri aparılmışdır. Astara kompressor stansiyasının giriş ölçü qovşağına qaz Hacıqabul kollektorundan nəql olunaraq təmizlənmiş, qurudulmuş və sıxılmış vəziyyətdə yenicə çəkilmiş diametri 600 millimetr olan 2,148 kilometrlik magistral kəmərə vurulacaq. Yeri gəlmişkən, ölkənin qaz təsərrüfatının vacib obyektlərindən biri olan Astara kompressor stansiyasının genişləndirilməsi dövlətimizin xüsusi nəzarəti altında həyata keçirilir. Hazırda stansiyada son tamamlanma işləri görülür və obyektin gələn ilin əvvəllərində təhvil verilməsi planlaşdırılır.
Ölkənin qaz təsərrüfatı sahəsində mühüm infrastruktur layihələrinin reallaşdırılmasında yaxından iştirak edən "Neftqaztikinti" Trestinin 2 saylı tikinti-quraşdırma idarəsinin kollektivi bir sıra obyektlərin əsaslı təmir olunmasında da yaxından iştirak edir. Bu baxımdan "Qazıməmməd kompressor stansiyası - Astara kompressor stansiyası arası 1200 millimetrlik qaz kəmərinin 151 və 161-ci kilometrlik hissəsinin əsaslı təmiri layihəsi" diqqəti cəlb edir. Ötən müddətdə idarənin kollektivi tərəfindən kəmərin Salyan rayonu ərazisindən keçən 10 kilometroik hissəsinin təmiri uğurla başa çatdırılmış, burada lazımi sınaq işləri aparılmışdır.
İdarənin rəisi Elxan Salmanov dedi:
- Son illər Azərbaycanda yeni qaz proqramı çərçivəsində nəzərdə tutulmuş tədbirlər sifarişlərin sayının xeyli artmasına səbəb olub. Hazırda kollektivimiz göstərilən etimadı doğrultmaq üçün əzmlə çalışır, dövlət sifarişlərini vaxtında və keyfiyyətlə yerinə yetirməyə səy göstərir. Dövlət Neft Şirkəti və "Neftqaztikinti" Tresti rəhbərliklərinin diqqət və qayğısı nəticəsində inşaatçılar tapşırılan işlərin öhdəsindən layiqincə gəlməyə müvəffəq olurlar. Elə başa çatmaqda olan 2010-cu ildə əldə etdiyimiz uğurlar da məhz dövlət qayğısının bariz nümunəsidir. Gələn il isə dövlət başçısının xüsusi göstərişinə əsasən, ölkənin bütün rayonlarında qazlaşdırma işlərinin yaxşılaşdırılması məqsədilə iri diametrli boru kəmərlərinin çəkilməsi nəzərdə tutulur. Bu da inşaatçılarımızın qarşısında yeni-yeni vəzifələr qoyur.{nl}

Mirbağır YAQUBZADƏ, "Xalq qəzeti"

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında