“Su nəinki həyat mənbəyidir, hətta həyatın özüdür” devizi altında Bakı şəhərində keçirilən birinci Bakı beynəlxalq su həftəsi davam edir. Martın 15-də “Azərsu” ASC və Azərbaycan Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə Şollar-Bakı Su Qurğuları Kompleksinin 100 illik yubileyinə həsr olunmuş “Su ehtiyatları, hidrotexniki qurğular və ətraf mühit” mövzusunda beynəlxalq elmi-praktiki konfrans öz işinə başlayıb.
Konfrans iştirakçıları öncə Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə güllər düzülüb. Sonra Şəhidlər xiyabanına gələn ziyarətçilər Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramlarını bildirib, məzarları üzərinə güllər düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar. Konfrans iştirakçıları Heydər Əliyev Mərkəzi ilə də tanış olublar.
Konfransdan əvvəl qonaqlar Şollar-Bakı Su Qurğuları Kompleksinin 100 illik yubileyinə həsr olunmuş foto və rəsm sərgilərinə baxış keçiriblər.
“Su ehtiyatları, hidrotexniki qurğular və ətraf mühit” mövzusunda beynəlxalq elmi-praktiki konfrans açıq elan olunduqdan sonra Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbərinin müavini, Prezidentin köməkçisi Əli Əsədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına müraciətini oxuyub.
“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov Azərbaycanın son illərdə keçdiyi sürətli inkişaf yolunun beynəlxalq miqyasda ölkəmizə olan diqqəti xeyli artırdığını vurğulayaraq bildirdi ki, hazırda ölkəmiz ən mötəbər beynəlxalq tədbirlərə, sammit, forum və konfranslara, elmi, mədəni və idman tədbirlərinə ev sahibliyi edir. Qeyd olundu ki, BMT-nin “Davamlı İnkişaf Məqsədləri-2030” prioritetlərindən olan 6-cı “Təmiz su və sanitariya” hədəfini dəstəkləyən, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Su nəinki həyat mənbəyidir, hətta həyatın özüdür” dəyərli fikrini deviz seçən birinci Bakı beynəlxalq su həftəsi də belə mötəbər tədbirlərdən biridir.
Azərbaycanın su təchizatı tarixinə nəzər salan natiq son 100 ildə Bakı şəhəri və Abşeron yarımadasının içməli su ilə təmin edilməsi istiqamətində mühüm infrastruktur layihələrinin həyata keçirildiyini bildirdi. Səhmdar cəmiyyətin sədri qeyd etdi ki, 1911-1917-ci illərdə tanınmış mühəndis Uilyam Lindleyin layihəsi əsasında, məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin bilavasitə dəstəyi ilə dünyanın unikal qurğularından sayılan Şollar-Bakı su qurğuları kompleksi 100 il əvvəl, 1917-ci ilin bu günlərində istismara verilib. Bu qurğu Azərbaycanın su təsərrüfatı sektorunda ilk iri infrastruktur layihəsi kimi tarixə düşüb.
Azərbaycanda su təchizatı sahəsində ən böyük işlərin görkəmli siyasi xadim Heydər Əliyevin təşəbbüsü ilə həyata keçirildiyini bildirən Q. Hüseynov dedi ki, 1970-ci illərdə Bakı şəhərinin içməli suya artan tələbatı məhz ulu öndərin rəhbərliyi ilə Kür və Ceyranbatan su təchizatı sistemlərinin tikintisi sayəsində həll edilib.
Natiq daha sonra qeyd etdi ki, XX əsrin sonlarında Bakıda əhalinin artımı, Dağlıq Qarabağ münaqişəsi nəticəsində 1 milyondan çox qaçqın və məcburi köçkünün böyük bir hissəsinin paytaxta pənah gətirməsi su təchizatı məsələsinin aktuallığını artırıb, sonrakı illərdə iqtisadi inkişaf və sənayenin yüksək dinamikası Abşeron yarımadasına verilən suyun həcminin artırılmasını zəruri edib. 2007-ci ilin mart ayında Prezident İlham Əliyevin iştirakı ilə Oğuz-Qəbələ-Bakı su kəmərinin təməli qoyulub, 262,5 kilometr uzunluğunda kəmərin tikintisi 2010-cu ildə başa çatdırılıb. Bu kəmər Azərbaycanın müstəqillik illərində həyata keçirilmiş ən böyük yerli infrastruktur layihəsi kimi tarixə düşüb. Bununla yanaşı, paytaxt əhalisini keyfiyyətli içməli su ilə təmin etmək üçün məhsuldarlığı saniyədə 6,6 kubmetr olan Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi tikilib. Ən son texnologiya əsasında yaradılmış bu kompleks dünyanın ən böyük ultrasüzgəcli sutəmizləyici qurğusudur. 2016-cı ildə Abu-Dabidə keçirilmiş Qlobal Su Sammitində bu kompleks dünyanın ən önəmli su layihələrdən biri seçilib.
Hazırda Azərbaycanda su təchizatı və kanalizasiya infrastrukturunun yaxşılaşdırılmasının dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu vurğulayan “Azərsu” ASC-nin sədri Prezident İlham Əliyevin bu sahənin inkişafına göstərdiyi xüsusi diqqətin nəticəsi olaraq ölkəmizdə su təhlükəsizliyinin təmin edilməsi məqsədilə yerüstü və yeraltı su ehtiyatlarının yenidən qiymətləndirildiyini, su ehtiyatlarının inteqrasiyalı idarə edilməsi proqramlarının hazırlanması, daxili hövzələrdə yaranan su ehtiyatlarından daha səmərəli istifadə edilməsi, su ehtiyatlarının regionların cari və perspektiv tələbatlarına uyğun paylanması istiqamətində araşdırmaların aparıldığını diqqətə çatdırdı. Qeyd olundu ki, dövlət başçısının ölkə əhalisinin fasiləsiz və Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun keyfiyyətli içməli su ilə təmin etmək barədə tapşırıqlarına uyğun olaraq “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən genişmiqyaslı tədbirlər həyata keçirilir, ölkəmizdə icra olunan su və kanalizasiya layihələrinin maliyyələşdirilməsində Azərbaycan hökuməti ilə yanaşı, dünyanın aparıcı maliyyə qurumları da yaxından iştirak edir.
“Azərsu” ASC-nin sədri "aşağı axın" ölkələrindən olan Azərbaycanda əhalinin içməli suya tələbatının və kənd təsərrüfatının ehtiyaclarının daxili imkanlar hesabına tam ödənildiyini, şirin su ehtiyatlarının 70 faizə qədərinin ölkə hüdudlarından kənarda formalaşdığını bildirdi. Üstəlik həmin sular çirklənmiş şəkildə Azərbaycana daxil olduğundan canlı aləm üçün böyük təhlükə yaradır. Azərbaycan bu problemlərin beynəlxalq və ikitərəfli müstəvidə həll edilməsi istiqamətində səylər göstərir. Transsərhəd Samur çayı ilə əlaqədar Rusiya ilə ikitərəfli müqavilə bağlanıb, Araz çayı üzərində "Xudafərin" və "Qız qalası" hidroqovşaqlarının tikintisi və su ehtiyatlarından istifadə sahəsində İranla saziş imzalanıb. Eyni zamanda Kür çayının idarə olunması ilə əlaqədar Gürcüstanla ikitərəfli müqavilə üzərində iş aparılır.
Ekologiya və ətraf mühitin qorunması sahəsində beynəlxalq təşkilatlar səviyyəsində görülən işlərə baxmayaraq, təəssüf ki, Ermənistanın beynəlxalq hüquq normalarının tələblərini kobud şəkildə pozmasından təəssüfləndiyini bildirən Q. Hüseynov qeyd etdi ki, erməni təcavüzü nəticəsində işğal zonasında qalan Sərsəng su anbarı baxımsız hala düşüb və onun ehtiyatlarından kortəbii və siyasi təhdid vasitəsi kimi istifadə olunur. Bununla bağlı Azərbaycan tərəfi dəfələrə beynəlxalq təşkilatlarda məsələ qaldırıb və narahatlığını ifadə edib. Avropa Şurası Parlament Assambleyasının 26 yanvar 2016-cı il tarixli "Azərbaycanın sərhəd rayonlarının qəsdən sudan məhrum edilmiş sakinləri" adlı qətnaməsində Sərsəng su anbarının, Sərsəng və Madagiz bəndlərinin vəziyyətinə beynəlxalq nəzarətin təmin edilməsi, Ermənistan hakimiyyətindən su resurslarından "siyasi təsir və ya təzyiq aləti kimi" istifadəyə son qoyması kimi tələblər yer alıb. Beynəlxalq təşkilatlar Ermənistandan Azərbaycanın işğal edilmiş ərazilərinin dərhal azad olunmasını və Sərsəng su anbarının resurslarından siyasi təsir vasitəsi kimi istifadə olunmasına son qoyulmasını tələb edib. Bundan başqa, Ermənistanın istismar müddətini başa vurmuş "Metsamor" Atom Elektrik Stansiyası regionda ekoloji sabitliyin qorunmasına ciddi təhlükə yaradır.
Sonda konfransda aparılacaq peşəkar diskussiyaların və qarşılıqlı təmasların bəşəriyyətin və gələcək nəsillərin qarşısında su ilə bağlı aktual problemlərin həllinə mühüm töhfə verəcəyinə inandığını vurğulayan Qorxmaz Hüseynov Amsterdam, Sinqapur, Stokholm, Koreya, Səudiyyə Ərəbistanı, Asiya, və Keniyadan sonra Bakıda keçirilən beynəlxalq su həftəsinin də tarixdə mühüm hadisə kimi qalacağına əminliyini bildirdi.
Tədbirdə çıxış edən Dünya Su Şurasının sədri Benedito Braqa bildirdi ki, Azərbaycanın su sahəsinin yaxşılaşdırılmasına ayırdığı diqqəti xarici ölkələrə nümunə olmalıdır. Hazırda dünyanın əksər dövlətlərinin su sahəsinin yaxşılaşdırılmasına ümumi gəlirlərinin 3-4 faizini ayırdığı halda, Azərbaycanda bu göstəricinin 14 faiz təşkil etdiyini diqqətə çatdıran Dünya Su Şurasının sədri qeyd etdi ki, Azərbaycan hökuməti suyun keyfiyyəti və təhlükəsizliyinə xüsusi diqqət ayırır. Qeyd olundu ki, Azərbaycan və onun kimi su sahəsinə diqqət edən ölkələrin az olması gələcəyimiz üçün təhlükə yaradır, su böhranını yaxınlaşdırır. Su təchizatının yaxşılaşdırılması üçün hər ölkədə bununla bağlı qurumlar və onların çalışdığı mütəxəssislərin olmasının vacibliyini vurğulayan natiq bu məsələdə ətraf mühitin qorunmasının, əhalinin artımının və iqlim dəyişikliyinin nəzərə alınmasının vacibliyini önə çəkdi, birinci Bakı beynəlxalq su həftəsi çərçivəsində keçirilən konfransların və sessiyaların belə məsələlərin müzakirəsi üçün böyük əhəmiyyət kəsb etdiyini diqqətə çatdırdı. Dünya Su Şurasının sədri, həmçinin 100 il əvvəl Şollar su mənbəyindən çəkilən kəmərinin Bakının suya olan tələbatını daha da yaxşılaşdırdığını tarixi hadisə kimi dəyərləndirdi.
Dünyada su çatışmazlığı məsələsini aradan qaldırmaq üçün hazırda mühüm işlərin görüldüyünü vurğulayan Dünya Su Şurasının sədri qeyd etdi ki, burada önəmli məqam tələb və təklifin bir-birinə uyğunluğudur. Birinci məqam olaraq onu qeyd etmək lazımdır ki, əsas məsələ əldə olan vəsaitin düzgün istifadə olunması və infrastrukturun düzgün qurulmasıdır. Hazırda ən böyük su tələbatı sənaye, kənd təsərrüfatı və insanların şəxsi tələbatlarına uyğun istifadə olunur. İkinci məqam isə tələb və təklif arasında balansı düzgün yaratmaq, insanları sudan səmərəli istifadə etmələri yönündə maarifləndirməkdir. Bu sahədə Azərbaycanın kifayət qədər təcrübəyə malik olduğunu diqqətə çatdıran Benedito Braqa Dünya Su Şurasının ölkəmizə hər cür dəstək göstərməyə hazır olduğunu bildirdi.
Açılış mərasimində Azərbaycan Milli Elmlər Akademiyasının Prezidenti Akif Əlizadə, Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov, Beynəlxalq Su Resursları Assosiasiyasının Prezidenti Patrik Lavard, Rusiya Elmlər Akademiyasının Su Problemləri İnstitutunun direktor müavini Mixail Bolqov və Azərbaycan Memarlar İttifaqının sədri Elbəy Qasımzadə çıxış edərək tədbirin əhəmiyyətindən danışdılar.
Konfransda iştirak edən Şollar-Bakı su kəmərinin mühəndisi Uilyam Harleyn Lindleyin nəticəsi Bobli Lindley belə bir mötəbər tədbirə dəvət aldığına görə qürur duyduğunu vurğuladı. XX əsrin əvvəllərində Bakının su probleminin həllində müstəsna rol oynayan Şollar-Bakı su kəmərinin həmin dövrdə Avropada reallaşdırılan ən böyük layihələrdən olduğunu diqqətə çatdıran qonaq ulu babasının həyat və fəaliyyətindən bəhs edərək zamanında onun əməyinə verilən qiymətə və xatirəsinə göstərilən əbədi ehtirama görə lindleylər ailəsi adından qədirbilən Azərbaycan xalqına minnətdarlığını bildirdi.
Açılış mərasimindən sonra konfrans bölmə iclasları ilə davam etdirildi. “Şollar su kəməri - dayanıqlı və etibarlı su təchizatı sistemi”, “Qədim tarixi su qurğuları”, “Müasir su təchizatı sistemləri: inkişaf, innovasiya və nailiyyətlər”, “İqlim dəyişikliyi, ətraf mühit və su təhlükəsizliyi” mövzularında keçirilən bölmə iclaslarında məruzələr dinlənildi, aktual məsələlər ətrafında müzakirələr aparıldı.
Mirbağır YAQUBZADƏ,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.