Azərbaycan ilə Fransa arasında iqtisadi əlaqələr yüksələn xətlə inkişaf edir

 

 

 

 

 

 

 

 

 

 

 


Qarşıdakı illərdə bizim əsas diqqət yetirəcəyimiz sahə iqtisadiyyatımızın qeyri-neft sektoru, əsasən də kənd təsərrüfatı olacaq. Mən Fransanın nüfuzlu şirkətlərini Azərbaycana gəlməyə – müasirləşmə və məhsuldarlığın  artırılması ilə bağlı layihələri həyata keçirmək üçün Azərbaycan hökuməti ilə işləməyə dəvət edirəm.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Paris, 13 mart 2017-ci il


Son illərdə Azərbaycan-Fransa əlaqələri daha da inkişaf edib, ikitərəfli münasibətlərdə qarşılıqlı inam və etimad güclənib. Fransa Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rolu müsbət qiymətləndirərək energetika sahəsində əməkdaşlığı genişləndirmək niyyətində olduğunu bəyan edib.

Onu da qeyd edək ki, qloballaşan dünyanın mühüm güc və siyasət mərkəzlərindən biri olan Fransanın Azərbaycanla əməkdaşlığın daha da dərinləşməsinə, respublikamızın avrostrukturlara dinamik inteqrasiyasına marağı daha da artıb. Bundan başqa, ölkəmizin Avropa İttifaqı ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi mühüm geosiyasi əhəmiyyət kəsb edən proses olaraq Fransa üçün də mühüm rol oynayıb.

Azərbaycan və Fransa arasında əməkdaşlıq münasibətləri hazırda yeni inkişaf mərhələsinə qədəm qoyub. Dövlət və hökumət başçılarının qarşılıqlı səfərləri ölkələrimiz arasında münasibətlərin ildən-ilə güclənməsinə mühüm təsir göstərib. Prezident İlham Əliyevin Fransaya budəfəki səfəri də şübhəsiz ki, ikitərəfli əlaqələrin inkişafında yeni imkanlar açacaq.

Xatırladaq ki, Fransanın Cənubi Qafqazda əsas ticarət tərəfdaşı olan Azərbaycanla telekommunikasiya, şəhərsalma, nəqliyyat, yüngül sənaye, şərabçılıq və digər sahələrdə əməkdaşlığı getdikcə möhkəmlənir. Hazırda respublikamızda 50-dən çox fransız şirkəti fəaliyyət göstərir və ticarət dövriyyəsi iki milyard dollara yaxınlaşır.

Fransız müəssisələri neft və neft məhsullarının istehsalı ilə yanaşı, bank, elektrik enerjisi və ətraf mühitin qorunması və istehlak malları sektorlarında fəaliyyət göstərir. Həmin müəssisələrin bir qismi, həmçinin Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan neft kəmərini idarə edən konsorsiuma daxildir. Məsələn, “Total” şirkəti bu konsorsiumun 5 və Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin 10 faizinə sahibdir. Adıçəkilən şirkət 2009-cu il fevralın 27-də Xəzərin Azərbaycan sektorunda “Abşeron” strukturunun birgə kəşfiyyatı və işlənilməsinin əsas prinsipləri haqqında “PSA” tipli müqavilə imzalayıb. CNİM şirkəti  Bakıda tullantı emalı zavodunun tikintisi və müəssisənin 20 il ərzində istismarı barədə 2008-ci il dekabrın 15-də öhdəlik götürüb. Bunlarla yanaşı, SYSTRA şirkəti 2009-cu ilin mayında Bakı metropoliteninin genişləndirilməsi mümkünlüyünü öyrənməyi nəzərdə tutan 5,85 milyon avro dəyərində müqavilə imzalayıb. “ARİANESPACE” şirkəti   Azərbaycanın ilk kosmik peykinin buraxılmasında iştirak edib. Fransanın AXA müəssisəsi   2010-cu ilin oktyabrında  Azərbaycanın Mbask sığorta şirkətinin səhmlərinin xeyli hissəsini alıb.  “SADE” şirkəti isə 2011-ci ilin fevralında Dünya Bankı tərəfindən maliyyələşdirilən, Şabran və Siyəzən rayonlarının su-kanalizasiya xətlərinin çəkilməsi, nasos stansiyalarının qurulması və çirkli suların təmizlənməsinə dair 40 milyon avro dəyərində olan tenderin qalibi olub.

Azərbaycan Prezidenti İlham Əliyevin Fransa Respublikasına rəsmi səfəri çərçivəsində  “Vivaction” şirkətinin prezidenti Rişar Mari, “SUEZ” qrupun baş direktorunun müavini, həmçinin MEDEF-in vitse-prezidenti xanım Marie-Ange Debon, DCNS şirkətinin prezidenti Erve Qiyu,  “CIFAL” qrupun prezidenti Jil Remi, “Credit Agricole SA” şirkətinin baş direktoru Ksavye Musca,  “Airbus” şirkətinin müdafiə və kosmik sistemlər üzrə icraçı vitse-prezidenti Nikolya Şamosi,  “Thales International” şirkətinin baş vitse-prezidenti   Rafael Eskinazi, “Total” şirkətinin prezidenti Patrik Puyane ilə görüşlərində də yuxarıda qeyd edilən məsələlər barəsində ətraflı danışılıb. Keçirilən görüşlərdə Azərbaycan və Fransa arasında iqtisadi əlaqələr, diversifikasiya edilən iqtisadiyyat modelinin tətbiqi məqsədilə hazırda ölkəmizdə reallaşdırılan geniş miqyaslı iqtisadi islahatlar, habelə bununla əlaqədar Azərbaycanın Fransa ilə iqtisadi əməkdaşlığının yeni perspektivləri müzakirə olunub.

Dövlətimizin başçısı Azərbaycan və Fransa arasında uzunmüddətli sıx əməkdaşlığı xüsusi vurğulayaraq, respublikamızın makroiqtisadi göstəriciləri, iqtisadiyyatın şaxələnməsi, qeyri-neft sektorunun inkişaf məsələləri, hər iki ölkənin maliyyə sektoru, o cümlədən mərkəzi bankları arasında intensiv əməkdaşlıq əlaqələri barədə fikirlərini bölüşüb.

Azərbaycan Prezidenti İlham Əliyevin Fransa Şirkətlər Hərəkatının (MEDEF) biznes şurasının üzvləri ilə görüşündə də iki ölkə arasında iqtisadi əlaqələrdən geniş bəhs edilib. İqtisadiyyatımıza yatırılan investisiyaların həcminin 2 milyard dollardan çox olduğunu deyən dövlətimizin başçısı bildirib ki, bu sərmayələr əsasən enerji sektoruna qoyulub, lakin hazırda qeyri-neft sektoruna da investisiyalar yatırılır. Bu isə indiki mərhələdə respublikamız üçün mühüm önəm daşıyır. Azərbaycanın hökumət qurumları və fransız şirkətləri tərəfindən imzalanan müqavilələrin dəyərinin böyük həcmdə olması ilk növbədə ölkəmizin güclü potensialını nümayiş etdirir və sözügedən biznes dairələrinin Azərbaycanda fəaliyyətə ciddi maraq göstərdiklərini nəzərə çarpdırır. Eyni zamanda, bu, respublikamızda yerli və əcnəbi biznes qruplarına iş görmək, sərmayə yatırmaq və yaxşı podratçı olmaq üçün çox əlverişli şəraitin yaradıldığından xəbər verir.

“Ölkəmiz üçün ənənəvi sayılan neft və qaz sektorunda bizim çox güclü əlaqələrimiz var. İcra edilməkdə olan layihələr qarşılıqlı faydalara gətirib çıxarır. Bizim, eyni zamanda, infrastruktur, nəqliyyat, ictimai nəqliyyat, metro, dəmir yolu nəqliyyatı, suyun idarə edilməsi və bu sektorlara investisiyaların yatırılması sahəsində güclü əməkdaşlığımız var”, - deyə ölkəmizin başçısı diqqətə çatdırıb.

Fransız şirkətlərinin Azərbaycanla  əlaqələrinin coğrafiyasının getdikcə genişləndiyini deyən Prezident İlham Əliyev bir neçə il əvvəl kosmik ailənin üzvü olan ölkəmizin bu nailiyyətinin Fransa şirkətləri ilə əməkdaşlıq sayəsində reallaşdığını bildirib. Kənd təsərrüfatı sahəsində də adıçəkilən ölkə şirkətləri ilə yaxşı münasibətlərin mövcudluğunu vurğulayan dövlətimizin başçısı Bakıda Fransız Liseyinin və universitetinin fəaliyyət göstərdiyini, ölkələrimiz arasında təhsil sahəsində əlaqələrin uğurla inkişaf etdiyini diqqətə çatdırıb.

Son illərdə ölkəmizdə uğurlu iqtisadi islahatların aparıldığını xatırladan Prezident İlham Əliyev neftdən asılılığın azaldılmasını, iqtisadiyyatın digər sektorlarının inkişafı ilə bağlı tədbirlərin görüldüyünü də deyib.   Azərbaycanın inkişaf etmiş ölkələrin təcrübəsindən bəhrələndiyini,     iqtisadiyyatın bütün sahələrində bu strategiyanın tətbiq olunduğunu deyən dövlətimizin başçısı çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunub, münaqişə nəticəsində bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyini diqqətə çatdırıb. Bu kateqoriyadan olan insanların həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı ölkəmizdə irimiqyaslı layihələrin reallaşdırıldığını vurğulayan  Prezident İlham Əliyev münaqişə nəticəsində Dağlıq Qarabağdan başqa, ətraf 7 rayonun da işğal olunduğunu xatırladıb. Dövlətimizin başçısı bütün bunlara baxmayaraq, ölkəmizin inkişaf etdiyini, Davos Dünya İqtisadi Forumunun Azərbaycan iqtisadiyyatını rəqabətqabiliyyətliliyinə görə 37-ci yerdə qərarlaşdırdığını vurğulayıb. Hazırda iqtisadiyyatımıza investisiya axınının daha da gücləndiyini deyən Prezident İlham Əliyev fransız şirkətlərini ölkəmizlə sıx əməkdaşlığa dəvət edib  və bunun üçün bir çox sahələrin olduğunu nəzərə çarpdırıb.

“Cənub” qaz dəhlizi layihəsinin əhəmiyyətindən danışan dövlətimizin başçısı Avropada həyata keçirilən bu ən böyük investisiya layihəsinin reallaşmasında Azərbaycanın lider rola malik olduğunu qeyd edib. Azərbaycan Prezidenti sözügedən layihənin istehlakçılar üçün yeni qaz mənbəyi kimi əhəmiyyətini diqqətə çatdırıb. Ölkə rəhbəri Avropa ilə Asiya arasında körpü rolunu oynayan Azərbaycanın yüklərin daşınmasında da mühüm mövqelərə malik olduğunu bildirib, bu məsələdə Azərbaycan-İran-Rusiya üçtərəfli formatının əhəmiyyətindən danışıb, Bakıda dəniz limanının tikildiyini xatırladıb.

Görüşdə dəmir yolu, qlobal nəqliyyat layihələri, metro tikintisi, rabitə texnologiyaları, kosmik sənaye, hava nəqliyyatı, energetika, neft-qaz sənayesi, maliyyə-bank sistemi, şəhər infrastrukturu layihələri, kənd təsərrüfatı, irriqasiya sistemi, turizm, mehmanxana sənayesi, bərpaolunan enerji və digər sahələrdə Azərbaycan ilə çox uğurlu əməkdaşlığın həyata keçirildiyindən bəhs edilib və bu sahələrdə əlaqələrin inkişafına dair interaktiv fikir mübadiləsi aparılıb.

Azərbaycan Prezidenti İlham Əliyev Fransa Şirkətlər Hərəkatının (MEDEF) biznes şurasının üzvləri ilə görüşündə ölkəmizin iqtisadi həyatı ilə bağlı daha sonra deyib: “Bizim xarici borcumuz çox aşağıdır, bu, ümumi daxili məhsulumuzun 20 faizinə bərabərdir. Bizim konvertasiya oluna bilən valyuta ehtiyatlarımız xarici borcumuzdan beş dəfədən də çoxdur. Başqa sözlə, əgər istəsək, biz xarici borcumuzu bir neçə aya ödəyə bilərik və xarici borcumuz sıfır olar. Biz işsizliyi 5 faizə, yoxsulluğu isə 6 faizdən aşağı endirməyə nail olmuşuq. Azərbaycanda məşğulluğun səviyyəsi əsasən çox əlverişli biznes mühiti və investisiya mühiti sayəsində qalxıb. Son 20 ildə Azərbaycan iqtisadiyyatına 200 milyard dollardan artıq investisiya yatırılıb. Bu proses davam edir və ümidvarıq ki, bu il də çox sayda şirkət investisiya yatıracaq. Çox yaxşı haldır ki, indi onlar təkcə neft və qaz sahəsinə deyil, həm də xidmət, turizm, otel biznesinə, kənd təsərrüfatına investisiya yatırırlar. Xarici və yerli şirkətlərin bütün investisiyaları lazımi şəkildə qorunur. Buna görə də, bu, Azərbaycana investisiya yatırmaq üçün əlavə stimul və maraq yaradır. Eyni zamanda, regionda güclü iqtisadi mövqeyə, qonşularla yaxşı əlaqələrə və güclü maliyyə ehtiyatlarına malik olaraq biz strateji əhəmiyyət kəsb etdiyini düşündüyümüz sektorlara podratçılar cəlb edə bilərik”.

Azərbaycan Prezidenti İlham Əliyevin Fransa Respublikasına rəsmi səfəri çərçivəsində keçirilən görüşlərdə respublikamızla bağlı bir sıra mühüm məqamlara da toxunulub. Bildirilib ki, hazırda dünyanın potensial qaz ixracatçıları sırasında mövqeyini getdikcə möhkəmləndirən Azərbaycan Respublikası regionun və Avropanın enerji xəritəsini zənginləşdirir, müstəqil iqtisadi siyasət yeridən bir ölkə kimi  bir sıra qlobal enerji və nəqliyyat layihələrinin təşəbbüskarı, eyni zamanda,  fəal iştirakçısı rolunda çıxış edir. Malik olduğu zəngin karbohidrogen ehtiyatları hesabına enerji təhlükəsizliyini tam təmin edən ölkəmiz uzun illərdir ki, Avropanın da enerji təhlükəsizliyinə mühüm töhfələr verir.

Artıq uzun illərdir ki, beynəlxalq əməkdaşlıq məkanı kimi qəbul edilən Xəzər hövzəsi malik olduğu zəngin karbohidrogen ehtiyatları hesabına bir sıra qlobal enerji layihələrinin reallaşdırıldığı mərkəz kimi də diqqət çəkir. Xalqımızın ümummilli lideri Heydər Əliyevin müəllifi olduğu yeni neft strategiyası Azərbaycanın beynəlxalq nüfuzunun artmasına, ölkəmizin neft ehtiyatlarının dünya bazarına çıxarılmasına imkan yaradıb. Bununla da, Azərbaycanın Avropa Birliyi ilə enerji sahəsində əməkdaşlığının bünövrəsi qoyulub. Sonrakı illərdə Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağının kəşfi bu əməkdaşlığın bir qədər də genişlənməsinə səbəb olub. Ötən on il ərzində “Şahdəniz” yatağının birinci işlənmə mərhələsi çərçivəsində hasil edilən qazın Gürcüstan və Türkiyə bazarlarına çıxarılması Azərbaycanın regionda əhəmiyyətini bir daha təsdiq edib. 

Hazırda fəal icra mərhələsində olan “Şahdəniz-2” layihəsi çərçivəsində illik hasilat 9 milyard kubmetrdən 25 milyard kubmetrə çatdırılacaq. Bu da öz növbəsində Azərbaycanın Avropa ölkələrinin enerji təhlükəsizliyinin təminatında rolunu xeyli artıracaq. “Şahdəniz” yatağının ikinci işlənmə mərhələsi çərçivəsində hasil ediləcək qazın Avropaya ixracı isə yeni bir qaz dəhlizinin reallığa çevrilməsi sayəsində mümkün olacaq. Bu, son illər dünyada reallaşdırılan, əhəmiyyətinə görə XXI əsrin layihəsi adlandırılan “Cənub” qaz dəhlizidir. “Cənub” qaz dəhlizi başlanğıcını Xəzər dənizinin Azərbaycan sahillərindən – Səngəçal terminalının ərazisindən götürür. “Şahdəniz-1” layhəsi çərçivəsində çıxarılan qazın Gürcüstan və Türkiyəyə ixrac edən və hazırda genişləndirilən Cənubi Qafqaz boru kəməri sözügedən dəhlizin ilk seqmentini təşkil edir. Avropaya daha iri həcmdə qaz tədarükünü nəzərdə tutan bu nəhəng enerji dəhlizi öz yoluna Türkiyə ərazisində hazırda tikintisi sürətlə həyata keçirilən Trans-Anadolu (TANAP)  qaz boru kəməri ilə davam edəcək. Nəhayət, “Cənub” qaz dəhlizi marşrutu  Adriatik dənizinin dibi ilə çəkilən Trans-Adriatik (TAP) boru kəməri ilə son ünvanınadək uzun bir yol qət edəcək.

Qeyd edilib ki, Avropa Komissiyası bu layihəyə güclü dəstək verir və Azərbaycan bu məsələdə aparıcı rola malikdir. Adıçəkilən layihə beynəlxalq maliyyə institutları, əsasən də Dünya Bankı tərəfindən dəstəklənir və Fransa bankları da bunun  gerçəkləşməsinin maliyyələşməsində iştirak edir.

Səfər çərçivəsində keçirilən görüşlərdə, eyni zamanda, qeyd edilib ki, iqtisadiyyatın şaxələndirilməsində nəqliyyat sektorunun inkişafı prioritet məsələlərdən biridir. Buna görə də, Azərbaycanın nəqliyyat sektorunda son illər bir sıra irimiqyaslı infrastruktur layihələri həyata keçirilib. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin, müasir hava limanlarının, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri istiqamətində beynəlxalq əhəmiyyətli avtomobil yollarının tikintisi və dəmir yolu xətlərinin yenilənməsi ölkəmizin xarici iqtisadi əlaqələrinin genişlənməsində mühüm rol oynayır. “Dəmir İpək yolu” adlandırılan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tikintisinin tamamlanma mərhələsinə qədəm qoyması Avropa və Asiya dövlətləri arasında yüklərin daşınmasında Azərbaycanın tranzit ölkə kimi əhəmiyyətini daha da artıracağına olan inamı gücləndirir.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında