Azərbaycanda Amerika Ticarət Palatasının üzvləri ilə görüş keçirilib

Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham”) və Vergilər Nazirliyinin birgə təşkil etdiyi “Şəffaflığa doğru birlikdə” mövzusunda konfrans keçirilib.

Tədbiri giriş sözü ilə açan Azərbaycanda Amerika Ticarət Palatasının icraçı direktoru Natəvan Məmmədova təşkilatın Azərbaycanın dövlət qurumları ilə apardığı konstruktiv dialoqdan məmnunluğunu bildirərərk, bu konfransın da görülən işlərin növbəti bariz nümunəsi olduğunu qeyd edib. O bildirib ki, ölkəyə yatırılan investisiyaların 80 faizi 250-dən artıq yerli və xarici şirkəti özündə birləşdirən adıçəkilən Palatanın payına düşür.

Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə çıxış edərək Azərbaycanda dayanıqlı, çevik vergi sisteminin yaradıldığını vurğulayıb və bu sahədə həyata keçirilən islahatların artıq müsbət nəticələr verməyə başladığını vurğulayıb. Vergi qanunvericiliyinin təkmilləşdirilməsi məqsədilə Vergi Məcəlləsində ciddi dəyişikliklər aparıldığını və vergi inzibatçılığını təkmilləşdirdiyini diqqətə çatdıran Z.Səmədzadə Azərbaycan iqtisadiyyatının inkişaf etməsində və ölkəmizin maliyyə qüdrətinin yüksəlməsində vergi sisteminin böyük əhəmiyyəti olduğunu, vergilərin həcminin ilbəil artmasının ölkəmizdə güclü maliyyə bazasının formalaşmasına şərait yaratdığını, aparılan islahatların ölkədə biznes fəallığının, sahibkarlıq subyektlərinin sayının və iqtisadiyyatın qeyri-neft sektorundan daxil olan vergilərin artmasına səbəb olacağını bildirib.

Vergilər naziri, 1-ci dərəcəli dövlət vergi xidməti müşaviri Fazil Məmmədov tədbir iştirakçılarını salamlayaraq, Azərbaycan iqtisadiyyatının inkişafına verdikləri töhfələrə görə onlara öz təşəkkürünü bildirərək qeyd edib ki, Vergilər Nazirliyi vergi siyasətinin və vergi inzibatçılığının təkmilləşdirilməsində, vergi ödəyicilərinə yeni xidmətlərin təqdim edilməsində, bütövlükdə biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində sahibkarların ictimai təşkilatları ilə müxtəlif müzakirələrin keçirilməsinə böyük önəm verir, qanunvericiliyə dəyişikliklər edilərkən ölkədə fəaliyyət göstərən yerli və xarici biznes strukturlarının rəylərini nəzərə almağa, hər bir təklifə diqqətlə yanaşmağa çalışır.

Nazir “AmCham”la birlikdə keçirilən vergi konfranslarının artıq ənənəyə çevrildiyini vurğulayaraq, bu görüşlərin vergi orqanları ilə biznes strukturları arasında partnyorluq münasibətlərinin inkişaf etdirilməsində və vergi ödəyicilərinin vergi öhdəliklərinə əməletmə səviyyəsinin daha da yüksəldilməsində müstəsna rol oynadığını, “AmCham”la Vergilər Nazirliyinin münasibətlərinin səmərəli tərəfdaşlıq prinsiplərinə əsaslandığını xatırladıb.

“Şəffaflığa doğru birlikdə” adı altında təşkil olunan vergi konfransının devizinin müasir çağırışlara söykəndiyini vurğulayan F.Məmmədov Vergilər Nazirliyinin ölkəmizdə biznes mühitinin yaxşılaşdırılması, vergi qanunvericiliyinin təkmilləşdirilməsi prosesində sahibkarlıq subyektləri ilə birlikdə şəffaf və tərəfdaşlıq münasibətlərin qurulması niyyətlərini açıq bəyan etdiyini konfrans iştirakçılarının diqqətinə çatdırıb.

Vergilər naziri vergi orqanlarında administrasiyanın təkmilləşdirilməsi və təşkilati strukturunun transformasiyası istiqamətində aparılan islahatlarla bağlı məlumat verərək bildirib ki, yeni vergi sisteminin inzibatçılığı iki mühüm prinsipə söykənən müasir baxış bucağı üzərində qurulub. Bunlardan birincisi və ən önəmlisi “fərdi yanaşma” prinsipidir. Yeni dönəmdə vergi administrasiyasının ilkin vəzifəsi hər kateqoriya vergi ödəyicisinə ona uyğun yanaşmalar formalaşdırmaqdan ibarətdir. Burada əsas yanaşma, kiçik və orta sahibkarlıq subyektləri ilə iri və xüsusi rejimli müəssisələrlə iş prinsiplərini ayırmaq, hər bir sahibkarlıq qrupuna fərdi yanaşmanı təmin etmək, fiskal və inzibatçılıq yükünün düzgün bölüşdürülməsini təmin etməkdir.

Digər mühüm prinsipin isə sahibkarlıq subyektləri ilə partnyorluq münasibətlərinin qurulması və dərinləşdirilməsi olduğunu deyən F.Məmmədov qeyd edib ki, vergi orqanları vergi ödəyiciləri ilə partn-yorluq münasibətlərinin qurulmasına artıq bir neçə ildir başlasa da, yeni yanaşmada bu münasibətlərin konkret əsaslara keçirilməsi və dərinləşdirilməsi, vergi ödəyicilərinin öhdəliklərinin dəqiqləşdirilməsi, onlara müasir və innovativ xidmətlərin təqdim edilməsi əsas götürülüb.

Vergilər naziri Azərbaycanda vergi orqanları ilə vergi ödəyiciləri arasında münasibətlərin qarşılıqlı etimada əsaslanan çevik və şəffaf mexanizmlər əsasında qurulması istiqamətində siyasətin bundan sonra da davam etdiriləcəyini, Vergilər Nazirliyinin biznes qurumları, xüsusilə də sahibkarları təmsil edən ictimai təşkilatlar və birliklərlə partnyorluq və tərəfdaşlıq münasibətlərinin genişləndirilməsi və daha da dərinləşdirilməsində maraqlı tərəf olduğunu və bu istiqamətdə öz səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb.

“AmCham”ın prezidenti Nuran Kərimov Vergilər Nazirliyi ilə əməkdaşlığın səviyyəsindən məmnun olduğunu bildirərək “AmCham”ın ölkədə biznes mühitini yaxşılaşdıran mükəmməl vergi qanunvericiliyinin işlənib hazırlanmasında maraqlı olduğunu vurğulayıb. O bildirib ki, Vergilər Nazirliyi ilə əməkdaşlığın nəticəsi olaraq qurum tərəfindən artıq 6-ci ildir ki, vergi partnyorluğu mövzusunda konfranslar təşkil edilir, vergitutma sahəsində aktual olan mövzular üzrə müzakirələr aparılır, konkret təkliflər irəli sürülür. N.Kərimov bu günkü görüşün məqsədinin ölkənin vergi sistemində aparılan islahatlar, Vergi Məcəlləsinə edilmiş dəyişikliklər, vergi orqanı ilə biznes strukturları arasında partnyorluq münasibətlərinin inkişaf etdirilməsi və s. məsələləri müzakirə etmək olduğunu diqqətə çatdırıb.

Sonra biznes strukturlarının nümayəndələri ilə onları maraqlandıran məsələlərlə bağlı panel müzakirələrində fikir mübadiləsi aparılıb, görüş iştirakçılarının sualları cavablandırılıb.

BP-nin Azərbaycan, Gürcüstan, Türkiyə regionunda əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəylinin moderatorluğu ilə keçən “Vergi xidmətlərinin islahatlarda rolu” mövzusunda panel müzakirələri zamanı Vergilər Nazirliyinin Vergi Risklərinin Təhlili və Nəzarəti Departamentinin baş direktoru Natiq Şirinovun “Vergi inzibatçılığında islahatlar və struktur təkmilləşdirilməsi”, “Azərsun Holding”in baş icraçı direktoru Savaş Uzan və “Deloitte & Touche” MMC-nin vergi üzrə direktoru Emil Qarayevin “Şəffaf vergi uçotu”, “Mastercard” şirkətinin ölkə meneceri Alper Meriçin və “E&Y”ın baş vergi meneceri Zaur Qurbanovun “Nağdsız ödənişlər və onların faydaları”, BP-nin regional vergi və gömrük xidmətləri üzrə meneceri Ceyhun Məmmədovun və “PwC” şirkətinin Azərbaycan üzrə idarəedici partnyoru Mövlan Paşayevin “Vergi öhdəliyinin əvvəlcədən müəyyənləşdirilməsi və könüllü əməletmə” mövzularında təqdimatları dinlənilib.

“Societe Generale Banking Group”un Azərbaycan və Qazaxıstan nümayəndəliyinin rəhbəri Teybə Quliyevanın moderatorluğu ilə keçirilən növbəti paneldə isə vergilər nazirinin müşaviri - Vergi Ödəyicilərinə Xidmət və Şəffaf Vergi Partnyorluğu Departamentinin baş direktoru Ələkbər Məmmədovun “Vergi xidmətləri vergi sistemində aparılan islahatlarda lokomotiv rolunda”, “Rabitəbank”ın idarə heyətinin sədri
Elçin Qədimov və “KPMG Azərbaycan”ın partnyoru, Vergi və Hüquq Departamentinin rəhbəri Müşfiq Əliyevin “Vergi tənzimləməsinin maliyyə sektoruna təsiri”, “Baker Tilly Azerbaijan”ın vergi və hüquq xidmətləri üzrə baş meneceri Azər Əkbərovun “Transfer qiymətləri, “BDO Azerbaijan”ın hüquq xidmətinin direktoru Sabit Abdullayevin “Vergidən yayınmanın qarşısının alınması: praktiki çətinliklər” mövzusunda təqdimatları dinlənilib.

Konfransın sonunda Vergilər Nazirliyi, Azərbaycan Respublikası Auditorlar Palatası, “Deloitte & Touche”,”EY Azərbaycan”, “PwC Azərbaycan”, “KPMG Azərbaycan” arasında əməkdaşlıq memorandumu imzalanıb.

Tədbirdə “AmCham”ın üzvləri, diplomatik korpusun nümayəndələri, Vergilər Nazirliyinin rəhbər vəzifəli şəxsləri və KİV nümayəndələri iştirak ediblər.

Vaqif BAYRAMOV,
 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında