“Şahdəniz-2” layihəsi Azərbaycanın ixrac imkanlarını xeyli artıracaq

1996-cı il iyun ayının 6-da Bakıda “Şahdəniz” ­ qaz-kondensat yatağının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə dair sazişin imzalanması ilə  neft ölkəsi kimi tanınan Azərbaycan, eyni zamanda,  əsas qaz təchizatçısı kimi dünyanın maraq dairəsinə daxil oldu. Bu saziş dünyanın transmilli neft şirkətlərinin “Əsrin müqaviləsi”nin imzalanması ilə təməli qoyulmuş Azərbaycanın yeni neft strategiyasının həqiqiliyinə inamı bir qədər də artırdı.

Təsadüfi deyil ki, bu il fevralın 23-də Bakıda “Cənub” qaz dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü toplantısında çıxışı zamanı Prezident İlham Əliyev demişdir: “Cənub” qaz dəhlizinin resurs bazasını nəhəng “Şahdəniz” qaz yatağı təşkil edir. “Şahdəniz” yatağının istismarı ilə bağlı müqavilə 1996-cı ildə imzalanmışdır. Bunun özü də tarixi hadisə idi, çünki həmin vaxta qədər Azərbaycan yalnız neft hasil edən ölkə kimi tanınırdı. Lakin “Şahdəniz” layihəsi sayəsində biz özümüzü nəhəng qaz ehtiyatlarına malik ölkə kimi təqdim etdik. Bu gün Azərbaycanın, – “Şahdəniz” və digər yataqlarının, – təsdiq edilmiş qaz ehtiyatı 2,6 trilyon kubmetr təşkil edir. Bu, nəhəng ehtiyatdır və şübhəsiz ki, “Şahdəniz” yatağının birinci mərhələdəki istismarı “Cənub Qaz Dəhlizi” layihəsinin təməlini qoydu”.

Dünyanın ən nəhəng qaz yataqlarından biri sayılan “Şahdəniz”in təsdiqlənmiş ehtiyatı 1,2 trilyon kubmetrdir. Bu da Azərbaycanın qaz potensialının ən azı 50 faizini təşkil edir  Xatırladaq ki, “Şahdəniz” layihəsinin səhmdarları bp (operator – 28,8 faiz),  AzŞD ( 16,7 faiz), “Cənub” qaz dəhlizi Apstrim (6,7 faiz), Petronas (15,5 faiz), LUKOYL (10 faiz), NİKO (10 faiz) və TPAO (19 faiz) şirkətləridir. 

Artıq Azərbaycanı dünyanın potensial qaz ixrac edən ölkəsinə çevirmiş “Şahdəniz” yatağının xarici şirkətlərlə birgə işlənməsinə dair sazişin imzalanmasından 21 ilə yaxın vaxt ötür. Bir neçə mərhələdə reallaşdırılması nəzərdə tutulan “Şahdəniz” layihəsi çərçivəsində  tikinti-quraşdırma işlərinə isə 14 il əvvəl– 2003-cü ilin fevral ayında start verilmişdir. Məlumat üçün bildiririk ki, birinci mərhələdə  “Şahdəniz” yatağındakı zəngin qaz və kondensat ehtiyatlarının hasilatına imkan yaradan nəhəng platforma inşa olunmuş, sualtı boru kəməri çəkilmiş, Səngəçal terminalında əlavə genişləndirmə işləri həyata keçirilmişdir. Bundan əlavə, “Şahdəniz” qazının dünya bazarına ixracını təmin etmək məqsədilə Cənubi Qafqaz boru kəməri tikilib istismara verilmişdir. “Şahdəniz” yatağının birinci işlənmə mərhələsi üzrə əməliyyatlara isə 2006-cı ildə başlanmışdır. Bu mərhələdə maksimum hasilat ildə 9 milyard kubmetr qaz və gündə 50 min barrel kondensat təşkil etmişdir.

BP-nin 2016-cı ilin yekunlarına dair yaydığı hesabata əsasən, il ərzində “Şahdəniz” layihəsinin birinci mərhələsi üzrə fəaliyyətlərə 469 milyon dollar, əməliyyat məsrəflərinə isə 3,7 milyard dollar  əsaslı vəsait xərclənmişdir. Əsaslı xərclərin böyük əksəriyyəti “Şahdəniz-2” layihəsinə aiddir.

Hazırda “Şahdəniz” yatağında 8 istismar quyusundan gündə orta hesabla 29,5 milyon kubmetr qaz və 6,5 min ton kondensat hasil olunur. 2016-cı ildə adıçəkilən yataqdan 10,7 milyard kubmetr qaz və 2,5 milyon ton (təqribən 20 milyon barrel) kondensat hasil edilib. Bütövlükdə isə 2006-cı ilin dekabr ayında “Şahdəniz”də hasilata başlandığı vaxtdan cari il yanvar ayının 1-dək yataqdan 78,4 milyard kubmetr qaz və 19,6 milyon ton kondensat çıxarılıb. Ötən il “Şahdəniz” yatağından Cənubi Qafqaz boru kəməri ilə Azərbaycan (SOCAR-a), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına, eləcə də çoxsaylı obyektlər üçün BTC şirkətinə etibarlı şəkildə qaz çatdırılması davam etdirilib. Bütövlükdə isə 2017-ci il yanvarın 1-dək “Şahdəniz-1” layihəsi üzrə Gürcüstana 5,9 milyard kubmetr, Türkiyəyə isə 43,8 milyard kubmetr qaz nəql olunub. Yeri gəlmişkən, hazırda həmin kəmərlə hər gün orta hesabla Gürcüstana 4 milyon kubmetr və Türkiyəyə 18,5 milyon kubmetr qaz nəql edilir. Hazırda Səngəçal terminalında  “Şahdəniz” qurğularının hasilat gücü isə gündə 30 milyon (ildə təqribən 10,9 milyard) kubmetr təşkil edir. 

2016-cı ildə “Şahdəniz” yatağının birinci işlənmə mərhələsi çərçivəsində qazma əməliyyatları uğurla davam etdirilib. Belə ki, il ərzində “Şahdəniz” yatağının işlənməsinin birinci mərhələsi çərçivəsində istismarda olan platformada (Alfa) SDA09 qaz quyusu qazılaraq hasilata başlamaq üçün təhvil verilib. Bundan sonra isə SDA10 quyusunun dərin hissələrində qazma işlərinə başlanılıb. Hazırda həmin quyuda işlər sürətlə davam etdirilir.

Müqavilə sahəsində qazma işləri aparan “İstiqlal” qurğusunda yenidənqurma işləri və istismar sınaqları sentyabr ayının ortalarında başa çatdırılıb. İlin son rübündə sözügedən  qurğu SDC04 quyusunda qazma işlərini tamamlayıb. Xatırladaq ki, bu, “Şahdəniz-2” layihəsi çərçivəsində tamamlanmış və hasilata hazır vəziyyətə gətirilmiş ilk quyudur. Bundan əlavə, Heydər Əliyev qazma qurğusu ilə SDG02 və SDG04 quyularının məhsuldar lay hissələrinin qazılması başa çatdırılıb. Hazırda bu qurğuda SDF01 quyusunun üst hissəsində qazma işlərinə başlamaq üçün hazırlıq işləri aparılır.

Yeri gəlmişkən, ötən müdətdə bu iki qazma qurğusunun köməyi ilə “Şahdəniz-2” layihəsi çərçivəsində hasilatın başlanması  və ondan sonrakı tədrici artırılmasına hazırlıq çərçivəsində 12 hasilat quyusu qazılıb. Qazma işləri hasilatın planlaşdırılan sabit səviyyəsinə nail olmaq üçün tələb olunan bütün quyuların qazılması istiqamətində davam etdiriləcək.

Şahdəniz qazını xarici bazarlara ixrac edən Cənubi Qafqaz boru kəməri 2006-cı ilin sonlarında istismara verilmişdir. Kəmər Azərbaycana və Gürcüstana, 2007-ci ilin iyul ayından başlayaraq isə həm də Türkiyəyə “Şahdəniz-1” qazını çatdırır. Cənubi Qafqaz boru kəmərinin  sərmayədarları bp (texniki operator – 28,8 faiz), AzCQBK (10 faiz faiz), “Cənub” qaz dəhlizi ­Midstrim (6,7 faiz), Petronas (15,5 faiz), LUKOYL (10 faiz), NİKO (10 faiz) və TPAO (19 faiz) şirkətləridir. Ötən il Cənubi Qafqaz boru kəməri ilə bağlı fəaliyyətlərə 27 milyon dollar əməliyyat, 974 milyon dollar əsaslı xərclər sərf edilib. İl ərzində kəmərin gündəlik orta ötürücülük gücü təqribən 19,9 milyon kubmetr təşkil edib. Sözügedən boru kəməri üzrə obyektlərin tikintisi və istismarı üzrə məsul texniki operator BP, kommersiya əməliyyatları üzrə məsul kommersiya operatoru isə SOCAR-dır.

“Cənub” qaz dəhlizi marşrutunun başlanğıc hissəsi sayılan Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi layihəsi üzrə işlər il ərzində Azərbaycan və Gürcüstanda boru kəməri marşrutu boyunca uğurla davam etdirilib. Belə ki, Azərbaycanda kəmər xəttinin inşası üzrə tikinti işləri çərçivəsində təqribən 239 kilometr uzunluğunda borular qaynaq edilib, 207 kilometr boru xəndəyə endirilib və üstü örtülüb. Planlaşdırılmış beş  üfüqi istiqamətdə qazma işinin dördü il ərzində tamamlanıb. Beşinci işin isə 2017-ci ilin birinci rübündə başa çatdırılması gözlənilir.

Gürcüstan ərazisində ilin sonunadək kəmər xəttinin inşası üzrə tikinti işləri, demək olar ki, tamamlanıb. Artıq 61 kilometr uzunluğunda borular qaynaq edilib,  51 kilometr sahədə boruların üstü örtülüb. Bundan əlavə, Şərqi Kür ərazisində tunelin tikintisi başa çatdırılıb. Boru kəmərinin inşasına isə bu ilin dördüncü rübündə başlanacaq. Qonşu ölkədə hər iki kompressor stansiyasında və nəzarət-ölçü stansiyasında tikinti-quraşdırma işləri sahəsində də xeyli iş görülüb. Artıq 1-ci kompressor stansiyasında işlər təqribən 90 faiz tamamlanıb. 2-ci kompressor stansiyasında işlər 55 faiz, nəzarət-ölçü stansiyasında isə işlər 80 faiz yekunlaşdırılıb. Hər iki stansiyanın 2017-ci ildə təhvil verilməsi nəzərdə tutulur.

Azərbaycanın zəngin qaz ölkəsi olduğunu sübut edən “Şahdəniz” yatağının ikinci işlənmə mərhələsi çərçivəsində tikinti-quraşdırma işləri də getdikcə sürətlənir.  Bu baxımdan 2016-cı ildə “Şahdəniz-2” layihəsinin tikintisi üzrə mühüm işlər görülüb.  Artıq mühəndis, təchizat və tikinti işləri də daxil olmaqla layihənin 90 faizi tamamlanıb.  Bu da layihədən ilk qazın 2018-ci ildə əldə edilməsi planına tam uyğundur. 

Ötən ilin sentyabr ayında “Şahdəniz-2” layihəsi üzrə son dərəcə əlamətdar bir hadisə baş verdi: layihə çərçivəsində nəzərdə tutulan iki platformadan birinin dayaq bloku Bakı Dərin Özüllər Zavodundan dənizdə quraşdırılmaq üçün yola salındı. Dayaq blokunun rəsmi yola salma mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak etdi. Hasilat və dikborular platformasının dayaq blokunun daşınması, suya endirilməsi və yerləşdirilməsi işləri təhlükəsiz şəkildə üçüncü rübün sonunadək, payaların üzərinə quraşdırılması işləri isə noyabr ayında başa çatdırıldı.

AMEK-Tekfen-Azfen tikinti-quraşdırma sahəsində “Şahdəniz-2” platformasının hər iki üst modulunun tikintisi də, demək olar ki, başa çatıb və istismar sınaqları davam edir. Bu modulların dənizə yola salınması və quraşdırılması isə cari ilin ikinci və üçüncü rüblərinə planlaşdırılır.

2016-cı ildə işlərin ən qızğın vaxtlarında Azərbaycanda 24 mindən çox insan bütün əsas müqavilələr üzrə tikinti işlərinə cəlb olunub ki, onların da 80 faizindən çoxu yerli  vətəndaşlar olub.

Hazırda Azərbaycandakı bütün tikinti-quraşdırma və istehsalat sahələrində–həm dənizdə, həm də quruda, o cümlədən Səngəçal terminalı, Bakı yaxınlığındakı AMEK-Tekfen-Azfen sahəsi, Bakı Dərin Özüllər Zavodu və boru kəməri marşrutu boyunca irimiqyaslı işlər davam edir.

Yeri gəlmişkən, 28 milyard dollar dəyərində olan bu “Şahdəniz-2” layihəsi reallığa çevrildikdən sonra yatağın birinci işlənmə mərhələsi çərçivəsində hasil edilən illik 9 milyard kubmetr qazın həcmi xeyli artaraq 25 milyard kubmetrə çatdırılacaq. Bu isə “Şahdəniz”in hazırda dünyanın  ən böyük qaz işlənməsi layihələrindən biri olduğunu sübut edir. İkinci mərhələ çərçivəsində hasil ediləcək ildə 16 milyard kubmetr qaz təxminən 3500 kilometr məsafəyə nəql edilərək Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan və İtaliyadakı milyonlarla istehlakçını enerji ilə təmin edəcək. İlk qazın Gürcüstan və Türkiyəyə nəqli 2018-ci ilin sonlarına nəzərdə tutulur. Avropaya isə qazın bundan təxminən bir il sonra çatdırılacağı planlaşdırılır.

“Şahdəniz-2” layihəsi çərçivəsində imzalanmış əsas tikinti və təchizat müqavilələrinə  isə Səngəçal terminalında yeni qurğuların tikintisi və istismar sınaqlarına dəstək işləri, yatağın tammiqyaslı işlənmə mərhələsinin iki platforması üçün üst modulların tikintisi, yüklənməsi, dənizdə quraşdırılması və istismar sınaqları, dayaq bloklarının, boru payaların və sualtı konstruksiyaların inşası, dənizdə bütün daşınma və quraşdırılma işləri, dəniz və qurudakı qurğular üçün müfəssəl mühəndis-layihələndirmə, layihənin idarə olunması və təchizat-tədarük işlərinə aid dəstək xidmətlərinin göstərilməsi, sualtı hasilat sistemlərinin təchizatı, sualtı quraşdırma işlərində istifadə edilmək üçün sualtı tikinti gəmisinin layihələndirilməsi və inşası, sualtı əməliyyatlar və boru kəmərlərinin mühəndis-layihələndirmə və layihənin idarə olunması xidmətlərinin göstərilməsi və dəniz platforması üçün yaşayış bloklarının mühəndis-layihələndirmə, təchizat-tədarük və quraşdırma işləri daxildir.     

Sahildən təxminən 70 kilometr məsafədə yerləşən “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi layihəsinin planlarına körpü ilə birləşdirilmiş iki yeni hasilat platforması, iki yarımdalma qazma qurğusu vasitəsilə qazılacaq 26 sualtı quyu, suyun 550 metrədək dərinliyində çəkiləcək 500 kilometr uzunluğunda sualtı boru kəmərləri, Cənubi Qafqaz boru kəmərinin ixrac imkanlarının artırılması məqsədilə Azərbaycanda 48 düyməlik yeni boru kəməri, Gürcüstanda isə iki kompressor stansiyası vasitəsilə ildə 16 milyard kubmetr əlavə olunması, həmçinin Səngəçal terminalının genişləndirilməsi daxildir.

Müstəqilliyinin ötən illərində həyata keçirdiyi uğurlu neft strategiyası, bir sıra qlobal enerji layihələrinin təşəbbüskarı və fəal iştirakçısı kimi  beynəlxalq aləmdə böyük  nüfuz qazanmış Azərbaycan Respublikası artıq özünü zəngin qaz ölkəsi kimi də təqdim edə bilmişdir. Təsadüfi deyil ki, “mavi yanacağa” getdikcə artmaqda olan tələbatının ödənilməsinə çalışan Avropa və bir sıra dünya ölkələri əsas qaz təchizatçısı kimi Azərbaycana böyük ümid bəsləyirlər. Bu isə ölkəmizə qaz ehtiyatlarını dünya bazarına çıxarmaq üçün şaxələndirilmiş ixrac marşrutlarının yaradılmasına yol açır. Artıq “Şahdəniz” qazının uzun məsafə qət edərək Avropa bazarına çatdırılması üçün həyata vəsiqə alan “Cənub” qaz dəhlizi layihəsi real fəaliyyət sahəsinə çevrilib. Bu layihə  Avropa bazarlarına qaz təchizatının və enerji təhlükəsizliyinin artırılmasına mühüm töhfələr verəcək. 2013-cü il dekabrın 17-də Şahdəniz konsorsiumu tərəfindən ikinci işlənmə mərhələsi üçün yekun investisiya qərarı təsdiq olunduqdan sonra “Şahdəniz” qaz hasilatı və ixracı layihəsi həlledici mərhələyə qədəm qoymuşdur.  Bu qərar Azərbaycan və Gürcüstan ərazisi boyunca Cənubi Qafqaz boru kəmərinin ixrac gücünə ildə 16 milyard kubmetr əlavə olunması (Azərbaycanda 48 düyməlik yeni boru kəməri, Gürcüstanda isə iki kompressor stansiyası vasitəsilə), Türkiyə ərazisindən keçən Trans-Anadolu qaz boru kəmərinin (TANAP) və Yunanıstan, Albaniya ərazisindən keçərək İtaliyaya uzanan Trans-Adriatik boru kəmərinin (TAP) tikintisi ilə bağlı planların gerçəkləşməsinə təkan verir. Bu layihələr birlikdə, həmçinin qazı Bolqarıstana ötürəcək infrastuktur Avropaya yeni bir “Cənub” qaz dəhlizi açacaq. Xatırladaq ki,  qazın satışı və nəqli üzrə bütün sazişlər Azərbaycan Qaz Təchizatı Şirkəti tərəfindən idarə olunacaq.

Göründüyü kimi, Azərbaycan hasil etdiyi təbii qaz həcmlərini Avropanın getdikcə artmaqda olan enerji tələbatının təminatına yönəltməyə, bu məqsədlə nəqliyyat marşrutlarının diversifikasiyasının tərəfdarıdır. Mövcud layihələr üzrə görülən işlər, eləcə də perspektiv strukturların potensialı isə nikbin proqnozlar üçün əsas verir. Belə ki, hazırda ölkəmizin təsdiq olunmuş qaz ehtiyatları 2,6 milyard kubmetrdən artıqdır. 2025-ci ilə qədər ölkə üzrə qaz hasilatını laylara vurulan qaz istisna olunmaqla 40 milyard kubmetrə çatdırmaq üçün real imkanlar mövcuddur. Bu isə Azərbaycanın regionun və Avropa ölkələrinin enerji təhlükəsizliyinin təminatında  rolunu daha da artıracaqdır.

Mirbağır YAQUBZADƏ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında