Son on ildə Azərbaycanda sosial-iqtisadi inkişaf sahəsində əldə olunan uğurlar, yaradılmış iqtisadi, sosial, elmi-texniki, maliyyə potensialı, insan kapitalı, infrastruktur, əhalinin sosial rifahının yaxşılaşma səviyyəsi, habelə normativ-hüquqi qanunvericilik və institusional baza ölkəmizə davamlı inkişafa keçidi mühüm bir məsələ kimi qarşıya qoymuşdur.
Eyni zamanda, qlobal maliyyə böhranı və son iki ildə dünya bazarında xam neftin qiymətinin 3-4 dəfə aşağı düşməsi, manatın devalvasiyası, milli iqtisadiyyatın inkişafında neft amilinin rolunun məhdudlaşması, ticarət tərəfdaşlarımız olan ölkələrdə ÜDM-in azalması nticəsində respublikamızın tədiyyə balansının və qeyri-neft büdcə kəsirinin çoxalması, bütövlükdə iqtisadi inkişafın xarakterinə qlobal təzyiqlərin artması, iqtisadi inkişafın amillərini, meyarlarını, hərəkətverici qüvvələrini, prinsiplərini, reallaşma mexanizmlərini deformasiyaya uğratmaqla davamlı inkişaf baxımından müvafiq strateji yol xəritəsinin işlənib hazırlanması və reallaşdırılmasını obyektiv zərurətə çevirdi.
Bütün bunlara əsaslanaraq ölkə Prezidenti İlham Əliyevin 16 mart 2016-cı il tarixli sərəncamı ilə “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri” qəbul olundu. Bu yol xəritəsində ilk dəfə olaraq iqtisadi və sosial inkişafın ahəngdarlığının, indiki və gələcək nəsillərin maraq və mənafelərinin vəhdət halında həll edilməsi, habelə iqtisadiyyatın inklyuzivliyinin artırılması strateji bir vəzifə kimi qarşıya qoyuldu. Güclü tərəflər, zəif tərəflər, imkanlar və təhlükələrin təhlili (GZİT təhlili) əsasında iqtisadi inkişafın güclü, zəif tərəfləri, imkanları, mümkün ola biləcək təhlükələr və təhdidlər nəzərə alınaraq ölkəmizin rəqabət üstünlükləri, bütövlükdə iqtisadi inkişafın fəlsəfəsi, paradiqması müəyyənləşdirildi. Hazırda Azərbaycan iqtisadi inkişafın elə bir mərhələsinə daxil olmuşdur ki, onun gələcək inkişafı resursların artımına deyil, ölkənin bütün iqtisadi potensialından səmərəli və optimal istifadə edilməsini tələb edir. Başqa sözlə, bu gün Azərbaycan iqtisadiyyatı öz inkişafını, rəqabətqabiliyyətliliyini yüksəltmək, iqtisadi təhlükəsizliyini təmin etmək imkanına malikdir. Dövlət başçısı cənab İlham Əliyev qeyd olunan reallıqları nəzərə alaraq ölkəmizdə post-neft iqtisadiyyatını formalaşdırmaq üçün kompleks, sistemli, dinamik, məntiqi iqtisadi islahatların, tədbirlərin başlıca istiqamətlərini, məqsədlərini, hədəflərini təyin etməklə 2016-cı ilin tariximizə islahatlar ili kimi düşəcəyini xüsusi vurğuladı.
Ümumi halda onları investisiya-innovasiya; sahibkarlıq mühitinin yaxşılaşdırılması; investisiyanın təşviqi; struktur və institusional islahatların aparılması; milli iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin yüksəldilməsi; qeyri-neft sektorunun və ixracının inkişafının stimullaşdırılması; gəlir gətirən əmək tutumlu sahə və istehsalatların inkişafına dövlət dəstəyi; əməkhaqqı, pensiya və müavinət sisteminin təkmilləşdirilməsi; “Made in Azerbaycan” brendinin təşviqi; və s. istiqamətlər üzrə qruplaşdırmaq olar. Bir cəhəti də xüsusi qeyd etmək lazımdır ki, ölkəmizdə həyata keçiriləcək iqtisadi islahatlar strategiyasının və bütün tədbirlərin reallaşdırılmasının istisnasız şərti milli iqtisadiyyatın təhlükəsizliyinin gözlənilməsidir.
Strateji yol xəritəsində davamlı inkişafın məqsədlərinə və prinsiplərinə uyğun olaraq ölkəmizdə formalaşdırılan inklyuziv və transparent milli iqtisadi inkişaf modeli iqtisadi artımla sosial inkişafın və sosial bərabərliyin uyğunluğuna, həmrəyliyinə əsaslanan güclü, şəffaf və açıq iqtisadiyyatın yaradılması nəzərdə tutulur. Geniş mənada inklyuziv iqtisadi artım təhsil və tibbi xidmətin aztəminatlı əhali qrupları üçün əlçatan olmasını, ətraf mühitin qorunmasını, məhsul və xidmət vahidinə çəkilən xərclərin aşağı salınmasını, inklyuzivlik iqtisadi artımın humanitar və mənəvi aspektlərinin gücləndirilməsini tələb edir.
Strateji yol xəritəsində sosial-iqtisadi proseslərin 360 dərəcəli diaqnostikası əsasında qiymətləndirilməsi öz əksini tapmışdır ki, bu da inkişafın hər hansı bir sahənin, istiqamətin, sferanın səmərəliliyi baxımından deyil, bütünlükdə ölkədə cari və perspektiv dövrdə həyata keçiriləcək təkrar istehsalın səmərəliliyinin təmin edilməsi baxımından dəyərləndirilməsini zəruri edir.
Azərbaycan Respublikası Prezidentinin 16 mart 2016-cı il tarixli sərəncamı ilə “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”nin təşviqi və əməli cəhətdən səmərəli reallaşdırılmasını təmin etmək məqsədilə milli iqtisadiyyat və iqtisadiyyatın 11 sektoru üzrə 12 strateji yol xəritəsi hazırlanmış və təsdiq edilmişdir. Bu yol xəritələri arasında mühüm əhəmiyyət kəsb edən “Azərbaycan Respublikasının milli iqtisadiyyatının perspektivliyi üzrə strateji yol xəritəsi” mövcud vəziyyətin GZİT təhlili və 360 dərəcəli diaqnostikası əsasında 2020-ci ilədək ölkəmizdə iqtisadi inkişaf strategiyası, tədbirlər planı və 2025-ci ilədək qarşıda duran başlıca məqsədlər, hədəflər və baxışlar sistemini özündə əks etdirir. Sənəddə nəzərdə tutulan tədbirlərin reallaşdırılması üçün tələb olunan investisiyalar, inkişaf amilləri və şərtlər dəyərləndirilmişdir. Aydındır ki, yaxın gələcəkdə ölkəmizin qarşısında duran strateji məqsəd və hədəflərin yerinə yetirilməsi müvafiq olaraq milli iqtisadiyyatın strukturunun dəyişən şəraitə və tələbə uyğun təkmilləşdirilməsini, real və maliyyə sektoru arasında tarazlığın təmin edilməsini tələb edir ki, bu da öz növbəsində yaxın gələcəkdə ölkəmizin davamlı inkişaf modelinə keçməsinə imkan verəcəkdir.
Məlumdur ki, son illərə kimi ölkəmizdə sosial-iqtisadi proseslərin tənzimlənməsi zamanı əsasən fiskal, başqa sözlə, büdcə-vergi tənzimlənməsi sistemi həlledici rol oynamışdır. Lakin son iki ildə ölkəmizin iqtisadiyyatına xarici amillərin neqativ təzyiqi, qlobal çağırışlar, məhsul və xidmətlərə daxili qiymətlərlə dünya bazar qiymətləri arasında yaranan kəskin fərqlər, üzən məzənnə rejimi əsasında monetar tənzimləmənin geniş tətbiqini obyektiv zərurətə çevirdi. Bununla bağlı strateji yol xəritəsində birmənalı qeyd olunur ki, ölkəmizdə uzunmüddətli makroiqtisadi sabitliyi və davamlı inkişafı təmin etmək üçün hər bir halda ölkəmizin maliyyə imkanlarına və qarşıda duran prioritet məqsəd və vəzifələrə uyğun olaraq fiskal və monetar tənzimləmənin optimal nisbətdə tətbiqi zəruridir.
Müasir dövrdə sosial-iqtisadi proseslərin tənzimlənməsinin bu prinsipial yanaşmasına uyğun olaraq strateji yol xəritəsində müasir dövrdə davamlı inkişaf baxımından qlobal və regional mühitin dəyərləndirilməsi əsasında yaxın gələcəkdə ölkəmizin iqtisadi inkişafının xarakterinə: qlobal iqtisadi güc mərkəzlərinin Asiyada yeni yaranmaqda olan bazarlara doğru yerdəyişməsi; texnoloji innovasiyaların əhəmiyyətli təsirləri; dəyişən geosiyasi konfiqurasiya və neft-qaz amillərinin təsirlərinin rolu xüsusi qeyd olunur.
Qeyd etmək lazımdır ki, son illərdə Azərbaycanın enerji, ərzaq, maliyyə, nəqliyyat və sair istiqamətlərdə təhlükəsizliyinin təmin edilməsi sahəsində çox böyük işlər görülmüş, güclü iqtisadi, sosial, bazar infrastrukturu yaradılmışdır ki, bu da yaxın gələcəkdə ölkəmizdə milli iqtisadiyyatın davamlı və dinamik inkişafına qarşı mümkün ola biləcək kataklizmləri və bütövlükdə geoiqtisadi və qeyri-sabitliyin neqativ təsirinə davamlılığını kəskin artıracaqdır.
Beynəlxalq Valyuta Fondu son illər ölkəmizdə bütün istiqamətlər üzrə yaradılmış potensialı və imkanları dəyərləndirərək 2025-ci ilədək Azərbaycan iqtisadiyyatının illik 2-3 faiz artımını proqnozlaşdırır. Bu gün Azərbaycan iqtisadiyyatı əslində kəmiyyət dəyişikliklərindən keyfiyyət dəyişikliklərinə keçid mərhələsindədir. Belə ki, iqtisadi artımda intensiv amillərin xüsusən, elmtutumlu habelə, ixtisaslı əməktutumlu sahələrin üstün inkişafı hesabına iqtisadi artımda intellektual kapitalın payı artmağa doğru meyil edir, qeyri-neft sektorunun ÜDM-də xüsusi çəkisi artır, idxal və ixracın strukturu təkmilləşir, milli iqtisadiyyatın rəqabətqabiliyyətliliyi tədricən artır, bütünlükdə yeni sənaye parkları, məhəllələrinin yaradılması əsasında iqtisadiyyatın modernləşməsi prosesi müşahidə olunur.
Bütövlükdə, 1993-2016-cı illər ərzində bütün maliyyə mənbələri hesabına ölkəmizdə əsas kapitala yönəldilmiş investisiyaların həcmi 195,8 milyard manat olmuşdur. Bu gün ölkəmizin enerji təhlükəsizliyi təmin edilmişdir. Qeyd etmək kifayətdir ki, son 14 il ərzində ölkəmizdə yaradılmış generasiya gücü təxminən bütün əvvəlki illərdə yaradılmış gücə bərabər olmuşdur.
Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında qeyd olunmuşdur ki, ötən il ölkəmizdə 100 mindən çox yeni iş yeri yaradılmış, kənd təsərrüfatı istehsalı 2,1 faiz, qeyri-neft sektorunun məhsulu 5 faiz artmış, yoxsulluq 5 faiz səviyyəsində olmuş, bütünlükdə ölkə iqtisadiyyatına 11 milyard 700 milyon manat investisiya qoyulmuşdur ki, onun 3,7 milyard manatı daxili investisiyalar olmuşdur.
Strateji yol xəritəsində milli iqtisadiyyatın GZİT təhlili əsasında iqtisadi inkişafın dörd mərhələsi qeyd olunmuşdur. Sonuncu dördüncü inkişaf mərhələsi iqtisadi artımın qeyri-neft sektoruna ötürülməsi, artım sürətinin səngiməsi dövrü kimi xarakterizə olunur.
Strateji yol xəritəsində göstərilir ki, Azərbaycan 2015-ci ildən etibarən iqtisadi inkişafın postneft erası dövrünə daxil olmuşdur. Bu zaman qarşıda duran vəzifələri həll etmək üçün Azərbaycan iqtisadiyyatı aşağıdakı üç böyük potensial imkanına malikdir.
Birincisi, ölkəmiz İran, Türkiyə və Rusiyanın bazarları arasında yerləşir. Təhlillər göstərir ki, qısa bir zaman kəsiyində ölkəmiz həmin bazarlara böyük miqyasda və çox istiqamətdə daxil olmaq üçün böyük potensiala malikdir.
İkincisi, Azərbaycan yaxın gələcəkdə bərpa olunacaq İpək yolunun imkanlarından kifayət dərəcədə bəhrələnmək üçün güclü nəqliyyat və logistika xidmətləri imkanlarına malik olacaq.
Üçüncüsü, ölkəmiz bu sahədə ancaq tranzit imkanlarına deyil, eyni zamanda, öz ərazisindən keçən, daşınan əmtəələrin üzərinə əlavə dəyər gətirməklə qlobal dəyər zəncirindən fəal faydalanmaq imkanına malik olacaq.
Dünya təcrübəsi göstərir ki, bu gün milli iqtisadiyyatların davamlı inkişaf modelinə keçidinin təmin edilməsi həlledici dərəcədə insan kapitalının həcmi və keyfiyyəti ilə bağlıdır. Bununla bağlı Davos İqtisadi Forumunun hazırladığı insan kapitalı indeksinə görə Azərbaycan 2015-ci ildə 124 ölkə arasında 63-cü yerdə, habelə Dünya İqtisadi Forumunun 2016-cı il üçün illik qlobal rəqabətlilik hesabatında Azərbaycan 144 ölkə arasında 78-ci yerdə qərarlaşmış, habelə iqtisadiyyatın rəqabətqabiliyyətliliyinə görə son illərdə 3 pillə irəliləyərək 40-cı yerdən 37-ci yerə yüksəlmişdir.
Qeyd etmək lazımdır ki, “Strateji yol xəritəsi”ndə 2020-ci ilədək milli iqtisadiyyatın inkişafına xarici-neqativ təsirləri azaltmaq hesabına yaxın gələcəkdə ölkəmizdə inkişaf xəttini yenidən bərpa etmək, beynəlxalq inteqrasiya proseslərindən səmərəli faydalanmaq, milli iqtisadiyyatın rəqabətqabiliyyətliliyini yüksəltmək, dövlət büdcəsinin və valyuta məzənnəsinin neftdən asılılığını kəskin azaltmaq mühüm bir vəzifə kimi qarşıya qoyulmuş və 2025-ci ilədək ölkəmizdə dayanıqlı inkişafda uğurlu nəticələr əldə etmək üçün makroiqtisadi mühitin, o cümlədən biznes, sahibkarlıq və innovasiya mühitinin yaxşılaşdırılması zərurəti xüsusilə vurğulanmışdır. Bu vəzifələri uğurla həyata keçirmək üçün hazırkı dövrdə ölkəmizdə maliyyə sektorunda sabitliyi təmin etmək üçün effektiv fiskal və mövcud reallıqlara uyğun monetar idarəetmənin təkmilləşdirilməsi zəruridir.
Məlumdur ki, bu gün Azərbaycan kifayət qədər şaxələndirilmiş nəqliyyat, logistika infrastrukturuna malikdir. Yaxın gələcəkdə Bakı-Tbilisi-Qars, Astara-Astara dəmir yolununun, Xəzər hövzəsində Bakı Beynəlxalq Dəniz Limanının istifadəyə verilməsi onların gəlir əldə etmək imkanlarını kəskin artıracaqdır. Eyni zamanda, 2018-ci ilədək Sumqayıt Kimya Sənaye Parkında dəyəri 2 milyard ABŞ dolları olan bir neçə sənaye müəssisəsi istifadəyə veriləcəkdir. Əlbəttə bu möhtəşəm vəzifələrin uğurla reallaşdırılmasında ölkəmizdə insan kapitalının inkişafının təmin edilməsi müstəsna əhəmiyyət kəsb edir. Təhsilin-elmin-innovasiyaların vəhdətinin, xüsusən alınan nəticələrin istehsala tətbiqinin təmin edilməsi sahəsində tədqiqatların dərinləşməsinə böyük ehtiyac vardır. Bu baxımdan Azərbaycan Dövlət Universitetində (UNEC) bu günlərdə “Təhsilin sosial-iqtisadi inkişafda rolu” mövzusunda keçirilən beynəlxalq elmi-praktiki konfransında gəlinən nəticələr, irəli sürülən təklif və tövsiyələrin əməli təcrübədə nəzərə alınması, zənnimizcə, mühüm əhəmiyyət kəsb edir.
Qarşıya qoyulmuş bu strateji məqsədləri səmərəli cəhətdən reallaşdırmaq üçün yol xəritəsində aşağıdakı hədəf indiqatorlar: 2025-ci ilə qədər ÜDM-də faizdən çox orta illik real artım və əlavə olaraq da 450 mindən çox yeni iş yerinin yaradılmasını; qeyri-neft sektoruna yönəldilmiş birbaşa xarici investisiyaların qeyri-neft ÜDM-dəki payının hazırkı 2,6 faizlik səviyyəsindən 4 faizə çatdırılması; qeyri-neft sektoru üzrə ixracın 2015-ci ildəki adambaşına 170 ABŞ dollarından 2025-ci ildə ən azı 450 ABŞ dollarına çatdırılması; ticari mal və xidmətlər sektorunda, xüsusən istehsal və ya turizm sektorlarında 150 min əlavə iş yerinin yaradılması; dövlət büdcəsinin ARDNF-in transfertlərindən asılılığının azaldılması nəzərdə tutulur.
Bütün bu problemlərin uğurlu həllində əmək məhsuldarlığının yüksəldilməsi çox zəruridir. Bu sahədə ölkəmizdə xeyli irəliləyişə nail olunmuşdur. Belə ki, Azərbaycanda məşğul əhali üzrə əmək məhsuldarlığının səviyyəsi 36 min dollar, Rusiyada 44 min dollar, Türkiyədə isə 57 min dollar səviyyəsində olmuşdur. Yaxın gələcəkdə bu sahədə əsaslı dönüşə nail olmaq üçün strateji yol xəritəsində əmək məhsuldarlığının yüksəldilməsi ilə bağlı konkret yollar və mexanizmlər müəyyənləşdirilmişdir.
Yol xəritəsində qarşıya qoyulan strateji vəzifələrin uğurla reallaşdırılması üçün bazar və dövlət mexanizmi elə optimal nisbətdə tətbiq edilməlidir ki, onlar ölkənin iqtisadi təhlükəsizliyini təmin etməklə milli iqtisadiyyatın özünü inkişaf etdirmək, modernləşdirmək, dəyişən şəraitə və tələbə effektiv uyğunlaşmaq, ölkəmizin mövcud potensialından davamlı inkişafın prinsiplərinə əsasən səmərəli istifadəsini stimullaşdırsın.
Məlumdur ki, effektiv iqtisadi inkişaf strategiyasının işlənib hazırlanması və qəbul olunması milli iqtisadiyyatın dinamik və davamlı inkişafının təmin edilməsinin ilkin şərtidir. Çünki son nəticədə reallaşdırılması nəzərdə tutulan inkişaf konsepsiyasının uğuru həlledici dərəcədə ölkədə mövcud olan tənzimləmə sisteminin nə dərəcədə səmərəli və optimal olmasından asılı olur. Həm də bu zaman iqtisadi inkişaf strategiyası işlənib hazırlayarkən multiplikator effektinin nəzərə alınması ən vacib şərtlərdən biri hesab edilməlidir. Belə ki, ölkəmizdə milli iqtisadiyyat və onun əsas sektorları üzrə qəbul olunan inkişaf konsepsiyası müvafiq tənzimləyici, qanunvericilik və normativ-hüquqi baza əsasında həyata keçirilir.
Təcrübə göstərir ki, sosial-iqtisadi inkişafla bağlı qəbul olunmuş qərarların və reallaşdırılması nəzərdə tutulan tədbirlərin reallığını və obyektivliyini təmin etmək üçün müvafiq makroiqtisadi göstəricilərin hesablanması uçotu və informasiya bazası təkmilləşdirilməlidir.
Göründüyü kimi, sosial-iqtisadi inkişafın xarakteri və dinamikasına qanunvericilik aktlarının təsirinin qiymətləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Qeyd olunanları nəzərə alaraq sosial-iqtisadi inkişafla bağlı qəbul olunan hər bir qanunvericilik aktı kifayət qədər güclü, intellektual yükə malik olmaqla cari və perspektiv məqsədləri nəzərə almalıdır. Çünki əslində sosial-iqtisadi proseslərin tənzimlənməsi bu prosesin qanunvericilik bazasını və bu sahədə dövlətin həyata keçirdiyi iqtisadi siyasətin mahiyyətini özündə əks etdirir. Bu baxımdan ölkəmizdə rəqabətli və sabit inkişaf edən milli iqtisadiyyatın səmərəli fəaliyyətinin təmin edilməsi işlənib hzırlanan və tətbiq olunan tənzimləmə sisteminin xarakterindən, effektivliyindən və bütünlükdə bu proseslərin idarə edilməsi səviyyəsindən çox asılı olur. Bu baxımdan ölkədə tətbiq olunan elə tənzimləmə sistemi effektiv hesab edilməlidir ki, onun reallaşdırılması son nəticədə qarşıya qoyulmuş məqsədlərin əməli cəhətdən səmərəli reallaşdırılmasına imkan versin, stimullaşdırsın.
Bütövlükdə, qanunvericiliyin sosial-iqtisadi proseslərə təsiri qiymətləndirilərkən xərc və alınan nəticə ilə yanaşı, ətraf mühitin qiymətləndirilməsi, iqtisadi təhlükəsizliyin təmin edilməsi, çağdaş və gələcək nəsillərin maraq və mənafelərinin gözlənilməsi problemləri də nəzərdən qaçırılmamalıdır. Sosial-iqtisadi inkişafın xarakterinə, qanunvericiliyin təsirinin qiymətləndirilməsi (RİA) problemi, fikrimizcə, iqtisadi ədəbiyyatda, təcrübədə nisbətən az araşdırılan və müraciət olunan məsələlərdəndir. Bu baxımdan Bakı şəhərində 21-22 sentyabr 2016-cı il tarixində ölkə Prezidentinin sərəncamı ilə yaradılmış İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təşkilatçılığı ilə “Qanunvericiliyin təsirinin qiymətləndirilməsi” mövzusunda keçirilən elmi seminarda aparılan müzakirələr, dinləmələr, zənnimizcə, dünya təcrübəsi və ölkəmizin mövcud reallıqlardan irəli gələn qanunauyğunluqların xüsusiyyətlərinin davamlı inkişaf baxımından GZİT təhlili və dəyərləndirilməsi ölkəmizdə sosial-iqtisadi inkişafın tənzimlənməsinin normativ-hüquqi və qanunvericilik bazasının daha da təkmilləşdirilməsinə imkan verəcəkdir.
Hazırda ölkəmizin iqtisadçı alimlərinin qarşısında mövcud sosial-iqtisadi vəziyyəti sistemli, kompleks GZİT təhlil etmək və davamlı inkişaf modelinin prinsiplərinə uyğun dəyərləndirərək milli iqtisadiyyatın bütün sahə və istiqamətləri üzrə sosial-iqtisadi inkişafla bağlı elmi cəhətdən əsaslandırılmış, əməli cəhətdən reallaşdırılması mümkün olan konkret təkliflər və tövsiyələr irəli sürmək kimi strateji bir vəzifə durur. İnanırıq ki, iqtisadçı alimlər bu vəzifənin öhdəsindən layiqincə gələcəklər.
Onu da xüsusi vurğulamaq lazımdır ki, son illərdə Azərbaycan dövləti tərəfindən qəbul olunmuş bütün proqramlar, layihələr və qarşıya qoyulan məqsədlər tam, vaxtında və keyfiyyətlə yerinə yetirilmişdir. Bu baxımdan qeyd olunan strateji yol xəritəsinin də uğurla reallaşdırılmasına heç bir şübhə ola bilməz. Çünki strateji yol xəritəsində reallaşdırılması nəzərdə tutulan bütün tədbirlər, qarşıya qoyulan hədəflər, məqsədlər tam realdır və onlar Azərbaycanın iqtisadi potensial imkanlarına, ölkə Prezidentinin güclü idarəçilik, təşkilatçılıq qabiliyyətinə və möhkəm iradəsinə əsaslanır.
Məhiş ƏHMƏDOV,
Azərbaycan Dövlət İqtisad Universitetinin eksperti,
iqtisadiyyatın tənzimlənməsi kafedrasının müdiri, professor
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.