Prezident İlham Əliyev: Azərbaycan regional əməkdaşlıq məsələlərinə çox böyük əhəmiyyət verir
{nl}
Dünya təcrübəsi göstərir ki, heç bir ölkə beynəlxalq əməkdaşlıq, təcrübə mübadiləsi olmadan, səylər və ehtiyatlar birləşdirilmədən təkbaşına iqtisadi tərəqqiyə nail ola bilməz.
Ulu öndər Heydər Əliyevin 1996-cı ilin mayında İƏT-in IV sammitindəki çıxışından
{nl}
Kütləvi informasiya vasitələrinin bu günlər daha böyük önəm verdiyi məsələlərdən biri də İqtisadi Əməkdaşlıq Təşkilatının İstanbulda keçirilən növbəti sammitidir. Üzv ölkələrin hökumət və dövlət başçılarının iştirak etdiyi həmin beynəlxalq tədbir Azərbaycan üçün də kifayət qədər əhəmiyyətlidir. Çünki bu gün Azərbaycan beynəlxalq aləmin ən fəal üzvlərindən biri kimi həm regional, həm də dünyamiqyaslı təşkilatların tribunalarından daha səmərəli şəkildə istifadə etməyi bacarır. 2009-cu ilin martında Tehranda keçirilmiş X sammitdən ötən dövrdə ölkəmizin əldə etdiyi sosial-iqtisadi nailiyyətlər də bizim üçün İƏT-in sammitini daha maraqlı, daha gözlənilən edirdi. Dekabrın 23-də İstanbulda, "Çırağan" sarayında keçirilmiş XI sammitdə Azərbaycan Prezidenti İlham Əliyevin çıxışının maraq və diqqətlə izlənilməsi də elə ölkəmizin regionda artan nüfuzu ilə əlaqədar idi. Bu barədə aşağıda ətraflı söz açacağıq.
Ötən əsrin sonlarına yaxın dünyada gedən ictimai-siyasi proseslər bir çox dövlətlərin beynəlxalq münasibətlər məsələsində öz siyasi kursuna yenidən baxmasını zəruri etmişdi. Vəziyyətə məhz bu prizmadan yanaşan dövlət başçılarının birgə səyi ilə regional siyasi-iqtisadi əməkdaşlığın yeni istiqamətlərini müəyyən edən beynəlxalq təşkilatlar yaranırdı. Həmin tendensiyanın nəticəsi olaraq, 1985-ci ildə Türkiyə Cümhuriyyəti, İran İslam Respubilkası və Pakistan dövləti tərəfindən təsis edilən İqtisadi Əməkdaşlıq Təşkilatı adlı yeni beynəlxalq qurum fəaliyyətə başlamışdı. Əslində bu təşkilatın fəaliyyətini Xarici İşlər Nazirləri Şurası adlı xüsusi qurum tənzimləyir. Ancaq dövri olaraq dövlət və hökumət başçılarının görüşləri (sammitlər) keçirilir və həmin toplantılarda üzv ölkələr arasındakı əməkdaşlığın mövcud vəziyyəti, əlaqələrin inkişaf perspektivləri, təhlükəsizlik məsələləri və başqa məsələlər müzakirə olunur. Adıçəkilən şura təşkilatın fəaliyyət siyasətini, Regional Plandaşdırma Şurasını və Müavinlər Şurasını müəyyən edir. Mənzil-qərargahı Tehranda yerləşən Müavinlər Şurası İƏT ölkələri səfirlərindən ibarətdir.
İqtisadi Əməkdaşlıq Təşkilatının kənd təsərrüfatı sahəsi, sənaye əməkdaşlığı, nəqliyyat və rabitə, infrastruktur və ictimai işlər, təhsil və mədəniyyət, energetika, narkotik maddələrin yayılmaması məsələləri üzrə fəaliyyət göstərən 8 texniki komitəsi vardır. Komitələr ildə bir dəfə toplaşır. Bu reqlament Nazirlər Şurasının toplantılarına da şamil edilir. İƏT 1993-cü ildən etibarən BMT-də, sonrakı ildən isə İslam Konfransı Təşkilatında müşahidəçi statusu ilə təmsil olunur. SSRİ dağıldıqdan sonra yaranan müstəqil dövlətlər - Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistan, daha sonra isə Əfqanıstan bu təşkilata üzv olmaqla İƏT-in miqyasını və təsir dairəsini kifayət qədər genişləndirmişlər. O vaxta qədər bir sammiti keçirilən İƏT 1993-cü ilin yayında İstanbulda yeni formatda birinci, ümumiyyətlə isə ikinci sammitinə toplanmış və İstanbul bəyannaməsi qəbul edilmişdi. Sammitin qəbul etdiyi başqa sənəddə isə ermənilərin Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Ağdərə rayonlarına hücumları pislənilir, Ermənistanın işğalçı siyasətdən əl çəkməsi tələb olunurdu.
Azərbaycan İƏT-in dördüncü sammitində ilk dəfə olaraq dövlət başçısının - Prezident Heydər Əliyevin iştirakı ilə təmsil olunmuşdur. 1996-cı ilin may ayında Aşqabadda keçirilən sammitdə "Nəqliyyat və kommunikasiya inkişafına dair (1998 - 2007-ci illər) proqram" qəbul olunmuşdu. 2000-ci ildə Tehranda keçirilən VI sammitdə də dövlət başçısı Heydər Əliyev iştirak etmiş və Azərbaycan Prezidenti toplantıda çıxış edərək region iqtisadiyyatının yaxşılaşdırılması üçün Böyük İpək Yolunun bərpasına tərəfdar olduğunu bildirmişdir. İki il sonra - 2002-ci ilin oktyabrında keçirilən VII sammitdə isə Azərbaycan Prezidenti Heydər Əliyev Əfqanıstana yardım fondunun təsis edilməsində, eləcə də Türkmənistandan Pakistana qaz nəqli üçün kəmərin çəkilməsi məsələsinin müzakirəsində iştirak edib.
Azərbaycan İƏT-ə üzv ölkə kimi iqtisadi əməkdaşlığın genişləndirilməsi və regiondaxili ticarətin artırılması məqsədilə 10 müxtəlif sazişə, o cümlədən "İƏT regionunda Tranzit Nəqliyyatı haqqında Saziş"ə qoşulmuşdur. "İƏT regionunda investisiyaların təşviqi və qorunması haqqında Saziş" də Azərbaycan Respublikası tərəfindən imzalanmışdır.
Prezident İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının fəaliyyətinə xüsusi önəm verir və bu qurumun perspektivinə böyük ümidlərlə baxır. Məhz həmin yanaşmanın nəiticəsidir ki, ölkəmizdə İƏT çərçivəsində bir sıra tədbirlər keçirilmiş, layihələr reallaşdırılmışdır. Həmin tədbirlərin ən böyüyü isə 2006-cı ilin may ayında İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin dövlət və hökumət başçılarının VIII sammitinin məhz Bakıda keçirilməsi idi. Azərbaycan həmin beynəlxalq tədbirə ev sahibliyi etməsi və üç il quruma sədrlik etməsi ilə İƏT-in fəaliyyətinə verdiyi önəmi ortaya qoymuşdu. Dövlət başçımız 2009-cu ildə Tehranda keçirilən X sammitdə ölkəmizin İƏT-dəki fəaliyyətini Azərbaycanın bu quruma sədrlik etdiyi dövrdə həyata keçirdiyi tədbirləri yüksək qiymətləndirmişdi.
Dövlət başçımız İstanbul sammitindəki çıxışında qeyd etdi ki, "Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının fəaliyyətinə çox böyük önəm verir. Biz təşkilatda fəal iştirak edirik və təşkilatın güclənməsi çox müsbət haldır. Mən əminəm ki, gələcəkdə bu təşkilat dünya miqyasında daha da önəmli rola malik olacaqdır". Eyni zamanda, dövlət başçımız qeyd etdi ki, Azərbaycan İƏT-in güclənməsində maraqlıdır və bu məqsədlə öz töhfələrini verməkdə davam edəcəkdir: "Türkiyənin Prezidenti Abdullah Gülün təkliflərinə də çox müsbət baxıram ki, təşkilatın bankına əlavə üzvlərin qoşulması müsbət hal kimi qiymətləndirilir. Azərbaycan öz tərəfindən banka tamhüquqlu üzv olmaq, səhmdar olmaq üçün bu dəvətdən istifadə edəcəkdir".
Azərbaycan Prezidentinin çıxışını, xüsusən, adıçəkilən banka münasibət bildirməsini yüksək qiymətləndirən Türkiyə Prezidenti Abdullah Gül öz məmnunluğunu dilə gətirdi: "İƏT İnkişaf və Ticarət Bankının ortaqları çoxalmalıdır, hamınızı dəvət etmişdim. Cənab Əliyev banka ortaq olacaqlarını bəyan etdi. Bundan böyük bir məmnuniyyət duyduq. Ümid edirəm ki, digər üzv ölkələr də eyni addımı atacaqlar. Şəxsən qardaşım İlham Əliyevə bir daha təşəkkür edirəm".
Qeyd edək ki, bu təşkilat çərçivəsində müxtəlif istiqamətli tədbirlər həyata keçirilir. Daha çox isə biznes, özəlləşdirmə və ticarətin təşviqi məsələləri müzakirə edilir. Məsələn, gələn il Azərbaycanda İƏT xətti ilə Ticarətin Təşviqi üzrə təşkilat rəhbərlərinin 2 iclası və eləcə də 4-cü biznes forum keçiriləcək. Əminik ki, rəsmi Bakı 2006 - 2009-cu illərdə İƏT-ə sədrlik etdiyimiz dövrdə olduğu kimi, bu tədbirlər zamanı da Azərbaycanın beynəlxalq təşkilatlarla əməkdaşlıq tarixinə yeni töhfələr verəcəkdir.
{nl}
İttifaq MİRZƏBƏYLİ, "Xalq qəzeti"
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.