Vergi xidməti – yeni çağırışlar, islahatlar, dəyişikliklər və transformasiya yolunda

Azərbaycan Respublikasının vergilər naziri, birinci dərəcəli dövlət vergi xidməti müşaviri Fazil Məmmədovun Avropadaxili Vergi Administrasiyaları Təşkilatının saytında (www.iota-tax.org) yerləşdirilmiş məqaləsində son aylar ölkəmizin vergi sistemində aparılmış islahatlar, vergi inzibatçılığındakı dəyişikliklərin əsas istiqamətləri ətraflı şəkildə şərh edilib. Məqalədə vergi siyasətinin tənzimləyici rolunun artırılması, əlverişli, şəffaf və cəlbedici vergi mühitinin formalaşdırılması, vergi ödəyicilərinə göstərilən xidmətlərin təkmilləşdirilməsi və müasir korporativ idarəetmə sisteminin qurulması kimi məsələlərə aydınlıq gətirilib.

Aparılan uğurlu və düşünülmüş iqtisadi siyasətin nəticəsi olaraq Azərbaycan iqtisadiyyatı son illərdə sürətli inkişaf mərhələsindən keçib, neft gəlirlərinin səmərəli istifadəsi sayəsində ölkə iqtisadiyyatının diversifikasiyasına müvəffəq olunub, qeyri-neft sektorunun inkişafında əhəmiyyətli irəliləyişlər əldə edilib. İnkişaf etməkdə olan ölkəmiz istər regionda, istərsə də dünya miqyasında yüksək artım templəri nümayiş etdirən dövlətlərdən biri kimi tanınır. Son bir neçə ildə dünya iqtisadiyyatı qlobal transformasiyaların, mövcud siyasi-iqtisadi problemlərin təsiri nəticəsində yenidən durğunluq və tənəzzül meyilləri ilə üzləşib. Milli iqtisadiyyatların kənar təsirlərə qarşı həssaslığının artdığı bir vaxtda inkişaf proseslərinə təsir göstərən qlobal faktorların da sayı ciddi şəkildə artıb, bütün ölkələrin bu və ya digər dərəcədə qlobal böhranın təsirlərinə və onun doğurduğu fəsadlara məruz qalması qaçılmaz hal alıb.

 

Yeni iqtisadi inkişaf modeli – milli iqtisadiyyatın yol xəritələri

 

Son bir neçə ildə dünya iqtisadiyyatının yeni tsiklə daxil olması, dünya enerji bazarlarında neftin kəskin ucuzlaşması bütün neft ixracatçısı ölkələrinə, o cümlədən Azərbaycana da təsirsiz ötüşməyib. Belə bir şəraitdə ölkə Prezidenti  cənab İlham Əliyev Azərbaycan iqtisadiyyatının liberallaşdırılması, rəqabət qabiliyyətinin artırılmasını, idxaldan asılılığın azaldılmasını, ixracyönümlü qeyri-neft sektorunun əsaslı inkişafının təmin edilməsini, insan kapitalından səmərəli istifadə edilməsi məqsədilə iqtisadi inkişafın keyfiyyətcə yeni modelinin formalaşdırılmasını, bu istiqamətdə davamlı və ardıcıl islahatların aparılmasını hökumətin qarşısında 2016-cı il üçün mühüm vəzifə olaraq müəyyənləşdirmişdi. Beləliklə, yeni iqtisadi strategiyanın hazırlanması və müvafiq institusional və konseptual islahatların həyata keçirilməsi ciddi bir zərurət olaraq ortaya çıxıb.

Yeni inkişaf dövründə ölkəmizin qarşısında duran məsələlərin həlli və dayanıqlı inkişafa nail olmaq istiqamətində mühüm addımlardan biri də “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”nin təsdiq olunmasıdır. Bu xəritə, eləcə də iqtisadiyyatın 12 əsas sektoru üzrə təsdiq edilmiş strateji yol xəritələri Azərbaycanın yaxın gələcək üçün hədəflərini və prioritet inkişaf istiqamətlərini müəyyən edən fundamental sənəd toplusu olmaqla, ölkənin yeni iqtisadi modelinin əsasını təşkil edir. Strateji yol xəritələri 2016-2020-ci illər üçün iqtisadi inkişaf strategiyasını və tədbirlər planını, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxışı və 2025-ci ildən sonrakı dövr üzrə qarşıya qoyulmuş hədəfləri özündə əks etdirir. İqtisadiyyatın mövcud vəziyyətinin dərin təhlilinə əsaslanan bu sənədlərdə ayrı-ayrı sektorların inkişaf istiqamətləri, rəqabətqabiliyyətliliyin daha da artırılması, investisiyaların cəlbi, azad rəqabət mühiti, dünya bazarlarına çıxış, Azərbaycanın dünya iqtisadiyyatında mövqeyinin və etibarlı tərəfdaş imicinin gücləndirilməsi əsas vəzifələrdən biri kimi müəyyən edilib.

Yeni çağırışların yarandığı dövrdə Azərbaycanın iqtisadi prioritetləri, bunların həyata keçirilməsi yolları, o cümlədən 2017-ci ildə ölkəmizin qarşısında duran əsas məsələlər ölkə Prezidenti cənab İlham Əliyevin Davos Forumunun saytında yayımlanmış məqaləsində geniş şərh edilir. Yeni erada qarşıda duran əsas məqsədlər sırasında iqtisadiyyatda qeyri-neft sektorunun diversifikasiyası prosesinin dərinləşdirilməsi, maliyyə sisteminin sağlamlaşdırılması, əhalinin gəlirlilik səviyyəsinin və məşğulluğunun artırılması da yer alır. Hazırda Azərbaycanda struktur və institusional islahatlar davam etdirilir, iqtisadi potensialın gücləndirilməsi məqsədilə ixracyönümlü məhsulların istehsalının artırılmasına, aqroparkların və iri fermer təsərrüfatlarının, sənaye parklarının və zonalarının yaradılmasına, ölkənin tranzit və logistik potensialının yüksəldilməsinə dövlət tərəfindən güclü dəstək verilir. Bunlarla paralel dövlət idarəetmə sistemi təkmilləşdirilir, bütün sahələrdə, o cümlədən vergi və gömrük sistemində şəffaflıq təmin edilməkdədir.

 

İntensiv islahatlar ili

 

İqtisadiyyatda yeni eranın başlanması 2016-cı ildə vergi sistemində də fundamental islahatları labüdləşdirib. “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”nə dair sənəddə, eləcə də “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”ndə yeni dövrdə vergi sisteminin qarşısında duran mühüm vəzifələr öz əksini tapır. Bunlar vergi ödəyiciləri ilə vergi orqanları arasında qarşılıqlı etimadın yüksəldilməsi və şəffaflığın daha da artırılması, sahibkarlara əlverişli şəraitin yaradılması, habelə ölkə iqtisadiyyatının davamlı inkişaf tempinə uyğun olaraq real vergi potensialının müəyyən edilməsi üçün vergi sistemində islahatların davam etdirilməsi, verginin stimullaşdırıcı təsirinin önə çəkilməsi və vergi inzibatçılığının daha da təkmilləşdirilməsidir. Bu istiqamətdə atılan mühüm addımlardan biri də Azərbaycan Respublikası Prezidentinin 4 avqust 2016-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”dir ki, bu da ötən il həyata keçirilən tədbirlərin əsas konturlarını müəyyən edib.

Vergi risklərinin müəyyən edilməsi və yayındırılan vergilərin aşkarlanması məqsədilə “risklərin idarə edilməsi” sistemi kimi innovativ alətlər uğurla tətbiq olunub, iri vergi ödəyicilərində elektron auditin tətbiqi dairəsi genişləndirilib, vergi yoxlamalarının bütün növlərinin həyata keçirilməsi ilə bağlı qaydalar təkmilləşdirilib, elektron xidmətlərin sayı artırılıb, ölkəmizə turist axınının artımında mühüm rol oynayan “Tax free” sisteminin tətbiqinə başlanılıb. 2016-cı ildə OECD-nin Qlobal Forumunun Qiymətləndirmə Qrupu Azərbaycan Respublikasının vergi sistemində şəffaflığın və məlumat mübadiləsi sisteminin beynəlxalq standartlara uyğunluğu ilə bağlı hesabatı qəbul edərək ölkəmizə yüksək reytinq verib. Bundan başqa, intizamlı vergi ödəyicilərinə “yaşıl dəhliz” prinsipi əsasında fərdi və sürətli innovativ texnologiyalara söykənən xidmətlərin göstərilməsi üçün hazırlıq işləri başa çatdırılıb. Bütün bunlar vergi sistemində şəffaflığın daha da artırılmasına, vergi orqanları və sahibkarlar arasında münasibətlərin yeni müstəviyə qaldırılmasına şərait yaradıb.

 

Liberallaşan Vergi Məcəlləsi

 

Vergi qanunvericiliyinin təkmilləşdirilməsi məqsədilə qısa müddət ərzində beynəlxalq təşkilatlar, maliyyə institutları, sahibkarların ictimai birlikləri, biznes nümayəndələri ilə sıx və konstruktiv dialoq əsasında Vergi Məcəlləsinə və digər qanunvericilik sənədlərinə həm həcm, həm də mahiyyət baxımından ciddi və böyük dəyişikliklər edilməsi ilə bağlı layihələr hazırlanıb və 2016-cı ilin sonunda qəbul edilib. Bu dəyişikliklərin əsas məqsədi kiçik və orta biznesin inkişafına daha əlverişli şəraitin yaradılması, vergi orqanları və sahibkarlıq subyektləri arasında qarşılıqlı etimad səviyyəsinin yüksəldilməsi, vergi yükünün optimallaşdırılması, vergi ödəyicilərinin hüquqlarının qorunması, onların vaxt itkisinə məruz qalmaması və vergi öhdəliklərinin daha rahat şəkildə yerinə yetirilməsi, bir sıra vergi ödəyiciləri üçün güzəştlərin müəyyən edilməsi yolu ilə sosial bərabərliyin  təmin olunması, nağdsız əməliyyatların həcminin artırılması, vergitutma bazasının genişləndirilməsi, pul dövriyyəsinin tənzimlənməsi, bankların likvidliyinin və bilavasitə vergi mühitinin cəlbediciliyinin artırılması yolu ilə iqtisadiyyata investisiya qoyuluşlarının təşviq edilməsi, ixracın stimullaşdırılması, uçotun dürüstlüyünün və şəffaflığının təmin olunmasıdır.

Bununla yanaşı, Vergi Məcəlləsinə beynəlxalq təcrübəyə əsaslanan bir sıra mütərəqqi yeniliklərlə bağlı müddəalar da əlavə edilib. Bunların sırasına vergi öhdəliklərinin hüquqi nəticələr doğurmazdan əvvəl vergi orqanları ilə razılaşdırılması qaydası və vergi ödəyicilərinin hüquqlarının qorunmasına xidmət edən “Könüllü vergi açıqlaması” sisteminin tətbiqi, transfert qiymətlərinə və ofşor zonalarda qeydiyyatdan keçmiş müəssisələrlə aparılan əməliyyatlara nəzarət mexanizmlərinin qurulması, rəqəmsal iqtisadiyyatın, xüsusilə elektron ticarət üzərində vergi mexanizmlərinin yaradılması daxildir. E-ticarət üzərində vergi mexanizmlərinin yaradılması hazırda dünya vergi administrasiyalarının qarşısında duran həlli mürəkkəb problemlərdən biridir. Bu sahədə vergi mexanizmlərinin qurulması məqsədilə bir çox ölkələrin, xüsusilə aparıcı Avropa dövlətlərinin təcrübəsi öyrənilib və MDB məkanında problemin ən effektiv və spesifik həlli məhz Azərbaycanın vergi qanunvericiliyində öz əksini tapıb.

Göründüyü kimi, qanunvericiliyə edilmiş dəyişikliklər çoxvektorlu hədəflər müəyyən edir ki, bu da, şübhəsiz, vergi administrasiyasının yeni tələblərə uyğunlaşdırılması zərurətini yaradır. Vergi qanunvericiliyinin və inzibatçılığının təkmilləşdirilməsi sahəsində son illər görülən böyük həcmli işlər, həmçinin qarşıya qoyulmuş yeni hədəflər daha çevik, yeni tələblərə adaptasiya oluna bilən, öz vəzifələrini zamanın çağırışlarına dərhal və adekvat uzlaşdıra bilən, müasir korporativ idarəetmə prinsiplərinə söykənən dinamik struktura malik administrasiyanın qurulmasını tələb edir.

 

Vergi ödəyiciləri yönümlü administrasiyaya keçid

 

Vergi sistemində aparılan islahatların məntiqi davamı administrasiyanın təkmilləşdirilməsini və təşkilati strukturunun transformasiyasını labüdləşdirir.

Vergilər Nazirliyi buna qədər də daim canlı və dinamik qurum kimi fəaliyyət göstərib, öz inzibati resurslarını və sistemdaxili strukturunu iqtisadiyyatın dəyişən tələblərinə uyğun qurub, zərurət yarandıqca vergi inzibatçılığında və idarəetmə sistemində islahatlar aparıb. Bununla belə, milli vergi administrasiyasındakı son dəyişikliklər istər mahiyyət, istərsə də əhatə baxımından daha genişdir. Bu, 2002-ci ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə aparılmış və vergi inzibatçılığının regional prinsiplər əsasında həyata keçirilməsini nəzərdə tutan köklü struktur və təşkilati islahatlardan sonra vergi xidmətinin bütün idarəetmə həlqələrinin, menecment sisteminin dəyişilməsini ehtiva edən və vergi ödəyiciləri yönümlü administrasiyaya çevrilməsini nəzərdə tutan ikinci belə transformasiyadır.

Vergi sisteminə yeni baxış bucağı, ilk növbədə, iki mühüm prinsip üzərində qurulur. Bunlardan birincisi və ən önəmlisi “fərdi yanaşma” prinsipidir. İndiyədək vergi xidmətində işin əsas ağırlığı böyük dövriyyəsi olan vergi ödəyiciləri ilə aparılan işlərə yönəldilirdi və dövriyyələrindən asılı olmayaraq bütün vergi ödəyicilərinə (iri, orta və kiçik) eyni inzibati mexanizmlər tətbiq edilirdi. Yeni dönəmdə vergi administrasiyasının ilkin vəzifəsi bu yanaşmanı dəyişmək, hər kateqoriya vergi ödəyicisinə ona uyğun yanaşmalar formalaşdırmaqdır. Bu məqsədlə beynəlxalq təcrübədə geniş istifadə olunan “dövriyyə intervalları” prinsipini vergi inzibatçılığının bütün sahələrində tətbiq etməklə, vergi ödəyicilərinə münasibətdə yanaşmanı diferensiallaşdırmaq, daha səmərəli, çevik və şəffaf inzibatçılıq formalaşdırmaq nəzərdə tutulur. Burada əsas yanaşma kiçik və orta sahibkarlıq subyektləri ilə iri və xüsusi rejimli müəssisələrlə iş prinsiplərini ayırmaq, hər bir sahibkarlıq qrupuna fərdi yanaşmanı, eləcə də fiskal və inzibatçılıq yükünün düzgün bölüşdürülməsini təmin etməkdir.

İkinci mühüm prinsip isə sahibkarlıq subyektləri ilə “partnyorluq münasibətlərinin qurulması və dərinləşdirilməsi” prinsipidir. Vergilər Nazirliyi sahibkarlıq subyektləri ilə partnyorluq münasibətlərinin qurulmasına artıq bir neçə ildir başlasa da, yeni yanaşmada bu münasibətlərin konkret əsaslara keçilməsi və dərinləşdirilməsi, vergi ödəyicilərinin öhdəliklərinin dəqiqləşdirilməsi, onlara müasir və innovativ xidmətlərin göstərilməsi əsas götürülüb. Bu məqsədlə yenə də beynəlxalq təcrübədən faydalanaraq intizamlı vergi ödəyiciləri üçün “yaşıl dəhliz” prinsipi əsasında innovativ yeniliklərə söykənən fərdi və sürətli ünvanlı xidmətlər sisteminin tətbiqi qərara alınıb.

Vaqif BAYRAMOV,
 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında