Hər bir ölkənin geosiyasi və geoiqtisadi mövqelərinin gücü həm də onun nəqliyyat sisteminin inkişafından asılıdır. Bu mənada dəmir yolu nəqliyyatının rolu mühüm önəm daşıyır. Başqa sözlə, milli iqtisadiyyatların qarşılıqlı asılılığının getdikcə artdığı, regionlararası və qitələrarası mal dövriyyəsi səviyyəsinin tədricən yüksəldiyi bir dövrdə dəmir yolu nəqliyyatı dövlətlərin inkişafının təkanverici elementinə çevrilməklə, xüsusi əhəmiyyət kəsb edir. Məhz elə buna görə də Azərbaycanda dəmir yolu sisteminin tərəqqisinin daim diqqət mərkəzində saxlanılması prioritet məsələlərdən biridir. Yeni Azərbaycan Partiyasının “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti (QSC) üzrə təşkilatının sədri Xeyrulla Hümbətov bununla bağlı söhbət zamanı dedi:
– Ulu öndərin siyasi xəttinin layiqli davamçısı dövlətimizin başçısı möhtərəm İlham Əliyev 2003-cü ildə Prezident seçildikdən sonra dəmir yolu sistemində də ardıcıl tədbirlər həyata keçirilməyə başlanıldı. Ölkə Prezidentinin rəhbərliyi ilə “Azərbaycan Dəmir Yolları”nın beynəlxalq standartlara uyğun qurulması istiqamətində reallaşdırılan bir sıra mühüm islahatlar dəmir yolu infrastrukturunun inkişafını sürətləndirdi.
Bu gün inamla deyə bilərik ki, cənab İlham Əliyev tərəfindən göstərilən xüsusi diqqət və qayğı dəmir yolu sektorunun dinamik inkişafı üçün böyük imkanlar yaradıb. Dövlətimizin başçısının respublikamıza rəhbərlik etdiyi ötən illər ərzində bu sahədə baş verən dəyişikliklərlə yanaşı, mühüm uğurlar da əldə olunub.
Dövlət başçısının müvafiq sərəncamı ilə “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbərliyində dəyişiklik edilməsi bu sahədə islahatların daha da sürətlənməsinə və restrukturizasiyasına, habelə dəmir yolu nəqliyyatında mövcud infrastrukturun, habelə dəmir yolu nəqliyyatı vasitələrinin müasirləşdirilməsinə öz müsbət təsirini göstərib.
Hazırda beynəlxalq maliyyə qurumları ilə QSC arasında əlaqələr daha da intensivləşib. İslahatların aparılması sürətlənib. QSC-nin vaqon parkının yenilənməsi istiqamətində mühüm addımlar atılıb. Yük daşımalarına olan tələbatın ödənilməsi, xidmətin səviyyəsinin daha da yüksəldilməsi, əlavə yüklərin cəlb olunması və daşınan yüklərin mənzil başına təhlükəsiz şəraitdə çatdırılması üçün texniki vasitələrin yeniləşdirilməsi diqqət mərkəzində saxlanılıb. Bütün bunlar isə əlavə valyuta resurslarının Azərbaycan iqtisadiyyatına yönəldilməsi ilə nəticələnib.
Azərbaycan dəmir yolunun infrastrukturunun yeniləşdirilməsi, xidmətin səviyyəsinin daha da yüksəldilməsi istiqamətində bütün qüvvələr səfərbər edilib. Bununla bağlı QSC tərəfindən son iki il ərzində görülən işlərin bir qisminə nəzər salaq. Əvvəlcə diqqəti Bakı Dəmir Yolu Vağzalında aparılan əsaslı yenidənqurma tədbirlərinə yönəltmək istərdim. Xatırladım ki, sözügedən vağzal bu il fevralın 10-da əsaslı yenidənqurmadan sonra istifadəyə verilib. Açılış mərasimində möhtərəm Prezidentimiz İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva da iştirak edirdilər.
Yeri gəlmişkən, vağzal binası 1884-cü ildə Mavritaniya üslubunda inşa olunub, 1926-cı ildə isə rekonstruksiya edilib. Elə həmin ilin iyununda keçmiş SSRİ məkanında ilk dəfə Azərbaycanda Bakı-Sabunçu dəmir yolu sahəsində elektrik qatarı hərəkətə buraxılıb. 1977-ci ildə dəmir yolunun Bakı sərnişin stansiyasında yeni vağzal binası tikilib. Sərnişinlərə xidmət üçün nəzərdə tutulan və mehmanxanası olan 16 mərtəbəli vağzal binası Cənubi Qafqazda eyni tipdən olan obyektlər arasında möhtəşəmliyi ilə daha çox diqqət çəkir. Belə ki, həmin binanın üslubu və fasadı Bakı üçün ənənəvi tikililərdən fərqlənir. Eksteryeri qədim Şərq üslubuna xasdır. Binanın fasadında Şirvanşahlar sarayının bir çox elementlərindən də istifadə olunub. Uzun illər istismar və baxımsızlıq üzündən bina görkəmini itirdiyi üçün 2015-ci ilin əvvəlində burada əsaslı yenidənqurma işlərinə start verildi. Vağzal binasında milli ornamentlərə uyğun olaraq yenidənqurma həyata keçirildi.
Vağzalın əsas binasının fasadı memarlıq üslubunun saxlanması şərtilə yenidən qurulub, binanın daxilində əsaslı təmir işləri görülüb. Həmçinin bilet satışı kassaları, sərnişin platformaları müasir üslubda əsaslı təmir olunub, eskalatorlar yenisi ilə əvəzlənib. Yük, sərnişin və əlillər üçün liftlər quraşdırılıb. Əsaslı təmir zamanı burada inzibati otaqlar, müasir standartlara cavab verən ticarət və iaşə obyektləri yaradılıb, ana-uşaq otaqları, gözləmə zalı, saxlama kameraları sərnişinlərin istifadəsinə verilib. Əsaslı təmir və yenidənqurma işləri çərçivəsində dördü vağzala, dördü isə şəhərə çıxış üçün müasir səviyyədə 8 tunel də yaradılıb.
Vağzal binasının ikinci mərtəbəsində 2 saylı “ASAN kommunal” fəaliyyət göstərir. Xatırladım ki, “ASAN kommunal” mərkəzlərinin yaradılması cənab İlham Əliyevin ötən il imzaladığı fərmanla Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə tapşırılıb. Bu mərkəz qeydiyyat yerindən asılı olmayaraq bütün vətəndaşlara, o cümlədən vağzaldan istifadə edən bütün sərnişinlərə xidmət göstərir.
Bank və notariat xidmətlərinin də təşkil edildiyi “ASAN kommunal”da 51 əməkdaş, 20 könüllü, ümumilikdə, 71 nəfər işlə təmin olunub. Mərkəzdə könüllülər otağı, konfrans zalı, uşaq əyləncə sahəsi yaradılıb.
Bakı Dəmir Yolu Vağzalının belə yüksək səviyyədə yenidən qurulması, ümumilikdə, ölkəmizdə həyata keçirilən sosial layihələrin uğurla davam etməsini aydın göstərir. Bu layihənin icra olunması həm də Azərbaycan dəmir yollarının inkişafına göstərilən dövlət qayğısının bariz nümunəsidir.
QSC-nin inzibati binasında da əsaslı təmir və yenidənqurma işləri yüksək səviyyədə həyata keçirilib. 1956-cı ildə inşa edilən bu binanın ümumi sahəsi 30 min kvadratmetrdir. Burada işçilərin yüksək səviyyədə çalışmaları üçün hərtərəfli şərait yaradılıb, otaqlar ən müasir mebel və avadanlıqla təchiz olunub. Qatarların hərəkəti onlayn və GPS sistemləri ilə izlənilir.
Binada ən müasir işıqlandırma sistemi qurulub. Dəmir yolunun fasiləsiz iş rejimini nəzərə alaraq, binanın həyətyanı ərazisində iki transformator və generator quraşdırılıb, su anbarları inşa edilib. Bina mərkəzləşdirilmiş havalandırma sistemi ilə təchiz olunub. Burada, eyni zamanda, beynəlxalq standartlara cavab verən yanğın təhlükəsizliyi və mühəndis kommunikasiya sistemləri tam şəkildə yenilənib. Ətraf ərazilərdə əsaslı abadlıq-quruculuq və yaşıllaşdırma işləri görülüb.
“Azərbaycan Dəmir Yolları” QSC tərəfindən son iki ildə digər sahələrdə də geniş həcmdə yenidənqurma işləri görülüb. Bunların bir qisminə nəzər salaq. Əvvəlcə onu deyim ki, hazırda Bakı–Zabrat–Sumqayıt sərnişin dəmir yolu istiqamətində 29,2 kilometr uzunluğunda dəmir yolunun əsaslı təmiri sürətlə davam edir. İşlər mərhələ-mərhələ aparılır. Layihə çərçivəsində Böyükşor-Sabunçu mənzilində 5,3 kilometr uzunluğunda yolun əsaslı təmirinə başlanılıb. Artıq 2,3 kilometr köhnə yol sökülüb, təmir işləri 10 gün davam edəcək.
Xatırladım ki, Bakı sərnişin–Zabrat–Sumqayıt sərnişin dəmir yolu xəttinin əsaslı təmirinə 2016-cı il noyabr ayının 8-də start verilib. Bu günə kimi 6,5 kilometr yol qoyulub, eləcə də 5 dəst yoldəyişdirici qurğu quraşdırılıb.
Qeyd edim ki, bu yolun qoyuluşu başa çatdıqdan sonra Bakı və Bakıətrafı qəsəbə və kəndlərin əhalisinin dəmir yolundan istifadə etməklə, nəqliyyat problemi qismən də olsa, aradan qaldırılacaq. Bakı, 8-ci kilometr qəsəbəsi, Sabunçu, Zabrat, Pirşağı, Kürdəxanı, Goradil, Saray, habelə Sumqayıt əhalisi elektrik qatarlarının xidmətindən istifadə edərək, mənzilbaşına rahat və təhlükəsiz şəraitdə çatacaq.
“Azərbaycan Dəmir Yolları” respublikadaxili dəmir yollarının təmirini də xüsusi diqqətdə saxlayır. 2015-ci il aprelin 14-də “Azərbaycan dəmir yollarının yenidənqurulması” layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə QSC ilə Çexiya Respublikasının “MORAVİA STEEL” şirkətlər qrupu arasında “Dəmir yollarının Bakı-Böyük Kəsik sahəsində 600 kilometr hissənin maddi–texniki təchizatı və əsaslı təmiri” barədə ixrac müqaviləsinə əlavə saziş imzalanıb. Yeni layihənin icrasına ötən ilin oktyabr ayının sonlarında başlanılıb və indiyə kimi 220 kilometr dəmir yolu əsaslı təmir olunub.
Hazırda dəmir yollarının əsaslı təmir olunan hissəsi 800 metrlik uzunölçülü relslərlə (pletlərlə) əvəz olunur. Uzunölçülü relslərin qaynaqlanması prosesini “Dəmiryolservis” MMC-nin 24 saylı Salyan Rels-Qaynaqlama Qatarının kollektivi həyata keçirir. Müəssisənin bazasının gücləndirilməsi istiqamətində bir sıra layihələr həyata keçirilib. 800 metrlik uzunölçülü relslərin (pletlərin) hazırlanması prosesinə 2012-ci il fevralın 22-də start verilib, elə həmin ildə 24 saylı Salyan Rels-Qaynaqlama Qatarında yeni texnoloji xəttin tikintisinə başlanılıb, 2013-cü il yanvarın 30-da istismara verilib.
Bakı-Tbilisi-Qars yeni dəmir yolu xətti bağlantısının Gürcüstan hissəsində qaynaq işlərini həyata keçirmək məqsədilə Ukraynanın Kaxovka zavodundan KSM-005 markalı səyyar qaynaq texnikası alınaraq istismara verilib. Bu texnika həm avtomobil, həm də dəmir yolu üzərində hərəkət edə bilir.
Polad magistral boyu rahat və təhlükəsiz hərəkətin təmin olunmasında uzunölçülü relslərin tətbiq olunmasının böyük əhəmiyyəti var və bundan əldə edilən iqtisadi səmərəlilik artır. Belə ki, 25 metrlik relsləri bağlayan yanlıqlara, yanlıqların bolt və qaykalarına ehtiyac qalmır. Relslərin ucları sınmadığı üçün istismar müddəti uzanır. Vaqonların təkərlərinə və oxlarına düşən zərbələr, müqavimət olmadığı üçün enerji sərfiyyatı, ətraf mühitə vibrasiya və səs təsiri azalır. Hərəkət heyətinin sürəti artır və sərnişinlərin rahatlığı təmin olunur. Belə olan halda yola xidmət etmək asanlaşır, lokomotivlərin və vaqonların hərəkəti zamanı bəzi yeyilmə və sürtünmə halları azalır, relslərin ömrü uzanır.
Yuxarıda qeyd edilənlərlə yanaşı, İran ilə Azərbaycanın gələcək iqtisadi inkişafına böyük təkan verəcək Astara (Azərbaycan)-Astara (İran) dəmir yolu xətti də müştərək şəkildə uğurla inşa olunur.
Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin əsasını təşkil edəcək Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu Hindistanı Fars körfəzi ilə, bu körfəzi isə Finlandiya ilə birləşdirəcək. Bu yol İran, Azərbaycan və Rusiya ərazisindən keçməklə digər yollara nisbətən daşınan malları mənzil başına 26 gün tez çatdıracaq.
Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin I mərhələsi də artıq yekunlaşmaq üzrədir. Belə ki, Azərbaycanda 8,3 kilometrlik dəmir yolu xətti və dəmir yolu körpüsü hazırdır. İranda 1,7 kilometr dəmir yolu xəttinin və terminalın tikintisi davam edir. Nəqliyyat dəhlizinin tərkib hissəsi olan Qəzvin-Rəşt dəmir yolu xətti üzrə isə işlərin 90 faizdən çoxu tamamlanıb və 2017-ci ildə yekunlaşdırılacaq.
Azərbaycan ilə İran Astarada (İran) tikiləcək dəmir yolu terminalı da birgə inşa edəcək və bu infrastrukturdan müştərək istifadə olunacaq.
Ötən il həmçinin, Azərbaycan və İran arasında iqtisadi, nəqliyyat və turizm sahələrində əməkdaşlığın davamlı inkişafına töhfə verəcək Naxçıvan-Culfa-Təbriz-Tehran-Məşhəd dəmir yolu ilə sərnişin qatarı işə düşüb. Bu yolla il ərzində 12 min sərnişin daşınması nəzərdə tutulub.
Azərbaycanın mühüm geosiyasi və geoiqtisadi üstünlüklərindən biri də onun Avropa ilə Asiyanı birləşdirən unikal nəqliyyat-kommunikasiya imkanlarına malik olmasından ibarətdir. Sön dövrlərdə respublikamızın mühüm tranzit və loqistika mərkəzinə çevilməsini təmin edəcək nəhəng layihələr həyata keçirilir. Bu, Azərbaycanın beynəlxalq ticarətdə rolunun əhəmiyyətli dərəcədə artmasını və beynəlxalq aləmdə mövqelərinin daha da möhkəmlənməsini şərtləndirir. Bununla bağlı mühüm bir məqamı da xüsusi vurğulamaq istərdim. Dövlətimizin başçısı cənab İlham Əliyevin ölkədə bütün sahələrdə ən yüksək inkişafın təmin olunmasına xüsusi diqqət yetirməsi dəmir yolu sistemində də uğurlu perspektivlərdən xəbər verir. QSC-nin rəhbərliyində həyata keçirilən dəyişiklik də bir daha göstərdi ki, cənab İlham Əliyev tərəfindən qarşıya qoyulan əsas vəzifələrdən biri dəmir yolu sistemini ölkə iqtisadiyyatının inkişafının lokomotivinə çevirməkdir. Cavid Qurbanov “Azərbaycan Dəmir Yolları” QSC-yə rəhbər təyin olunandan elə də uzun müddət keçməyib. Ancaq qısa zaman ərzində bu sahədə çox böyük işlər görülüb. Söhbət əsnasında diqqəti bu işlərin bir qisminə yönəltmək istərdim. Əvvəla deyim ki, Azərbaycan elə bir nöqtədə yerləşir ki, Avropa ilə Asiyanı birləşdirir və Çinin də buradan yükləri gedir. Son hadisələrdən sonra Ukraynanın yüklərinin Azərbaycan vasitəsilə daşınması, Türkiyə-Rusiya arasında münasibətlərin gərginləşməsi nəticəsində Türkiyədən böyük yük maşınlarının respublika ərazisindən buraxılması onu göstərir ki, Azərbaycanın yükdaşımalar üçün ən uğurlu mərkəz olmasına maraq çoxalıb. Digər tərəfdən, Azərbaycanda dinamik iqtisadi layihələr reallaşdırılır və dəmir yolu sahəsində dirçəliş də bu islahatların tərkib hissəsidir. Həmin layihələrin nəticələri ola bilsin ki, indi nəzərə çarpmasın. Ancaq müəyyən müddətdən sonra QSC öz fəaliyyətində bu islahatların nəticələrini hiss etməyə başlayacaq.
“Nəqliyyat infrastrukturunun birləşdirilməsi Azərbaycan üçün ən vacib çağırışlardan biridir”. Xatırladım ki, bu sözləri Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Avrasiyada əməkdaşlıq və problemlər məsələlərinə həsr olunan panel-müzakirədə Azərbaycan Prezidenti İlham Əliyev deyib. Moderatorun sualına cavabında son illərdə ölkəmizdə bütün sahələri əhatə edən islahatların həyata keçirildiyini, Azərbaycanın təşəbbüsü ilə iri enerji və nəqliyyat layihələrinin icra olunduğunu diqqətə çatdıran dövlətimizin başçısı hazırda ölkəmizin Qədim İpək yolunun bərpasında yaxından iştirak etdiyini, Bakı-Tbilisi-Qars dəmir yolunun çəkildiyini, bu yolun fəaliyyətə başladığı təqdirdə Azərbaycan ərazisindən daşınmaların artacağını və təbii ki, bunun da milli iqtisadiyyatımıza müsbət təsir göstərəcəyini vurğulayıb.
Prezident İlham Əliyev bildirib ki, tranzit təbii sərvətlərlə müqayisədə qat-qat qiymətlidir. Çünki təbii sərvətlər gec və ya tez tükənəcəkdir. “Tranzit üçün etibarlı və müasir infrastrukturunuz varsa, siz ərazinizdən və yatırdığınız sərmayələrdən faydalanaraq pul qazanacaqsınız. Buna görə nəqliyyat infrastrukturunun birləşdirilməsi bizim üçün ən vacib çağırışlardan biridir. Yeri gəlmişkən, biz indi Xəzər dənizinin sahilində ən böyük dəniz limanının inşasını aparırıq. Onun yükaşırma qabiliyyəti 25 milyon ton və 1 milyon konteynerdir. Biz dəmir yollarımızı təmir edirik…”, - deyə cənab Prezident diqqətə çatdırıb.
Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısının Gürcüstan hissəsində işlər tamamlanmaq üzrədir. Bu məqsədlə artıq bəzi sınaqların keçirilməsinə başlanılıb. Bağlantının Gürcüstan hissəsindən Türkiyə sərhədinə kimi dizellə işləyən lokomotivlərin bir neçə dəfə sınağı keçirilib. Bütün yol boyunca lokomotivlər maneəsiz hərəkət edir. Bu il bağlantının istismara verilməsi nəzərdə tutulur.
Sonda möhtərəm Prezidentin tapşırığı əsasında regionlarda vətəndaşların dövlət xidmətləri ilə təmin edilməsi üçün səyyar “ASAN qatar” konsepsiyasının reallaşması ilə bağlı bir neçə kəlmə demək istərdim. Yeri gəlmişkən, “ASAN qatar” ölkəmizdə geniş dəmir yolu şəbəkəsi, mövcud infrastruktur, kommunikasiya xətləri və ən müasir texnologiyalardan istifadə edərək yerlərdə vətəndaşlara xidmət göstərməyi nəzərdə tutur.
Qeyd edim ki, səyyar “ASAN qatar” da göstərilən xidmətlərə notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi, habelə dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına dair dövlət reyestrindən arayışların verilməsi, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi daxildir.
Yuxarıda deyilənlərdən bir daha aydın olur ki, respublika iqtisadiyyatının inkişafında çox mühüm rol oynayan Azərbaycan dəmir yolu beynəlxalq və regional layihələrdə iştirak etməklə öz infrastrukturunu qoruyub saxlayır, əhalinin, dövlət strukturlarının daşımalara olan tələbatının ödənilməsi istiqamətində fəaliyyətini uğurla davam etdirir. Ümumiyyətlə, regiona sabitlik, əmin-amanlıq və iqtisadi səmərə gətirə biləcək hər hansı layihənin reallaşmasında Azərbaycanın iştirak etməsi istənilən prizmadan yanaşanda çox gərəklidir.
Söhbəti qələmə aldı:
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.