Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşması strateji baxımdan dünya və region ölkələri üçün böyük əhəmiyyət kəsb edir. Ölkəmizin həyata keçirdiyi enerji layihələri regional əməkdaşlıqla yanaşı, beynəlxalq münasibətlərin möhkəmlənməsinə də geniş imkanlar açır və bütün tərəfdaşların həmin layihələrdən bəhrələnmələrinə müsbət təsir göstərir.
Adıçəkilən layihənin reallaşdırılmasında regionda bütün iri layihələrin təşəbbüskarı olan Azərbaycanın siyasi iradəsi əhəmiyyətli rol oynamış, yeni marşrut da, ilk növbədə, qaz tədarükləri mənbələrini şaxələndirməyə, yeni alternativ marşrutlar açmağa böyük imkanlar yaratmışdır. Prezident İlham Əliyev layihənin strateji əhəmiyyətini yüksək qiymətləndirərək, eyni zamanda, enerji sahəsindəki əməkdaşlığı daha da dərinləşdirəcəyini əsas tutaraq “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşdırılması üçün cəlb edilmiş ölkələrin enerji nazirlərindən ibarət Məşvərət Şurasının yaradılması təşəbbüsünü irəli sürmüşdür.
Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü toplantısında dövlətimizin başçısı İlham Əliyev çıxış edərkən ölkəmizin Avropa Komissiyası ilə bu mühüm layihənin həyata keçirilməsində sıx əməkdaşlıq qurduğunu bildirmiş və demişdir: “Biz nadir və nümunəvi beynəlxalq əməkdaşlıq formatını yarada bildik”.
Xatırladaq ki, “Cənub Qaz Dəhlizi” layihəsi 7 dövlətin, 10-dan çox şirkətin və 10-dan çox topdan qaz alıcısının sıx əməkdaşlığı sayəsində həyata keçirilir. Azərbaycan isə bu layihənin təşəbbüsçüsü, lideri və aparıcı qüvvəsidir. Ölkəmiz “Cənub Qaz Dəhlizi” layihəsini tərəfdaş ölkələrlə və beynəlxalq təşkilatla sıx əməkdaşlıq şəraitində gerçəkləşdirir.
Azərbaycanın bu gün enerji təhlükəsizliyi sahəsində həyata keçirdiyi mühüm işlər möhkəm bünövrəyə əsaslanır. Belə ki, 1994-cü ildə ümummilli lider Heydər Əliyevin müəllifi olduğu “Əsrin müqaviləsi”nin imzalanması, Azərbaycanın yeni neft strategiyasının həyata keçirilməsi növbəti qlobal enerji layihələrinə yol açdı. 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin istifadəyə verilməsi ilə hazırda genişlənməkdə olan enerji dəhlizlərinin əsası qoyuldu. “Şahdəniz” qaz-kondensat yatağının kəşf edilməsi və işlənməsi təkcə respublikamızın deyil, eyni zamanda, bütün regionun həyatında mühüm hadisəyə çevrildi.
Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü toplantısında iştirak edən Prezidenti İlham Əliyev çıxışında bununla bağlı deyib: “Biz nadir və xüsusi beynəlxalq əməkdaşlıq formatını yaratmağa müvəffəq olmuşuq. Əlbəttə ki, müxtəlif dövlət, şirkət və maliyyə qurumları arasında əməkdaşlıq təcrübəsi “Cənub” Qaz Dəhlizinin uğurla həyata keçirilməsinin əsas səbəbi olmaqla yanaşı, gələcəkdə də özünün əhəmiyyətli rolunu oynayacaq. Çünki bu qlobal layihənin icrası başa çatdırıldıqdan sonra bizim əməkdaşlığımız müxtəlif sahələr üzrə davam edəcəkdir.
Beynəlxalq əməkdaşlıq haqqında danışarkən təbii ki, sizin diqqətinizi Azərbaycanın enerji siyasətinin tarixinə yönəltmək istərdim, çünki onsuz bugünkü toplantı mümkün olmazdı. Müstəqilliyimiz bərpa olunandan sonra Azərbaycan mühüm enerji şirkətlərini ölkəmizdə fəaliyyət göstərməyə dəvət etdi. Tarixdə ilk dəfə Xəzər dənizi beynəlxalq əməkdaşlıq məkanına çevrildi və dünyanın əsas neft və qaz şirkətləri buraya çox böyük həcmdə sərmayələr yatırdı. 1994-cü ildə biz Xəzər dənizinin Azərbaycan sektorunda nəhəng neft ehtiyatlarının istismarı ilə bağlı “XX əsrin müqaviləsi” adlanan kontraktı imzaladıq. Bu, faktiki olaraq, Xəzər dənizinin xarici sərmayələr üçün açılması, ölkəmiz üçün isə transformasiya və inkişaf istiqamətində atılmış ilk vacib addım idi.
Bugünkü Azərbaycan böyük mənada həmin siyasətin nəticəsidir. Milyardlarla ölçülən xarici sərmayələrin cəlb edilməsi və Azərbaycana məxsus neft yataqlarının işlənilməsi uğurlu inkişaf üçün əhəmiyyətli ilkin şərait yaratdı. Neft satışından əldə olunan vəsait infrastruktur və sosial layihələrə, insan kapitalının inkişafına yönəldilmişdir və biz bunun nəticəsində ölkə iqtisadiyyatının şaxələndirilməsinə nail olmuşuq. Sərmayələr və beynəlxalq əməkdaşlıq olmasaydı, 1990-cı illərin ortalarında bunların heç birini etmək mümkün olmazdı”.
“Cənub Qaz Dəhlizi” layihəsinin əsas ehtiyat mənbəyi Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz” yatağıdır. Bu yatağın işlənməsinin ikinci mərhələsi çərçivəsində 2018-ci ilin sonunda əldə olunacaq qaz Türkiyəyə, daha sonra - 2020-ci ildə Avropaya nəql ediləcək. İstehlakçılara ildə 16 milyard kubmetr qaz verilməsi nəzərdə tutulur ki, bunun da 6 milyard kubmetri Türkiyəyə, 10 milyard kubmetri Avropa alıcılarına çatdırılacaq.
Azərbaycanı dünyada qaz ixracatçısı kimi məhz bu yataq tanıdıb. On ildən çoxdur ki, yatağın işlənməsinin birinci mərhələsi çərçivəsində çıxarılan mavi yanacaq ölkəmizdəki istehlakçılara çatdırılmaqla yanaşı, həm də Gürcüstana və Türkiyəyə ixrac olunur. Prezident İlham Əliyev Məşvərət Şurasının üçüncü iclasında çıxış edərkən bu məsələlər üzərində də dayanıb.
Dövlətimizin başçısı bildirib ki, “Cənub Qaz Dəhlizi” layihəsinin təməlini qoyulması ilə yaranan regional əməkdaşlıq nəticəsində Azərbaycan, Gürcüstan və Türkiyə dəhlizlər yaratmağa müvəffəq olmuşdur. Bu, ən vacib olan məsələ idi. Xəzər dənizini Qara dəniz ilə bağlayan neft kəməri mövcud deyildi. Biz ilk olaraq buradan Gürcüstanın Qara dəniz sahillərinədək uzanan Bakı-Supsa neft kəmərini inşa etdik. Daha sonra Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirən Bakı-Tbilisi-Ceyhan əsas neft kəməri və nəhayət Bakı-Tbilisi-Ərzurum qaz kəməri inşa edilmişdir. Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan həmin kəmər bu gün genişləndirilməkdədir.
Ölkə Prezidenti daha sonra demişdir: “Bütün bunlar Azərbaycan, Gürcüstan və Türkiyə arasında regional əməkdaşlıq, habelə beynəlxalq maliyyə qurumlarının və bu layihələri strateji hesab edən ABŞ hökumətinin dəstəyi nəticəsində ərsəyə gəlmişdir. Layihələr həqiqətən də strateji idi, çünki onlar regionumuzun enerji xəritəsini dəyişməyə başlamışdır. Beləliklə, Azərbaycan dünya bazarlarına neft tədarük edən etibarlı tərəfdaşa çevrilmişdir və bu gün bəzi Avropa dövlətlərinin enerji balansında Azərbaycan neftinin payı 30-40 faiz təşkil edir”.
Xatırladaq ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin indiyədək iki toplantısı keçirilib. Ötən müddətdə adıçəkilən layihə ilə bağlı xeyli iş görülüb. Bununla bağlı dövlətimizin başçısı İlham Əliyev toplantıda çıxışında bildirib ki, “Şahdəniz-2” layihəsinin 90 faizi həyata keçirilib. Yataqda quraşdırılacaq iki platformadan birinin dayaq bloku keçən il sentyabr ayının 1-də Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodundan dənizə yola salınıb. Digər dayaq blokunun və hər iki platformanın üst modullarının tikintisi ölkə daxilindəki obyektlərdə davam etdirilir.
“Cənub Qaz Dəhlizi” layihəsi, eyni zamanda, Yunanıstan – Bolqarıstan interkonnektorunun və İon-Adriatik qaz kəmərinin təchizatını asanlaşdıracaq. Bu nəql infrastrukturları “Cənub” qaz dəhlizinə birləşdirilərək Bolqarıstana, Xorvatiyaya, Monteneqroya da mavi yanacaq çatdıracaq.
“Şahdəniz” qazını daşıyan kəmərlər zəncirinin İtaliya ərazisində bitməsinə baxmayaraq, gələcəkdə təbii qazın ara keçid boru xətləri vasitəsilə İsveçrəyə, Avstriyaya, Fransaya, Almaniyaya, Belçikaya, hətta Böyük Britaniyaya ötürülməsinin mümkün olacağı da istisna edilmir.
“Cənub” qaz dəhlizinə qoşulmaq istəyən ölkələrin sayı artır. Yunanıstan və Bolqarıstan arasında qaz kəmərlərinin birləşdirilməsi “Cənub Qaz Dəhlizi” layihəsi üçün yeni perspektivlər açır. Həmin ölkələr layihəyə qoşulmaqda maraqlı olduqlarını bəyan ediblər.
Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviç deyib ki, təmsil etdiyi qurum Azərbaycan təbii qazının 2018-ci ildə Türkiyəyə, 2020-ci ildə isə Avropaya çatdırılması üçün səylərini əsirgəməyəcək.
“Biz TAP-la bağlı yaranan çətinliklərə dair İtaliya hökuməti və konsorsium iştirakçıları ilə daim danışıqlar və müzakirələr aparırıq. Çünki biz 2020-ci ildə Azərbaycan qazının Avropaya çatdırılmasında maraqlıyıq və bunun həyata keçirilməsi üçün çalışırıq”, - deyə M.Şefçoviç əlavə edib.
Monteneqronun iqtisadiyyat naziri Draqitsa Sekuliç bildirib ki, hazırda Avropada digər bir qaz boru kəməri layihəsinin - İon-Adriatikin həyata keçirilməsi üçün işlər görülür. Biz bu qaz boru kəməri layihəsi ilə Monteneqroya Azərbaycanın təbii qazının çatdırılmasında maraqlıyıq. Bu layihələr Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rol oynayacaq.
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.