Məlum olduğu kimi, 2000-ci illərin əvvəllərindən Azərbaycanın böyük qaz ehtiyatlarının hasilatı və Avropa istehlakçılarına çatdırılması ilə bağlı müxtəlif təşəbbüs və layihələr irəli sürülməyə başlanmışdır. Lakin ölkəmiz bu sahədə liderliyi öz üzərinə götürdükdən sonra "Cənub Qaz Dəhlizi” layihəsinin reallaşdırılması ilə bağlı zəruri tədbirləri həyata keçirilmişdir. 2011-ci ildə Azərbaycan və Avropa İttifaqı arasında "Cənub Qaz Dəhlizi” layihəsi ilə bağlı birgə bəyannamə, 2012-ci ildə Türkiyə ilə TANAP-a dair saziş imzalanmış, 2013-cü ildə TAP layihəsi əsas ixrac marşrutu kimi seçilmişdir. 2013-cü il dekabrın 17-də "Şahdəniz-2" layihəsinə dair yekun investisiya qərarı qəbul edilmiş və 2014-cü ildə Cənub Qaz Dəhlizinin təməlqoyma mərasimi keçirilmişdir.
“Cənub Qaz Dəhlizi” layihəsi Azərbaycanın reallaşdırdığı ən sanballı transmilli layihələrdən biridir. Bu dəhliz vasitəsilə “Şahdəniz –2” layihəsi çərçivəsində hasil edilən qaz 3500 kilometr məsafə qət edərək Xəzər dənizindən Avropaya nəql ediləcək. Layihənin reallaşdırılması Azərbaycana tək iqtisadi dividendlər deyil, həm də çox ciddi siyasi dividendlər gətirəcəkdir. Bu gün Avropa öz enerji təchizatı mənbələrini şaxələndirmək yolunda mümkün ola bilən hər addımı atmağa hazırdır. Son illərdə dünya siyasət meydanında baş verən olaylar Avropaya Rusiya qazından asılılığın nə demək olduğunu göstərdi. Bu səbəbdən də Avropa bu asılılıqdan qurtarmaq üçün kordinal addımlar atmaq məcburiyyətindədir.
Azərbaycan qazının Avropa bazarlarına çıxarılması və bununla da Azərbaycanın Avropanın enerji təchizatındakı rolunun artması, Avropa siyasi meydanında ölkəmizin daha ciddi dividendlərə yiyələnməsi deməkdir. Dağlıq Qarabağ kimi bir problemi olan Azərbaycana siyasi dividendlər hava – su kimi lazımdır. Digər tərəfdən, qaz ixracı iqtisadiyyatımızın real sektorunu daha böyük sürətlə inkişaf etdirməyə imkan verəcəkdir. Güclü iqtisadiyyatı olan ölkə ilə hər kəs hesablaşmağa məcburdur. Azərbaycanın iqtisadi qüdrəti artdıqca ölkə əhalisinin sosial durumu da Avropa standartlarına yaxınlaşacaq. Bu səbəbdən də “Cənub” qaz dəhlizi vasitəsilə nəql ediləcək qazın Azərbaycana gətirəcəyi valyuta gəlirlərinin əhəmiyyəti çox böyükdür.
Layihənin nəzərdə tutulan müddətdə reallaşması Azərbaycanın siyasi çəkisini daha da artıracaq və heç şübhəsiz, bu da ən ağrılı problemimiz olan Dağlıq Qarabağ probleminin çözülməsinə öz müsbət təsirini göstərəcək. Bir sözlə, Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində reallaşadırılacaq bu möhtəşəm layihə iqtisadiyyatımızın daha da güclənməsinə, əhalinin sosial durumunun yaxşılaşmasına, ölkənin müdafiə qüdrətinin daha da möhkəmlənməsinə güclü təkan verəcək.
Artıq tarixə XXI əsrin ən nəhəng enerji layihəsi kimi düşən "Cənub Qaz Dəhlizi” layihəsinin reallaşdırılması istiqamətində xeyli iş görülüb və bu proses uğurla davam etdirilir. Fevralın 23-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurasının üzvü olan dövlətlərin nazirlərinin, ABŞ və Böyük Britaniya hökumətləri nümayəndələrinin, Avropa Komissiyasının vitse-prezidentinin, şirkət və beynəlxalq maliyyə təşkilatları təmsilçilərinin iştirakı ilə keçirilən toplantıda bütün bunlar barədə ətraflı söhbət açıldı. Toplantıda çıxış edən Azərbaycan Prezidenti cənab İlham Əliyev dedi: “Son dəfə biz ötən il ərzində Bakıda görüşmüşük. Həmin vaxtdan bəri bir çox hadisələr baş vermişdir, layihənin icrası ilə bağlı yaxşı irəliləyiş var. Mənə verilən son məlumata görə, “Şahdəniz-2” layihəsi üzrə işlərin təqribən 90 faizi, Cənubi Qafqaz boru kəməri üzrə 80 faizə yaxını, TANAP 65 faiz və Transadriatik kəməri üzrə isə 34 faizi icra edilmişdir. Bu, yaxşı irəliləyişin göstəricisidir. Ötən ilin fevralında nazirlər səviyyəsində keçirilmiş ikinci toplantı zamanı mövcud olan vəziyyəti götürsək, bu gün böyük irəliləyişin şahidi olarıq. Bu, layihənin uğurlu icrasının vacib göstəricisidir”.
Layihənin icrası üzrə əldə olunmuş bu nəticələr onun tezliklə yekulaşacağına böyük əminlik yaradır.
“Cənub Qaz Dəhlizi” layihəsinin reallaşdırılması, eyni zamanda, ixracın şaxələndirilməsi baxımından da Azərbaycanın atdığı daha bir uğurlu addımdır. Ölkə Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, bu layihə enerji təhlükəsizliyi layihəsidir, enerji təhlükəsizliyi isə bütün dövlətlərin milli təhlükəsizliyinin tərkib hissəsidir. Bu, həm də şaxələndirmə layihəsidir. Şaxələndirmə isə yalnız istehlakçılara deyil, istehsalçılara da lazımdır: “Bu gün ehtiyatlarımızın müxtəlif təyinat məntəqələrinə nəql edilməsi üçün bizim 7 kəmərimiz var ki, bunlardan 3-ü neft, 4-ü isə qaz kəməridir. Səkkizincisi isə “Cənub” qaz dəhlizidir ki, o da tezliklə istifadəyə veriləcəkdir”.
Dünyada gedən iqtisadi böhranın yaratdığı maliyyə çətinliklərinə baxmayaraq, bu gün “Cənub Qaz Dəhlizi” layihəsinin icrası böyük uğurla davam etdirilir. Bu məqsədlə maliyyə vəsaitlərinin cəlb edilməsi sahəsində elə bir ciddi çətinlik yoxdur. Dövlətimizin başçısı toplantıda Dünya Bankı kimi nüfuzlu maliyyə institutunun bu layihəyə böyük məbləğdə vəsait ayırmasını yüksək dəyərləndirərək demişdir: “Bu qurum layihəyə böyük məbləğdə vəsait ayırmaqla yanaşı, digər maliyyə institutlarına da siqnal vermiş oldu. “Cənub Qaz Dəhlizi” layihəsinin icrasının dəstəklənməsi üçün böyük məbləğdə maliyyə vəsaitlərinin ayrılmasına görə Asiya İnkişaf Bankına və Asiya İnfrastruktur və İnkişaf Bankına da minnətdarlığımı bildirirəm”.
Yeri gəlmişkən onu da deyək ki, Prezident İlham Əliyevin yürütdüyü praqmatik, uzaqgörən və müstəqil siyasət nəticəsində bu gün Azərbaycan sözü eşidilən, rəyi nəzərə alınan ölkə kimi dünya dövlətləri arasında öz layiqli yerini, etibarlı tərəfdaş imicini daha da möhkəmləndirib. Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviç toplantıda çıxışında Azərbaycan kimi güclü bir tərəfdaşla iş birliyindən məmunluq duyduğunu xüsusi vurğulayaraq demişdir: “Mən bu layihənin Avropa İttifaqı üçün, Avropanın enerji təhlükəsizliyi və şaxələndirmə planlarımız, rəqabətliliyi və Avropanın enerji təchizatının şaxələndirilməsini dəstəkləyən açıq likvid bazar kimi qalmasını təmin edən planlarımız üçün strateji əhəmiyyətini və bu çox mühüm region - Xəzər hövzəsi ilə yeni əlaqəyə və Azərbaycan kimi güclü tərəfdaşa malik olmaq imkanını nə dərəcədə qiymətləndirdiyimizi bir daha vurğulamaq istərdim”.
Əlbəttə, bu etiraf Azərbaycan dövlətinin, Prezident İlham Əliyevin apardığı düzgün iqtisadi və siyasi kursa verilən yüksək qiymətdir.
Fikrət YUSİFOV,
iqtisad elmləri doktoru, professor
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.