Azərbaycanın liderliyi ilə həyata keçirilən Cənub Qaz Dəhlizi enerji və milli təhlükəsizlik layihəsidir

Dünyanın potensial qaz ixracatçıları sırasında mövqeyini getdikcə möhkəmləndirən Azərbaycan Respublikası regionun və Avropanın enerji xəritəsini zənginləşdirir, müstəqil iqtisadi siyasət yeridən bir ölkə kimi  bir sıra qlobal enerji və nəqliyyat layihələrinin təşəbbüskarı və fəal iştirakçısı rolunda çıxış edir. Malik olduğu zəngin karbohidrogen ehtiyatları hesabına enerji təhlükəsizliyini tam təmin etmiş ölkəmiz uzun illərdir ki, Avropanın da enerji təhlükəsizliyinə mühüm töhfələr verir.

Artıq uzun illərdir ki, beynəlxalq əməkdaşlıq məkanı kimi qəbul edilən Xəzər hövzəsi malik olduğu zəngin karbohidrogen ehtiyatları hesabına bir sıra qlobal enerji layihələrinin reallaşdırıldığı mərkəz kimi də diqqət çəkir. Xalqımızın ümummilli lideri Heydər Əliyevin müəllifi olduğu yeni neft strategiyası Azərbaycanın beynəlxalq nüfuzunun artmasına, ölkəmizin neft ehtiyatlarının dünya bazarına çıxarılmasına imkan yaratmışdır. Bununla da, Azərbaycanın Avropa Birliyi ilə enerji sahəsində əməkdaşlığının bünövrəsi qoyulmuşdur. Sonrakı illərdə Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağının kəşfi bu əməkdaşlığın bir qədər də genişlənməsinə səbəb olmuşdur. Ötən on il ərzində “Şahdəniz” yatağının birinci işlənmə mərhələsi çərçivəsində hasil edilən qazın Gürcüstan və Türkiyə bazarlarına çıxarılması Azərbaycanın regionda əhəmiyyətini bir daha təsdiq etmişdir.

Hazırda fəal icra mərhələsində olan “Şahdəniz-2” layihəsi çərçivəsində illik hasilat 9 milyard kubmetrdən 25 milyard kubmetrə çatdırılacaq. Bu da öz növbəsində Azərbaycanın Avropa ölkələrinin enerji təhlükəsizliyinin təminatında rolunu xeyli artıracaqdır. “Şahdəniz” yatağının ikinci işlənmə mərhələsi çərçivəsində hasil ediləcək qazın Avropaya ixracı isə yeni bir qaz dəhlizinin reallığa çevrilməsi sayəsində mümkün olacaqdır. Bu, son illər dünyada reallaşdırılan, əhəmiyyətinə görə XXI əsrin layihəsi adlandırılan “Cənub” qaz dəhlizidir. “Cənub” qaz dəhlizi başlanğıcını Xəzər dənizinin Azərbaycan sahillərindən – Səngəçal terminalının ərazisindən götürür. “Şahdəniz-1” layhəsi çərçivəsində çıxarılan qazın Gürcüstan və Türkiyəyə ixrac edən və hazırda genişləndirilən Cənubi Qafqaz boru kəməri sözügedən dəhlizin ilk seqmentini təşkil edir. Avropaya daha iri həcmdə qaz tədarükünü nəzərdə tutan bu nəhəng enerji dəhlizi öz yoluna Türkiyə ərazisində hazırda tikintisi sürətlə həyata keçirilən Trans-Anadolu (TANAP)  qaz boru kəməri ilə davam edəcək. Nəhayət, “Cənub” qaz dəhlizi marşrutu  Adriatik dənizinin dibi ilə çəkilən Trans-Adriatik (TAP) boru kəməri ilə son ünvanınadək uzun bir yol qət edəcək.

Avropanın enerji xəritəsinin zənginləşdirilməsinə xidmət edən “Cənub” qaz dəhlizi layihəsi Azərbaycanın dövlət başçısı İlham Əliyevin Avropa Komissiyasının sədri Maniel Barrozu arasında 2011-ci ilin yanvar ayında Bakıda “Cənub” qaz dəhlizi haqqında Birgə Bəyannamənin imzalanması ilə həyata vəsiqə qazanmışdır. Xatırladaq ki, bu sənəddə Azərbaycan “Cənub” qaz dəhlizinə əsas töhfə verən, layihənin əsas təşəbbüskarı və iştirakçısı  kimi göstərilir. Nəhayət, bu sahədə uzun müddət davam edən müzakirələr nəticəsində Azərbaycan qazının Avropaya nəqli üçün ən etbarlı marşrut dəqiqləşmişdir. “Cənub” qaz dəhlizi marşrutunun mühüm seqmentlərindən biri olan TANAP layihəsi 2012-ci il iyun ayının 26-da İstanbul şəhərində “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında Trans-Anadolu təbii qaz boru kəməri sisteminə dair” sazişə imza atılmışdır.  TANAP layihəsi Azərbaycandan başlayan genişlənmiş Cənubi Qafqaz boru kəmərini Avropa Birliyinə bir neçə kəmərlə əlaqələndirəcək. Beş il ərzində reallaşması nəzərdə tutulan layihənin dəyəri 7 milyard ABŞ dollarıdır. Dörd mərhələdə həyata keçiriləcək layihənin ilk mərhələsi 2018-ci ildə başa çatacaq. 2020-ci ildə kəmərin buraxılış qabiliyyəti ildə 16 milyard kubmetr, 2023-cü ildə 23 milyard kubmetr, 2026-cı ildə isə 31 milyard kubmetrə çatdırılacaq. İlk dövrdə TANAP kəməri ilə nəql olunacaq 16 milyard kubmetr Azərbaycan qazının 10 milyard  kubmetri Avropaya, 6 milyard kubmetri isə Türkiyəyə satılacaq. Ötən müddətdə TANAP layihəsi çərçivəsində işlərin 65 faizi uğurla başa çatdırılıb.

“Cənub” qaz dəhlizinin son ünvanı isə Qərbi Avropadır. Bu layihənin həyata vəsiqə alması heç də təsadüfi deyildi. Belə ki, Avropanın “mavi yanacağa” olan tələbatının artdığı bir şəraitdə Azərbaycanın potensial qaz tədarükçüsü kimi diqqəti getdikcə daha çox cəlb etməsi yeni layihələrə yol açırdı. Eyni zamanda, regionda siyasi sabitlik və əməkdaşlıq meydanına çevrilmiş Azərbaycan Respublikası enerji sahəsində Qərbin fəal əməkdaşlıq edə biləcəyi bir ölkə kimi də yüksək inam və etimad qazanmışdı. Həmin  inamın nəticəsi idi ki, Qərb özünün təbii qaza olan tələbatının ödənilməsində əsas tədarükçü kimi məhz Azərbaycanı seçdi. Elə 2013-cü ildə Trans-Adriatik (TAP) boru kəmərinin əsas ixrac marşrutu kimi seçilməsi də məhz bunun nəticəsi idi. Beləliklə də, XXI əsrdə Avropanın enerji xəritəsini zənginləşdirəcək yeni bir qaz dəhlizinin formalaşdırılmasına əsaslı zəmin yarandı. Trans-Adriatik boru kəməri Azərbaycana məxsus “Şahdəniz” qaz-kondensat yatağının işlənməsi üzrə konsorsium tərəfindən Azərbaycan qazının Avropaya nəqli üçün marşrut kimi seçilmişdir. Bu layihə Xəzər regionundan qazın Yunanıstan, Albaniya və Adriatik dənizi vasitəsilə İtaliyanın cənubuna, oradan isə Qərbi Avropaya nəqlini nəzərdə tutur. İlkin olaraq TAP boru kəmərinin gücü il ərzində 10 milyard kubmetr təşkil edir. Növbəti illərdə isə bu rəqəmi 20 milyard kubmetrədək artırmaq imkanı da mövcuddur. Ötən müddətdə TAP layihəsi çərçivəsində işlərin isə 35 faizi uğurla yerinə yetirilib. Yeri gəlmişkən, fevralın 23-də Bakıda keçirilən Azərbaycan-İtaliya biznes-forumunda iştirak edən İtaliya Respublikasının iqtisadi inkişaf naziri Karlo Kalenda “Trans-Adriatik” qaz boru kəməri layihəsinin ölkəsi üçün çox böyük əhəmiyyət kəsb etdiyini bildirib.

2014-cü il sentyabrın 20-də isə Bakıda “Əsrin müqaviləsi”nin imzalanmasının 20-ci ildönümünün qeyd olunduğu gündə Azərbaycanın iqtisadi həyatı, eləcə də Avropanın enerji bazarı üçün son dərəcə mühüm bir hadisə baş verdi. Bir sıra Qərb ölkələrinin dövlət və hökumət başçılarının, eləcə də energetika sahəsində məsul şəxslərin iştirakı ilə “Cənub” qaz dəhlizinin təməlqoyma mərasimi keçirildi. Bununla da, Azərbaycanın təşəbbüsü ilə həyata vəsiqə alan və Qərbin də yaxından dəstəklədiyi daha bir qlobal enerji layihəsinin icrasına başlanıldı. Artıq Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi layihəsi çərçivəsində Azərbaycan və Gürcüstanda həyata keçirilən tikinti-quraşdırma işlərinin 80 faizi tamamlanıb.

Ötən müddətdə Avropaya yeni, nəhəng bir qaz dəhlizi açan  “Cənub” qaz dəhlizinin reallaşdırılması üçün həyata keçirilən birgə səylər intensiv xarakter almışdır. Bu baxımdan  Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin toplantısını xüsusi qeyd etmək olar. Xatırladaq ki,  Bakıda keçirilən Məşvərət Şurası çərçivəsində nazirlərin görüşünün təşkili ideyası da Azərbaycanın dövlət başçısı İlham Əliyevə məxsusdur.  Sözügedən tədbir XXI əsrin qaz dəhlizi layihəsinin həyata keçirilməsi ilə bağlı hazırkı vəziyyəti, çağırışları, məsələləri müzakirə etmək və müvafiq həll yollarını işləyib hazırlamaq məqsədil daşıyır. Eyni zamanda, bu beynəlxalq tədbiri “Cənub qaz dəhlizi” layihəsinin praktiki olaraq həyata keçirilməsi kimi də dəyərləndirmək olar.

Bir sıra beynəlxalq tədbirlərin, gərgin danışıqların nəticəsi olan “Cənub qaz dəhlizi” layihəsi artıq həlledici mərhələyə qədəm qoymuşdur.  Ötən illər ərzində güclü beynəlxalq dəstək qazanaraq regionun ən strateji layihələrindən biri kimi şöhrət qazanmış “Cənub” qaz boru kəməri artıq birgə fəaliyyət və beynəlxalq əməkdaşlıq meydanına çevrilmişdir. Qeyd etdiyimiz kimi, ötən müddətdə bir sıra qlobal enerji layihələrinin təşəbbüskarına və fəal iştirakçısı kimi tanınmış Azərbaycan Respublikası “Cənub” qaz dəhlizinin real fəaliyyət sahəsinə çevrilməsi üçün də xüsusi səy göstərir.  Elə Cənub Qaz Dəhlizi Məşvərət Şurasının toplantısının ard-arda üçüncü dəfə Bakıda keçirilməsi də bunun bariz nümunəsidir. Yeri gəlmişkən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2017-ci il fevralın 23-də Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü toplantısında bu belə tədbirlərin layihənin vaxtında və keyfiyyətli icra olunmasında xüsusi rol oynadığını diqqətə çatdıraraq deyib: “Bu tədbirdə müxtəlif ölkələrdən mötəbər nümayəndələr iştirak edir. Azərbaycan Avropa Komissiyyası ilə bu mühüm layihələrin həyata keçirilməsində sıx əməkdaşlıq qurub. Biz unikal və nümunəvi beynəlxalq əməkdaşlıq formatını yarada bildik... “Cənub” qaz dəhlizi enerji təhlükəsizliyi məsələsidir, enerji təhlükəsizliyi isə ölkələrin milli təhlükəsizliyidir. Bu sahədə mövcud beynəlxalq əməkdaşlıq qarşılıqlı etimadın nümunəsidir”. “Cənub Qaz Dəhlizi” layihəsinin icrasını gələcək əlaqələr üçün də vacib amil sayan  dövlət başçısı “Şahdəniz” qaz yatağının layihənin icrasında böyük əhəmiyyət daşıdığını xüsusi vurğulayaraq deyib ki, bu yataq Azərbaycanın nəhəng qaz ehtiyatlarına malik ölkə kimi tanınmasında mühüm rol oynayır. Prezident, həmçinin 21-ci əsrin layihəsi olan “Cənub qaz dəhlizi” layihəsinin həyata keçirilməsində beynəlxalq maliyyə qurumlarının fəaliyyətini qeyd edərək Avropa maliyyə təşkilatlarının da bu işdə yaxından iştirak etməsinin əhəmiyyətini vurğulayıb.

Məlum olduğu kimi, son illər dünyada və Avropada cərəyan edən bir sıra siyasi proseslər də Azərbaycan qazına marağı getdikcə artırır. Elə bir sıra tanınmış ekspert və politoqlar da bu qənaətdədirlər ki, “Şahdəniz-2”, Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi, eləcə də TANAP və TAP layihələrinin reallaşması nəticəsində Azərbaycan Avropanın enerji təchizatının şaxələndirilməsi sahəsində daha yaxından və fəal iştirak edəcək. Bu isə ölkəmizin etibarlı tərəfdaş kimi əhəmiyyətini bir qədər də artıracaq. Yeri gəlmişkən, Azərbaycanın zəngin qaz ehtiyatları ölkəmizi Avropa məkanı üçün cəlbedici etmişdir. Məlum olduğu kimi, bu gün ölkəmizin təsdiq olunmuş qaz ehtiyatlarının həcmi 3,5 milyard kubmetr həcmindədir. Bu isə onu deməyə əsas verir ki, Azərbaycan hələ 100 ilə yaxın bir müddətdə Avropa bazarları üçün mühüm qaz tədarükçüsü kimi öz əhəmiyyətini qoruyub saxlayacaq.

Bakı toplantısına həsr olunan mətbuat konfransının iştirakçısı Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviç “Cənub Qaz Dəhlizi” layihəsinin icra olunması ilə bağlı irəliləyişlərin olduğunu yüksək qiymətləndirərək deyib: “Bu gün biz layihəni üçüncü dəfə nəzərdən keçirdik. Bunun üçün də biz Azərbaycan hökumətinə, marşrut boyu yerləşən ölkələrin rəhbərlərinə, layihəni maliyyələşdirəcək maliyyə institutlarına öz təşəkkürümüzü bildiririk. “Cənub Qaz Dəhlizi” layihəsi marşrut boyunca yerləşən ölkələrə fayda verəcək və bu ölkələrin istehlakçıları bundan bəhrələnəcək. Avropa Komissiyası Azərbaycan təbii qazının 2018-ci ildə Türkiyəyə, 2020-ci ildə isə Avropaya çatdırılması üçün səylərini əsirgəməyəcək”. Nazirlərin üçüncü toplantısının çox uğurla keçdiyini vurğulayan M.Şefçoviç  tədbirin “Cənub Qaz Dəhlizi” layihəsinin icra vəziyyəti və layihənin seqmentlərinin inkişafının müzakirəsi, əldə olunan uğurlu nəticələrin, eləcə də qarşıya çıxan çətinliklərin nəzərdən keçirilməsi baxımından xüsusi əhəmiyyət daşıdığını bildirib.

“Cənub” qaz dəhlizinin beynəlxalq dəstək qazanmasının daha bir əyani sübutu dünyanın supergücü sayılan Amerika Birləşmiş Ştatlarının ötən müddətdə layihə ilə bağlı keçirilən bütün tədbirlərdə yaxından iştirak etməsidir. Elə Bakıda keçirilən nazirlərin üçüncü toplantısına həsr olunan mətbuat konfransında ABŞ dövlət katibinin enerji diplomatiyası üzrə köməkçisinin müavini Robin Danniqan deyib ki, ABŞ Avropanın enerji təhlükəsizliyinin Azərbaycan resursları ilə təmin olunmasında maraqlıdır. O qeyd edib ki, ABŞ nümayəndə heyətinin Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü toplantısında iştirakı yeni hökumətin də “Cənub Qaz Dəhlizi” layihəsinə dəstəyini nümayiş etdirir. Ölkəsinin  “Cənub Qaz Dəhlizi” layihəsinə öz dəstəyini bundan sonra da davam etdirəcəyini vurğulayan xanım Danniqan Əminəm ki, bu layihənin Avropa ilə yanaşı, qlobal enerji təhlükəsizliyinə də öz töhfəsini verəcəyinə əminliyini bildirib.”.

“Cənub” dəhlizinin əsas qaz mənbəyi Azərbaycanın “Şahdəniz” yatağıdır. Elə Azərbaycanın Avropaya qaz ixracı da “Şahdəniz” yatağının ikinci mərhələsi işə düşdükdən sonra mümkün olacaq. “Şahdəniz” yatağının ümumi ehtiyatları 1,2 trilyon kubmetr proqnozlaşdırılır. Qeyd etdiyimiz kimi, yatağın işlənməsinin ikinci mərhələsi çərçivəsində ildə 16 milyard kubmetr qaz hasil etmək planlaşdırılır ki, bunun da 6 milyard kubmetri Türkiyəyə, 10 milyard kubmetri isə Avropaya tədarük ediləcək.”Şahdəniz-2” layihəsi Azərbaycan qazını Avropaya və Türkiyəyə çatdıracaq nəhəng bir layihədir. Bu layihə yeni “Cənub” qaz dəhlizi açmaqla Avropa bazarlarına qaz təchizatının və enerji təhlükəsizliyinin artırılmasına mühüm töhfələr verəcək. Belə ki, 25 milyard dollar dəyərində olan bu layihə reallığa çevrildikdən sonra yatağın birinci işlənmə mərhələsi çərçivəsində hasil edilən illik 9 milyard kubmetr qazın həcmi xeyli artaraq 25 milyard kubmetrə çatdırılacaq. Bu isə “Şahdəniz”in hazırda dünyanın  ən böyük qaz işlənməsi layihələrindən biri olduğunu sübut edir.

Avropanın enerji xəritəsinin zənginləşdirməsinə mühüm töhfələr verən “Şahdəniz-2”, Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi, TANAP və TAP dünyanın ən iri enerji layihələrindəndir. Sözügedən layihələrə 40 milyard dollar məbləğində sərmayə cəlb ediləcək, marşrut boyu yerləşən ölkələrdə 30 mindən çox yeni iş yeri yaradılacaqdır. Bütövlükdə isə “Şahdəniz-2” layihəsi çərçivəsində hasil ediləcək təbii qaz Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya ərazisindən və Adriatik dənizinin dibindən keçməklə İtaliyaya qədər 3500 kilometrdən artıq uzanan boru kəmərləri vasitəsilə çatdırılacaq.

Mirbağır YAQUBZADƏ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında