Dünən Bakıda öz işinə başlayan “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının III iclası Azərbaycanın regionun və Avropanın enerji təhlükəsizliyində fəal iştirakını bir daha nümayiş etdirdi. Bununla bağlı iqtisadçı-ekspert Vüqar Bayramov dedi:
– Ölkəmiz özünün enerji siyasətini neftlə yanaşı, həm də təbii qaz amili üzərində qurub. Bununla da respublikamız regionu və Avropanı daim narahat edən enerji təhlükəsizliyində fəal söz sahibinə çevrilib. Bunun əsası isə 1999-cu ildə Xəzərin Azərbaycan sektorunda “Şahdəniz” qaz yatağının kəşfi və buradan hasilatın başlaması ilə qoyulub.
Xatırladım ki, 2010-cu ildə “Ümid” yatağının, 2011-ci ildə “Abşeron” blokunda aparılan qazma və kəşfiyyat işləri nəticəsində böyük qaz yatağının aşkarlanması Azərbaycanda böyük həcmdə təbii qaz ehtiyatları olduğunu göstərdi. Bu isə, eyni zamanda, ölkəmizin qaz ehtiyatları barədə qəsdən təhrif olunmuş informasiyalara son qoymaqla gələcəkdə respublikamızın qaz ixracının artacağından xəbər verdi.
2014-cü ildə Azərbaycanın enerji siyasətində yeni bir dövr başlandı. Həmin il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin 20 illik yubileyində ayrı-ayrı dövlət və hökumət başçılarının, rəsmi şəxslərin və nüfuzlu şirkət rəhbərlərinin iştirakı ilə digər nəhəng transmilli layihənin - “Cənub Qaz Dəhlizi”nin təməli qoyuldu.
Yeri gəlmişkən, adıçəkilən dəhlizin təməlinin qoyulması ilə bağlı hazırda mövcud infrastruktur genişləndirilir və yeni boru kəmərləri inşa edilir. Məsələn, “Şahdəniz” qazının Bakı-Tbilisi-Ərzurum marşrutu ilə Gürcüstan və Türkiyəyə nəqlini həyata keçirən Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi layihənin əsas tərkib hissələrindən biridir. Onu da qeyd edim ki, Transanadolu boru kəməri (TANAP) “Şahdəniz” qazını Türkiyə ərazisi boyunca çatdıracaq. Transadriatik boru kəməri (TAP) isə qazı Yunanıstan və Albaniya ərazisindən keçməklə İtaliyaya nəql edəcək.
TAP Türkiyə-Yunanıstan sərhədində TANAP-la birləşəcək, sonra isə Yunanıstan və Albaniya ərazilərindən, Adriatik dənizinin altından keçməklə İtaliyanın cənub sahillərinədək uzanacaq. Bu layihə gələcəkdə Xəzər hövzəsində hasil olunan təbii qazın qitənin digər böyük qaz istehlakçılarına - Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriyaya ötürülməsi üçün də geniş imkanlar açır.
Ölkələrin milli təhlükəsizliyində mühüm rol oynayan enerji təhlükəsizliyinin təmin edilməsinə xüsusi önəm verilməsi təsadüfi deyil. Çünki artıq bəşəriyyət elə dövrə qədəm qoyub ki, ilk növbədə enerji təhlükəsizliyini reallaşdırmadan digər sahələrdə uğur əldə etmək mümkün deyildir. Cənubi Qafqazın lider dövləti olan Azərbaycana bu baxımdan dünyanın əksər ölkələri həsəd apara bilər. Ölkəmiz sözügedən sahədə həyata keçirdiyi düşünülmüş siyasəti ilə regionda enerji əməkdaşlığına və enerji təhlükəsizliyinin təmininə töhfə verir.
“Cənub Qaz Dəhlizi”nin reallaşması isə yaxın gələcəkdə Avropanın enerji xəritəsini əhəmiyyətli dərəcədə dəyişəcək. Bunu hazırda Bakıda keçirilən “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü toplantısı da təsdiq edir. Toplantıda layihənin həyata keçirilməsi ilə bağlı hazırkı vəziyyət, çağırışlar, qarşıda duran vəzifələr, iştirakçı tərəflərin səylərinin əlaqələndirilməsi kimi məsələlər müzakirə edilir. Bu da bir daha aydın göstərir ki, hazırda Avropa alternativ enerji mənbələrinə və eləcə də Azərbaycan qazına ehtiyac olduğunu daha dərindən hiss edir.
Məşvərət Şurasının toplantısında Azərbaycanın enerji təhlükəsizliyinə verdiyi töhfələri yüksək dəyərləndirən Avropa ölkələrinin enerji nazirləri və digər iştirakçılar “Cənub Qaz Dəhlizi”nin mühüm strateji layihə olmaqla Avropa İttifaqının qaz təchizatında yeni mənbəni təmin edəcəyini bildirirlər.
Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının III iclasında bildirib ki, layihənin icrası gələcək əlaqələr üçün də vacib amildir: “1994-cü ildə imzalanan “Əsrin müqaviləsi”nin enerji layihələrinin həyata keçirilməsində əhəmiyyətli rolu olub. Müasir Azərbaycanın nailiyyətləri bunun sayəsində mümkün olub. “Cənub Qaz Dəhlizi” layihəsinin icrasında “Şahdəniz” qaz yatağı böyük əhəmiyyət daşıyır. Bu yataq Azərbaycanın nəhəng qaz ehtiyatlarına malik ölkə kimi tanınmasında mühüm rol oynayır. Layihə üzrə regional iş birliyi əhəmiyyətlidir. Uzun illər boyu Azərbaycan, Türkiyə və Gürcüstan tərəfindən icra olunan enerji dəhlizləri buna misaldır”.
Prezident, həmçinin qeyd edib ki, bu cür toplantılar layihənin vaxtında və keyfiyyətli icra olunmasında xüsusi rol oynayır: “Ötənilki görüşdən sonra bir çox irəliləyiş olub. Azərbaycan “Abşeron” qaz yatağının da işlənilməsinə başlayıb. Bu, Azərbaycanın qaz potensialının yalnız “Şahdəniz”lə məhdudlaşmadığını göstərir. 21-ci əsrin layihəsi olan “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsində beynəlxalq maliyyə qurumlarının fəaliyyətini qeyd etmək istəyirəm. Avropa maliyyə təşkilatlarının da layihənin icra olunmasında yaxından iştirak etməsi əhəmiyyətli olacaq.
Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyi məsələsidir, enerji təhlükəsizliyi isə ölkələrin milli təhlükəsizliyidir. Bu sahədə mövcud beynəlxalq əməkdaşlıq qarşılıqlı etimadın nümunəsidir. Layihə çərçivəsində nəzərdə tutulan ekoloji məsələlər yüksək standartlara əsaslanır”.
Onu da xatırladım ki, “Cənub Qaz Dəhlizi” layihəsinin uğurla reallaşması şübhəsiz ki, möhtərəm Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin bariz ifadəsidir. Cənab dövlət başçımızın düşünülmüş, müasir çağırışlara cavab verən siyasi kursu Azərbaycanı regionun lider dövlətinə çevirməklə yanaşı, beynəlxalq aləmdə ölkəmizi etibarlı tərəfdaş kimi tanıdıb. Hazırda respublikamız mühüm geosiyasi məkan kimi regionda sülhün və təhlükəsizliyin gerçəkləşməsi üçün dayaq nöqtəsi, ən perspektivli tərəfdaş kimi tanınır. Azərbaycanın geosiyasi nüfuzu getdikcə artır, ölkəmiz regionda sabitləşdirici fəaliyyəti ilə diqqət çəkir.
Burada onu da xatırlatmağı vacib bilirəm ki, Avropa Komissiyası “Cənub Qaz Dəhlizi”ni ortaq maraqlara xidmət edən əsas enerji infrastrukturu layihələri siyahısına daxil edib. Bu barədə Avropa Komissiyasının müvafiq hesabatında bildirilir ki, ortaq maraqlara xidmət edən layihələr enerji mənbələrini və marşrutlarını şaxələndirərək Avropanın enerji bazarlarına inteqrasiya üçün enerji birliyinin təmin olunmasına imkan verəcək.
Sonda bir daha təkrar demək istərdim ki, “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşdırılması enerji məsələlərində Azərbaycanın, onun dövlət başçısı möhtərəm İlham Əliyevin uğurlu diplomatik fəaliyyətinin məntiqi nəticəsidir. Bu uğur Azərbaycanın enerji təhlükəsizliyində söz sahibinə çevrilməsi ilə yanaşı, hər bir məsələdə həm də qətiyyətli mövqeyindən, əməkdaşlıq əlaqələrində etibarlı tərəfdaş olmasından və beynəlxalq birlikdə yüksək nüfuz sahibinə çevrilməsindən irəli gəlir.
Söhbəti qələmə aldı:
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.