Azərbaycan Prezidentinin Münxen Təhlükəsizlik Konfransında çıxışı dünya ictimaiyyətinin diqqət mərkəzindədir

Prezident İlham Əliyevin xarici ölkələrə səfərləri zamanı keçirdiyi görüşlər, iştirak etdiyi tədbirlərdə çıxışları Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Dövlət başçısının 53-cü Münxen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniya Federativ Respublikasına işgüzar səfəri də bunun bariz ifadəsidir.

Xatırladaq ki, Prezident İlham Əliyev Münxendə keçirdiyi bir sıra mühüm görüşlərdə dünyada təhlükəsizlik sisteminin yenidən qurulmasına ehtiyacın olduğunu qabartmaqla, bunun üçün beynəlxalq hüquq normalarına, ərazi bütövlüyünə bütün ölkələrdə hörmət edilməsinin, bir standartın tətbiqinin vacib olduğunu iştirakçıların diqqətinə çatdırıb. Eyni zamanda, regionda təhlükəsizliyin təmin olunmasında, aparıcı dövlətlər arasında mövcud ziddiyyətlərin aradan qaldırılmasında Azərbaycanın rolunu bir daha göstərərək, bu səylərin bütün dünyanın təhlükəsizliyinə xidmət etdiyini bildirib.

Münxen Təhlükəsizlik Konfransı bir çox cəhətdən Azərbaycan üçün əlamətdar olub. İlk növbədə, beynəlxalq platformadan istifadə edilərək Azərbaycan həqiqətləri, Ermənistanın işğalçı siyasəti və bunu bütün dünya üçün nə dərəcədə təhlükəli olduğu bir daha iştirakçıların diqqətinə çatdırılıb. Digər tərəfdən, Azərbaycan Prezidenti iqtisadi görüşlər keçirməklə ölkəmizin iqtisadi inkişafını dünya aparıcı biznes strukturları ilə inteqrasiya formasında gördüyünü nümayiş etdirib. Həmçinin diqqəti Azərbaycanın həm regional, həm də dünya miqyasında aparıcı roluna yönəldib.

Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Qiymətlərin sabitləşməsinə doğru? OPEC-in qayıdışı və neft geosiyasəti” mövzusunda keçirilən “dəyirmi masa”da “Offshore Northern Seas” Fondunun prezidenti və baş icraçı direktoru Leif Yohan Sevland adıçəkilən konfransın artıq 50 ildən çox bir dövrdə mühüm məsələlərin müzakirə olunduğu beynəlxalq platformaya çevrildiyini bildirib. O, çıxışında enerji təhlükəsizliyi sahəsində mövcud problemlərin və yeni çağırışların müzakirə edildiyi “dəyirmi masa”nın önəmini də vurğulayıb: “Dəyirmi masa”da birinci çıxış edəcək və təqdim etməkdən qürur duyduğum natiq Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyevdir. Cənab Prezident Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə 2003-cü ildə seçilib, 2008-ci və 2013-cü illərdə isə bu vəzifəyə yenidən seçilib. Cənab Prezident, Sizin mənə güclü təsir bağışlayan tərcümeyi-halınızla tanış oldum. Prezident seçilməzdən əvvəl Siz Azərbaycanda bir neçə yüksək səviyyəli sənaye və hökumət vəzifəsini tutmusunuz. Siz müstəqil Azərbaycanın neft strategiyasının geosiyasi aspektləri üzrə çoxsaylı tədqiqatların müəllifisiniz və siyasi elmlər üzrə doktor dərəcəsinə maliksiniz”.

Prezident İlham Əliyev isə çıxışında diqqətə çatdırıb ki, enerji təhlükəsizliyini ölkənin milli təhlükəsizliyindən ayırmaq olmaz. Bu baxımdan Azərbaycan region üçün enerji təhlükəsizliyini reallaşdırmaqla öz mühüm vəzifəsini uğurla yerinə yetirir. Ölkəmiz bundan sonra isə irimiqyaslı qaz təchizatı layihəsini reallaşdırmaqla Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına töhfəsini verəcək.

Azərbaycanın enerji strategiyasının tarixinə ekskurs edən Prezident İlham Əliyev “dəyirmi masa”da bildirib ki, 1990-cı illərin ortalarında çoxsaylı daxili və xarici çətinlikləri, habelə  Ermənistanın işğalı nəticəsində didərgin düşən 1 milyon vətəndaşı olan gənc ölkə Xəzər dənizinə dünyanın aparıcı enerji şirkətlərini ilk dəfə dəvət etdi. Bu, tarixi bir addım və təkcə Azərbaycanda deyil, eyni zamanda, regionda şəraiti  dəyişən qərar idi. Hazırda isə həmin qərar, demək olar ki, regionun enerji xəritəsini tamamilə yeniləşdirib.

Azərbaycan Prezidenti İlham Əliyev  “dəyirmi masa”da çıxışında daha sonra deyib: - “Bu gün bizim bütün istiqamətlərdə 7 kəmərimiz - 3 neft kəmərimiz və 4 qaz kəmərimiz var. Buna görə də bizim birinci hədəfimiz özümüzün enerji təhlükəsizliyimizi, öz maraqlarımızı təmin etmək və insanlarımızın yaşayış səviyyəsini yaxşılaşdırmaq üçün nəhəng neft ehtiyatlarımızı hasil etmək iqtidarında olmaq idi.

Sonrakı mərhələdə kəmərlər tikildikdə bu layihə regional əməkdaşlıq layihəsinə çevrildi. Bu neft kəmərləri Azərbaycanı Qara dəniz və Aralıq dənizi ilə birləşdirir. Bu kəmərlər bizə enerji ehtiyatlarını nəql etməyə kömək edən ölkələrin də enerji təhlükəsizliyini təmin etməyə xidmət edir.

Sonra biz Xəzər dənizinin şərq sahillərindən neft və neft məhsullarının çatdırılması üçün tranzit ölkəyə çevrildik. Beləliklə, Azərbaycan müxtəlif vasitələrlə, dəmir yolu və neft kəməri ilə neftin nəqlində öz vacib rolunu oynayır. Eyni zamanda, biz Xəzər dənizinin şərq sahilində yerləşən tərəfdaşlarımızın təchizat marşrutlarını şaxələndirməyə kömək edirik. Çünki enerji təhlükəsizliyindən söhbət açdıqda hesab edirəm ki, şaxələnmə əsas termindir. Adətən şaxələnmədən danışdıqda biz istehlakçılar üçün şaxələndirməni nəzərdə tuturuq...”.  

Dövlətimizin başçısı çıxışının sonunda bildirib ki, hazırda Azərbaycan   çoxsaylı dövlətlər, şirkətlərlə birlikdə və Avropa Komissiyasının dəstəyi ilə “Cənub qaz dəhlizi” layihəsini icra edir. Bu layihə 1990-cı illərdə icrasına başlanılan layihələrin davamıdır. Azərbaycanda böyük qaz yataqları aşkarlanan kimi həmin qazı beynəlxalq bazarlara nəql etmək üçün qərar qəbul olunub. İndi “Cənub qaz dəhlizi” Avropada ən böyük infrastruktur layihəsidir. Onun ümumi dəyəri 40 milyard dollardan çoxdur. Hazırkı mərhələdə bu layihədə 7 ölkə iştirak edir. Gələcək illərdə ən azından 3 ölkə bu layihəyə qoşulacaq. 

Azərbaycan Prezidenti İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Avrasiyada əməkdaşlıq və problemlər məsələlərinə həsr olunan panel-müzakirədə də iştirak edib. Xatırladaq ki, panel-müzakirənin moderatoru, Avrasiya Qrupunun sədri və təsisçisi Yan Bremmer ilk sözü dövlətimizin başçısına verib. Prezident İlham Əliyev  çıxışında Azərbaycanın Asiya ilə Avropa arasında yerləşdiyini və  coğrafi mövqeyimizin, əslində, regionda geosiyasi vəziyyəti müəyyənləşdirdiyini diqqətə çatdırıb. Bildirib ki, Azərbaycan əsrlər boyu sivilizasiyaların qovuşduğu bir məkan, ölkə olub və bu gün  tarixi irsi qoruyub saxlayır, eyni zamanda, dünyanın multikulturalizm mərkəzlərindən birinə çevrilməsi ilə qürur duyur. Respublikamızın coğrafi mövqeyi, qonşularla qurulan yaxşı münasibətlər  də Azərbaycana yerləşdiyi regionda çox etibarlı tərəfdaş olmaq imkanını verir və buna nail olur.

Prezident İlham Əliyev daha sonra deyib: “Azərbaycan beynəlxalq arenada etibarlı tərəfdaşdır. Biz gənc ölkəyik. Ötən il müstəqilliyimizin bərpasının 25-ci ildönümünü qeyd etmişik. Bu qısa müddət ərzində hesab edirəm ki, bu gün Azərbaycan dünyada hörmət edilən ölkədir. Bunun ən yaxşı nümunəsi bir neçə il bundan əvvəl Birləşmiş Millətlər Təşkilatında nümayiş olunmuşdur. O zaman Azərbaycan 155 ölkənin dəstəyi ilə BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdir. Beləliklə, bu, beynəlxalq ictimaiyyətin mütləq əksəriyyətinin bizim fəaliyyətimizə verdiyi həqiqi qiymət, bizə göstərilən etimad və hörmət əlaməti idi.

Biz islahatlar aparmaqla iqtisadiyyatımızı planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçirdik. Bu gün iqtisadiyyatın özəl sektorunun ümumi daxili məhsulda payı 80 faizdən artıqdır. Azərbaycan qonşularla regional əməkdaşlığın yeni formatını tətbiq etdi. Eyni zamanda, 20 ildən də artıq müddətdən əvvəl təşəbbüskar qismində çıxış etdiyimiz enerji və nəqliyyat layihələri bu gün nəinki təkcə bizim üçün, həmçinin region üçün də yaxşı nəticələr verir. Bu gün enerji təhlükəsizliyi məsələlərinə milli təhlükəsizlik məsələsindən ayrı baxıla bilməz. Siyasətimiz birinci növbədə qonşularımızla, eyni zamanda, müsəlman dünyası, - biz müsəlman dünyasının bir hissəsiyik, - və Avropa ilə əməkdaşlığın gücləndirilməsi məqsədini daşıyır. Biz bu yaxınlarda Avropa İttifaqı ilə bir çox əməkdaşlıq sahələrini əhatə edəcək yeni razılaşma üzərində danışıqlara başlamışıq”.

Dövlətimizin başçısı çıxışında, eyni zamanda, Ermənistanın  Azərbaycan ərazisində etnik təmizləmə siyasəti həyata keçirməklə yanaşı, torpaqlarımızın 20 faizini  işğal altında saxladığını, BMT Təhlükəsizlik Şurasının isə işğalçı dövlətin qoşunlarının ərazimizdən dərhal və qeyd-şərtsiz çıxarılmasını bildirən dörd qətnamə qəbul etdiyini, lakin həmin qətnamələrin iyirmi ildən artıqdır ki, kağız üzərində qaldığını xatırladıb. Azərbaycan rəhbəri diqqətə çatdırıb ki, bütün münaqişələrin həlli eyni prinsipə, eyni yanaşmaya əsaslanmalıdır. Hər bir ölkənin ərazi bütövlüyünə hörmət edilməlidir, onu pozmaq olmaz. Beynəlxalq səviyyədə tanınan sərhədlər güc yolu ilə dəyişdirilə bilməz. Ermənistan və Azərbaycan arasında münaqişə, həmçinin region üçün ən böyük təhlükədir. Azərbaycanın konstruktiv siyasəti münaqişənin BMT Təhlükəsizlik Şurasının və digər vacib təşkilatların qəbul etdiyi qətnamələr əsasında sülh yolu ilə ən tez nizamlanması məqsədini daşıyır.

Panel-müzakirədə diqqətçəkən bir məqama da toxunmaq istərdik. Moderatorun regionumuzdakı geosiyasi vəziyyətlə bağlı sualına cavabında Prezident İlham Əliyev bildirib ki, biz ətrafımızda olan və bu masada təmsil olunan bütün ölkələrin ərazi bütövlüyünü tamamilə dəstəkləyirik.  Özümüz də ərazi bütövlüyümüzün pozulmasından əziyyət çəkirik. Buna görə də ərazi bütövlüyü məsələsi bizim üçün toxunulmazdır.

Ölkəmizin başçısı daha sonra deyib: “Sabitləşdirici amil kimi Azərbaycanın rolu get-gedə beynəlxalq ictimaiyyət tərəfindən daha da çox tanınır. Sizə bu yaxınların misalını çəkə bilərəm. Sadəcə, iki gün bundan əvvəl Bakıda ABŞ ordusunun baş qərargah rəisi cənab Danford və Rusiya ordusunun baş qərargah rəisi cənab Gerasimovun görüşü olub. Onlar ilk dəfə bizim ölkədə görüşdülər. Bakının seçilməsi qərarı bizim deyildi. Biz bu qarşılıqlı əlaqənin təşəbbüskarı kimi çıxış etməmişdik. Bizə yaxınlaşaraq buna razı olub-olmamağımız soruşuldu. Biz dedik ki, əlbəttə, buna razıyıq. Bəs nəyə görə Azərbaycan seçildi? Mən bu sualı özümə verdim. Avrasiyanın xəritəsinə baxaraq gördüm ki, ola bilsin, Azərbaycan onların görüşə biləcəyi yeganə məkandır. Biz NATO-nun üzvü deyilik. Biz Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü deyilik. Biz güclü beynəlxalq nüfuza malik ölkəyik. Biz ABŞ, Avropa və qonşularımız, Rusiya ilə çox yaxşı münasibətləri olan və onların hörmət bəslədiyi ölkəyik. Buna görə də artıq nəinki təkcə bizim regionda, həm də geniş miqyasda Azərbaycanın sabitləşdirici amil kimi rolu artacaqdır. Bu, bizim regional sabitliyə verdiyimiz töhfədir. Burada artıq qeyd olunmuşdur ki, sabitlik istənilən növ inkişaf üçün ən vacib amildir. Sabitliyiniz olmasa sərmayələri, həyat şəraitinin yaxşılaşdırılmasını və əməkdaşlığı unudun”.

Prezident İlham Əliyev çıxışında, həmçinin vurğulayıb ki, Azərbaycanın  siyasəti hər zaman layihələrə sərmayə yatırmaq məqsədi daşıyıb. Uzun illər ərzində mövcud olan səmərəli regional əməkdaşlıq formatı bunun bariz ifadəsidir. Azərbaycan, Gürcüstan və Türkiyə ilə birlikdə enerji, nəqliyyat və digər layihələri icra edir. Eyni zamanda, hazırda Azərbaycanın digər regional əməkdaşlıq formatı da var. Bu, Azərbaycan, İran və Rusiyadır. Azərbaycan dünyada, eyni zamanda, İran və Rusiya ilə sərhədi olan yeganə ölkədir. Adları çəkilən dövlətlər ticarət, nəqliyyat, iqtisadi inkişaf və təhlükəsizliklə bağlı sahələrdə ölkəmizlə tərəfdaşlardır. Buna görə də ümid edirəm, elə bir vaxt gələcək ki, biz bu mövcud regional əməkdaşlığı daha böyük əməkdaşlığa inteqrasiya edə biləcəyik və bu da bütün insanların xeyrinə olacaq. Bu, riskləri azaldacaq və əməkdaşlıq üçün daha çox imkanlar yaradacaq.

Dövlətimizin başçısı İlham Əliyev panel-müzakirədə son illərdə ölkəmizdə bütün sahələri əhatə edən islahatların həyata keçirildiyini, Azərbaycanın təşəbbüsü ilə iri enerji və nəqliyyat layihələrinin icra olunduğunu da vurğulayıb, hazırda isə qədim “İpək yolu”nun bərpasında yaxından iştirak etdiyini, Bakı-Tbilisi-Qars dəmir yolunun çəkildiyini, bu yolun fəaliyyətə başladığı təqdirdə Azərbaycan ərazisindən daşınmaların artacağını və təbii ki, bunun da milli iqtisadiyyatımıza müsbət təsir göstərəcəyini xatırladıb.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında