Yeraltı neft və qaz sərvəti ilə bütün dünyada tanınan Bakı və Abşeron yarımadası həyat mənbəyi olan şirin su ehtiyatları sarıdan kasad yaranmışdır. Üstəlik də, içməli su mənbələrindən uzaqda yerləşməsi tarix boyu problemin həllində əlavə çətinliklər törətmişdir. İçməli su qıtlığı bu bölgədə neft sənayesinin sürətli inkişafa başladığı və əhalinin durmadan artdığı XIX əsrin sonu--XX əsrin əvvəllərində özünü daha kəskin büruzə verirdi. 1859-cu il Şamaxı zəlzələsindən sonra quberniya mərkəzinin Bakıya köçürülməsi, xarici kapitalın, əmək miqrantlarının şəhərə kütləvi axını da su çatışmazlığını son həddə çatdırmışdı.
Əsrlər boyu sakinlərin suya tələbatı quyular, ovdanlar, ətrafdakı yeraltı su mənbələrindən çəkilən kiçik kəmərlər vasitəsilə qismən ödənilsə də, qədim İçərişəhərin qala divarlarını aşaraq sürətlə böyüyən Bakının etibarlı su təchizatı gündəlik həyatın ən zəruri məsələsinə çevrilmişdi. Həmin dövrdə əhalinin məişəti ilə yanaşı, müxtəlif sənaye sahələri, şəhərin təmizliyi, abadlığı da suya olan tələbatı getdikcə artırırdı. Bakıda sənayenin sürətli inkişafı isə mövcud su təchizatına əks təsir edir, çirkab suların təsiri ilə yeraltı sular getdikcə şorlaşır, codlaşır və quyuların suyu yararsızlaşırdı.
“Neft və milyonlar səltənəti”ndə getdikcə dərinləşməkdə olan içməli su problemi dövrün bütün mütərəqqi fikirli insanları kimi görkəmli maarifpərvər ziyalı, təbiətşünas alim, naşir-publisist Həsən bəy Zərdabini də ciddi narahat edirdi. Təsadüfi deyil ki, o zaman Həsən bəy “Kaspi” qəzetində Bakının su problemi ilə bağlı müntəzəm yazılarla çıxış edir, mövcud vəziyyət və məsələnin həllinə dair dəyərli təklif və tövsiyələrini verirdi.
Belə bir şəraitdə Bakını su ilə davamlı olaraq təmin edə biləcək kəmərin tikintisinin tərəfdarlarının sayı getdikcə artmağa başlayır. Nəhayət, 1899-cu ildə Odessada su təchizatı və hidravliklərin beynəlxalq qurultayında iştirak edən Bakı nümayəndə heyətinin üzvləri su kəmərinin çəkilşi ilə bağlı təkliflərini mütəxəssilərin diqqətinə çatdırırlar. Təklifi dəyərləndirən ingilis Vilyam Harleyn Lindley su mənbəyini özü seçmək şərti ilə Bakıya gəlməyə razılaşır.
O, axtarış-kəşfiyyat işləri aparmaq məqsədilə öz texniki işçiləri və şəhər idarəsinin nümayəndələri ilə Samura yola düşür. Quba qəzasının “Müşkür” adlandırılan sahəsində rast gəldiyi yolüstü bulaq tədqiqatçının diqqətini cəlb edir. Bu yerləri diqqətlə müşahidə edən Lindley belə bir qənaətə gəlir ki, burada -- Şahdağın ətəklərində tükənməz ehtiyatı olan yeraltı su var və bu hövzə Bakı şəhəri üçün yetərlidir. Həmin sudan nümunələr götürən Lindley Bakıya qayıdaraq şəhərin yeraltı içməli su ilə təchizatına dair qeydlər edir və şəhər idarəsinə Samur çayındansa Şahdağın ətəklərindən süzülüb gələn təmiz, saf bulaq suyunun Bakıya gətirilməsinin daha məqsədəuyğun olduğunu bildirir. İngilis mütəxəssis Bakı Şəhər İdarəsi və Duma qarşısında ərazidəki yeraltı suların tədqiqi və bu məqsədlə lazımi vəsaitin ayrılması ilə bağlı məsələ qaldırsa da, kifayət qədər narazılıqlarla qarşılaşır.
Bakının içməli su təchizatını, sözün əsl mənasında, inhisara alan qüvvələr, xüsusən də erməni Adamyan-Babayan qardaşları və Saruxanyan kimi işbazlar şəhər idarəsinin və Dumanın su təchizatı komissiyasının iclaslarında Bakıya su kəmərinin çəkilişi ilə bağlı məsələnin arxa plana keçməsinə nail ola bilirdilər. Məsələnin həlli qarşısında aciz qalan şəhər idarəsinin rəhbərliyi və Duma üzvləri isə ya yekdil bir qərara gələ bilmir, ya da su kəmərinin çəkilişi üçün lazımi vəsait tapmırdılar. Bakıya yeraltı bulaq suyunun gətirilməsinin uzun vaxt aparacağını israr edən şəhər idarəsinin və Dumanın bəzi üzvləri Lindleydən ya Kür, ya da Samur çayından kəmər çəkməyi tələb edirlər.
Bütün təzyiqlərə rəğmən, Şollar mənbəyi üzərində israrla dayanan Lindleyi müdafiə edən sağlam əqidəli, sözün əsl mənasında, Bakı sakinlərinə ürəyi yanan imkanlı adamlar da tapılır. Bu məsələdə öz xalqının təəssübkeşi Hacı Zeynalabdin Tağıyev xüsusi fəallığı ilə seçilir. O, Şollar ərazisindəki yeraltı bulaqların Bakını içməli su ilə təchiz etmək iqtidarında olmadığını iddia edənlərə yerindəcə cavab verərək deyir: “Şahdağ öz qarı və buzlaqları ilə əbədi olduğu kimi Şollar suyu da əbədidir”. Hacı öz şəxsi vəsaitindən quyuların qazılması üçün şəhər idarəsinə 25 min rubl pul da verir. Məhz Hacının bu xeyirxahlığı Şollar suyunun Bakıya gətirilməsi işinə, sanki, bir təkan verir.
Lindleyin xaricdən dəvət etdiyi mühəndislərdən ibarət ekspedisiya qrupu Xudatdan şimal-şərqə doğru meşədə şəffaf, təmiz bulaq suyu olduğunu aşkarlayır. Tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidi yazır ki, ən böyük bulaq Şollar kəndinin yaxınlığında yerləşdiyi üçün sənədlərdə su mənbəyi kimi daha çox Şolların adı çəkilir. Tarixçi alimin fikrincə, qazılmış quyular və suyun tərkibinə dair aparılan laborator yoxlamalar Lindleyin verdiyi proqnozları--yeraltı suların həcminin Bakının içməli suya olan ehtiyacından dəfələrlə çox olduğunu təsdiq edir.
Buna baxmayaraq, Bakı sakinlərinə sərinlik və firavanlıq gətirəcək Şollar kəmərinin çəkilişi bir tərəfdən lazımi vəsaitin tapılmamasından, digər tərəfdən isə layihənin əleyhdarlarının apardıqları əks-təbliğat səbəbindən uzanırdı. Yalnız çar II Nikolayın 6 oktyabr 1909-cu il tarixli fərmanı ilə Bakı şəhərinə 27 milyon rubldan çox olmamaq şərtilə istiqraz buraxılmasına icazə verməsindən sonra Şollar su kəməri layihəsi fəal tikinti mərhələsinə qədəm qoyur. Layihənin müəllifi Lindleyin qətiyyəti və inadkarlığı sayəsində kəmərin çəkilişi üçün lazım olan bütün avadanlıq xaricdən alınıb gətirlir. Hətta Birinci Dünya müharibəsinin qızğın çağında belə tikinti işləri səngimir. Kəmərin, anbarların, şəhərdaxili şəbəkənin inşası anbaan sürətlənir.
Nəhayət, V.Lindleyin və onun mütəxəssis komandasının, Bakı Dumasının və onun azərbaycanlı deputatlarının, şəhər idarəsinin, tikintidə çalışan minlərlə Azərbaycan kəndlisinin, Bakı fəhlələrinin möhkəm iradəsi və gərgin əməyi hesabına 1916-cı ilin dekabrında Şollar-Bakı su kəmərinin birinci növbəsinin tikintisi başa çatır. 1917-ci il yanvarın 22-də Lindley, şəhər başçısı Bıç, Dumanın və şəhər idarəsinin üzvləri, iş adamları, ziyalılar, mətbuat nümayəndələri şəhərin kənarında tikilmiş anbar ərazisində Şollar suyunun gəlişini gözləyirlər. Bakının sadə sakinləri də neçə illərdən bəri həsrətində olduqları şirin suyu öz gözləri ilə görmək üçün buraya axışırlar. Lindley tez-tez əlindəki saata baxır və suyun bir neçə dəqiqəyə anbara daxil olacağını həyəcanla bildirir. Düz müəyyən olunmuş vaxtda, 187 kilometrlik məsafəni 63 saata qət edən Şollar suyu anbara tökülməyə başlayır.
1917-ci il fevralın 18-də Şollar-Bakı su kəmərinin təntənəli açılışı keçirilir. Şəhər sakinləri üçün əsl bayrama çevrilən bu mərasimdə iştirak edən Hacı Zeynalabdin Tağıyev su anbarından şəhərdaxili şəbəkəyə gedən kranını açır. Bakı sakinləri bu hadisəni hədsiz sevinc və şadyanalıqla qeyd edirlər. Şəhərdə saysız qurbanlar kəsilir, ehsanlar paylanır.
Abşeron yarımadasının içməli su təchizatı üçün çəkilmiş bu xətt həm də Birinci Bakı su kəməri adı ilə tarixə düşüb. Mənbəyini Xaçmaz rayonunun Xudat şəhəri yaxınlığında yerləşən Şollar kəndi ərazisindəki yeraltı sulardan götürən kəmər düz 100 ildir ki, Bakı əhalisini keyfiyyətli içməli su ilə təmin edir. Kəmərlə gətirilən suyun həcmi ilk vaxtlar layihə gücünün üçdə bir hissəsini təşkil etsə də, ötən əsrin 30-cu illərində Şahdağın ətəklərində əlavə artezian quyularının qazılması, su anbarlarının tutumunun 170 min kubmetrədək, nasos stansiyalarının gücünün isə 3,5 dəfə artırılması və digər texniki tədbirlər nəql olunan suyun həcmini sutkada 109 min kubmetrə çatdırmağa imkan yaradıb.
Unikal su qurğusu olan Şollar-Bakı su kəməri ellipsoid formalı monolit beton borularla çəkilib. Hündürlüyü 1,7 metr, eni isə 1,2 metr olan borular marşrut boyunca torpağa basdırılıb. Suyun öz axımı ilə Bakıya çatdırılmasını təmin etmək məqsədilə relyefdən asılı olaraq borular 2 metrdən 8 metrədək dərinlikdə yerləşdirilib. Saf, təmiz bulaq suyu Hacı Zeynalabdin Tağıyev qəsəbəsindəki nasosxanaya qədər öz axımı ilə gəlir. Buradan su nasoslarla Müşfiqabad qəsəbəsinə vurulur, oradan isə yenə də öz axımı ilə Bakı şəhərinə çatır.
Şollar kəməri 24 artezian quyusundan, eləcə də lay və bulaq sularından qidalanır. Xatırladaq ki, əsas hissəsi torpağın altı ilə çəkilən bu nadir su kəmərində indiyədək ciddi təmir və ya yenidənqurma işləri aparılmayıb. Üstəlik, borular dəmirdən deyil, bərk gildən hazırlandığından fəaliyyət göstərdiyi 100 il ərzində kəmərdə, bir dəfə də olsun, qəza baş verməyib. Azərbaycan Milli Elmlər Akademiyası yer elmləri bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirov Şollar--Bakı su kəmərinin çəkilişində geoloji, kimyəvi, fiziki, tibbi, texniki istiqamətlər üzrə ciddi elmi araşdırmalardan yetərincə istifadə olunduğunu vurulayaraq qeyd edir ki, bu nadir və etibarlı içməli su təchizatı kompleksinin yaradılmasında XX əsrin əvvəllərində Azərbaycanda təbiət elmləri sahəsində əldə edilmiş nailiyyətlər önəmli rol oynayıb.
Yeri gəlmişkən, paytaxtımızın Şollar-Bakı su kəməri ilə başlanan mərkəzləşdirilmiş içməli su təchizatı tarixi sonrakı illərdə böyük inkişaf yolu keçib. 1958-ci ildə mənbəyini Xaçmaz rayonu ərazisindən götürən İkinci Bakı su kəməri istifadəyə verilib. Uzunluğu 175 kilometr olan dəmir-beton konstruksiyalı bu kəmərlə Bakıya saniyədə 2,73 kubmetr keyfiyyətli içməli su verilir. Bakı və Abşeron yarımadasının içməli su təchizatının yaxşılaşdırılmasında mühüm rol oynayan Ceyranbatan su anbarı və burada tikilmiş sutəmizləyici qurğular kompleksi isə Samur--Abşeron kanalından qidalanır. Ceyranbatan sutəmizləyici qurğular kompleksinin birinci mərhələsi 8 sentyabr 1961-ci ildə istismara verilib. Kompleksin ikinci mərhələsi 1966-cı ildə, üçüncü mərhələsi isə ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə, 1978-ci ildə işə salınıb. Son zamanlar burada ultrasutəmizləyici qurğunun quraşdırılması ilə əhaliyə verilən içməli su dünya standartlarına tam uyğunlaşdırılıb.
Azərbaycanın içməli su təchizatı tarixinin mühüm bir dövrü isə ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, ötən əsrin 70-80-ci illərində ulu öndərin qətiyyəti sayəsində Kür-Bakı su kəmərləri kompleksi istifadəyə verilib. 2002-ci il dekabr ayının 19-da Prezident Sarayında Azərbaycanın enerji təchizatı problemlərinə həsr olunmuş geniş müşavirədə “Bakıya bol-bol təmiz içməli su gətirəcəyik” deyən müstəqil Azərbaycanın rəhbəri Heydər Əliyev Oğuz-Qəbələ bölgəsinin yeraltı bulaq sularının paytaxta çatdırılması ilə bağlı lazımi tapşırıqlar vermişdi.
Çox keçmədi ki, ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin müstəsna səyi nəticəsində Oğuz-Qəbələ-Bakı su kəməri layihəsi uğurla başa çatdırıldı. Bu xətt 2010-cu ilin sonunda, Yeni il ərəfəsində paytaxt sakinlərinə ərməğan olundu. Bütövlükdə isə, dövlət başçısının ölkə əhalisinin fasiləsiz keyfiyyətli içməli su ilə təmin edilməsinə dair verdiyi tapşırıq paytaxt sakinlərinin 80,6 faizinin mərkəzləşdirilmiş qaydada fasiləsiz içməli su ilə təmin olunması ilə nəticələnib.
Şübhəsiz, vaxtilə M. S. Ordubaninin “qısır dəvə”yə bənzətdiyi Bakı təpəliklərinin ötən bir əsr ərzində hər addımında fəvvarələr aşıb-daşan, mənzillərində bulaq suları çağlayan bir meqapolisə çevrilməsinin uğurlu başlanğıcı bu günlərdə 100 illiyi qədirbilənliklə qeyd olunan Şollar-Bakı su kəməri ilə qoyulmuşdur.
Mirbağır YAQUBZADƏ,
“Xalq qəzeti”
Məqalə "Azərsu” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim olunur.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.