Azərbaycan xarici borclanmaya görə dünya ölkələri arasında ən yaxşı yerlərdən birini tutur

Beynəlxalq reytinq agentliklərinin Azərbaycan iqtisadiyyatının bugünkü durumuna verdikləri yüksək qiymət ona istənilən layihəyə xarici kreditləri cəlb etməyə imkan yaradır. Lakin Azərbaycan hökumətinin xarici borclanma ilə bağlı məsələlərdə öz strategiyası var və  onun mahiyyəti ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən dəfələrlə açıq şəkildə bəyan edilib. Bu strategiyanın fəlsəfəsi mümkün qədər az borclanmaya getməkdən və bütün imkanları bir araya gətirərək zəruri layihələri öz daxili imkanlarımız hesabına maliyyələşdirməkdən ibarətdir.

“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda bu məsələyə Azərbaycan hökumətinin münasibətini açıqlayan ölkə  Prezidenti demişdir: “ Bu gün Azərbaycan üçün istənilən layihəyə kredit almaq problem deyil. Hətta indiki siyasətimiz ondan ibarətdir ki, biz xarici kreditlərə o qədər də böyük meyil göstərməyək. Çalışmalıyıq ki, bundan sonra da bütün işləri daxili imkanlar hesabına görək. Çünki xarici borcun artması müsbət hal deyil. Bizdə isə bu göstərici  çox yaxşı səviyyədədir, təqribən 20 faiz səviyyəsindədir... Xarici borcu azaltmaq üçün biz xarici kreditləri çox böyük ehtiyatla almalıyıq. Ancaq ölkəmiz üçün strateji əhəmiyyət daşıyan layihələrə biz xarici borcu ala bilərik”.

Hökumətin xarici borclanma ilə bağlı strategiyası cənab Prezidentin bu konseptual fikirlərində çox aydın bir şəkildə öz əksini tapıb. Dövlət borcu ətrafında iqtisadçıların fikirləri tarixən heç vaxt uzlaşmayıb. Bu elmin klassik tərəfini təmsil edənlər dövlət borcunu “insanlar tərəfindən nə vaxtsa kəşf edilmiş bəla” kimi dəyərləndirsələr də digər qrup iqtisadçılar dövlət borcunu ölkə iqtisadiyyatının qaldırılmasını stimullaşdıran vasitə kimi qiymətləndiriblər.

Dövlət borcu mahiyyət etibarilə aktiv və passiv kateqoriyalara bölünür. Aktiv dövlət borcları büdcə vasitəsilə dövlətin konkret sosial-iqtisadi proqramlarının reallaşdırılmasına, infrastruktur layihələrinin maliyyələşdirilməsinə yönəldilir. Passiv dövlət borcları isə büdcədən maliyyələşən cari xərclərin bağlanmasına sərf edilir.

Azərbaycan hökumətinin götürdüyü borclar tamamilə aktiv borclar kateqoriyasına aiddir. Bunun belə olduğunu bilmək üçün büdcədən maliyyələşən sosial proqramlara və infrastruktur layihələrinə nəzər salmaq kifayətdir. Mətbuat səhifələrində bəzi müəlliflər yazırlar ki, Azərbaycan hökumətinin cəlb etdiyi kreditlərin böyük əksəriyyəti infrastruktur layihələrinə yönəldilir və bu layihələr əlavə dəyər yaratmır. Onlar bir məsələni nəzərə almalıdırlar ki, büdcəyə cəlb edilmiş belə vəsaitlər hesabına reallaşan həmin infrastruktur layihələri ölkə iqtisadiyyatında yaradılan əlavə dəyərin əldə olunmasında birbaşa deyil, dolayı yolla iştirak edir. Unudulmamalıdır ki, normal iqtisadi fəaliyyət üçün normal infrastrukturun olması ən vacib şərtlərdən biridir.

Xarici borclanma sahəsində Azərbaycanın bugünkü reallığı ondan ibarətdir ki, dünyada gedən və ölkəmizdən də yan keçməyən iqtisadi böhran şəraitində son iki ildə xarici dövlət borcumuzun həcmində elə bir ciddi artım baş verməyib.  Belə ki, 01 oktyabr 2015-ci il tarixədən 01 oktyabr 2016-cı il tarixə qədər ötən müddətdə Azərbaycanın xarici dövlət borcu cəmi 920 milyon dollar artaraq 6 milyard 731 milyon dollarardan 7 milyard 651 milyon dollara çatıb. İqtisadi böhran şəraitində, neftin qiymətlərinin kəskin düşməsi səbəbindən valyuta gəlirlərimizin əsaslı şəkildə azaldığı bir dönəmdə bunu böyük artım adlandırmaq sadəcə diletantlıqdır. Ötən dövr ərzində borcun həcmi əsasən manat ifadəsində artıb ki, bu da manatın son iki kəskin devalvasiyasından sonra baş verib. Əgər manatın məzənnəsində bu devalvasiyalar baş verməsəydi, onda bu günə mövcud olan 7,6 milyard dollar xarici borcumuz, milli valyuta ilə cəmi 5,9 milyard manat təşkil etmiş olardı. Hazırda xarici borcumuzun ümumi daxili məhsulun 20 faizdən bir qədər artıq hissəsini təşkil etməsi də elə bu səbəbdən baş verib. Manatın ucuzlaşması baş verməsəydi bu rəqəm də 10 faiz həddində qalacaqdı.

Əslində dünya praktikasında xarici borcun həcminin ÜDM-ə nisbətdə hansı səviyyədə olmasını müəyyən edən və buna görə də borclanmanın normal və ya qeyri-normal bir həddə olmasını təyin edən elə bir kriteriya yoxdur. Bu da tam məntiqlidir. Borclanmanın səviyyəsini hər bir dövlət özünün iqtisadi strategiyasına uyğun olaraq  müəyyən edir. Əgər bu strategiya düzgündürsə və  onun uğur qazandıracağına hökumət əmindirsə, bu halda xarici borcun optimal həcmi də buna uyğun müəyyən edilməlidir. Öncə onu deyək ki, bu gün dünya ölkələrinin 70 trilyon dolları ötən xarici borcu həmin ölkələrin ÜDM-nin az qala 100 faizi həcmindədir. İnkişaf etmiş bir çox ölkələrdə bu göstərici daha böyükdür. Bizdə isə bəzi iqtisadçılar xarici borcumuzun ÜDM-ə nisbətdə  20 faiz həddində olmasını az qala faciə kimi qələmə verirlər.

Xarici borclanma və ümumiyyətlə, dövlətin borclanması sahəsində indiyə qədər tarixin ortaya qoyduğu ən böyük həqiqət budur ki, bəzi dövlətlər borclanma hesabına nəinki iqtisadi cəhətdən inkişaf edə biliblər, hətta dünya iqtisadiyyatının əsas güc mərkəzlərinə çevriliblər. Dediyimiz fikirləri bu gün dünya iqtisadiyytının əsas nəhəngləri hesab olunan və onilliklər boyu iqtisadi cəhətdən böyük uğurlar qazanmış ABŞ, Yaponiya, İngiltərə və başqa ölkələrin xarici borclanma sahəsindəki təcrübələri aydın göstərir. Lakin bu heç də o demək deyil ki, hər bir ölkə bu təcrübəni olduğu kimi təkrar etməldir. Bu gün dünya iqtisadiyyatının dörddə birinə sahib olan ABŞ-ın dövlət borcu onun ümumi daxili məhsulundan çox olan həddə gəlib çatsa da, bu dövlətin apardığı iqtisadi siyasət, ölkə iqtisadiyyatını çökdürə biləcək böhranlardan özünəməxsus manevrlərlə yayınması və bəzən bu böhranlardan öz iqtisadi durumunu bir qədər də yaxşılaşdırmaq üçün faydalanması onu dünyanın ən qüdrətli ölkəsinə çevirib.

Əslində normal borclanma bütün hallarda məqbul sayıla bilər. Lakin onun neqativ tərəflərinin də mümkünlüyünü hesablamağı bacarmaq lazımdır. Ortada böyük həcmdə uğursuz xarici borclanmanın yaratdığı problemlərlə üz-üzə qalmış Yunanstan kimi ölkələrin də acı təcrübəsi var. Ona görə də xarici borcu yalnız uğurlu iqtisadi islahatlar keçirildiyi  bir şəraitdə yeni dəyər yaradan layihələrə yönəltmək ən düzgün seçim ola bilər. Azərbaycan hökumətinin də xarici borclanma üzrə strategiyasının kökündə məhz belə yanaşma dayanır. Bu gün Azərbaycan yaxın illərdə  ona yüz milyard dollardan artıq mənfəət gətirə biləcək Cənub Qaz Dəhlizi kimi layihələrin maliyyələşdirilməsinə xarici kreditləri cəlb edir. Heç şübhə yoxdur ki, beynəlxalq maliyyə qurumlarından çox sərfəli şərtlərlə alınan bu kreditlər özünü tezliklə tam doğruldacaq.

Azərbaycanın xarici dövlət borcu ətrafında yersiz və əsassız fikirlər söyləyib, ajiotaj yaratmağa cəhd edənlər əslində bu sahədəki vəziyyətin kifayət qədər normal olduğunu çox gözəl bilirlər. Azərbaycanda xarici dövlət borcunun onun ümumi daxili məhsuluna nisbətdə 20 faiz səviyyəsində olması nə deməkdir? Dövlət borclarımızın bu günə olan səviyyəsi ölkəmizin iqtisadiyyatı və vətəndaşlarımızın yaşam tərzinə necə təsir edə bilər? Əvvəlcə onu qeyd edək ki, Azərbaycanın bu günə olan 7,6 milyard ABŞ dolları həcmində dövlət borcu dünyada ən aşağı borclanma göstəricilərdən biridir və bu borcun adambaşına düşən həcmi 767 ABŞ dollarına bərabərdir. Bu göstərici ABŞ-da 57 000 dollar, Böyük Britaniyada 158 000 dollar, Almaniyada 71 000 dollar, Fransada 81 000 dollar, Rusiyada 4200 dollar, Gürcüstanda 2400 dollar, Ermənistanda isə 2700 dollardır.

Azərbaycanın xarici dövlət borcunun vəziyyətinə qiymət verərkən onu bəzən heç bir əsas olmadan şişirdirlər. Bəzi iqtisadçılar Dövlət Neft Şirkətinin və başqa dövlət müəssisələrinin aldıqları borcları da Azərbaycanın dövlət borcunun üzərinə gələrək,  ölkədə adambaşına düşən dövlət borcuna dair göstəricini şişirdilmiş şəkildə cəmiyyətə təqdim edirlər. Əvvəla, Dövlət Neft Şirkətinin götürdüyü xarici borcların heç birinə hökumət zəmanəti verilməyib. Bu şirkətin gücü, qüdrəti və beynəlxalq aləmdəki nüfuzu ona dövlət zəmanəti olmadan da borc ala bilmək imkanları yaradır. Dövlət müəssisəsi olmasına baxmayaraq Dövlət Neft Şirkətinin götürdüyü borclara görə məsuliyyəti özü daşıyır və zəruri hallarda  aldığı borcdan dəfələrlə artıq olan aktivləri ilə vəziyyəti tənzimləməyə qadirdir. Dövlət Neft Şirkəti kommersiya fəaliyyəti həyata keçirən hüquqi şəxsdir, müstəqil balansa, banklarda, o cümlədən xarici banklarda hesablara malikdir və onun Nizamnaməsində çox aydın  şəkildə deyilir ki, öz adından əmlak və digər hüquqlar əldə etmək, vəzifələr daşımaq səlahiyyəti var və dövlət şirkətin öhdəliklərinə görə cavabdeh deyil. Bu səbəbdən də şirkətin borclarını dövlət borcuna aid etmək  düzgün deyil.

Əsl həqiqət isə budur ki, Azərbaycan borclanmanın vəziyyətini xarakterizə edən bütün göstəricilərə görə dünya ölkələri arasında ən yaxşı yerlərdən birini tutur.

Fikrət YUSİFOV,
iqtisad elmləri doktoru, professor


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında