Dövlət başçısının imzaladığı yeni fərmana əsasən bəzi məcburi köçkünlər kommunal xidmət haqlarını onlar yeni yaşayış sahələrinə köçürülənədək dövlət hesabına ödəyəcəklər.
Müstəqilliyinin ilk günlərindən gənc dövlətimizin qarşısında duran vəzifələrdən biri qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli olub. Bu təbəqədən olan insanlara sistemli, məqsədyönlü dövlət qayğısı məhz ulu öndər Heydər Əliyev tərəfindən həyata keçirilməyə başlanıb. Gərgin iş rejiminə və dövlət idarəçiliyi sahəsində nəhəng fəaliyyət miqyasına baxmayaraq, Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində doğma yurdlarından didərgin düşmüş soydaşlarımızın sosial problemlərinin həlli ümummilli liderin gündəlik qayğısına çevrilmişdi.
Məcburi köçkünlərin olduqca ağır vəziyyətdə yaşadıqları çadır düşərgələrinin ləğvi ideyası da ulu öndərə məxsus idi. Ümummilli lider yaranan iqtisadi imkanları ilk növbədə qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə yönəldirdi. Təsadüfi deyil ki, Dövlət Neft Fondunda toplanan ilk vəsait dahi şəxsiyyətin müvafiq fərman və sərəncamları ilə qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə sərf olunmuşdu.
Azərbaycan Prezidenti İlham Əliyev də fəaliyyətində qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllini dövlətin sosial siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən edib. Ölkə rəhbərinin bu qəbildən olan insanlara xüsusi diqqət və qayğısının nəticəsidir ki, qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur olanların həyat səviyyəsi, mənzil-məişət şəraitləri əhəmiyyətli dərəcədə yaxşılaşıb.
Prezident İlham Əliyev hələ 2003-cü il oktyabrın 1-də prezident seçkiləri ərəfəsində ilk görüşünü Biləsuvar rayonu ərazisində məcburi köçkünlər üçün salınmış yeni qəsəbələrdə keçirərkən bir dənə də olsun çadır düşərgəsinin qalmayacağını bəyan etmişdi. 2006-cı ildə Bərdə və Ağcabədi rayonlarındakı 4 çadır düşərgəsinin, 2007-ci ilin dekabrında isə Saatlı və Sabirabad rayonları ərazisindəki 3 çadır düşərgəsinin ləğvi də təmin edilərək, Prezident İlham Əliyevin tapşırığı vaxtından bir il əvvəl yerinə yetirildi.
2004-cü ildə təsdiq edilən “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” ölkəmizdə qaçqın və məcburi köçkünlərə dövlət qayğısının növbəti təzahürü idi. Proqram nəticəsində 2004-cü ildən başlayaraq qaçqın və məcburi köçkünlər üçün respublikamızın müxtəlif bölgələrində yeni yaşayış qəsəbələrinin inşası prosesinə start verildi. Sonrakı illərdə proqrama əlavələr edildi və buna müvafiq olaraq qaçqınların və məcburi köçkünlərin sosial durumunun, yaşayış şəraitinin daha da yaxşılaşdırılması məqsədilə xeyli sayda tədbir reallaşdırıldı.
Azərbaycan Prezidentinin müvafiq sərəncamlarına uyğun olaraq indiyədək ölkəmizin müxtəlif ərazilərində qaçqın və məcburi köçkünlər üçün bütün sosial-texniki infrastrukturu ilə birlikdə 90-dan çox müasir tipli qəsəbə və hündürmərtəbəli yaşayış binaları kompleksi tikilib istifadəyə verilmiş, 230 min nəfərdən çox bu qəbildən olan insanın mənzil-məişət şəraiti yaxşılaşdırılmışdır.
Ümumiyyətlə, ötən illər ərzində Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən məcburi köçkünlərin üzləşdikləri çətinliklərin aradan qaldırılması istiqamətində önəmli addımlar atılıb, genişmiqyaslı tədbirlər həyata keçirilib. Son 20 ildə bu işlərə 6,2 milyard manatdan çox vəsait sərf olunub. Bu illərdə məcburi köçkünlərə aylıq yemək xərci üçün verilən müavinətin məbləği 3,6 dəfə, kommunal xidmətlərə görə vəsaitin miqdarı 4,5 dəfə artıb. Əməkqabiliyyətli 380 min məcburi köçkündən 160 mindən çoxu daimi işlə təmin edilib, 200 min nəfəri isə mövsümi işlərə cəlb olunub.
“Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli fərmanında dəyişikliklər edilməsi barədə” 14 fevral 2017-ci il tarixli fərman da dövlət başçısının məcburi köçkünlərə və bu qəbildən olan digər insanlara qayğısının daha bir təzahürüdür.
Fərmana əsasən, məcburi köçkünlərin kompakt şəkildə müvəqqəti məskunlaşdığı ərazilərdə qazlaşdırma və sayğaclaşma mümkün olmadığı halda, kommunal xidmətlərə görə ödənişlər 1 yanvar 2017-ci il tarixinədək mərkəzləşdirilmiş qayda ilə müəyyən edilmiş limitlər əsasında həyata keçiriləcək. Bu norma məcburi köçkünlər üçün yeni yaşayış sahələrinə köçürülənə qədər qüvvədə qalacaq. Həmin kateqoriyaya daxil olan məcburi köçkünlər 1 yanvar 2017-ci il tarixdən köhnə qayda ilə onlara dövlət tərəfindən ayrılmış aylıq 20 manat müavinəti də alacaqlar.
Fərmanda edilən dəyişikliyə əsasən, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi həmin kontingentin siyahısını və məskunlaşma yerlərini müəyyənləşdirdikdən sonra icrasına başlanacaq.
Fərmanda deyilir: “Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan, habelə təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində (keçmiş yataqxana, müalicə pansionatları və digər binalarda) faktiki yaşayan məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sayını, məskunlaşma yerlərini və adlı siyahılarını aidiyyəti şəhər (rayon) icra hakimiyyətləri, “Azəriqaz” İstehsalat Birliyi, “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti və “Azərsu” Açıq Səhmdar Cəmiyyəti ilə birgə müəyyən etsin”.
Nazirlər Kabinetinin üç gün ərzində limitləri müəyyən edərək 15 gün müddətində qazlaşdırma proqramını və Azərbaycan Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb razılaşdırmaq üçün dövlət başçısına təqdim etməsi də sənəddə öz əksini tapıb.
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.