Azərbaycanın beynəlxalq iqtisadi əlaqələri yüksək səviyyədə inkişaf edir

Ölkə Prezidenti İlham Əliyevin işləyib hazırladığı və uğurla həyata keçirdiyi uzaqgörən inkişaf strategiyası nəticəsində bu gün Azərbaycan davamlı iqtisadi inkişafını daha da sürətləndirməsi, regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilməsi ilə diqqət çəkir. Azərbaycan iqtisadiyyatının bir çox sahələrində, xüsusilə də qeyri-neft sektorunda nəzərə çarpan yüksəliş bir tərəfdən ölkəmizin geniş inkişaf potensialını əks etdirir, digər tərəfdən isə bu potensialdan tam istifadə olunması məqsədilə əlavə tədbirlərin həyata keçirilməsi zərurətini ortaya qoyur. Yaxın illərdə qarşıda duran əsas məsələlərdən biri iqtisadiyyatda karbohidrogen ehtiyatlarından asılılığı tamamilə aradan qaldırmaq və iqtisadi artımı qeyri-neft sektorunun, o cümlədən onun aparıcı tərkib hissəsi olan sənayenin hesabına təmin etməkdir. Bu sahənin inkişafının innovasiyalar əsasında təmin olunması, texnoparkların sənayeləşmədə strateji layihələr kimi yer alması Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında da başlıca hədəflər sırasındadır.

 

Hazırda dünyanın aparıcı investisiya şirkətləri, maliyyə qurumları ölkəmizə irihəcmli sərmayə yatırır, kreditlər ayırırlar. Xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən əsas kapitala yönəldilən xarici investisiyanın çox hissəsi Böyük Britaniya, ABŞ, Yaponiya, Fransa, Norveç, Çexiya, Türkiyə və Koreyaya məxsusdur. Azərbaycanda reallaşan strateji əhəmiyyətli infrastruktur layihələrin icrasında türk şirkətləri daha fəal iştirak edirlər. Ölkəmizə qoyulan əsaslı investisiyalar, yerli şirkətlərin fəaliyyətinin genişlənməsi, sahibkarlığın inkişafına ayrılan vəsait, kreditlərin, subsidiyaların artırılması xarici investorların fəaliyyətinə əlverişli şərait yaratmaqla güclü infrastruktur layihələrinin gerçəkləşdirilməsini də sürətləndirir.

İqtisadiyyatın bir çox sahələrində olduğu kimi, xaricə investisiya qoyuluşu sahəsində də ölkəmiz uğurlar qazanır. Azərbaycan şirkətlərinin xarici bazarlara çıxması dövlət siyasətinin əsasını təşkil edir. İqtisadi potensialımızın güclənməsi xarici dövlətlərə investisiya qoyuluşuna əlverişli şərait yaradır. Türkiyə, Gürcüstan, Ukrayna, Belarus, Moldova, Polşa kimi ölkələr Azərbaycan investisiyalarının potensial hədəfləri sırasında yer alır.

Respublikamızın güclü maliyyə resurslarına malik olması, bölgədə ən iri kommunikasiya - infrastruktur layihələrinin reallaşmasının təşəbbüskarı kimi iştirak etməsi xarici investorları ölkə iqtisadiyyatına daha böyük maraqla cəlb edir. Ölkəyə qoyulan investisiyaların həcminin ildən-ilə artması dövlətimizin bu sahəyə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Bütün bu amillər onu deməyə əsas verir ki, dünyada etibarlı tərəfdaş kimi qəbul edilən Azərbaycanda əlverişli biznes mühiti formalaşıb. Əldə olunan nəticələr isə iqtisadiyyatın daha da güclənəcəyinə əlverişli zəmin yaradıb.

Dövlət Statistika Komitəsinin yaydığı məlumatda bildirilir ki, 2016-cı ildə Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 186 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 116 ölkəyə məhsul ixrac, 177 ölkədən isə idxal olunub.

Məlumatda, həmçinin diqqətə çatdırılır ki, ötən il xarici ticarət dövriyyəsi 21 milyard 650,8 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 13 milyard 118,4 milyon dollar, idxalın dəyəri 8 milyard 532,4 milyon dollar təşkil edib, nəticədə 4 milyard 586 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb. Ticarət dövriyyəsinin 36,2 faizi Avropa İttifaqı ölkələrinin, 13 faizi MDB üzvü olan dövlətlərin, 50,8 faizi isə dünyanın digər ölkələrinin payına düşüb. 

İxracın dəyərinin 17,1 faizi İtaliya, 12,4 faizi Türkiyə, 8,7 faizi Tayvan (Çinin əyaləti), 7,3 faizi İsrail, 6,7 faizi Almaniya, 5,4 faizi Fransa, 4,8 faizi Hindistan, 4,5 faizi Rusiya, 3,8 faizi Gürcüstan və 3 faizi Çinə, qalan 26,3 faizi isə digər ölkələrə göndərilən məhsullar əsasında formalaşıb. 

İdxal olunan məhsulların dəyərinin 19,2 faizi Rusiyanın, 13,8 faizi Türkiyənin, 8,2 faizi Çinin, 5,8 faizi Birləşmiş Krallığın, 5,5 faizi ABŞ-ın, 4,7 faizi Almaniyanın, 3,9 faizi İtaliyanın, 3,4 faizi Ukraynanın, 3,3 faizi Yaponiyanın, 3,2 faizi Norveçin, 29 faizi isə digər ölkələrin payına düşüb.

Son illər Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, “Qoldman Saks” Təşkilatı, Beynəlxalq Maliyyə Korporasiyası, Müstəqil Dövlətlər Birliyinin Statistika Komitəsi və digər qurumların hesabatlarında Azərbaycanda investisiyalar üçün əlverişli biznes mühitinin yaradılması, sahibkarlıq subyektlərinin qeydiyyat prosesinin təkmilləşdirilməsi, əcnəbi sərmayəçilər üçün hökumət tərəfindən əlverişli sərmayə imkanlarının təmin edilməsi, eləcə də digər tədbirlərin intensiv xarakter alması əksini tapıb. Ümumdünya İqtisadi Forumunın açıqladığı ənənəvi qlobal rəqabətlilik əmsalında respublikamız əksər MDB və Avropa ölkələrini geridə qoyub. 

Azərbaycan Prezidenti İlham Əliyev beynəlxalq çərçivədə keçirdiyi bütün görüşlərində ölkəmizin sözügedən iqtisadi imkanları barədə aydın, obyektiv təsəvvür yaradıb. Respublikamızda həyata keçirilən iqtisadi islahatların uğurlu nəticələrini dünyaya, eləcə də Avropaya çatdırıb. Bunun nəticəsində isə  Azərbaycana investisiya qoyuluşu, yeni texnologiyaların gətirilməsi prosesi sürətlənib.

Dövlətimizin başçısı bu il fevralın 6-da Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk ilə görüşündə bildirib ki, Avropa Azərbaycanın əsas investorudur. Ölkəmizdə çox münbit bir sərmayə mühiti yaradılıb. İyirmi beş il əvvəl müstəqilliyimiz bərpa edildikdən sonra ötən müddətdə iqtisadiyyatımıza 200 milyard dollardan artıq vəsait qoyulub. Eyni zamanda, Avropa respublikamızın əsas ticarət tərəfdaşına çevrilib. Hazırda Azərbaycan bir çox Avropa ölkələrini neftlə təchiz edir və yaxın zamanlarda təbii qazın təchizatına  başlanılacaq.

Son illər daşımalar sahəsində də uğurlu nəticələr əldə edilib. Azərbaycan bölgədə yeni dəmir yolu xəttinin çəkilməsinə böyük sərmayələr yatırıb. Asiyanı Avropa ilə birləşdirən yeni marşrut  cari il istifadəyə veriləcək və bu, Avropadan Asiyaya və geriyə malların daşınması vaxtını iki dəfə qısaldacaq.

Azərbaycanın Avropa İttifaqına üzv dövlətlərlə də əməkdaşlıq sahəsində zəngin təcrübəsi var. Respublikamız indiyədək həmin ölkələrin 9-u ilə strateji tərəfdaşlığa dair saziş imzalayıb. Bu, Avropa İttifaqı ilə Azərbaycan arasında gələcək razılaşmalar üçün mühüm önəm daşıyır.

Azərbaycan Prezidenti İlham Əliyev  Avropa İttifaqı Şurasının prezidenti ilə görüşündə, həmçinin deyib ki, enerji sahəsindəki əməkdaşlıq əlaqələrin möhkəmlənməsinə mühüm təsir göstərir. Azərbaycan “Cənub” Qaz Dəhlizi  layihəsinin inkişaf etdirilməsi üçün əməkdaşlığa üstünlük verir. Bu, hazırda Avropada həyata keçirilən ən böyük infrastruktur layihələrindən biridir. Həmin layihə 40 milyard dollardan artıq vəsaitin sərmayə kimi qoyulmasını tələb edir.

Dövlət başçısının Brüsseldə keçirdiyi görüşlərdə bir daha qeyd edilib ki, ölkəmiz hazırda regionda həlledici mövqeyə malik aparıcı dövlət kimi tanınır. Azərbaycan vaxtilə xarici yardımlara, investisiyalara ehtiyacı olan ölkədən sərmayə ixracatçısına çevrilməkdədir. Son illər dövlətimiz qarşıya qoyulan bir çox vəzifələrin həllinə nail olub, respublikamızın regional və qlobal əhəmiyyəti, etimad səviyyəsi xeyli yüksəlib, regional və qlobal enerji təhlükəsizliyi sahəsində mövqelərimiz, milli iqtisadiyyatımızın rəqabətədavamlı xarakteri güclənib, əhalinin sosial rifahı nəzərəçarpacaq səviyyədə yaxşılaşıb.

Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk ilə görüşündə son illər ölkə həyatının bütün sahələrində reallaşdırılan məqsədyönlü tədbirlərin uğurlu nəticələrlə müşahidə edildiyi, enerji sektorunda qlobal əhəmiyyətli layihələrin icrasının respublikamızın imkanlarını artırmaqla yanaşı, regional və beynəlxalq əməkdaşlığın inkişafına da xidmət göstərdiyi diqqətə çatdırılıb. Azərbaycanın təşəbbüsü və liderliyi ilə icra olunan “Cənub” Qaz Dəhlizi layihəsi Azərbaycan qazını Avropa bazarlarına çatdırmaqla Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə də öz dəyərli töhfəsini verəcəyi bir daha diqqətə çatdırılıb. Xatırladaq ki, adıçəkilən layihə çərçivəsində “Şahdəniz-2” qaz-kondensat yatağının işlənməsi üzrə işlərin 87 faizi, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi üzrə işlərin 72 faizi, Trans-Anadolu Boru Kəmərinin (TANAP) inşası üzrə işlərin 60 faizi, Trans-Adriatik Boru Kəmərinin (TAP) inşası üzrə işlərin 30 faizi icra edilib. Qeyd etmək lazımdır ki, “Şahdəniz” yatağı təsdiq edilmiş qaz ehtiyatı ən azı 1,2 trilyon kubmetr olan dünyanın ən böyük qaz yataqlarından biridir.

Prezident İlham Əliyev xarici ölkələrə səfərləri çərçivəsində keçirdiyi görüşlərində Azərbaycanda həyata keçirilən uğurlu iqtisadi islahatların yaratdığı yeni imkanlar barədə ətraflı söhbət açır, Ermənistanın işğal siyasətini davam etdirdiyini bir daha diqqətə çatdırır. Toxunduğu bütün məsələlərlə bağlı məntiqli, dolğun və əhatəli fikirlər söyləyən ölkə rəhbərini görüşlərdə iştirak edənlər diqqətlə dinləyir, öz münasibətlərini bildirirlər. Onların hər biri Prezident İlham Əliyevin söylədiyi strateji xarakterli tezislərin vacibliyini bir daha vurğulayır, eyni zamanda, ictimai xidmətlər, sənaye, kənd təsərrüfatı, turizm, ixracın şaxələndirilməsi sahələrində əməkdaşlıq imkanları ilə bağlı ətraflı fikir mübadiləsi aparırlar.

Dövlətimizin başçısının son illər xarici səfərlər zamanı keçirdiyi görüşlərdə respublikamızın artıq sivilizasiyalar, dinlər və mədəniyyətlərarası dialoqa həsr olunan mötəbər beynəlxalq tədbirlərin keçirildiyi mühüm bir məkana çevrilməsi, Azərbaycanın idman sahəsində böyük uğurlar qazanması, paytaxtda və regionlarda ən müasir Olimpiya idman komplekslərinin yaradılması, ölkəmizin mötəbər idman tədbirlərinə ev sahibliyi etməsi nəticəsində respublikamıza gələn turistlərin sayının xeyli dərəcə artması, turizm sektorunun inkişaf etməsi məsələləri də konkret faktlarla diqqətə çatdırılır.

Azərbaycanın tarixi İpək Yolunun bərpasında önəmli rol oynadığını deyən Prezident İlham Əliyev bu istiqamətdə ölkəmizdə həyata keçirilən tədbirlərin mühüm önəm daşıdığını, bunun beynəlxalq əlaqələrin inkişafını sürətləndirdiyini vurğulayıb. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin İpək Yolunun bərpasına xidmət göstərdiyini, bu dəmir yolu vasitəsilə həmin yolu qısa vaxtda qət etməyin mümkün olacağını bildirən dövlətimizin başçısı hazırda Bakıda Xəzər regionunda ən böyük dəniz limanının tikildiyini, İpək Yolunun sərmayədarlar üçün cəlbedici olmasının yolları barədə düşünülməsinin vacibliyini diqqətə çatdırıb.

Son illər ölkəmizdə informasiya-kommunikasiya texnologiyalarının inkişafı ilə bağlı dövlət səviyyəsində bir sıra tədbirlərin həyata keçirilməsi, Azərbaycanın enerji resurslarının İpək Yolunun bərpasına müsbət təsir göstərməsi də Azərbaycanın beynəlxalq əlaqələrinin yüksək səviyyədə inkişafına xidmət edir.

İpək Yolu layihəsinin insanlar arasında əlaqələrin qurulmasına müsbət təsir göstərəcəyini xatırladan dövlətimizin başçısı bunun ölkəyə daha çox turistlərin cəlb edilməsinə imkan verəcəyini bildirib. Bu məqsədlə hazırda Azərbaycanda elektron viza sisteminin tətbiq olunduğunu, bunun isə əcnəbilərə Azərbaycana gəlmək üçün vizanı 3 gün ərzində almağa imkan yaratdığını vurğulayıb.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında