Şriftin ölçüsü:
23.12.2010 08:28 | Oxunma sayı: 577
Azərbaycanın xarici siyasət idarəsinin mətbuat xidmətindən bildirmişlər ki, dekabrın 22-də nazir Elmar Məmmədyarov İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) İstanbulda keçirilən Xarici İşlər Nazirləri Şurasının 19-cu iclasında bəyanatla çıxış etmişdir.
Azərbaycanın İƏT çərçivəsində əməkdaşlığa xüsusi önəm verdiyini vurğulayan E.Məmmədyarov əmin olduğunu bildirmişdir ki, bugünkü görüşdə qəbul olunan qərarlar təşkilatın canlandırılmasında, onun səmərəliliyinin və bölgəmizin üzləşdiyi çağırışlara cavabvermə qabiliyyətinin artırılmasında vacib addım olacaqdır. Nəzərə alsaq ki, nəqliyyat təşkilat daxilində əməkdaşlığın əsas qurucu elementidir və regional ticarətin inkişafı üçün ilkin şərtdir, hesab edirik ki, qurum ölkələri üçün faydalı olacaq Bakı-Tbilisi-Qars və Qəzvin-Rəşt-Astara kimi əsas regional dəmir yolu layihələrinin tamamlanması istiqamətində səylərin artırılması vacibdir. Tranzit potensialını artırmaq məqsədi ilə Azərbaycan Transavropa və Transasiya şəbəkələrinin birləşməsinə xidmət edəcək nəqliyyat infrastrukturunu çoxşaxəli etməyə və müasirləşdirməyə çalışır. Bununla yanaşı, yeni Beynəlxalq Dəniz Ticarət Limanının və onun təminat (logistik) mərkəzinin inşası beynəlxalq nəqliyyat dəhlizlərinin rəqabətliliyini və region ölkələrinin tranzit imkanlarını əhəmiyyətli dərəcədə artıracaqdır.
Nazir demişdir ki, Azərbaycan enerji mənbələrinin nəql edilməsinin çoxşaxəli olmasında, enerji təhlükəsizliyinin gücləndirilməsində və əməkdaşlığa cəlb olunmuş ölkələrin, o cümlədən İƏT üzv dövlətlərinin iqtisadiyyatlarının inkişaf etdirilməsində böyük rol oynayacaq regional enerji layihələrinin həyata keçirilməsində fəallıq göstərir. İƏT-də müsbət irəliləyişlərin əldə olunmasına baxmayaraq, biz bu nailiyyətlərlə kifayətlənə bilmərik və inanırıq ki, təşkilatın mövcud potensialından tam yararlana bilməmişik. Bunun tam şəkildə dərk edilməsi üçün üzv ölkələr təşkilatın səmərəliliyin artırılmasına yönəlmiş islahatların həyata keçirilməsi prosesini davam etdirməlidirlər. Biz qurumun bütövlükdə təşkilati strukturunu ölkələrimizin və bütün regionun ehtiyacları və üzləşdiyi çağırışlara cavab verməyə uyğun formaya gətirməliyik. Biz İqtisadi Əməkdaşlıq Təşkilatını tamamilə yetişmiş bir təşkilata çevirməyə müvəffəq olduq, lakin buna baxmayaraq, bu qurum səmərəli və əlaqələndirilmiş şəkildə fəaliyyət göstərməlidir. Bu vəziyyətin yaxşılaşdırılması üçün üzv ölkələrin ümumi və müştərək baxışları və güclü bağlılığı vacibdir. Biz, həmçinin əməkdaşlığın daha çox sahələri əhatə etməsindən çəkinməliyik. Bizim təcrübə bunun səmərəli olmadığını göstərir. Beləliklə, fəaliyyətimiz daha mərkəzləşdirilmiş və layihə yönümlü olmalıdır. Bu, xüsusilə planlaşdırma və həyata keçirmə mərhələlərinə aiddir. Əlavə olaraq, bu siyasət müəyyən prioritetlərə əsaslanmalı, təşkilati imkanlarımıza və məhdud mənbələrimizə uyğun şəkildə həyata keçirilməlidir. Əminik ki, əməkdaşlıq sahələrinin prioritetləşdirilməsi, işçi və ekspert qruplarının səmərəliliyinin artırılması bütövlükdə təşkilatın səmərəliliyinə təkan verə bilər. Bu baxımdan Azərbaycan hesab edir ki, əməkdaşlığın hüquqi və fəaliyyət mexanizmlərinin təkmilləşdirilməsinə ehtiyac vardır. Aydın məsələdir ki, yuxarıda qeyd olunanları təşkilatımızın iş üsullarında müvafiq dəyişikliklər etmədən həyata keçirə bilmərik. Biz əminik ki, buna nail olmaq üçün islahatlar davam etməlidir.
E.Məmmədyarov bəyan etmişdir ki, islahat qaydalarını qəbul edərkən üzv dövlətlərin qarşılaşdığı ictimai-siyasi və humanitar xarakterli problemlərə təşkilat tərəfindən müvafiq qaydada baxılmalıdır. Regionda qeyri-sabitlik davam etdiyi müddətdə real regional əməkdaşlıq müzakirə oluna bilməz. Bu, regionumuzun və təşkilatın üzləşdiyi ən ciddi problemdir və onların həlli üçün daha qətiyyətli səylər göstərmək lazımdır. Azərbaycanın 20 faiz torpaqlarının Ermənistanın işğalı altında olması və ölkədə 1 milyon qaçqın və məcburi köçkünün mövcudluğu İƏT regionunda inkişaf, sabitlik və tərəqqinin bərqərar olunmasına böyük maneələr törədir. Bu baxımdan təşkilat və üzv ölkələr Azərbaycanın münaqişənin tezliklə həllinə və ərazi bütövlüyünün bərpasına yönəlmiş mövqeyinə öz qətiyyətli və ardıcıl dəstəyini artırmalıdır.
{nl}
{nl}
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.