Azərbaycan Dünya İqtisadi Forumunun 2017-ci il üzrə inklüziv artım və inkişaf hesabatında ikinci yerə yüksəlib

Dünya İqtisadi Forumunun “İnklüziv artım və inkişaf – 2017” adlanan hesabatında  79 ölkənin reytinqi əks olunub. Litva və Azərbaycan 4,73 balla inklüziv inkişaf indeksi üzrə birinci və ikinci yerlərdə qərarlaşıb.

Azərbaycan bu göstəriciyə görə Şərqi Avropanın və Cənubi Amerikanın bir sıra ölkələrini, həmçinin Rusiya, Çin, Türkiyə, Qazaxıstan, İran və digər ölkələri qabaqlayır.

Hesabatda inklüziv inkişaf indeksinə görə ölkələr beş kateqoriya üzrə bölünüb. Azərbaycan sabit ölkələr siyahısında yer alıb.

İnkişaf etmiş ölkələr üzrə reytinqə Norveç başçılıq edir. İlk beşliyə Lüksemburq, İsveçrə, İslandiya və Danimarka daxildir.

Xatırladaq ki, inklüziv inkişaf indeksi gəlir, səhiyyə, yoxsulluq və davamlılıq sahəsi üzrə müvafiq göstəricilər əsasında hazırlanır. Dünya İqtisadi Forumu gəlir və sərvətin bölünməsini, yoxsulluğun səviyyəsini araşdırır.

Hesabatda texnoloji yenilik, qloballaşmanın gətirdiyi təhlükə və bərabərsizliklə səmərəli mübarizə məqsədilə iqtisadi siyasətdə dəyişiklik təklif olunur. Belə bir nəticəyə gəlinir ki, əksər ölkələr iqtisadi artımı yüksəltmək barədə düşündükləri halda, bərabərsizliyi azaltmaqla bağlı mühüm məsələyə ciddi diqqət yetirmirlər.

Araşdırmalara əsasən, 2008-2013-cü illərdə 26 inkişaf etmiş ölkədə illik orta gəlir 2,4 faiz, yaxud adambaşına 284 dollar azalıb. İnkişaf etməkdə olan ölkələrdə isə durum daha yaxşıdır, orta gəlir 10,7 faiz, yaxud 165 dollar yüksəlib. Amma bu ölkələrin 23 faizində adambaşına orta gəlir 9 faiz aşağı düşüb. Müqayisə üçün inkişaf etmiş ölkələrin 54 faizində orta gəlirdə 8 faizlik, yaxud adambaşına 1044 dollar ekvivalentində azalma var.

Hesabat müəlliflərinin fikrincə, yaşam standartlarında davamlı, hərtərəfli inkişaf milli iqtisadi göstəricinin əsas hədəfi sayılmalıdır, siyasətçilər ÜDM artımındansa, bu məqama diqqət yetirməlidirlər. Həmin konsepsiyaya gəlir, iqtisadi imkanlar, təhlükəsizlik və həyat keyfiyyəti də daxildir. Bu baxımdan, sənəddə ayrı-ayrı ölkələrin göstəriciləri dəyərləndirilir. Belə ki, 79 inkişaf etməkdə olan ölkə sırasında Azərbaycan Litvadan sonra 2-ci yerdədir. Rusiya 13, İran 21, Gürcüstan 31, Ermənistan 50-ci yerdə qərarlaşıb.

Hesabatda, həmçinin deyilir ki, 82 inkişaf etməkdə olan ölkədən 18-də inklüziv inkişaf indeksi adambaşına düşən ÜDM-dən 9 vahid, yaxud daha yüksəkdir. Bu ölkələrdən altısında – Azərbaycan, Nikaraqua, Vyetnam, Kamboca, Banqladeş və Nepalda inklüziv inkişaf indeksi adambaşına ÜDM göstəricilərindən 20 pillə yuxarıdır. Bu da onu göstərir ki, adları çəkilən ölkələrin inkişaf modeli adambaşına gəliri daha yüksək olan ölkələrdən daha balanslı və inklüzivdir.

İnklüziv inkişaf indeksinə görə, inkişaf etmiş ölkələr siyahısında ilk beşliyi Norveç, Lüksemburq, İsveçrə, İslandiya və Danimarka tutub. ABŞ dünyanın ən varlı ölkələrindən biridir. Ancaq, eyni zamanda, ən qeyri-bərabər ölkələrdən sayılır. ABŞ 30 inkişaf etmiş ölkə içində 23-cü yerdədir. Bu indeks həm də onu göstərir ki, Amerika rifah naminə heç də lazımi islahatlar həyata keçirmir.  

Yuxarıda qeyd etdik ki, inklüziv inkişaf indeksi gəlir, səhiyyə, yoxsulluq və davamlılıq sahəsi üzrə müvafiq göstəricilər əsasında hazırlanır. Azərbaycanda da son illər ərzində adı çəkilən məsələlərlə, o cümlədən yoxsulluğun azaldılması ilə bağlı  ciddi islahatlar həyata keçirilib və nəticədə müsbət göstəricilər əldə edilib. Məsələn,  Azərbaycan Prezidenti İlham Əliyevin “Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” və “Minimum aylıq əmək haqqının artırılması haqqında” 2017-cı il 21 yanvar tarixli sərəncamları ölkəmizdə əhalinin etibarlı sosial müdafiəsinin təmin olunması və ailə gəlirlərinin artırılması istiqamətində məqsədyönlü tədbirlərin cari ildə də davam etdirildiyinin əyani təzahürüdür.

Ötən dövrdə dövlət başçısının imzaladığı fərman və sərəncamlar, təsdiqlədiyi dövlət proqramları nəticəsində Azərbaycanın hərtərəfli və dayanıqlı sosial-iqtisadi inkişafının stimullaşdırılması təmin olunub. Dünya iqtisadiyyatı üçün ağır, ciddi çətinliklərin yaşandığı, neftin qiymətinin 3-4 dəfə aşağı düşdüyü 2016-cı ildə də dövlət başçısının məqsədyönlü islahatları ölkəmizin belə bir vəziyyətdən uğurla çıxmasına, respublikada sosial-iqtisadi sabitliyin davam etməsinə, qeyri-neft sənayesində 5 faiz, kənd təsərrüfatında 2,6 faiz artım əldə olunmasına imkan verib. Xüsusilə də belə ağır şəraitdə əhalinin etibarlı sosial müdafiəsinin təmin olunması diqqətdə saxlanılıb. Cənab İlham Əliyevin təkcə ötən il imzaladığı 30-dək fərman və sərəncamla ümumilikdə 3,6 milyon nəfərə və ya ölkə əhalisinin 38 faizinə yönələn sosial ödənişlərin artırılması təmin edilib. Başqa sözlə, postenerji dövrü üçün xarakterik olan yeni iqtisadi idarəetmə modelinə keçidin ortaya çıxardığı çətinliklərdən əhalinin kompensasiyası üçün 600 milyon manatdan artıq vəsait ayrılıb. Sosial- iqtisadi tədbirlər hesabına  sosial rifah göstəriciləri yaxşılaşdırılıb, bu, əmək haqlarının 7 faiz, pensiyaların isə 8 faiz artımı ilə müşahidə olunub. 

Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında  Prezident İlham Əliyev “2016-cı ildə sosial məsələlər də öz həllini tapıb. Sosial siyasət daim bizim əsas prioritetlərimizdən biri olub. 2016-cı ildə maaşlar 7 faiz, pensiyalar 8 faiz artıb. Yenə də artmalıdır. Fikrimcə,  2017-ci ildə də bu istiqamətdə müsbət dinamika olacaqdır”,- deyə bəyan edib.

“Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” və “Minimum aylıq əmək haqqının artırılması haqqında” 2017-cı il 21 yanvar tarixli sərəncamlar da bu məqsədlə atılan addımlar sırasındadır. 2006-cı il yanvarın 1-dən ölkəmizdə tətbiq edilən müasir sığorta-pensiya sistemi bazar iqtisadiyyatı mühitində vətəndaşların pensiya təminatı hüquqlarının etibarlı müdafiəsi məqsədilə hər il əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsini nəzərdə tutur. Bu tədbir nəticəsində istehlak qiymətləri indeksinin illik səviyyəsinə, yəni inflyasiyaya uyğun indeksləşdirmə aparılmaqla nəticə etibarilə əmək pensiyalarının ildən-ilə artırılması təmin olunur. 2007-ci ildən ötən müddətdə əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi ilə bağlı Azərbaycan Prezidenti tərəfindən artıq 11 sərəncam imzalanıb və həmin sərəncamlar nəticəsində pensiyalarda mütəmadi artımlar edilib. “Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” 2017-cı il 21 yanvar tarixli sərəncam da əmək pensiyalarında növbəti artımın edilməsini nəzərdə tutur.

Göründüyü kimi, Azərbaycanda əhalinin etibarlı sosial müdafiəsinin təmin olunması və ailə gəlirlərinin artırılması istiqamətində mütəmadi olaraq məqsədyönlü tədbirlər həyata keçirilir. Bu isə şübhəsiz ki, yoxsulluğun azaldılmasına müsbət təsir göstərir. Bundan başqa, inklüziv inkişaf indeksində diqqət mərkəzində saxlanılan səhiyyənin inkişafına da mühüm önəm verilir. 2004-cü ildən indiyədək altı yüzdən çox tibb ocağınin  tikilməsi  və ya təmir edilməsi bunun bariz ifadəsidir. 

Azərbaycanda əhalinin etibarlı sosial müdafiəsi bundan sonra da diqqət mərkəzində saxlanılacaq. “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda dövlət başçısının  “Mən dəfələrlə demişəm, bu gün də demək istəyirəm ki, bizim siyasətimizin məqsədi ölkəmizi gücləndirməkdir, müstəqilliyimizi möhkəmləndirməkdir və dayanıqlı inkişafa nail olmaqdır. Əlbəttə, məqsədimiz ondan ibarətdir ki, Azərbaycan vətəndaşı daha da yaxşı yaşasın. Yəni, biz bütün bu işləri onun üçün edirik ki, xalqımız daha da yaxşı yaşasın. Ona görə sosial məsələlərin həlli bütün proqramlarda nəzərdə tutulmuşdur, həm maaşların, pensiyaların, sosial müavinətlərin, ünvanlı sosial yardımın artırılması və eyni zamanda, sosial infrastrukturun yaradılması qarşımıza məqsəd kimi qoyulmuşdur”,- fikri bu əminliyi yaradır.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında