Aqrar sektorda dayanıqlı inkişaf sabit xarakter alıb

Kənd təsərrüfatının inkişaf etdirilməsinə dövlət tərəfindən göstərilən diqqət və qayğı ildən-ilə artır. Həyata keçirilən aqrar islahatlar, dövlət dəstəyinin əhəmiyyətli dərəcədə gücləndirilməsi, yeni çağırışlara uyğun strateji hədəflərin müəyyənləşdirilməsi kənd təsərrüfatında mühüm kəmiyyət və keyfiyyət dəyişikliklərinə, eləcə də bu sahəyə inamın artmasına, fəallığın yüksəlməsinə səbəb olub.

Prezident İlham Əliyev regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda qeyd edib ki, kənd təsərrüfatında çox böyük inkişaf gözlənilir. Çünki indi bu sahədə həm islahatlar aparılır, tədbirlər görülür, həm də çox ciddi elmi yanaşma var. Dövlət başçısı əmin olduğunu bildirib ki, yaxın zamanlarda daha da böyük nəticələr olacaq.

Ölkə rəhbəri, eyni zamanda, diqqətə çatdırıb ki, Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının uğurlu icrası aqrar sahəyə də öz müsbət təsirini göstərib. Bütün obyektiv çətinliklərə baxmayaraq, 2016-cı ildə kənd təsərrüfatı 2,6 faiz artıb. Bu sahəni stimullaşdırmaq üçün böyük meliorativ tədbirlər görülüb. Yüz minlərlə hektar torpağın meliorativ vəziyyəti yaxşılaşdırılıb və ya yeni suvarılan sahələr dövriyyəyə buraxılıb. Dörd su anbarı tikilib. Məhz bütün bunların nəticəsidir ki, iqtisadiyyatın bütün sahələrində, o cümlədən də aqrar sektorda dayanıqlı inkişaf sabit xarakter alıb.

Yeri gəlmişkən, konfransda aqrar sektorun inkişafı ilə bağlı səsləndirilən bəzi göstəriciləri də diqqətə çatdırmaq istərdim. Hesabat ilində kənd təsərrüfatı məhsullarının faktiki qiymətlərlə dəyəri 5,6 milyard manat təşkil etməklə, əvvəlki illə müqayisədə 2,6 faiz artıma nail olunub. Bu artım yalnız ümumilikdə deyil, demək olar ki, əksər məhsullar üzrə müşahidə edilib. Belə ki, artım barama üzrə 300 dəfə, soya üzrə 2,8 dəfə, pambıq üzrə 2,5 dəfə, yaşıl çay yarpağı üzrə 75 faiz, şəkər çuğunduru üzrə 73 faiz, düyü üzrə 72 faiz, buğda üzrə 9,8 faiz, kartof üzrə 7,5 faiz təşkil edib.

Burada sevindirici məqam həm də odur ki, kənd təsərrüfatı məhsullarının artım tempi ölkə əhalisinin artım tempini xeyli üstələyib. Bu isə ayrı-ayrı məhsullar üzrə özünütəminetmə səviyyəsinin yüksəlməsinə səbəb olub.

Xatırladım ki, hesabat ilində ixracın həcmi əvvəlki illə müqayisədə 73 milyon və ya 20,7 faiz artaraq 426 milyon ABŞ dolları təşkil edib, kartof və soğan istisna olmaqla, bütün məhsulların ixracı üzrə artım baş verib. İxracdan əldə edilən 426 milyon ABŞ dolları vəsaitdən 108 milyonu pomidor və xiyarın, 105 milyonu qoz-fındığın, 24 milyonu pambığın, 15 milyonu gön-dəri xammalının, 8 milyonu tütünün ixrac payına düşüb. Keçən il ilk dəfə olaraq, 2,6 milyon ABŞ dolları dəyərində arpa ixrac edilib.

İl ərzində idxalın həcmi iribuynuzlu heyvanlar üzrə 46 faiz, diri ev quşları üzrə 55 faiz, quş yumurtası üzrə 27 faiz, arpa üzrə 95 faiz, qarğıdalı üzrə 45 faiz, xırdabuynuzlu heyvanlar üzrə 5 faiz azalıb. Bununla belə, idxalın həcminin azaldılması üçün böyük imkanlar mövcuddur və hesabat ilində 682 milyon ABŞ dolları təşkil edən bu göstəricinin azaldılması on milyonlarla valyuta vəsaitinin ölkədə qalmasına səbəb ola bilər ki, bu da fikrimizcə, ixracın artırılmasından da böyük əhəmiyyət kəsb edir.

Bütün bunlar isə kənd təsərrüfatının şaxələndirilmiş inkişafı və eləcə də ölkədə istehsal edilən məhsullar üzrə daxili bazarı qorumaq istiqamətində Azərbaycan Prezidentinin verdiyi qərar və tapşırıqların nə dərəcədə düzgün olduğunu bir daha təsdiqləyir.

Göründüyü kimi, Azərbaycanda kənd təsərrüfatının inkişaf etdirilməsinə dövlət tərəfindən göstərilən diqqət və qayğı ildən-ilə artır. Şübhəsiz ki, əldə olunan uğurların əsasında ardıcıl və düşünülmüş siyasət, cəsarətli və fədakar fəaliyyət dayanır. Uğurlu sosial-iqtisadi siyasətin nəticəsi olaraq son illərdə ölkəmizdə kənd təsərrüfatının inkişafının sürətləndirilməsi istiqamətində də genişmiqyaslı işlər həyata keçirilir və reallaşmaqda olan layihələr onu deməyə əsas verir ki, yaxın gələcəkdə ölkəmiz həm də bu sahədə regionun əsas ixracatçı ölkəsinə çevriləcək.

Sadıq SALAHOV,
iqtisad elmləri doktoru, professor


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında