Dünyada bu gün də hökm sürən iqtisadi və maliyyə böhranına, neftin qiymətinin üç-dörd dəfə aşağı düşməsinə baxmayaraq, Azərbaycan iqtisadiyyatı ötən il dinamik inkişaf edib, qarşıya qoyulan vəzifələr uğurla yerinə yetirilib. İqtisadiyyatın ayrı-ayrı sahələrində müsbət göstəricilər əldə olunub. Məsələn, kənd təsərrüfatı 2,6 faiz, qeyri-neft sənayesi isə 5 faiz artıb. Yüz mindən çox daimi iş yeri yaradılıb. Neft Fondunun valyuta ehtiyatları qorunaraq saxlanılıb. Halbuki iqtisadi və maliyyə böhranını aradan qaldırmaq üçün neftlə zəngin olan ölkələrin böyük əksəriyyəti tərəfindən valyuta ehtiyatlarının bir hissəsi xərclənib. Azərbaycanda isə qeyd edildiyi kimi, bu məsələyə – valyuta ehtiyatlarına iqtisadi müstəqilliyi möhkəmləndirən amil kimi mühüm önəm verilib.
“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda bütün bunlar barədə ətraflı danışılıb. Azərbaycan Prezidenti İlham Əliyev konfransda giriş nitqində bildirib ki, 2016-cı ildə görülən işlərə mötəbər beynəlxalq iqtisadi qurumlar tərəfindən yüksək qiymət verilib. Məsələn, dünyanın siyasi-iqtisadi elitasını birləşdirən Davos İqtisadi Forumu Azərbaycanla bağlı verdiyi hesabatda yenə də müsbət rəy bildirib. Ölkələrin rəqabətqabiliyyətliliyinə görə Azərbaycan üç pillə irəliləyərək 37-ci yerdə qərarlaşıb. Digər göstəriciyə - inkişaf edən ölkələr arasında inkişafa görə isə, - bu hesablama təxminən 80-ə yaxın inkişaf edən ölkəni cəmləşdirir, - respublikamız birinci-ikinci yerləri bölüşür.
Dövlət başçısı regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrasından danışarkən, diqqəti son illərdə bölgələrimizin simasının dəyişməsinə, yerlərdə sosial-iqtisadi inkişafla bağlı müsbət göstəricilər əldə edilməsinə yönəldib: “Bizim bütün bölgələrimiz, bütün şəhərlərimiz abadlaşıb, gözəlləşib. Bakı, digər şəhərlərimiz - Gəncə, Sumqayıt göz oxşayır, dünya üçün bir nümunədir. Bizim bütün şəhərlərimizdə abadlıq-quruculuq işləri aparılmışdır, böyük infrastruktur layihələri icra edilmişdir. Bu, imkan verir ki, bu gün Azərbaycan dinamik inkişaf etsin. Bu, imkan verir ki, biznes strukturları bu imkanlardan səmərəli istifadə etsinlər”.
Azərbaycan Prezidenti çıxışında regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası zamanı infrastruktur layihələrinə xüsusi önəm verildiyini diqqətə çatdırıb. Bildirib ki, Azərbaycan 2004-cü ildə enerji təhlükəsizliyini tam təmin edə bilməmişdi. O vaxt əsas neft kəməri olan Bakı-Tbilisi-Ceyhan inşa olunurdu. Ölkəmiz xaricdən elektrik enerjisi və qaz alırdı. Bu asılılıq, əlbəttə, imkan vermirdi ki, Azərbaycan istədiyi dərəcədə inkişaf etsin. Yəni, inkişafı ləngidən əsasən xarici amillər idi... Ona görə də qarşıda ilk növbədə enerji müstəqilliyini təmin etmək vəzifəsi dururdu. Azərbaycan qısa müddət ərzində buna nail oldu. Ölkəmizdə 26 elektrik stansiyası tikildi. Bu stansiyaların ümumi istehsal gücü hazırda 2400 meqavatdır. Əgər bu, reallaşmasa idi, onda indiki sosial-iqtisadi inkişafdan danışmaq mümkün deyildi.
Dövlət başçısı daha sonra deyib: “Son 13-14 il ərzində yaradılan elektrik gücü təxminən əvvəlki illərdəki mövcud gücə bərabərdir. Bu gün Azərbaycanda 35 elektrik stansiyası varsa, onun 26-sı regionların sosial-iqtisadi inkişafı dövlət proqramları icra edilərkən tikilib. O vaxt Azərbaycanda qazlaşdırma 51 faiz səviyyəsində idi. Bölgələrdə isə, demək olar ki, təbii qaz yox idi. Bu gün Azərbaycanda qazlaşdırmanın səviyyəsi 92 faizə çatıb”.
Ölkə rəhbəri nitqində 2004-cü ildən bu günə qədər təxminən 11 min kilometr avtomobil yolunun tikilməsi, kənd təsərrüfatını stimullaşdırmaq üçün böyük meliorativ tədbirlərin görülməsi, yüz minlərlə hektar torpağın meliorativ vəziyyətinin yaxşılaşdırılması və ya yeni suvarılan sahələrin dövriyyəyə buraxılması, dörd su anbarının inşası faktlarını da xatırladıb. Eyni zamanda, ötən dövr ərzində Azərbaycanda güclü və fəal milli biznes sinfinin formalaşmasını, dövlətin bu sahənin inkişafına dəstəyini əsirgəməməsini, son 13 ildə sahibkarlara təxminən 2 milyard manat dəyərində güzəştli şərtlərlə kredit verilməsini xatırladıb.
Prezident İlham Əliyev qeyd edib ki, bütün bu işlərin görülməsində əsas məqsəd əhalinin rifah halının yaxşılaşdırılması olub: “Mən dəfələrlə demişəm, bu gün də demək istəyirəm ki, bizim siyasətimizin məqsədi ölkəmizi gücləndirməkdir, müstəqilliyimizi möhkəmləndirməkdir və dayanıqlı inkişafa nail olmaqdır. Əlbəttə, biz bütün bu işləri onun üçün edirik ki, xalqımız daha da yaxşı yaşasın. Ona görə sosial məsələlərin həlli bütün proqramlarda nəzərdə tutulmuşdur, həm maaşların, pensiyaların, sosial müavinətlərin, ünvanlı sosial yardımın artırılması və eyni zamanda, sosial infrastrukturun yaradılması qarşımıza məqsəd kimi qoyulmuşdur”.
Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyev Cocuq Mərcanlı kəndinin yenidən qurulması ilə bağlı imzaladığı sərəncam barədə də danışıb. Dövlətimizin başçısı deyib ki, bu layihənin icra edilməsi çox böyük rəmzi məna daşıyır. Bu, tarixi hadisədir. Biz işğaldan azad edilmiş kəndə öz sakinlərini qaytarırıq.
Azərbaycan Prezidenti Cocuq Mərcanlı kəndinin sakinlərinin bu qərara çox böyük həvəslə, böyük maraqla yanaşmasından şad olduğunu söyləyib, onların səbirsizliklə həmin günü gözlədiklərinə əmin olduğunu bildirib.
“Əminəm ki, biz qısa müddət ərzində Cocuq Mərcanlı kəndini yenidən quracağıq. İndi orada minalardan təmizləmə işləri aparılır. Televiziyada da o kəndin görüntüləri göstərilir. Bu kənd bir neçə ay işğal altında olub. Ondan sonra ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Horadiz əməliyyatı keçirilib. İşğalçılar, düşmənlər o kənddən qovulublar. Amma bir neçə ay ərzində onlar bu kəndi yerlə-yeksan etdilər. İndi əlbəttə ki, orada minalardan təmizləmə işləri aparılmalı, ondan sonra infrastruktur layihələri icra edilməlidir. Mən göstəriş vermişəm, beynəlxalq təşkilatlara da müraciət olunsun ki, onlar da öz nümayəndələrini oraya göndərsinlər. Görsünlər ki, erməni vəhşiliyi nədən ibarətdir”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Ölkə rəhbəri çıxışında son illər ərzində 100-ə yaxın qaçqın qəsəbəsinin inşa edildiyini də diqqətə çatdırıb. Bildirib ki, iki yüz mindən çox məcburi köçkün o binalara yerləşdirilib. Bütövlükdə isə son illərdə məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılması və məşğulluğunun artırılması məqsədlərinə 5 milyard manatdan çox vəsait ayrılıb.
Azərbaycan Prezidenti vurğulayıb ki, bu il yeni binalar tikilməlidir. Yerlər ayrılıb. Eyni zamanda, mövcud qəsəbələrdə yeni fərdi evlərin tikintisi də nəzərdə tutulur: “Çünki orada artıq infrastruktur var və əlavə infrastruktura vəsait qoymağa ehtiyac yoxdur. Eyni zamanda, tapşırıq verilib ki, bu il Bakıda yataqxanalarda məskunlaşan köçkünlərin köçürülməsi prosesi də başlasın. Artıq müvafiq göstərişlər verilib, layihələr hazırlanır və əlavə vəsait ayrılacaq ki, biz bu il və bundan sonrakı illərdə bu yataqxanalarda yaşayan vətəndaşlarımızın mənzil şəraitini yaxşılaşdıraq”.
Ötən il respublikada bir elektrik stansiyası istifadəyə verilib, 7422 kilometr elektrik, 8200 kilometr qaz, 825 kilometr su, 541 kilometr kanalizasiya xətləri çəkilib, 784 transformator və 46 yarımstansiya quraşdırılıb, 32 artezian quyusu qazılıb, 27 su anbarı inşa olunub. Əhalisi 120 min nəfərdən çox olan 5 şəhərdə su təchizatı layihəsi başa çatıb, 100 min nəfəri əhatə edən 56 yaşayış məntəqəsində modul tipli sutəmizləyicisi quraşdırılıb.
Meliorasiya və irriqasiya tədbirləri çərçivəsində keçən il 87 min hektar torpağın su təminatı yaxşılaşdırılıb, 12 min hektardan çox torpaq sahəsi suvarma suyu ilə təmin edilib. Bu il dövlət investisiya xərcləri və Dövlət Neft Fondunun vəsaitləri ilə icra olunacaq layihələr hesabına 154 min hektardan çox əraziyə suvarma suyu çatdırılacaq. Texniki iqtisadi əsaslandırılması hazırlanan Yuxarı Şirvan Kanalının yenidən qurulması layihəsi 10 min hektarlarla torpaq sahəsinin dövriyyəyə cəlb olunmasını reallaşdıracaq.
Konfransda ölkədə sosial məsələlərin həllinin diqqət mərkəzində saxlanılması da xatırladılıb. Bildirilib ki, ötən il Masallı və Qəbələdə “ASAN xidmət” mərkəzlərinin fəaliyyətə başlaması ilə regionlarda onların sayı 6-ya çatıb və bu il Quba və Mingəçevirdə yeni mərkəzlərin fəaliyyətə başlaması da nəzərdə tutulur.
Respublikada minimum əməkhaqqının artırılması və pensiyaların sığorta hissəsinin indeksasiyası, qaçqın və məcburi köçkünlərə aylıq müavinətin müəyyən edilməsi, elektrik enerjisi və qazın tariflərində diferensial yanaşmanın tətbiqi, dərman bazarının tənzimlənməsi, habelə digər tədbirlər əhaliyə göstərilən sosial qayğının bariz ifadəsidir.
Sosial layihələrin reallaşdırılmasında mühüm rolu olan Heydər Əliyev Fondu tərəfindən görülən işlər də regionlarda yaşayan əhalinin rifahının artmasına müsbət təsir göstərir. Ümumilikdə, həyata keçirilən tədbirlər nəticəsində ötən il 148 mini daimi olmaqla, 190 minə yaxın yeni iş yeri açılıb.
Regionların inkişafında mühüm rolu olan qeyri-neft sənayesinin istehsal və ixrac potensialının artırılmasında səmərəli təşviq mexanizmlərindən olan sənaye parklarının və zonalarının təşkili ötən il də davam etdirilib. Sumqayıt Kimya Sənaye Parkında “Azərtexnoline” zavodunda 750 nəfər işlə təmin edilib, ötən il istehsal edilən məhsulun 56 faizi ixrac olunub. Daha dörd müəssisə bu il, üç müəssisə isə gələn il fəaliyyətə başlayacaq, 800-ə yaxın yeni iş yeri açılacaq. Mingəçevir Sənaye Parkında yüngül sənaye, o cümlədən tekstil, ayaqqabı, tibbi kosmetika, iplik və digər növ məhsul istehsalı üzrə yerli xammal bazası əsasında 9 fabrikin yaradılması ilə 150-200 milyon dollar investisiya qoyuluşu və 5500-dək yeni iş yerinin açılması nəzərdə tutulur.
Hesabat ilində Azərbaycan İnvestisiya Şirkəti tərəfindən Neftçala sənaye zonasında infrastrukturun yaradılması başa çatdırılıb və artıq 7 iştirakçı qeydiyyatdan keçib. Bu il burada avtomobil, kənd təsərrüfatı qurğuları, polietilen boru, modul tipli məktəb binaları, balıq yemi və digər istehsal müəssisələri fəaliyyətə başlayacaq. Bununla yanaşı, Ağstafada sənaye zonası yaradılıb, Masallıda müvafiq torpaq sahəsi ayrılıb və hazırda layihələndirmə işləri aparılır, bir sıra rayonlar üzrə isə sənaye zonalarının yaradılmasına hazırlıq görülür.
Görülən işlər nəticəsində regionlarda 147 sənaye müəssisəsi açılıb, bir sıra sənaye obyektlərinin tikintisinə başlanılıb. Son illərdə 20 rayonda 44 min hektaradək ərazidə 22 sahibkar tərəfindən müasir suvarma sistemlərinin və innovativ texnologiyaların tətbiqinə əsaslanan 32 iri fermer təsərrüfatı fəaliyyətə başlayıb.
Hesabat ilində Şəmkir və Yalamada aqroparkların yaradılması işləri davam etdirilib. Yalama aqroparkında birinci mərhələ üzrə işlər başa çatdırılıb, payızlıq qarğıdalı üzrə rekord səviyyədə məhsuldarlığa - hər hektardan 156 sentner yüksək keyfiyyətli məhsul istehsalına nail olunub. Şəmkir aqroparkında isə birinci mərhələ üzrə işlər davam etdirilir. Hazırda 22 rayonda 130 min hektaradək ərazidə 27 aqroparkın yaradılması təşviq olunur.
Konfransda regionların tərəqqisində, eləcə də əhalinin məşğulluğunda olduqca əhəmiyyətli rol oynayan sahibkarlığın inkişafı üzrə tədbirlərin hesabat ilində uğurla davam etdirilməsi, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinin, ixrac missiyalarının təşkilinin həyata keçirilməsi məsələlərinə də toxunulub. Əminliklə bildirilib ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında nəzərdə tutulan, eləcə də Nazirlər Kabinetinin 2016-cı ildə ölkənin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan iclasında Azərbaycan Prezidenti tərəfindən irəli sürülən vəzifələr, o cümlədən rəqabətqabiliyyətli müəssisələrin yaradılması, qeyri-neft ixracının artırılması, yerli və xarici investisiyaların cəlb olunması, habelə digər tədbirlər regionların davamlı inkişafına öz töhfəsini verəcək. Bu vəzifələrin tam yerinə yetirilməsi üçün bütün imkanlar səfərbər ediləcək.
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.