Neft Daşlarında yeni neftyığma məntəqəsi istismara verilib

SOCAR-ın “Azneft” İstehsalat Birliyinin sifarişi ilə “Neftqaztikinti” Tresti tərəfindən “Neft Daşları” yatağında inşa olunan 2A saylı iriləşdirilmiş neftyığma məntəqəsi  istismara verilib. Neft Daşları Neft və Qazçıxarma İdarəsinin köhnəlmiş separasiya qurğularının yeniləri ilə əvəz edilməsi, eləcə də Xəzər dənizinin neft məhsullarından çirklənməsinin qarşısının alınması üçün neft və lay sularının yığılması və utilizasiyası sistemlərinin yaradılması məqsədilə tikilən yeni neftyığma məntəqəsinin tikintisi beynəlxalq standartlara uyğun yerinə yetirilib.

Yeni məntəqənin meydança hissəsi 10 ədəd dayaq blokundan, 9 ədəd aralıq seksiyasından, həmçinin 7 ədəd minik və yanalma meydançasından ibarətdir. Meydançanın üst hissəsində 4 ədəd 370 kubmetrlik çökdürücü, mədənlərdən gələn neftin ilkin yığımı üçün 4 ədəd 10 kubmetrlik neft tutumu, təmizlənmiş neft üçün 2 ədəd 200 kubmetrlik çən, lay suyu üçün 2 ədəd 1000 kubmetrlik çən inşa edilib. Çökdürücülər üçün “çiləmə soyutma sistemi” və köpüklə avtomatlaşdırılmış yanğınsöndürmə sistemi, həmçinin, drenaj bloku, bioloji təmizləmə qurğusu və digər texnoloji avadanlıqlar quraşdırılıb, müxtəlif diametrli və təyinatlı boru xətləri çəkilib. Bununla yanaşı, iriləşdirilmiş neftyığma məntəqəsi  müasir tələblərə cavab verən bütün zəruri avadanlıqlarla təchiz olunub. Xatırladaq ki, sözügedən məntəqə sutkada 2500 kubmetr neft və 3250 kubmetr lay suyunu ayırmaq gücünə malikdir.  

Yeri gəlmişkən, Neft Daşları Neft və Qazçıxarma İdarəsinin kollektivi 2016-cı ildə neft, qaz hasilatı və təhvili ilə bağlı qarşıya qoyulmuş tapşırıqları uğurla yerinə yetirərək son illərin rekorduna imza atıblar. Belə ki, il ərzində idarə üzrə 967 min 300 ton əvəzinə 1 milyon 2 ton neft hasil edilərək proqnoz tapşırığa 103,4 faiz əməl olunub. Bu isə əvvəlki illə müqayisədə 58 min 497 ton çoxdur.  Ümumi neftin  935 min 755 tonu keçici quyuların, 53 min 320 tonu isə təzə alınmış quyuların payına düşüb. Ötən il idarənin kollektivi 957 min 700 ton əvəzinə 980 min 126  ton neft təhvil verərək tapşırığa 102,3 faz əməl edib. Bundan əlavə, il ərzində 66 milyon 500 min kubmetr qaz hasil edən neftçilər tapşırığı 100 faiz yerinə yetiriblər.

Cari il yanvarın 1-nə idarənin  istismar fondunda  485 quyu olmuş, ondan da 457-si işlək quyulardır. Həmin quyuların 398-i qazlift, 47-si fontan, 12-si isə dərinlik nasosu üsulları ilə istismar olunur. Daha 2 quyu isə mənimsəmə prosesindədir.

2016-cı ildə qazmadan 18, fəaliyyətsiz fonddan isə 15 quyu istismara daxil olunmuşdur.  İl ərzində idarə üzrə 145 quyuda 217 əsaslı və 203 quyuda 602 yeraltı təmir işləri aparılmışdır. Bundan əlavə, ötən il 84 geoloji və 396 texniki tədbir həyata keçirilmiş, bunun da hesabına müvafiq olaraq  77957 ton və 11016 ton əlavə neft alınmışdır.

Yeri gəlmişkən, Prezident İlham Əliyevin “Neft Daşları” yatağında hasilatın artırılaraq ildə 1,2 milyon tona çatdırılmasına dair müvafiq tapşırığının icrası istiqamətində işlər davam etdirilir. Son illər SOCAR tərəfindən bu məqsədlə bir sıra zəruri  tədbirlər həyata keçirilir,  yeni stasionar dəniz özülləri inşa olunur, çoxsaylı quyular qazılıb istifadəyə verilir. Bundan əlavə, hazırda  dəniz şəhəri –Neft Daşlarında infrastrukturun yeniləşdirilməsi istiqamətində işlər də sürətlə davam etdirilir.

Mirbağır YAQUBZADƏ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında