Sadələşdirilmiş vergi üzrə sabit verginin ödənilməsi haqqında ilk qəbz (patent) təqdim edilib

Vergilər Nazirliyi yanında Bakı Şəhər Kiçik Sahibkarlıqla İş Departamentində vergi öhdəliklərini aylıq sabit vergi şəklində ödəyəcək bir qrup vergi ödəyicisinə sadələşdirilmiş vergi üzrə sabit verginin ödənilməsi haqqında qəbzin (patentin) təqdim edilməsinə həsr olunmuş tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan Vergilər Nazirliyinin Vergi Ödəyicilərinə Xidmət və Şəffaf Vergi Partnyorluğu Departamentinin baş direktoru Ələkbər Məmmədov bildirib ki, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış və 2017-ci ilin yanvar ayının 1-dən qüvvəyə minən “Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Qanun milli vergi qanunvericiliyində bir sıra mühüm yeniliklərin tətbiqini nəzərdə tutur ki, onlardan biri də fərdi əməklə məşğul olan şəxslərlə bağlıdır. Belə şəxslər vergi öhədliklərini aylıq sabit vergi şəklində ödəyəcəklər.

Sabit verginin ödənilməsi ilə bağlı təqdimatla çıxış edən Ə.Məmmədov deyib ki, sabit vergi  fərdi şəkildə fəaliyyət göstərən fiziki şəxsin gəlirindən və dövriyyəsindən asılı olmayaraq ödədiyi dəyişilməz vergi məbləğidir. Belə şəxslər kiçik həcmdə gəlirlərə malik, muzdlu işçi cəlb etmədən müəyyən fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslərdir. Bunlara toylarda, şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik, fərdi foto, audio-video xidmətləri, çəkməçi, pinəçi, saat, televizor, soyuducu və digər məişət cihazlarının təmiri, fərdi yaşayış evlərində və mənzillərdə ev qulluqçusu, xəstələrə, qocalara və uşaqlara qulluq xidməti, dayə, fərdi sürücülük, ev təsərrüfatında təmizlik, bağban, aşbaz, gözətçi və nəqqaşlıq emalatxanalarının fəaliyyəti və s. bu qəbildən olan  işlərlə məşğul olan şəxslər aiddir.

Qeyd olunub ki, sabit verginin ödəyiciləri öz vergi öhdəliklərini sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz almaqla yerinə yetirəcəklər. Bu şəxslərin vergi orqanına hər hansı bəyannamə təqdim etməsi artıq nəzərdə tutulmur.

Sadələşdirilmiş verginin bu qəbildən olan ödəyiciləri üçün sabit vergi mexanizminin tətbiqi fərdi qaydada fəaliyyət göstərən aşağı gəlirli fiziki şəxslərin vergi və inzibati yükünün azaldılmasına, eyni zamanda məşğulluq sahəsində uçot sisteminin dürüstlüyünün təmin edilməsinə  xidmət edir.

Təqdimatda  həmçinin  aylıq sabit verginin məbləği, fəaliyyət göstərilən ərazi üzrə tətbiq olunan əmsallar, sabit verginin ödəyicilərinin qeydiyyata alınması prosedurları, sabit vergi üzrə qəbz almadan fəaliyyət göstərdikdə və nağd pul hesablaşmalarının aparılması qaydalarını pozduqda tətbiq olunan maliyyə sanksiyasının məbləğləri haqqında ətraflı məlumat verilib. Bildirilib ki, sabit verginin ödəyicisi olan fiziki şəxs vergi orqanında uçota alınmayıbsa, qeydiyyatda olduğu ərazinin vergi orqanına müraciət etməli və VÖEN almalıdır. Bundan başqa, fiziki şəxs fəaliyyətə başlayanadək vergi orqanından “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz”i almalıdır. Bu zaman verginin ödənilməsini təsdiq edən ödəniş sənədi müraciətə əlavə edilməlidir. Qəbz yazılı müraciət edildikdə iki iş günündən gec olmayaraq, elektron qaydada müraciət etdikdə isə real vaxt rejimində verilir.

Vergi ödəyicilərinin nəzərinə çatdırılıb ki, göstərdikləri işə (xidmətə) görə nağd pul hesablaşmaları apararkən alıcılara ciddi hesabat blankı olan ödənişi təsdiq edən qəbz təqdim etməlidirlər.

Tədbirin sonunda sabit verginin ilk ödəyicilərinə qəbz formaları təqdim edilib.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında