Azərbaycanda iqtisadiyyatın sürətli inkişaf tempi qarşıya qoyulmuş vəzifələrin uğurla icra olunmasına əlverişli şərait yaradıb. Əvvəlki illərlə müqayisədə əhalinin həyat səviyyəsinin yüksəldilməsi, pensiyaların, minimum əmək haqqının artırılması, yeni iş yerlərinin yaradılması, müasir tələblərə cavab verən sosial-mədəni obyektlərin tikilməsi istiqamətində mühüm əhəmiyyətli tədbirlər həyata keçirilmiş, ölkəmizin beynəlxalq aləmdəki mövqeyi möhkəmlənmiş, əlaqələri daha da genişlənmişdir.
Dövlətimizin hərtərəfli inkişafında, iqtisadi qüdrətinin ildən-ilə artmasında, iri infrastruktur layihələrin reallaşdırılmasında dövlət büdcəsi əsas maliyyə mənbəyi rolunu oynayıb. Onu da qeyd edim ki, hər il dövlət büdcəsi müəyyənləşdirilərkən bu əhəmiyyətli maliyyə sənədinin mədaxil və məxaric hissəsində Azərbaycan əhalisinin sosial rifah halının yaxşılaşdırılması prioritet vəzifə kimi qarşıya qoyulub. 2011-ci ilin dövlət büdcəsi də bu baxımdan diqqəti çəkir.
Prezident İlham Əliyevin 22 oktyabr 2010-cu il tarixli sərəncamı ilə "Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsi haqqında" Qanun qəbul olundu. Növbəti ilin dövlət büdcəsi "Büdcə sistemi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun hazırlanıb. Bu qanun layihə şəklində Milli Məclisin komitə və plenar iclaslarında müzakirə olunan zaman ölkənin tanınmış iqtisadçıları bildirmişlər ki, növbəti ildə də əhalinin sosial rifah halının yaxşılaşdırılması, elm, təhsil, mədəniyyət sahələrinin inkişafı, hərbi quruculuq işinin daha da sürətləndirilməsi, ölkənin müdafiə qüdrətinin möhkəmləndirilməsi yenə də prioritet vəzifələrdən olacaq. Mən hələ müzakirələr aparılan vaxt bildirmişdim ki, 2011-ci ilin dövlət büdcəsi cari ildə də qarşıya qoyulmuş vəzifələrin layiqincə yerinə yetirilməsinə zəmin yaradacaq. Dünyanı lərzəyə salmış qlobal maliyyə və iqtisadi böhran vaxtında Azərbaycanın dövlət büdcəsində artımın müşahidə olunması, iri infrastruktur layihələrin həyata keçirilməsinə vəsaitlər ayrılması, digər zəruri sahələrin inkişafının diqqətdə saxlanılması iqtisadi strategiyanın düzgün müəyyənləşdirilməsindən, dövlət idarəçiliyinin etibarlı, səriştəli siyasi xadimin əlində olmasından xəbər verirdi. "Büdcə sistemi haqqında" Qanun layihəsi ilə tanışlıq zamanı məlum olmuşdur ki, 2011-ci ilin icmal büdcəsinin gəlirləri 15 milyard 558 milyon manat olmaqla, 2010-cu illə müqayisədə 0,7 faiz çox olmuşdur. Bu artım büdcə xərclərində də müşahidə olunmuşdur. Belə ki, 2011-ci ilin dövlət büdcəsinin xərcləri 15 milyard 129 milyon manat olmaqla, cari illə müqayisədə 5,9 faiz çox olmuşdur. Bu da 848,8 milyon manat deməkdir.
Hər il olduğu kimi, gələn ilin də dövlət büdcəsi əsasən sosialyönümlüdür. Bu da Azərbaycanda əhalinin sağlamlığının qorunmasının, yaşayış səviyyəsinin yaxşılaşdırılmasının və aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsinin daim dövlətin diqqət mərkəzində saxlanılması deməkdir. Diqqətə çatdıraq ki, 2011-ci ildə sosialyönümlü xərclərin büdcədəki xüsusi çəkisi 33,3 faizdir. Bu, 4 milyard 234 milyon manat təşkil etməklə, 2010-cu illə müqayisədə 8,8 faiz (342 milyon manat) artıqdır. Növbəti ilin əsas maliyyə sənədində sosialyönümlü xərclər sırasında elm, təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat, mədəniyyət, bədən tərbiyəsi və gənclər siyasəti xərcləri də cari illə müqayisədə çoxluq təşkil edir. Ümumiyyətlə, 2011-ci ilin dövlət büdcəsinin gəlirləri və xərcləri 2010-cu illə müqayisədə bütün sahələr üzrə çoxluq təşkil edir. Bu da ölkəmizin iqtisadi inkişaf tempinin qorunub saxlanılmasından və sürətlənməsindən xəbər verir. Demək, Azərbaycanda düzgün müəyyənləşdirilmiş iqtisadi və siyasi strategiya qlobal maliyyə və iqtisadi böhranın acı fəsadlarına tab gətirmiş, üstəlik dinamik inkişaf yolunu davam etdirmişdir. Azərbaycan Prezidentinin sərəncamı ilə minimum əməkhaqqı və minimum pensiyanın miqdarının 75 manatdan 85 manata qaldırılması, büdcədən maliyyələşən idarə və müəssisələrdə çalışanların əmək haqlarının artırılması, ünvanlı sosial yardım proqramının uğurla icra olunması, qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi ilə əlaqədar müvafiq qərarların qəbul olunması, sosial infrastrukturun yaradılmasına investisiyalar qoyuluşu ölkəmizin iqtisadi qüdrətinin nəticəsidir. 2010-cu ildə ünvanlı sosial yardım proqramının uğurlu icrası 600 min nəfərin sosial rifah halının yaxşılaşdırılmasına imkan yaradıb. Onu da qeyd edək ki, bu proqramın yerinə yetirilməsi ilə əlaqədar 128 min ailənin hər biri hər ay dövlətdən 108 manat yardım alır.
Əhalinin işlə təmin olunması istiqamətində dövlətin uğurla həyata keçirdiyi tədbirlər artıq özünü göstərməkdədir. Dövlət başçımızın imzaladığı regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının qarşıya qoyduğu vəzifələrin yüksək səviyyədə icrası ölkədə yeni-yeni istehsal və sənaye müəssisələrinin yaranmasına böyük zəmin yaratdı. Hazırda regionlarda elə müəssisələr fəaliyyət göstərir ki, MDB məkanında belələrinin analoqu yoxdur. Ümumiyyətlə, son illər yaradılan müəssisələr beynəlxalq standartlara tam uyğundur. Məhz belə müəssisələrin yaradılması hesabına 2004-cü ildən bu vaxta qədər Azərbaycanda 900 minə yaxın yeni iş yeri açılmışdır. Bu qədər yeni iş yerlərinin açılması asan başa gəlməmişdir. Bundan ötrü ilk növbədə dövlətin düzgün müəyyənləşdirilmiş iqtisadi strategiyası və valyuta ehtiyatı olmalıdır. Aydındır ki, dövlət büdcəsində ehtiyat vəsait olmadan nəzərdə tutulmuş layihələri həyata keçirmək mümkün deyil. Azərbaycanın isə ildən-ilə artan büdcəsi ölkəmizin sürətli inkişafına təkan vermişdir.
Azərbaycan adambaşına düşən büdcə gəlirlərinə görə qabaqcıl ölkələr sırasındadır. Əhalinin pul gəlirlərinə görə də ölkəmiz inkişaf etmiş dövlətlər cərgəsindədirr. Fakt üçün qeyd edim ki, əhalinin pul gəlirləri 2010-cu ildə 11 faiz artmışdır. Əgər bu rəqəmi inflyasiya ilə müqayisə etsək, məlum olar ki, əhalinin gəlirləri inflyasiyanı 2 dəfədən çox üstələyir. Növbəti ilin dövlət büdcəsi isə daha yüksək yaşayış səviyyəsindən xəbər verir.
Ölkədə ümumi daxili məhsul istehsalının getdikcə artması dövlət büdcəsinin də miqdarının çoxalmasına öz təsirini göstərir. 2011-ci ilin dövlət büdcəsi tərtib olunarkən respublikamızın 2014-cü ilədək makroiqtisadi proqnoz göstəriciləri, o cümlədən ümumi daxili məhsul istehsalının 3,8 faizlik, qeyri-neft sektorunun isə 7,2 faizlik artım sürəti əsas götürülməklə tərtib olunub. Yeri gəlmişkən, diqqətə çatdırmaq istərdim ki, 2011-ci ilin dövlət büdcəsindən məqsədli dövlət proqramlarının və tədbirlərin maliyyə təminatı üçün xərclərin 42,3 faizi həcmində və yaxud 5 milyard 390 milyon manat vəsait ayrılacaqdır. Belə faktlar istənilən qədərdir. Yəni, 2011-ci ilin dövlət büdcəsindən bütün sahələrə ayrılan vəsait 2010-cu illə müqayisədə artıqdır.
Dövlət büdcəsindən hərbi xərclərə ayrılan vəsait diqqəti daha çox cəlb edir. Bu da təbiidir. Çünki torpaqlarımızın 20 faizi hazırda Ermənistan tərəfindən işğal olunmuş, bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün şəraitində yaşayır. Müdafiə xərclərinin ilbəil artırılması ordu quruculuğu işinin sürətlə aparılmasında böyük rol oynayır. Hətta xərclərin artırılması hesabına gündən-günə formalaşan, mətnləşən, qüdrətlənən milli ordumuz ən müasir silahlarla təchiz olunur, hərbçilərimizin həyat səviyyəsi getdikcə yaxşılaşır. 2011-ci ildə hərbi xərclərimiz 2 milyard 500 milyon manat səviyyəsində olacaq ki, bu da 3 milyard dollardan çoxdur. 2011-ci ildə Azərbaycanın hərbi xərclərinə ayrılan vəsaitin Ermənistanın bütün xərclərindən üstün olması artıq reallığa çevrilib. Zaman keçdikcə müdafiə xərclərinə ayrılacaq vəsait daha da artırılacaq. Dövlətimizin başçısı İlham Əliyev Nazirlər Kabinetinin 2010-cu ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasındakı çıxışı zamanı da 2011-ci ilin dövlət büdcəsindən söhbət açarkən hərbi xərclərə ayrılan vəsaiti xüsusi vurğulamışdır. Möhtərəm Prezidentimiz bu sahəyə ayrılan vəsaitin zaman-zaman artırılacağını da diqqətə çatdıraraq demişdir: "Gələn il bizim bütün hərbi xərclərimiz 2 milyard 500 milyon manat səviyyəsində olacaq ki, bu da 3 milyard dollardan çoxdur. Nəzərə alsaq ki, torpaqlarımızı işğal altında saxlamağa davam edən Ermənistanın bütün dövlət büdcəsi 2 milyard dollardan bir az çoxdur, görərik ki, Azərbaycanın hərbi xərclərinin Ermənistanın bütün xərclərindən üstün olması ilə bağlı vaxtilə qarşımıza qoyduğumuz vəzifə artıq həll olunub və bu gün bu, reallıqdır. Zaman keçdikcə əlbəttə ki, biz bütün xərclərimizi, o cümlədən müdafiə xərclərimizi daha da artıracağıq. Ermənistandan fərqli olaraq, biz bunu öz pulumuzla edirik, heç bir başqa ölkədən asılı deyilik, heç bir başqa ölkə qarşısında gözükölgəli deyilik, heç kimə yalvarmırıq".
Dövlət başçımız daha sonra deyib: "Ermənistandan fərqli olaraq, iqtisadiyyatımızı, ordumuzu Azərbaycan xalqının iradəsi və zəhməti hesabına qururuq. Xalqımızın zəhməti hesabına qazanılmış gəlirlər Azərbaycan üçün ən vacib olan ordu quruculuğu sahəsinə yönəldilir. Biz gələcəkdə də bu işləri davam etdirəcəyik. Torpaqlarımız işğal altındadır. Biz çalışırıq və çalışacağıq ki, tezliklə işğala son qoyaq".
2011-ci ilin əsas maliyyə sənədi qarşıdakı ildə də Azərbaycan əhalisinin həyat səviyyəsinin yüksəldilməsi yanaşı iri infrastruktur layihələrin reallaşdırılmasında da öz həllini tapacaq. Buna həm ölkəmizin büdcəsi, həm də iri infrastruktur layihələrin reallaşdırılmasında qazandığımız zəngin təcrübə də imkan verir. Belə layihələrin reallaşdırılması ölkəmizin iqtisadi qüdrətini artırmaqla yanaşı beynəlxalq aləmdəki nüfuzunu da artırır.
Azərbaycan Avropaya və dünya birliyinə sürətlə inteqrasiya edir. Müstəqil dövlətimizin iqtisadi qüdrətinin getdikcə artması onun beynəlxalq aləmdəki nüfuzunu xeyli artırıb. 2011-ci ilin dövlət büdcəsi bir daha təsdiqlədi ki, Azərbaycanda iqtisadiyyatın dinamik inkişaf tempi artmaqda davam edir. Əsas maliyyə sənədi növbəti ildə nəzərdə tutulmuş iri layihələrin reallaşacağına və əhalinin güzəranının daha da yaxşılaşacağına, sosial müdafiəsinin möhkəmləndirilməsi istiqamətində nəzərdə tutulmuş tədbirlərin həyata keçiriləcəyinə zəmin yaradır.{nl}
Rüstəm XƏLİLOV, Milli Məclisin deputatı
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.