Azərbaycanın davamlı inkişaf strategiyasının prioritet istiqamətlərindən biri də əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına yönəlmiş uğurlu sosial siyasətin reallaşdırılmasıdır. Təsadüfi deyil ki, “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır” kəlamını dəfələrlə bəyan edən ölkə Prezidenti İlham Əliyevin ötən illər ərzində əhalinin həyat səviyyəsinin davamlı şəkildə yaxşılaşdırılması, minimum əməkhaqqı və pensiyaların, eləcə də büdcədən maliyyələşən təşkilatlarda çalışan şəxslərin aylıq vəzifə maaşlarının vaxtaşırı artırılması ilə bağlı imzaladığı çoxsaylı sərəncamlar da məhz respublikamızda həyata keçirilən uğurlu sosial siyasətin bariz nümunəsidir.
Məlum olduğu kimi, ötən əsrin sonlarından etibarən Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi ədalətsiz müharibənin, işğalçılıq siyasətinin acı nəticəsi olaraq 1 milyondan artıq soydaşımız dədə-baba yurdlarından, ev-eşiklərindən didərgin düşərək öz ölkəsində qaçqına və məcburi köçkünə çevrilmişdir. Bu da müstəqilliyini yenicə əldə etmiş gənc Azərbaycan dövləti üçün əlavə çətinliklərə, sosial-iqtisadi sahədə gərginliyə səbəb olmuşdur. Bütün bunlara baxmayaraq, qaçqın və məcburi köçkünlərin böyük himayədarı kimi çıxış edən ümummilli liderimiz Heydər Əliyev işğal altında olan torpaqlarımızın azad edilməsini, qaçqın və məcburi köçkünlərin həyat səviyyəsinin yaxşılaşdırılmasını formalaşma mərhələsi keçən Azərbaycan dövlətinin diplomatiyasının və sosial siyasətinin başlıca istiqamətlərindən biri kimi müəyyənləşdirmişdir.
Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan iqtisadi siyasətin, neft strategiyasının ilkin uğurlu nəticələri, ölkə həyatının bütün sahələrində olduğu kimi, qaçqın və məcburi köçkünlərin də sosial müdafiəsi ilə bağlı geniş tədbirlərin həyata keçirilməsinə imkan yaratmışdı. Ermənistanın Azərbaycan torpaqlarına hərbi təcavüzü nəticəsində doğma yurdlarından didərgin düşmüş soydaşlarımızın qayğıları, sosial problemləri, münaqişənin siyasi cəhətdən həlli məsələsi müasir Azərbaycan dövlətinin qurucusu və xalqımızın ümummilli lideri Heydər Əliyevin gündəlik qayğısına çevrilmişdi. Təsadüfi deyil ki, ulu öndər Heydər Əliyev dünyanın müxtəlif dövlət başçıları ilə keçirdiyi bütün görüşlərdə, beynəlxalq və yerli qurumların tədbirlərində bu məsələyə toxunaraq onu ölkəmizin bir nömrəli problemi adlandırmışdı.
Qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi, onların məskunlaşma səviyyəsinin yaxşılaşdırılması məqsədilə ümummilli lider Heydər Əliyevin sədrliyi ilə 1998-ci il iyunun 27-də ümumrespublika müşavirəsi keçirildi. “İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir” deyən ulu öndər elə həmin il Biləsuvar rayonu ərazisindəki çadır düşərgələrinə səfər etdi. Bununla da, məcburi köçkünlərin sosial problemlərinin, onların həyat səviyyəsinin yaxşılaşdırılması məqsədilə dövlət tərəfindən əməli işlərə, çadır düşərgələrinin ləğvinə başlanıldı. 2002-ci il sentyabr ayının 13-də ulu öndərin iştirakı ilə Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində Ermənistan Respublikasından olan qaçqınlar və Xocalıdan olan məcburi köçkünlər üçün salınmış yeni qəsəbə istifadəyə verildi. Bütövlükdə isə qaçqın və məcburi köçkünlərin həyat səviyyəsinin yaxşılaşdırılmasını daimi diqqət mərkəzində saxlayan ümummilli lider Heydər Əliyev beynəlxalq səviyyədə keçirilən çoxsaylı tədbirlərdə iştirak etməklə yanaşı, əraziləri işğal olunmuş rayonların ictimaiyyət nümayəndələri, qaçqın və məcburi köçkünlərlə 20-dən çox görüş keçirmişdir.
1998-ci ildə “Azərbaycan Respublikasının vətəndaşları haqqında”, 1999-cu ildə “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında”, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” qanunlara imza atan Prezident Heydər Əliyevin göstərişi ilə dövlət ali və orta ixtisas təhsili müəssisələrində ödənişli formada təhsil alan məcburi köçkünlər təhsil haqqının, eləcə də kommunal və digər xidmətlərin ödənişindən azad edildilər. Bütövlükdə isə qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə yönəldilən vəsaitin həcmi 1993-2003-cü illər arasında 90 dəfə, yemək xərcləri üçün müavinət 60 dəfə, kommunal xidmət xərcləri 120 dəfə artırıldı. Ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulan uğurlu neft strategiyası çərçivəsində əldə edilən ilk vəsait məhz qaçqın və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına yönəldildi. Dövlət Neft Fondundan ayrılmış vəsait hesabına ölkənin 18 şəhər və rayonda bütün zəruri sosial-texniki infrastruktura malik 32 qəsəbə, 400 min kvadratmetr mənzil sahəsi olan 6411 fərdi yaşayış evi, 3174 yerlik 18 məktəb, 6 musiqi məktəbi, 576 yerlik 18 uşaq bağçası, 2 xəstəxana, 10 klub, 11 rabitə evi, 14 inzibati bina, 16 tibb məntəqəsi tikildi, 197 kilometr uzunluğunda asfalt yol, 170 kilometr su xətti, 350 kilometr hava elektrik xətti, 22 artezian quyusu, 133 kilometr irriqasiya sistemi, 73 su anbarı və s. sosial obyektlər istifadəyə verildi. 2003-cü ildə 1330 qaçqın və 5081 məcburi köçkün ailəsinin mənzil şəraiti yaxşılaşdırıldı və respublikamızda mövcud olan 12 çadır düşərgəsindən 5-i ləğv edildi.
Heydər Əliyevin düzgün, məntiqi təfəkkürə əsaslanan siyasətini müasir dövrün tələblərinə uyğun yaradıcılıqla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev də qaçqın və məcburi köçkünlərin problemlərinin həllini ölkəmizdə həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirmişdir. Təkcə onu qeyd etmək kifayətdir ki, cənab İlham Əliyev 2003-cü il oktyabrın 1-də prezident seçkiləri ərəfəsində ilk görüşünü Biləsuvar rayonu ərazisində məcburi köçkünlər üçün salınmış yeni qəsəbələrdə keçirmiş və ölkədə bir dənə də olsun, çadır düşərgəsinin qalmayacağını bəyan etmişdi. Ermənistanın işğalçılıq siyasətinin acı nəticəsi olaraq yurd-yuvalarından didərgin düşmüş soydaşlarımızın sosial problemlərinin həllini diqqət mərkəzində saxlayan dövlət başçısı İlham Əliyev 2004–2016-cı illərdə qaçqın və məcburi köçkünlərlə bağlı keçirilən müxtəlif tədbirlərdə 31 dəfə, o cümlədən yeni salınmış yaşayış qəsəbələri və məhəllələrinin böyük əksəriyyətinin açılışında şəxsən iştirak etmiş, həmçinin problemə həsr olunmuş bir beynəlxalq konfrans və iki geniş müşavirə keçirilmiş, bir dövlət proqramı və ona 2 əlavə təsdiq edilmişdir. 2006-cı ildə Bərdə və Ağcabədi rayonlarındakı 4 çadır düşərgəsi, 2007-ci ilin dekabrında isə Saatlı və Sabirabad rayonları ərazisindəki 3 çadır düşərgəsi ləğv edilmişdir. Bundan əlavə, ölkə üzrə istismara yararsız 16 fin tipli qəsəbə ləğv edilmiş, orada müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri yeni salınmış qəsəbələrə köçürülmüşlər. Bütövlükdə isə ötən müddətdə qaçqınların və məcburi köçkünlərin sosial problemlərinin həlli ilə bağlı beynəlxalq normalara uyğun tam hüquqi baza yaradılmış, ölkə Prezidenti tərəfindən 96 fərman və sərəncam imzalanmış, Nazirlər Kabineti 368 qərar və sərəncam, Milli Məclis isə 34 qanun qəbul etmişdir. Qaçqın və məcburi köçkünlərin sosial müdafiəsində, onların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasında mühüm rol oynayan dövlət proqramları və əlavələr, eləcə də digər sənədlər hazırda da uğurla icra edilir.
2001-2016-cı illər ərzində Dövlət Neft Fondundan və digər mənbələrdən ayrılmış vəsait hesabına 3,2 milyon kvadratmetr sahəsi olan, bütün sosial-texniki infrastruktura malik 95 müasir qəsəbə salınmış, 50 min ailə və ya 250 min nəfər qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılmışdır. Yeni salınmış yaşayış məntəqələrində 150 məktəb, 6 musiqi məktəbi, 59 uşaq bağçası, 58 tibb məntəqəsi, 50 mədəniyyət mərkəzi, 2 olimpiya-idman kompleksi tikilmiş, 718 kilometr yol, 960 kilometr su, 1605 kilometr hava elektrik, 442 kilometr qaz xətti çəkilmiş, 830 ədəd müxtəlif gücə malik elektrik transformatoru quraşdırılmışdır. Bununla yanaşı, müxtəlif maliyyə mənbələrindən ayrılmış vəsait hesabına məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı 240 yataqxana təmir edilmişdir.
Bütövlükdə isə qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli üçün ötən 21 ildə 6,2 milyard manat vəsait sərf edilmişdir. Həmin vəsaitin 2,8 milyard manat büdcə vəsaiti, 2 milyardı Dövlət Neft Fondunun, 1,4 milyardı isə beynəlxalq maliyyə qurumları və ölkəmizdə fəaliyyət göstərən beynəlxalq humanitar təşkilatların vəsaitidir. Ötən müddətdə məcburi köçkünlərə aylıq yemək xərci üçün verilən müavinətin məbləği 4 dəfə, kommunal xidmətlərə görə vəsaitin miqdarı 4,5 dəfə, “Dövlətqaçqınkom”un illik büdcəsi isə 5,5 dəfə artmışdır. Əməkqabiliyyətli 380 min məcburi köçkündən 161 min nəfəri daimi işlə təmin edilmiş, 200 min nəfəri isə mövsümi işlərə cəlb edilmişdir. Ötən illər ərzində Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 2 min nəfərdən çox məcburi köçkün sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 44 milyon manat məbləğində güzəştli kredit verilmişdir. Yeri gəlmişkən, 2016-cı ildə bir nəfər məcburi köçkünə xərclənən vəsaitin həcmi təxminən 750 manat təşkil etmişdir ki, bu da dünyanın digər münaqişə zonaları ilə müqayisədə ən yüksək göstəricidir. Həyata keçirilmiş bu kimi tədbirlər nəticəsində son 13 ildə məcburi köçkünlər arasında yoxsulluq həddi 75 faizdən 12 faizədək azalmışdır.
Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz yurdlarından didərgin düşmüş bir milyon nəfərədək qaçqın və məcburi köçkünün sosial problemlərinin həllində ayrı-ayrı donor ölkə və beynəlxalq humanitar və inkişaf təşkilatlar da yaxından iştirak ediblər. Belə ki, hazırda fəaliyyətləri Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyası tərəfindən əlaqələndirilən 42 beynəlxalq, 45 yerli humanitar və bu sahədəki inkişaf təşkilatlarının xətti ilə qaçqın, məcburi köçkün və aztəminatlı əhalinin sosial problemlərinin həlli ilə əlaqədar müxtəlif layihələr həyata keçirilir.
Azərbaycan hökumətinin ölkədə olan qaçqın və məcburi köçkünlərin həyat şəraitlərinin yaxşılaşdırılması üzrə həyata keçirdiyi tədbirlər nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən çox yüksək qiymətləndirilir. Belə ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Antonio Quterreş, BMT-nin Ümumdünya Ərzaq Proqramının rəhbəri Ceyms Morris, BMT Baş katibinin məcburi köçkünlərin insan hüquqları üzrə nümayəndəsi Valter Kalin ölkəmizə son səfərləri zamanı dövlətimizin başçısının ölkədəki bütün qaçqın və məcburi köçkünlər üçün, o cümlədən beynəlxalq humanitar təşkilatlar üçün gördüyü işləri dünyanın oxşar problemlə qarşılaşan əksər ölkələri üçün nümunə kimi dəyərləndirərək Azərbaycan hökuməti ilə bu sahədə əməkdaşlığın çox yüksək səviyyədə olduğunu bəyan ediblər.
Dünyada davam edən qlobal maliyyə böhranı şəraitində də ölkəmizdə uğurlu sosial siyasət həyata keçirilir. Bu siyasətin prioritet istiqamətlərindən biri də məcburi kökün ailələrinin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində tədbirlərin davam etdirilməsindən ibarətdir. Təsadüfi deyil ki, Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ölkədə həyata keçirilən uğurlu sosial siyasətdən bəhs edərək demişdir: “ Keçən il məcburi köçkünlərin problemlərinin həlli üçün yeni addımlar atılmışdır, yeni qəsəbələr salınmışdır. Bu il də bu proses davam edəcək, yəni, bu məsələ daim diqqət mərkəzindədir. Əlimizdən gələni edirik və edəcəyik ki, məcburi köçkünlərin vəziyyətini daha da yaxşılaşdıraq”.
Azərbaycan Prezidenti İlham Əliyevin məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında 23 yanvar 2017-ci il tarixli fərman imzalaması da qaçqın və məcburi köçkünlərlə bağlı yürütdüyü siyasətin bariz ifadəsidir. Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, ölkə Prezidentinin dövlət büdcəsindən məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi üçün ayrılan vəsaitin ünvanlılığının təmin edilməsi və çatdırılma mexanizminin sadələşdirilməsi ilə bağlı imzaladığı fərman həmin kateqoriyadan olan ailələrin həyat səviyyəsinin yaxşılaşdırılması baxımından olduqca əhəmiyyətlidir.
Fərmana əsasən, dövlət büdcəsindən məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi üçün ayrılan vəsaitin ünvanlılığının təmin edilməsi və çatdırılma mexanizminin sadələşdirilməsi məqsədilə imzalanan fərmana əsasən, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il yanvarın 1-dən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 36 manat məbləğində vahid aylıq müavinəti müəyyən edilib. Sənəddə, həmçinin bildirilir ki, Dövlət Neft Şirkəti, “Azərişıq” və “Azərsu” açıq səhmdar cəmiyyətləri isə məcburi köçkünlərin məskunlaşdığı yerlərdə sayğacların quraşdırılmasını qısa müddətdə təmin etməlidir.
Azərbaycan Prezidenti İlham Əliyevin bütün təbəqələrin sosial rifah halının yaxşılaşdırılmasına xüsusi diqqət ayırdığını bildirən Milli Məclisin deputatı, Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov bildirib ki, dövlət büdcəsindən məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi üçün ayrılan vəsaitin ünvanlılığının təmin edilməsi və çatdırılma mexanizminin sadələşdirilməsi ilə bağlı fərman da bu qayğının bariz nümunələrindən biridir. O qeyd edib ki, Ermənistan silahlı qüvvələrinin ölkəmizə qarşı törətdiyi hadisələr nəticəsində məcburi köçkün vəziyyətinə düşən vətəndaşlarımızı Azərbaycan Prezidentinin qayğıları yaşadır və gələcəyə ümidləndirir. Bu qayğının davamlı olacağını bildirən deputat əlavə edib ki, dünyada qlobal böhranlara son qoyulduqdan, haqq-ədalət öz yerini tutduqdan, məcburi köçkünlər öz yurd-yuvalarına qayıtdıqdan sonra onlara qayğı daha da çoxalacaq, dövlət başçısının işğal olunan ərazilərimizin geri qaytarılmasından sonra nəzərdə tutduğu çoxsaylı planları da tezliklə yerinə yetiriləcək.
Milli Məclisin digər deputatı Elman Nəsirov da öz növbəsində bildirib ki, bu fərman məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərin həyat tərzini daha da yaxşılaşdıracaq. Onun dediyinə görə, əvvəllər bu qrupa aid olan şəxslər məcburi köçkünlərə ayrılan kommunal xidmətlər üçün nəzərdə tutulan limitləri təsdiqlətmək, məcburi köçkün və onlara bərabər şəxs olduğunu sübut etmək üçün aidiyyəti qurumlara arayışlar təqdim edəndən sonra həmin limitlərdən istifadə edə bilirdilər. Amma bu fərmandan sonra həmin arayışlara ehtiyac qalmayacaq. Artıq həmin məbləğ hər kəsin plastik kartına yüklənəcək. Əvvəllər həmin şəxslərə plastik kart vasitəsilə yalnız yemək pulu ödənilirdisə, indi kommunal xidmətlərin pulu da həmin karta köçürüləcək. Azərbaycan dövlətinin məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərlə bağlı yürütdüyü siyasətin hətta BMT səviyyəsində qəbul olunduğunu diqqətə çatdıran E.Nəsirov, həmçinin bildirib ki, bu siyasət digər dövlətlərə də nümunə göstərilir.
Göründüyü kimi, qaçqın və məcburi köçkünlər Azərbaycan dövlətinin hərtərəfli qayğısı ilə tam əhatə olunublar. Heç bir şübhə yoxdur ki, Prezident İlham Əliyevin səyi nəticəsində ölkəmizin ərazi bütövlüyü bərpa ediləcək, işğaldan azad olunacaq ərazilərdə həyat əvvəlki məcrasına qayıdacaq və soydaşlarımız öz ata-baba yurdlarına dönərək yenidən doğma torpaqlarında yaşayacaqlar.
Mirbağır YAQUBZADƏ,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.