Son zamanlar dünya ölkələrində davam edən qlobal maliyyə böhranı, neftin qiymətinin kəskin aşağı düşməsi bir sıra sosial-iqtisadi çətinliklərlə müşahidə olunur. Dünya iqtisadiyyatında baş verən kəskin böhran təzahürlərinin Azərbaycana təsirinə baxmayaraq, ölkəmizdə nəzərdə tutulmuş bütün infrastruktur layihələri, sosial proqramlar uğurla icra olunur. Əhalinin sosial müdafiəsinin gücləndirilməsinin prioritet elan olunduğu Azərbaycanda son illər bu sahədə mühüm tədbirlər həyata keçirilir, pensiya və müavinətlər, maaşlar müntəzəm olaraq artırılır.
Bütün bunlar isə, heç şübhəsiz, "Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır" fikrini dəfələrlə bəyan edən və nəcib, humanist siyasətə daim sadiq qalan dövlət başçısı İlham Əliyevin nümayiş etdirdiyi iradənin, sözlə əməlin vəhdətinin təsdiqidir. Bu, həm də sosial-iqtisadi inkişafın davam etdirilməsi məqsədilə ölkədə aparılan bütün işlərin əsasında, ilk növbədə, əhalinin sosial müdafiəsi məsələsinin dayandığını göstərir.
Yeri gəlmişkən, ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycanın rəhbərliyinə qayıdışından sonra vətəndaşlara qayğı, bütün cəmiyyətin ümumi rifahının yüksəldilməsinə xidmət prioritet vəzifə olmuşdur. Ötən illərdə ölkəmizdə həyata keçirilən daxili və xarici siyasətin qayəsini, ilk növbədə, insanların həyat səviyyəsinin yaxşılaşdırılmasına yönəlmiş sosial siyasət təşkil etmişdir. Ölkə miqyasında istehsalatın artımının sürətlənməsi, yeni iş yerlərinin açılması və əhalinin həyat səviyyəsinin yüksəldilməsi dövlətin sosial siyasətinin birbaşa məqsədlərindən biri olmuşdur. Ümummilli liderin ənənələrinə sadiqliyini öz əməli işi ilə təsdiqləyən və bu siyasi kursu uğurla davam etdirən Prezident İlham Əliyev də sosial siyasəti dövlət siyasətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirmiş və demişdir ki, layiqli sosial siyasət qarşıdakı illərdə də Azərbaycan hökumətinin fəaliyyətinin prioriteti olaraq qalacaq. Təsadüfi deyil ki, ölkədə iqtisadi islahatlarla yanaşı, sosial sahədə də islahatların aparılmasını mühüm bir vəzifə kimi qarşıya qoyan dövlət başçısı əhalinin sosial problemlərinin aradan qaldırılmasını, vətəndaşların həyat səviyyəsinin yüksəldilməsini, yoxsulluğun azaldılmasını daim diqqət mərkəzində saxlamışdır. Məlum olduğu kimi, bazar iqtisadiyyatına keçid və keyfiyyətcə yeni iqtisadi münasibətlərin formalaşması sosial müdafiə sistemində zəruri islahatların aparılmasını, müasir tələblərə cavab verən tam əhatəli hüquqi və sosial təminatlar sisteminin yaradılmasını tələb etmişdir. Bu məqsədlərə nail olmaq üçün dövlətimizin başçısı beynəlxalq normalara əsaslanan qanunverici bazanın yaradılmasını həyata keçirdiyi siyasətin əsas prioriteti kimi qarşıya qoymuşdur. Məhz bütün bunlara görə qanunvericiliyin daim təkmilləşdirilməsi və beynəlxalq standartlara cavab verən yeni qanunların yaradılması istiqamətində zəruri işlər görülmüşdür.
Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında sosial siyasətin dövlətimizin əsas prioritetlərindən biri olduğunu bir daha bəyan edən Prezident İlham Əliyev bu barədə demişdir: “2016-cı ildə sosial məsələlər öz həllini tapmışdır, maaşlar 7 faiz, pensiyalar 8 faiz artmışdır. Yenə də artmalıdır. Hesab edirəm ki, 2017-ci ildə də bu istiqamətdə müsbət dinamika olacaqdır. Biz ünvanlı sosial yardım ilə bağlı çox önəmli addımlar atmışıq. Yəni, ehtiyac içində yaşayan vətəndaşlara dövlət həmişə öz yardımını göstərir və göstərəcək. Bu yardımın məbləği artır və artmalıdır. Hesab edirəm ki, sosial məsələlərin həlli işində biz 2016-cı ildə əldə edilmiş uğurlarla fəxr edə bilərik. Gəlirlərimiz azalır, ancaq insanların maaşları artır”. Bundan əlavə, əvvəlki dövrlərdə olduğu kimi, ötən il də məcburi köçkünlərin problemlərinin həlli də diqqət mərkəzində saxlanılmış, bu məqsədlə yeni qəsəbələr salınmışdır.
2016-cı ildə ölkədə həyata keçirilən uğurlu sosial siyasətin məntiqi davamı olaraq bir sıra sosial infrastruktur layihələri icra edilmiş, 29 yeni məktəb tikilmiş, 485-i isə təmir olunmuşdur. Bununla yanaşı, il ərzində ölkəmizdə 41 xəstəxana tikilmiş və ya təmir edilmişdir. Bütövlükdə isə Azərbaycanda sosial infrastruktur layihələrinə lazımi qədər vəsaitin ayrılması dövlətimizin sosial siyasətinin bariz nümunəsidir.
Göründüyü kimi, dünyada baş verən iqtisadi böhrana, neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, Prezident İlham Əliyev Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində tədbirləri davam etdirir. Mövcud qlobal iqtisadi böhran şəraitində vətəndaşların normal yaşaması üçün dövlət tərəfindən bütün lazımi tədbirlərin görülməsi isə, heç şübhəsiz, Azərbaycanda əhalinin həyat şəraitinin yüksəldilməsi istiqamətində müntəzəm addımların atılmasını bir daha sübut edir.
Nazirlər Kabinetinin ötən ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyev ölkəmizdə sosial sahədə həyata keçiriləcək tədbirlərin anonsunu verərək bildirmişdi ki, 2017-ci ildə də bu istiqamətdə müsbət dinamika olacaq, maaşlar və pensiyalar yenə də artırılacaq. Yanvarın 21-də dövlət başçısının Azərbaycanda minimum aylıq əməkhaqqının artırılması və əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında imzaladığı iki mühüm sərəncam da məhz son illər Azərbaycanda həyata keçirilən sosial siyasətinin tərkib hissəsi, sözlə əməlin vəhdətinin növbəti təzahürüdür. Məlum olduğu kimi, “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Prezident sərəncamına əsasən, Azərbaycan Respublikasında əhalinin maddi rifahını yaxşılaşdırmaq və sosial müdafiəsini gücləndirmək məqsədilə 2017-ci il yanvarın 1-dən minimum aylıq əməkhaqqının məbləği 116 manat müəyyən edilmişdir.
Ölkəmizdə əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində atılmış mühüm addımlardan biri də “Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” Prezident sərəncamıdır. Xatırladaq ki, sözügedən sərəncamla 2016-cı il üzrə istehlak qiymətləri indeksinə uyğun olaraq 2017-ci ilin 1 yanvar tarixinə bütün növ əmək pensiyalarının sığorta hissəsinin artırılmasının təmin edilməsi, fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində toplanmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsinin həyata keçirilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırımışdır.
Milli Məclisin deputatı Musa Quliyev dövlət başçısının aylıq əməkhaqqının və əmək pensiyalarının sığorta hissəsinin artırılması ilə bağlı sərəncamlarına münasibət bildirərkən deyib ki, bu addım Azərbaycan əhalisinin sosial müdafiəsinin ölkənin daxili siyasətinin prioritet istiqamətlərindən biri olduğunu təsdiqləyir. Bütövlükdə isə bu məsələnin dövlət başçısının daimi diqqətində olduğunu vurğulayan M. Quliyev dünyada iqtisadi böhranın mövcud olduğu dövrdə Azərbaycanda minimum əmək haqqının və pensiyaların artırılmasını Prezidentin daim öz xalqının qayğısına qalmasının göstəricisi kimi dəyərləndirib. Bu kimi tədbirlərin gələcəkdə də davam etdiriləcəyinə və Azərbaycan vətəndaşlarının, xüsusilə aztəminatlı insanların dövlətin qayğısı ilə tam əhatə olunacağına əminliyini bildirən deputat əlavə edib ki, un və un məhsulları üzərindən əlavə dəyər vergisinin götürülməsi, biznesin inkişafı və vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində Prezident İlham Əliyev tərəfindən atılan addımlar imkan verir ki, Azərbaycan vətəndaşları dünyadakı iqtisadi böhranın təsirlərini ciddi şəkildə hiss etməsinlər.
Milli Məclisin deputatı Tahir Rzayev də Prezident İlham Əliyevin ölkə əhalisinin sosial müdafiəsinin gücləndirilməsinə hesablanmış məlum sərəncamlarının cəmiyyətdə razılıqla qarşılandığnı bildirib. O, qeyd edib ki, dünyada kəskin xarakter alan iqtisadi böhran şəraitində Azərbaycanda həyata keçirilən çevik və məqsədyönlü islahatlar, ilk növbədə, əhalinin dövlət tərəfindən etibarlı sosial müdafiəsinin təmin edilməsinə yönəlib. Prezident İlham Əliyevin pensiyaların sığorta hissəsinin və minimum əmək haqqının artırılması barədə verdiyi sərəncamların insanların rifahının yüksəldilməsinə xidmət etdiyini diqqətə çatdıran T. Rzayev bildirib ki, dövlət başçısı əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün daim lazımi tapşırıqlar verir və bu istiqamətdə mühüm addımlar atır. Deputat, həmçinin qeyd edib ki, dövlət başçısı tərəfindən yeni sərəncamların imzalanması mövcud iqtisadi şəraitdə, ilk növbədə, insanların sosial müdafiəsi məsələlərinin daim diqqətdə olduğunu göstərir.
Azərbaycanda maaşların, minimum əmək haqqının, eləcə də pensiya və müavinətlərin artırılması indən belə də dövlətin sosial siyasətinin əsas prioriteti olaraq qalacaqdır. Elə "Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə də 2025-ci ildən sonra ölkəmizdə yoxsulluğun ünvanlı şəkildə tam aradan qaldırılacağı, keyfiyyətli səhiyyə xidmətlərinə və təhsilə çıxış imkanlarının genişləndiriləcəyi öz əksini tapıb. Xatırladaq ki, sözügedən sənədə əsasən, ölkəmizdə yoxsulluq probleminin həllinə nail olmaq məqsədilə layiqli iş yerlərinin sayı artırılacaq, əməkhaqqı və digər gəlirlərlə ən zəruri ehtiyaclarını ödəyə bilməyən insanlara ünvanlı sosial dəstək gücləndiriləcək. Bununla yanaşı, minimum əməkhaqqının məbləği tədricən artırılaraq orta əməkhaqqı səviyyəsinin 60 faizinə yaxınlaşdırılacaq. Eyni zamanda, strareji yol xəritəsinə əsasən, Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün 2025-ci ildən sonra iqtisadi, sosial, demoqrafik, təbiət və texnoloji sahələrdə baş verə biləcək əsas dəyişikliklərin və problemlərin nəzərə alınması planlaşdırılır.
Mirbağır YAQUBZADƏ,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.