Dünyada qlobal maliyyə böhranının getdikcə dərinləşməsi ilə müşayiət olunan son 13 ildə Azərbaycan Prezidenti cənab İlham Əliyevin qaçqın və məcburi köçkünlərlə bağlı yürütdüyü siyasət, bu qəbildən olan insanların sosial problemlərinin həlli istiqamətində atdığı addımlar, onların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasına xidmət edən çoxsaylı layihələrin həyata keçirilməsi dünyada ən yaxşı örnəklər sırasında yer alır.
Xatırladaq ki, Azərbaycanda 10 ilə yaxındır ki, çadır şəhərcikləri ləğv edilib. Əvvəllər belə şəhərciklərdə yaşayan insanların demək olar ki, hamısı müasir tipli qəsəbələrə köçürülüb. Onların maddi rifahının yaxşılaşdırılması üçün dövlət proqramları qəbul edilib, sosial müavinətlərin artırılması istiqamətində mütəmadi işlər görülüb. Məcburi köçkünlərə göstərilən diqqət və qayğının dövlət siyasəti səviyyəsinə yüksəlməsi istiqamətində atılan mühüm addımlardan biri dövlət başçısının 2004-cü il 1 iyul tarixli sərəncamı ilə “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”, 2007-ci il 31 oktyabr tarixli və 2011-ci il 21 fevral tarixli sərəncamları ilə həmin dövlət proqramına əlavələrin təsdiq edilməsi olub.
Ötən müddət ərzində reallaşdırılan tədbirlər nəticəsində həmin dövlət proqramı, ona edilən əlavələr və digər normativ aktlar uğurla yerinə yetirilib, bu sahədə nəzərdə tutulan digər işlər hazırda da həyata keçirilir. Sözügedən proqramın uğurla icrası nəticəsində məcburi köçkün ailələrinin əksər problemləri öz həllini tapıb. Bir məqamı da xüsusi vurğulamaq yerinə düşər ki, dövlətin reallaşdırdığı tədbirlər ilk növbədə yurd-yuvalarından didərgin düşən soydaşlarımızın başlıca problemi olan mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına yönəlib. Bunun nəticəsidir ki, məcburi köçkünlər üçün indiyə qədər onlarla müasir yaşayış kompleksi salınıb, minlərlə ailə müasir tələblərə cavab verən mənzillə təmin olunub.
Ötən dövrdə yüzlərlə məcburi köçkün ailəsinin məskunlaşdığı yataqxanaların təmiri də həyata keçirilib, onların məskunlaşdığı yerlərə yollar, su, işıq xətləri çəkilib, yeni məktəblər, uşaq bağçaları tikilib və digər çoxsaylı işlər görülüb.
Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasətin prioritet istiqamətlərindən birini məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılması təşkil etdiyi üçün hazırda da bu istiqamətdə tədbirlər davam etdirilir. Dövlət başçısı Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında qarşıdakı dövr ərzində də məcburi köçkünlərin sosial problemlərinin, o cümlədən mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasının dövlət siyasətinin prioritet istiqamətləri sırasında yer alacağını göstərib. Bu məsələyə toxunan dövlət başçısı qeyd edib: “Məcburi köçkünlərin problemləri həmişə diqqət mərkəzindədir. Hesab edirəm ki, 2017-ci ildə bu məsələləri daha da sürətlə həll etmək üçün biz iki yolla getməliyik. Əlbəttə, yeni qəsəbələr salınmalıdır, salınır. Eyni zamanda, yeni binalar tikilməlidir, satılmayan mövcud mənzillər dövlət tərəfindən alınmalıdır və köçkünlərə verilməlidir. Beləliklə, biz ağır vəziyyətdə yaşayan soydaşlarımızın problemlərini daha da tez bir zamanda həll edə bilərik”.
Bütün bunlar isə o deməkdir ki, dünyanı cənginə alan qlobal iqtisadi böhran şəraitində belə Azərbaycan məcburi köçkünə çevrilən vətəndaşlarının sosial problemlərinin həllini yenə ön planda saxlayır və bu istiqamətdə əməli addımlar atır. Azərbaycan Prezidenti İlham Əliyevin məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında 23 yanvar 2017-ci il tarixli fərman imzalaması da qaçqın və məcburi köçkünlərlə bağlı yürütdüyü siyasətin bariz ifadəsidir.
Xatırladaq ki, dövlət büdcəsindən məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi üçün ayrılan vəsaitin ünvanlılığının təmin edilməsi və çatdırılma mexanizminin sadələşdirilməsi məqsədilə imzalanan fərmana əsasən, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il yanvarın 1-dən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 36 manat məbləğində vahid aylıq müavinət müəyyən edilib.
Nazirlər Kabinetinə həmin fərmanda göstərilən vahid aylıq müavinətin şamil ediləcəyi kontingenti və müavinətin ödənilməsi qaydasını müəyyənləşdirib Azərbaycan Prezidentinə məlumat vermək, Prezidentin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təklifləri bir ay müddətində hazırlayıb dövlət başçısına təqdim etmək tapşırılıb.
Sənəddə, həmçinin bildirilir ki, Dövlət Neft Şirkəti, “Azərişıq” və “Azərsu” açıq səhmdar cəmiyyətləri isə məcburi köçkünlərin məskunlaşdığı yerlərdə sayğacların quraşdırılmasını qısa müddətdə təmin etməlidir.
Yeri gəlmişkən, ölkə əhalisinin ən həssas və zərif hissəsi olan qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinə ulu öndər Heydər Əliyevin yanaşmasının davamı olaraq həyata keçirilən hərtərəfli dövlət siyasəti, müvafiq dövlət proqramlarının qəbulu və onların icrası nəticəsində 6,2 milyard manatdan çox vəsait sərf olunub. Ondan 2,8 milyard manatı dövlət büdcəsinin, 2 milyard manatı Dövlət Neft Fondunun, 1,4 milyard manatı isə beynəlxalq maliyyə qurumları və ölkəmizdə fəaliyyət göstərən beynəlxalq humanitar təşkilatların vəsaitidir.
Dövlət Neft Fondunun vəsaiti hesabına müasir standartlara cavab verən 3,2 milyon kvadratmetr sahəsi olan 95 yaşayış kompleksi salınıb, 50 min ailə və ya 250 min nəfərdən çox qaçqın və məcburi köçkün yeni mənzillərlə təmin edilib. Şəhər və rayonlar tərəfindən bu məqsədlə ayrılan yararsız ərazilər salınan qəsəbələr hesabına tam abadlaşdırılıb, texniki infrastruktur yenilənib və bu ərazilər yaraşıqlı yerlərə çevrilib.
Yeni yaşayış məntəqələrində bütün texniki infrastrukturla yanaşı, 150 məktəb, 58 mədəniyyət mərkəzi, 59 uşaq bağçası, 58 tibb məntəqəsi, 2 Olimpiya İdman Kompleksi tikilib.
Onu da deyək ki, son 13 ildə 380 min nəfər əmək qabiliyyətli məcburi köçkündən 161 min nəfəri büdcə təşkilatlarında və digər sahələrdə daimi, 200 min nəfəri isə müvəqqəti işlə təmin edilib. Bu da 2003-cü illə müqayisədə 2 dəfə çoxdur. Nəticədə məcburi köçkünlər arasında yoxsulluq həddi 74 faizdən 12 faizədək azalıb.
Məcburi köçkünlərin məşğulluğunun artırılması, sahibkarlığın inkişafı məqsədi ilə 11 min nəfər məcburi köçkünə 7,7 milyon manat məbləğində mikrokredit, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən isə 2 min nəfər məcburi köçkün sahibkara 40 milyon manat güzəştli kredit verilib, 3600 yeni iş yeri yaradılıb.
Yuxarıda qeyd edilənlərlə yanaşı, dünyada maliyyə problemlərinin hökm sürdüyü bir zamanda Dünya Bankı ilə 78,5 milyon ABŞ dolları dəyərində, məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması, gəlir imkanlarının dəstəklənməsi komponentlərini özündə əks etdirən yeni saziş imzalanıb.
Məcburi köçkünlərin problemlərinə həssas münasibətdən söz düşmüşkən, bir məqamı da qeyd etmək istərdik. Belə ki, ötən il aprelin əvvəlində erməni silahlı qüvvələrinin Ağdam və Tərtər rayonlarında mülki əhali yaşayan məntəqələri atəşə tutması nəticəsində məcburi köçkünlərin zərər çəkən 260 evinin bərpası və şəxsi əmlaklarına dəyən ziyana görə dövlət büdcəsinin ehtiyat fondundan birinci mərhələdə 2,5 milyon manat vəsait ayrılıb. Tərtər rayonu üzrə 105 ailə, Ağdam rayonu üzrə 15 ailə olmaqla, cəmi 120 ailəyə maddi yardım ödənilib, ayrılan vəsait hesabına 182 evdə təmir-bərpa işləri başa çatdırılıb.
Heç bir şübhə yoxdur ki, dövlətimizin davamlı səyi nəticəsində ölkəmizin ərazi bütövlüyü bərpa ediləcək, işğaldan azad olunacaq ərazilərdə həyat tamamilə yenidən qurulacaq, soydaşlarımız öz ata-baba yurdlarına qayıdaraq yenidən doğma torpaqlarında yaşayacaqlar.
Bütün yuxarıda sadalananlar Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə görülən işlərin müəyyən bir qismidir. Respublikada neftdən əldə edilən vəsait böyük ölçüdə sosial proqramların icrasına yönəldilib. Ölkəmizdə neftdən asılılıq ildən-ilə azalır. Bu gün ümumi daxili məhsulun 70 faizdən çoxu qeyri-neft sektorunda istehsal olunur. 2020-ci ilədək iqtisadiyyatın neftdən asılılığının, yoxsulluğun aradan qaldırılacağı nəzərdə tutulur. Bu isə belə bir reallığı ortaya qoyur ki, Azərbaycan dövləti hər zaman vətəndaşlarının, o cümlədən məcburi köçkünlərin qayğısına qalır, onların problemlərinin həllini dövlət siyasətinin mühüm istiqaməti kimi diqqət mərkəzində saxlayır. Bununla bağlı Prezident İlham Əliyev qeyd edib: “Azərbaycan dövləti məcburi köçkünlərin problemləri ilə mütəmadi qaydada məşğuldur və bu məsələlərin həlli üçün böyük vəsait ayrılır. Hər il ən azı 20 min köçkün yeni evlərə köçürülür, onların şəraiti yaxşılaşır. Yəni, bir sözlə, biz hər il demək olar ki, bir kiçik şəhər yaradırıq və bunu davam etdirəcəyik. Əminəm ki, növbəti illərdə bu proses daha da sürətlə gedəcək”.
Sonda qeyd edək ki, məcburi köçkün soydaşlarımız da onlara yaradılan yüksək şəraitə görə Prezident İlham Əliyevə hər zaman dərin minnətdarlıqlarını bildirir və dövlət başçısının ətrafında sıx birləşdiklərini bəyan edirlər. Bu insanlar Azərbaycan xalqının digər təmsilçiləri kimi dövlət başçısının uzaqgörən, qətiyyətli siyasəti nəticəsində tezliklə doğma yurdlarına qayıdacaqlarına da tam əmindirlər.
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.