Ölkəmizdə sosial məsələ daim diqqət mərkəzində saxlanılır. Əhalinin, xüsusən də onun aztəminatlı təbəqəsinin alıcılıq qabiliyyətinin artırılması, milli valyutanın devalvasiyasının və qiymət artımının təsirlərinin azaldılması məqsədi ilə müxtəlif sosial ödənişlərin, o cümlədən əmək haqlarının, pensiyaların, müavinətlərin, təqaüdlərin və kompensasiyaların artırılması məsələsinə mühüm önəm verilir. Prezident İlham Əliyev bununla bağlı deyib: “Sosial siyasət həmişə prioritet olub və olacaq. Bütün atılan addımlar bir daha onu göstərir ki, Azərbaycan sosial dövlətdir. Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Azərbaycan vətəndaşının maraqları bizim üçün hər şeydən üstündür. Azərbaycanda iqtisadi islahatların həyata keçirilməsi insanların daha da yaxşı yaşamaları məqsədi daşıyır”.
Dövlət başçısı mühüm sosial proqramların icrasını, əhalinin aztəminatlı hissəsinin sosial müdafiəsinin təmin edilməsini dövlət qarşısında strateji vəzifələrdən biri kimi müəyyən edib. Bu istiqamətdə təkcə 2016-cı ildə 30-dək fərman və sərəncamın imzalanması ümumilikdə 3,6 milyon nəfərə və ya ölkə əhalisinin 38 faizinə yönələn əməkhaqları və pensiyaların, təqaüd və müavinətlərin növbəti dəfə artırılması ilə nəticələnib.
Ötən il ərzində 30-dan çox rayonda 140 fərdi yaşayış evi, Beyləqan rayonunda 54 mənzilli yaşayış binası, Abşeron rayonunda təmir edilən 64 mənzil istifadəyə verilməklə, 258 nəfər Qarabağ müharibəsi əlili və şəhid ailəsi müasir tələblərə uyğun yeni mənzillə təmin olunub.
Prezident İlham Əliyevin 23 dekabr 2013-cü il və 30 aprel 2014-cü il tarixli sərəncamları müharibə əlilləri və onlara bərabər tutulanların dövlət büdcəsi hesabına minik avtomobilləri ilə təminatı işlərinin əhəmiyyətli şəkildə sürətlənməsinə şərait yaradıb. Bu sərəncamların icrası sayəsində 2014-2015-ci illərdə və 2016-cı ildə 3 minə yaxın müharibə əlili və onlara bərabər tutulan şəxsə “Naz-Lifan” markalı minik avtomobili verilib.
Aztəminatlı ailələrin müdafiəsində ünvanlı dövlət sosial yardımı mühüm rola malikdir. Bu məqsədlə 2016-cı il dövlət büdcəsində nəzərdə tutulan məbləğin artırılması üçün dövlət başçısının 25 yanvar 2016-cı il tarixli sərəncamı ilə Azərbaycan Prezidentinin Ehtiyat Fondundan 20 milyon manat vəsaitin ayrılması ünvanlı dövlət sosial yardımına ehtiyacı olan aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsinə ölkə rəhbəri tərəfindən göstərilən qayğının növbəti ifadəsidir.
2016-cı ilin 1 dekabr vəziyyətinə görə, 162 min ailə (707 min nəfər ailə üzvünü əhatə edir) ünvanlı dövlət sosial yardımı ilə təmin olunub. Ötən il fevral ayının 15-dən istifadəyə verilən Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi tərəfindən dekabr ayının 1-dək 57 838 ailəyə avtomatlaşdırılmış qaydada ünvanlı dövlət sosial yardımı təyin olunub. Keçən ilin noyabr ayında ünvanlı dövlət sosial yardımının bir ailəyə düşən orta aylıq məbləği 151,54 manat təşkil edib.
Ölkəmizdə sosial müdafiənin əsas istiqamətləri sırasında əhalinin pensiya təminatı mühüm yer tutur. Hazırda Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 milyon 312 min nəfərdir. Əmək pensiyasının baza hissəsinin 2016-cı il fevral ayından 10 faiz və sığorta hissəsinin isə 4 faiz artırılması nəticəsində ötən ilin 1 noyabr tarixinə olan məlumata görə, əmək pensiyalarının orta aylıq məbləği 2016-cı ilin əvvəlinə nisbətən 7,6 faiz artaraq 191,15 manata, o cümlədən yaşa görə əmək pensiyalarının orta aylıq məbləği 212,50 manata çatıb.
Prezident İlham Əliyevin sosial-iqtisadi siyasətində əmək resurslarından səmərəli istifadənin təmin edilməsi, əmək bazarının inkişafı əsas prioritetlərdən biridir. Bu sahədə aparılan işlərin davamı olaraq, 2016-cı ilin yanvar-noyabr aylarında məşğulluq orqanları tərəfindən
55 118 nəfər işlə təmin edilib. Bu da 2015-ci il üzrə müvafiq göstəricidən təqribən 2 dəfə çoxdur. Həmçinin hesabat dövründə 1 142 nəfər haqqı ödənilən ictimai işlərə, boş vaxtlarında əlavə qazanc əldə etmək istəyən 2 926 nəfər əmək birjaları vasitəsilə müvəqqəti xarakterli işlərə göndərilib, 11 444 nəfərə işsizlik müavinəti təyin edilib.
Ölkə rəhbərinin 7 aprel 2016-cı il tarixli sərəncamı ilk dəfə olaraq ölkəmizdə dövlət səviyyəsində özünüməşğulluq proqramının həyata keçirilməsinə, aztəminatlı ailələrin biznes imkanlarına malik olmalarına əsas yaradıb. Həmin sərəncama əsasən, aztəminatlı ailələrin mövcud potensialları müqabilində özünüməşğulluq fəaliyyətinin təşkili üçün ayrılmış 6 milyon manat hesabına ölkə üzrə aztəminatlı ailələr arasından seçilmiş təqribən 1400 ailənin özünüməşğulluğu təmin olunacaq.
Özünüməşğulluq proqramı respublikamızda ailə biznesinin inkişafına səbəb olmaqla, sosial-iqtisadi tərəqqi proseslərində vətəndaşların iştirakının daha da genişlənməsinə, kiçik və orta sahibkarlığın inkişafında növbəti irəliləyişlərə imkan yaradıb. Bu proqramın uğurlu nəticələri gələcəkdə də qeyd olunan istiqamətdə tədbirlərin yüksələn xətlə davam etdirilməsini şərtləndirəcək.
Dövlət başçısının sosialyönümlü siyasəti Azərbaycanda sosial müdafiə sisteminin gücləndirilməsi istiqamətində 2017-ci ildə də məqsədyönlü addımların atılacağına təminat verir. Bu amil cari ilin dövlət büdcəsində də öz əksini tapıb. Belə ki, 2017-ci ilin dövlət büdcəsinin 40,3 faizi məhz sosialyönümlü xərclər üçün nəzərdə tutulub.
Prezident İlham Əliyev yeritdiyi sosial siyasətin davamı olaraq yanvarın 21-də respublikada əhalinin maddi rifahını yaxşılaşdırmaq və sosial müdafiəsini gücləndirmək məqsədilə minimum aylıq əməkhaqqının artırılması haqqında müvafiq sərəncam imzalayıb. Həmin sərəncama əsasən, minimum aylıq əməkhaqqının məbləği 2017-ci il yanvarın 1-dən 116 manat müəyyən edilib.
Dövlət başçısı əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında da 21 yanvar 2017-ci il tarixli sərəncam imzalayıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 2016-cı il üzrə istehlak qiymətləri indeksinə uyğun olaraq 2017-ci ilin 1 yanvar tarixinə bütün növ əmək pensiyalarının sığorta hissəsinin artırılmasını təmin etmək, eyni zamanda, fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində toplanmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirmək tapşırılıb.
Qeyd olunanlar “Biz həm sosial məsələlərin həlli, həm də iqtisadi inkişaf ilə bağlı siyasətimizi gələn illərdə də davam etdirəcəyik” - deyən Prezident İlham Əliyevin sosial inkişaf kursuna uyğun olaraq ölkəmizdə 2017-ci ildə də əhalinin sosial müdafiəsinin gücləndirilməsinin, bütün sosial proqramların uğurla davam etdirilməsinin prioritet istiqamətlər olacağını deməyə əsas verir.
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.