Bu gün dünyanın maliyyə və bank sektorunun mütəxəssisləri belə fikirdədirlər ki, bankların sağlamlaşdırılmasında korporativ sosial məsuliyyət vacib amil olaraq qalır. Siyasi və iqtisadi idarəetmənin bütün spektrlərində beynəlxalq aləmin ən mütərəqqi təcrübələrindən bəhrələnən Azərbaycanda da həmin sahə daim dövlətin diqqət mərkəzindədir. Bu arqumentə dövlət başçımızın son nitq və çıxışlarında daha tez-tez rast gəlirik.
Kütləvi informasiya vasitələrindən məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında cənab Prezident deyib: " Keçən il bank sektorunun sağlamlaşdırılması istiqamətində önəmli addımlar atılmışdır, nəzarət gücləndirilmişdir, şəffaflıqla bağlı tədbirlər görülmüşdür, cəza tədbirləri, inzibati tədbirlər görülmüşdür. Bizim iqtisadiyyatımıza ən böyük zərbə vuran bank sektoru olub. Ona görə, bu sektorun təmizlənməsi, sağlamlaşdırılması, şəffaflaşması, beynəlxalq standartlara uyğunlaşması istiqamətində bu il də ciddi addımlar atılacaq". Fikrimizcə, cənab Prezidentin tələb etdiyi bankların beynəlxalq təcrübə əsasında aparılacaq sağlamlaşdırılması prosesində korporativ sosial məsuliyyət (KSM) modelinin tətbiqi aktualdır. Çünki bu model beynəlxalq təcrübədə uğur qazanıb və inkişaf etmiş ölkələrdə kifayət qədər həmin istiqamətli qanunvericilik nümunəsi formalaşdırılıb.
Son illərdə korporativ sosial məsuliyyət anlayışı bütün dünyada çox sürətlə yayılır və bütün sektorlarda öz təsirini göstərir, o cümlədən bank sektorunda. Qloballaşmanın və sosial inkişafın sürətlə yayılması nəticəsində bütün banklar (böyük, orta, kiçik) korporativ sosial məsuliyyəti strateji yanaşma kimi tətbiq edə bilərlər. Belə yanaşma iqtisadi və sosial performansın yaxşılaşdırılmasını nəzərə alır. Təsdiq edilib ki, həmin yanaşma bank sektoru üçün çox üstünlüklər gətirə bilər. Bankların nüfuzunu və maliyyə vəziyyətlərini artırmaq üçün yeni, köhnə və ya potensiallı müştəriləri saxlamaq və cəlb etmək məqsədilə KSM vacib amildir. Əlavə olaraq, qeyd edək ki, banklar sosial vəzifələrinə diqqət yetirərsə, daha yaxşı risklərin idarə edilməsi, işçi sədaqəti kimi amillər yüksək nüfuza və mənfəətə gətirib cıxara bilər. KSM bankların strateji planlarının bir parçası olmalıdır və həmçinin qərarvermə prosesində mühim rol oynamalıdır.
Məlumdur ki, bankların mənfəəti onların müştəriləri tərəfindən təmin edilir. Ona görə də banklar qərarvermə prosesində, strateji addımlarda maraqlı tərəfləri nəzərə almalı və əldə edilən gəlir sosial və iqtisadi yollarla cəmiyyətə ötürülməlidir. Əgər banklar cəmiyyətdən mənfəət əldə edirlərsə və bu cəmiyyətdən asılıdırsa, deməli, banklar cəmiyyətin tərkib hissələridir və buna görə də onların maraqlı tərəflərə olan məsuliyyətləri daha da təkmilləşdirilməlidir. Nəticədə, banklar cəmiyyət üçün öz məsuliyyətlərini yerinə yetirərək sosial bank olurlar. Azərbaycan dövləti məhz bu istiqamətli layihələri reallaşdırmaq əzmindədir.
Korporativ sosial məsuliyyət artıq banklarda vərdiş halına gəlməlidir. Belə olan təqdirdə KSM strateji yanaşma tərzi kimi bankların tanınmaq və tətbiq etmək, təhsil, mədəniyyət, səhiyyə və ətraf mühitlə bağlı təşəbbüs proqramlarında iştirakını artıracaq. Dövlət başçımızın dilə gətirdiyi əsas narahatlıqlardan biri də məhz Azərbaycan Respublikasının bank sektorunda korporativ sosial məsuliyyət modellərinin hələ zəif ifadə olunmasından qaynaqlanır. Dövlət başçısının bu sahənin fəaliyyətinə məlum münasibəti barədə yuxarıda söz açdıq.
Məlumdur ki, bu gün ölkəmizdə banklar, iqtisadi qurumlar və təhsil sahələri tərəfindən korporativ sosial məsuliyyət üzrə daha dərin tədqiqat aparılmasına ciddi ehtiyac vardır. Ümumiyyətlə, korporativ davamlılığın və məsuliyyətin formalaşmasında daxili və xarici amillər özünəməxsus təsir göstərir. Daxili amillərə siyasi islahatlar, sosial-iqtisadi prioritetlər, bank rəhbərliyinin idarəetmədə yol verdiyi boşluqların aradan qaldırılması və nəhayət, böhrana cavab vermək qabiliyyətinin formalaşdırılması aiddir. Xarici amil dedikdə isə, qlobal mənşəyi əsasında bazara təsir göstərən, ölkə xaricində formalaşan təzyiqlər nəzərdə tutulur.
Beynəlxalq təcrübədən görünür ki, korporativ sosial məsuliyyət məsələlərinə inteqrasiya istiqamətində ictimaiyyətin maarifləndirilməsi, banklarla əlaqədar qanunda və KSM üzrə siyasi islahatların aparılması bu fəaliyyətin hərəkətverici qüvvəsi olur. Bunun üçün banklar birbaşa sosial-iqtisadi prioritetlər və bu prosesdən irəli gələn inkişaf istiqamətləri ilə formalaşmalıdır. Belə istiqamət götürülərkən, bankların idarəetmə qabiliyyətindəki boşluqlar aşkar olunarsa, onda konkret olaraq həmin bankın idarəetməsinin təkmilləşdirilməsi məqsədilə zəruri təlimlər keçirilməlidir. Əlavə olaraq qeyd etmək lazımdır ki, Milli Biznes Sistemi (MBS), hökumət və ya QHT-lərin bank sektorunun KSM təşəbbüslərinə əhəmiyyətli dərəcədə təsiri olmalıdır. Bir mühüm məsələni də qeyd etmək lazımdır ki, təşəbbüs proqramları zamanı sosial meyarların nəzərə alınması zəruridir.
Bankın KSM strategiyası çərçivəsində verilən qərarlar, təbii ki, sosial-iqtisadi məsələləri əhatə etməlidir. Habelə, sosial-iqtisadi məsələlərin araşdırılması, analizlərin aparılması zamanı banklarda yeni bir fəlsəfə tətbiq ediləcək. Bu fəlsəfə əsasında banklarda gedən əməliyyatlar da öz xüsusiyyətlərini dəyişə bilər. Nəticədə, sosial-iqtisadi məsələləri araşdırmaqla, daxili prosesləri sosial-iqtisadi məsələlərə uyğunlaşdırmaq həm daxili davamlılığa gətirib çıxaracaq, həm də sosial-iqtisadi sahənin inkişafına stimul yaradacaq.
Təbii ki, bu yanaşma tərzinin tətbiqi zamanı cəmiyyətin mövcud problemlərinə münasibət bildirilməsi müştərilər tərəfindən məmnuniyyətlə qarşılanacaq. Tərəfdaşlıq münasibəti cəmiyyətə ilham verəcək və bu, nəticədə həm bank üçün, həm də müştərilər üçün müsbət olacaqdır. Nəticədə banklar bu yaxınlıqdan mənfəət, gəlir və bazar payı əldə edəcək, həmçinin fərqləndirici amil kimi bank bazarında fəaliyyət göstərəcək. Belə bir addım dövlət tərəfindən müsbət qarşılanacaq və nəticədə yeni qanunların yaranması zəruri olacaqdır. Bu addım, həm xalqın dəyərlərini qorumaqla yanaşı, həm də bank sistemindəki yeniliklərlə cəmiyyətdəki ab-havaya müsbət təsir göstərəcək. Beynəlxalq təcrübədən məlumdur ki, bank-maliyyə sahəsinə aid olan qanunların dəyişməsində ilk addım banklar tərəfindən atılır. Bankların təkliflərinə hökumət səviyyəsində baxılır və normativ şəkildə tətbiq edilir. Çünki banklarla hökumət arasındakı münasibət, sadəcə, vergi məsələləri üzrə və ya dəstək almaq üçün deyildir. KSM-in strateji açar kimi tətbiqi bazarda banklara rəqabət üstünlüyünə və bank bazarında rəqabətə təkan verəcək. Eyni zamanda, KSM strategiyasının tətbiqi bankdaxili tələblərin cəmiyyətə uyğunlaşdırılmasında ümumi riski minimuma endirəcək.
Əlavə olaraq qeyd etmək lazımdır ki, KSM təşəbbüsləri və korporativ maliyyə performans (CFP) arasında əlaqələr əhəmiyyətli olmalıdır. Hesabatların cəmiyyətə çıxarılması zamanı KSM ilə yanaşı, davamlı inkişaf və qeyri-maliyyə hesabatlarını da əlavə etmək zəruridir. Belə bir addım maraqlı tərəfləri (bank menecerlərini, hakimiyyət orqanlarını, müştəriləri və s.) məlumatlandıracaq. Bunun əsasında bank və maraqlı tərəflərlə münasibət güclənəcək və nəticədə bazar payının möhkənlənməsinə və inamın artmasına gətirib çıxaracaq.
Sonda qeyd edək ki, dünyanın bütün bankları kimi Azərbaycan bank sektoru da maliyyə böhranının dağıdıcı təsirləri və ağır yükü ilə qarşı-qarşıya qalıb. Ona görə də çıxış yollarından biri banklarda korporativ sosial məsuliyyətin yüksək səviyyədə təşkil olunmasıdır. Bir daha xatırladaq ki, bunun nəticəsində rəqabətin verdiyi potensial faydaların artmasına gətirib çıxaracaq. Bankların təşəbbüsləri ölkədə KSM tədqiqatının və modellərinin keyfiyyətinin inkişafına zəmin yaradacaq və ölkədaxili sosial-iqtisadi inkişafa böyük töhfə verəcək. Bankların təhsil sahəsinə davamlı şəkildə yatırımları kadr problemlərini də aradan qaldıracaq. Həm cəmiyyət üçün, həm də bank üçün faydalı olan insan resurslarının inkişafı sağlam və davamlı cəmiyyətin yaradılmasına xidmət edəcək. Bundan əlavə, bankların KSM fəaliyyətinin gələcək illərdə artması üçün maarifləndirmənin genişləndirilməsi, normativ-hüquqi bazanın yaradılması, motivasiyanın təşviq edilməsi və hökumətlə birgə təşəbbüslərin olmasından irəli gələcək. Belə ki, bu işlər bankların KSM-ə adaptasiya prosesini müvəffəqiyyətlə həyata keçirməsinə kömək edəcək.
Cavid HÜSEYNLİ,
Çexiyadakı Karlov Universitetinin doktorantı
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.