Bu ilin ötən ayları ölkə iqtisadiyyatının heç şübhəsiz ki, növbəti uğurlu inkişaf mərhələsi kimi qeyd olunmalıdır. Ümummilli liderimiz Heydər Əliyevin ideyaları əsasında müəyyənləşdirilmiş və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən inamla həyata keçirilən sosial-iqtisadi kurs əvvəlki illərə xas olan ardıcıllıqla ölkə iqtisadiyyatının artımını təmin etməklə xalqın maddi rifahının durmadan yaxşılaşmasını şərtləndirmişdir.
İqtisadiyyatın dinamik inkişafı sənaye sahəsində də özünü göstərir. Ümumiyyətlə, sənaye Azərbaycan iqtisadiyyatının ən mühüm və inkişaf etmiş qollarından biridir. Əsasən yanacaq və energetika, kimya, maşınqayırma, metallurgiya, yeyinti, yüngül və digər sənaye sahələrini özündə birləşdirən bu vacib sahə Azərbaycanda ümummilli lider Heydər Əliyevin gərgin əməyi sayəsində ötən əsrin ortalarından inkişaf etməyə başlamışdır. Ötən əsrin 90-cı illərinin ortalarından isə ulu öndərin əsasını qoyduğu ölkəmizin yeni neft strategiyasının həyata keçirilməsindən sonra inkişaf mərhələsinə qədəm qoyan neft sənayesi digər istiqamətlərdə də sənaye sahələrinin tərəqqisinə yol açmışdır. Qeyri-neft sektorunda yaradılan əlverişli investisiya mühiti və aparılan iqtisadi islahatlar ölkəmizdə sənayenin kompleks inkişafını təmin etmişdir. Əvvəllər xarici ölkələrdən idxal olunan malların bir qisminin artıq Azərbaycanda istehsal olunmağa başlanması daxili bazarın zənginləşməsinə, idxaldan asılılığın aradan qaldırılmasına imkan yaratmışdır.
İqtisadi prosesləri yüksək qiymətləndirən Prezident İlham Əliyev demişdir: "Azərbaycan iqtisadiyyatı artıq şaxələndirilmiş iqtisadiyyatdır. 2009-cu ilin iqtisadi və maliyyə böhranı bunu bir daha göstərdi. Böhrana baxmayaraq, Azərbaycanın uğurlu inkişafı davam etmişdir. Bütün sosial məsələlər həllini tapmışdır, valyuta ehtiyatı dayanıqlılığını sübut etmişdir. Biz elə etməliyik ki, əldə olunan uğurlarla kifayətlənməyək. Görüləsi işlər çoxdur. Biz iqtisadi sahədə sənayeləşmə prosesinin sürətləndirilməsi, iqtisadiyyatın şaxələndirilməsi işləri ilə məşğuluq. İqtisadiyyatın qeyri-neft sektorunun inkişafına böyük əhəmiyyət verilir və biz bunun gözəl nəticələrini görürük. Təkcə son 7 ilin statiskasına baxmaq kifayətdir ki, Azərbaycanın uğurlu iqtisadi inkişafı haqqında hər kəsdə əyani təsəvvür yaransın".
Həyata keçirilən düzgün iqtisadi siyasətin nəticəsidir ki, ölkəmizdə qeyri-neft sektorunun davamlı olaraq yüksək artım tempi təmin edilib, həmçinin infrastruktur əhəmiyyətli dərəcədə müasirləşdirilib və yeniləri qurulub. Sənaye sektorunun inkişafına yönəldilən investisiyalar ölkədə elmtutumlu və yüksək texnologiyalı, rəqabətədavamlı və ixracyönümlü, dünya standartlarına cavab verən sənaye məhsullarının istehsal edilməsinə imkan verir. Ötən illərdə olduğu kimi, bu il də sənaye istehsalındakı artım ÜDM-in tərkibində xüsusi çəkiyə malikdir. Belə ki, cari ilin 11 ayı ərzində sənaye sahəsində məhsul istehsalı keçən ilin yanvar-noyabr ayları ilə müqayisədə 3,1 faiz artıb. Sənaye məhsulunun 76,1 faizi və ya 19,2 milyard manatı mədənçıxarma bölməsində, 18,8 faizi, yaxud 4,8 milyard manatı emal bölməsində, 4,5 faizi və ya 1,1 milyard manatı elektrik enerjisi, qaz, buxar və kondisiyalaşdırılmış hava ilə təchizat bölməsində, 0,6 faizi və ya 145,7 milyon manatı su təchizatı, çirkli suların və tullantıların təmizlənməsi bölməsində istehsal olunub.
Sənaye məhsulu istehsalı neft sektorunda 2,5 faiz, qeyri-neft sektorunda isə 5,9 faiz artıb. Yanvar-noyabr ayları ərzində mədənçıxarma bölməsində 47,1 milyon ton neft, 15,5 milyard kubmetr əmtəəlik qaz hasil olunub. Emal bölməsinin məhsullarından qida məhsulları istehsalı 2,2 faiz, içki istehsalı 12,7 faiz, kağız və karton istehsalı 22,9 faiz, neft məhsulları istehsalı 8,9 faiz, kimya sənayesi məhsulları istehsalı 11,2 faiz, metallurgiya sənayesi məhsulları istehsalı 22,3 faiz, elektrik avadanlıqları istehsalı 83,2 faiz, maşın və avadanlıqlar istehsalı 2,6 dəfə, avtomobil, qoşqu və yarımqoşqular istehsalı 74,4 dəfə artıb. İlin əvvəlindən ölkənin elektrik stansiyalarında 16 milyard kilovat-saat elektrik enerjisi istehsal olunub.
Ötən illərin statistik yekunlarına diqqət yetirdikdə sənaye sahəsində istehsalın artımında ilbəil xeyli irəliləyişin olduğunu görərik. Azərbaycanda 2000-ci ildə 3640, 2001-ci ildə 3769, 2002-ci ildə 4019, 2003-cü ildə 4982 milyon manatlıq sənaye məhsulu istehsal olunub. Sonrakı illərdə ölkədə istehsal olunan sənaye məhsullarının həcmi sürətlə artıb. Belə ki, sənaye məhsullarının həcmi 2005-ci ildə 9309, 2006-cı ildə 15544, 2007-ci ildə 22496, 2008-ci ildə 29773, 2009-cu ildə 22564 milyon manat təşkil edib. 2009-cu ildəki azalma beynəlxalq iqtisadi böhranın nəticəsində baş verib.
Sənaye məhsulunun artımı daha çox mədən sənayesinin payına düşsə də, Azərbaycan hakimiyyətinin uğurlu iqtisadi siyasətinin nəticəsi olaraq emal sənayesinin də ümumi istehsalda payı getdikcə artmaqdadır. Son illərdə qida məhsullarının, neft-kimya məhsullarının, sementin, metal məmulatların, məişət cihazlarının, avtomobillərin istehsalı davamlı olaraq artmaqdadır.
Sənaye istehsalının artımında yeni yaranan müəssisələrin böyuk rolu var. Əgər 2003-cü ildə ölkə üzrə 2421 sənaye müəssisəsi qeydə alınmışdırsa, bütün mülkiyyət növləri üzrə onların sayı 2005-ci ildə 2621-ə, 2006-cı ildə 2732-yə, 2007-ci ildə 2825-ə, 2008-ci ildə isə 2887-yə çatıb. Ötən il və bu ilin 11 ayında da yeni sənaye müəssisələrinin yaranması dinamik xarakter daşımışdır.
Son vaxtlar yaranan sənaye müəssisələri arasında Səngəçal taxıl elevatoru xüsusi əhəmiyyət kəsb edir. Bu müəssisənin istifadəyə verilməsi respublikamızın ərzaq təhlükəsizliyinin təmin olunması ilə bağlı həyata keçirilən mükəmməl strategiyanın tərkib hissəsi kimi qiymətləndirilə bilər. Qeyd edək ki, ilk taxıl elevatoru olan anbarda hər birinin tutumu 10 min ton təşkil edən 10 saxlanc çəni quraşdırılıb. Bu isə, ümumilikdə 100 min ton taxılın saxlanması deməkdir. Qeyd edək ki, elevatorlarda taxılın uzun müddət saxlanması və qorunması üçün bütün texniki imkanlar mövcuddur. İlk növbədə, xaricdən gətirilən və yerli istehsalçılardan qəbul olunan taxıl məhsullarının mühafizəsi əsas diqqət mərkəzində olacaq. Bunun üçün xarici dövlətlərdən gətirilmiş texniki avadanlıqlar və mühafizə vasitələrinin köməyi ilə məhsulun istehsal edildiyi dövrdəki keyfiyyətdə saxlanması mümkündür. Bu isə ilin istənilən dövründə, xüsusilə də, aprel-may aylarında taxıl tədarükünün azaldığı vaxtda, dəyirmanları və çörəkbişirmə müəssisələrini ən yüksək keyfiyyətli buğda ilə təmin etməyə imkan verəcək.
Xatırladaq ki, elevatorda saxlanılan məhsul əsasən, ölkədə ərzaq qıtlığı yarandığı təqdirdə, bazara çıxarılacaq ki, bu da daxili bazarın tam tənzimlənməsinə səbəb olacaq. Beləliklə, istehlak bazarına çıxarılan unun və çörəyin keyfiyyət göstəriciləri ekoloji baxımdan bütün tələblərə cavab verəcək. Əhaliyə verilən unun və çörəyin nəmliyi, yapışqanlığı, digər keyfiyyət göstəriciləri ekoloji baxımdan bütün normalara uyğun olacaq. Bu isə ölkəmizin ekoloji təmiz məhsulla təmin edilməsi və ərzaq təhlükəsizliyi ilə bağlı strategiyasına tam uyğundur.
Onu da qeyd edək ki, Taxıl Fondu Səngəçal elevatoru ilə yanaşı, tutumu 100 min ton olan daha bir elevatorun tikintisini də planlaşdırır. Fövqəladə Hallar Nazirliyi artıq yeni elevatorun tikinti layihəsini, anbarın yerini nəzərdən keçirir. Yaxın günlərdə bununla bağlı işin icrasına başlanılacaq. Hazırda İqtisadi İnkişaf Nazirliyi tərəfindən də taxıl anbarlarının tikintisi maliyyələşdirilir. Həmin anbarlar istifadəyə verildikdən sonra isə Azərbaycanda həm yerli, həm də idxal taxılın saxlanılmasında heç bir problem olmayacaq. Respublikamızda 500 min tondan artıq taxılın saxlanması mümkün olacaq ki, bu da anbarların payız mövsümündə, yəni, taxılın tədarükünün ilk dövründə ucuz qiymətə yüksək keyfiyyətli məhsulla təmin edilməsi deməkdir. Bir sözlə, oktyabr-noyabr aylarında ölkəmizin taxıl anbarlarında toplanan taxıl məhsulları hesabına yarım illik ehtiyat əldə ediləcək. Həmin məhsul adətən, yaz-yay aylarında, yəni, taxılın bazarda azaldığı dövrdə çörəkbişirmə müəssisələrinə təhvil verilə bilər.
Sənaye sektorunun inkişafı bu sahədə çalışanların əmək haqlarının artımına da öz təsirini göstərmişdir. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-oktyabr aylarında sənaye işçilərinin orta aylıq əmək haqqı 457,5 manat təşkil etmiş və 9 faiz artmışdır. Əmək haqqının daha çox artımı kimya, əczaçılıq, qida, geyim və avtomobil istehsalı ilə məşğul olan müəssisələrin işçilərində müşahidə olunmuşdur. Qeyri-dövlət sənaye müəssisələrində işçilərin əmək haqqı 584 manat təşkil etmişdir.{nl}
Vaqif BAYRAMOV, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.