Azərbaycanda dövlət miqrasiya siyasəti uğurla həyata keçirilir

(əvvəli qəzetin 17 dekabr 2010-cu il tarixli sayında){nl}

Bunların nəticəsində həm xarici, həm də daxili miqrasiyanın mənfi təzahürlərinin aradan qaldırılması istiqamətində səmərəli və məqsədyönlü tədbirlər görülmüşdür. Dövlətimizin başçısı İlham Əliyev bu məsələnin vacibliyini vurğulayaraq qeyd etmişdir: "Biz miqrasiya siyasətimizi gücləndirməliyik. Çox ciddi sistem yaratmalıyıq. Hər gələn vətəndaş qeydiyyatdan keçməlidir. Qanunsuz heç bir adam belə burada işləməməlidir. Biz istənilən anda bilməliyik : hansı xarici vətəndaş hansı gündən haradadır və nə işlə məşğuldur. Mən buna çox diqqət göstərirəm. Çünki gələcəkdə bu problem ciddiləşə bilər. Azərbaycanda hərtərəfli inkişafın təmin olunması üçün bu məsələ daim diqqət mərkəzində olmalıdır. Dövlət tərəfindən tənzimlənməlidir". Dövlət başçısının fikirlərindən göründüyü kimi, dinamik iqtisadi inkişaf yolunda olan, Şərqlə Qərbi birləşdirən geostrateji tranzit xətlərinin, qlobal enerji layihələrinin başlıca təminatçısına çevrilən Azərbaycanda miqrasiya proseslərinin dövlət nəzarətində saxlanması, ilk növbədə, milli təhlükəsizliyin hərtərəfli təmini baxımından xüsusi aktuallıq kəsb edir. Bu aktuallıq bir tərəfdən respublikamızın zəngin təbii ehtiyatlara, inkişaf potensialına malik olması, əlverişli coğrafi mövqedə yerləşməsi, digər tərəfdən beynəlxalq hüquq normalarını kobud şəkildə pozan Ermənistanın təcavüzü ilə üzləşməsi, ağır müharibə şəraitində yaşaması ilə şərtlənir.
Miqrasiya proseslərinin effektiv şəkildə idarə edilməsi onun mənfi nəticələrinin aradan qaldırılması üçün vacib şərtlərdəndir. Qeyri-leqal miqrasiyanın mütəşəkkil cinayətkarlıq və terrorla mümkün əlaqəsi bütün dövlətlərin təhlükəsizliyi üçün real təhdid törədə bilər. Azərbaycan Respublikası üçün miqrasiyanın nisbətən yeni bir fenomen olduğunu, bu istiqamətdə işlərin lazımi səviyyədə aparılması üçün qabaqcıl ölkələrin, eləcə də müvafiq beynəlxalq təşkilatların təcrübəsini nəzərə alaraq miqrasiya təhlükəsizliyinin hərtərəfli elmi tədqiqi çox vacibdir.
Müasir dünya inkişafının başlıca meyillərindən olan qloballaşma prosesi dövlətlərin milli təhlükəsizliyi baxımından xarici və daxili miqrasiyanın da çevik mexanizmlər əsasında idarə olunmasını aktual məsələlərdən birinə çevirmişdir. Miqrasiya problemi qlobal xarakterli olduğu kimi, həm də milli təzahürlərə malikdir. İstənilən suveren dövlət öz milli maraqlarına uyğun müstəqil miqrasiya siyasətini həyata keçirir. Dövlət hansı kateqoriyalı şəxslərə daimi yaşayış və ya müvəqqəti sığınacaq hüququnun verilməsini yalnız özü həll edir. Bu baxımdan miqrasiya təhlükəsizliyinin mənbələri və struktur özəllikləri hər bir dövlətdə özünü büruzə verən miqrasiya reallığının nəzərə alınmasını tələb edir. Ölkədən ölkəyə dəyişdikcə miqrasiyanın dinamikası, növləri və formaları da, onun təhlükəsizliyinin təminatı da müxtəlif olur. Bu müxtəlifliyi ölkənin yaşadığı tarixi, siyasi inkişaf mərhələsi, demoqrafik, sosial-iqtisadi, geosiyasi və s. xüsusiyyətləri şərtləndirir.
Bazar iqtisadiyyatı şəraitində işçi qüvvəsinə olan real tələbat, məşğulluğun milli maraqlara uyğun olaraq təminatı və yalnız iqtisadi fayda əldə olunması meyilləri arasındakı ziddiyyətlər də iqtisadi təhlükəsizlik üçün təhdid ola biləcək amillərdəndir. Ölkəyə gələn müxtəlif etnik miqrant qruplarının əhalinin ümumi say tərkibində mümkün olan həddi keçməsi xalqın bütün etnik-milli balansının pozulmasına, dövlətin suverenliyinin şübhə altına alınmasına səbəb ola bilər. Bu baxımdan inkişafın yeni mərhələsində təhlükəsizliyin mükəmməl konsepsiyasının yaradılması və həyata keçirilməsi üçün daim mövcud olan təhdidlərin aktual iyerarxiyası müəyyən edilməlidir. Müasir Azərbaycanın geosiyasi, iqtisadi mövqeyi və təbii resursları elə səviyyədədir ki, əldə olunmuş tarixi nailiyyət olan müstəqilliyin möhkəmlənməsi, mövcud beynəlxalq-siyasi reallığa adekvat olan milli təhlükəsizlik tədbirlərinin həyata keçirilməsini tələb edir.
Prezident İlham Əliyev andiçmə mərasimindəki çıxışında qeyd etmişdir: "Bu gün Azərbaycanda biz yeni bir problemlə-qanunsuz miqrasiya ilə üzləşirik. Bu gün Azərbaycana işləmək üçün başqa ölkələrdən gələn işçi qüvvəsinin sayı günü-gündən çoxalır. Xüsusilə bu məsələni tənzimləmək üçün bu yaxınlarda Dövlət Miqrasiya Xidməti yaradılmışdır. Yəni bu Azərbaycanın bugünkü reallıqlarıdır. 2003-cü ildən 2008-ci ilə qədər keçdiyimiz yol, göründüyü kimi, bütün istiqamətlərdə özünü büruzə veribdir. Azərbaycanda təhlükəsizlik məsələləri çox yüksək səviyyədə həll olunur, ictimai-siyasi asayiş yüksək səviyyədə qorunur, sabitlik, inkişaf var, dözümlülük, tolerantlıq var. Bunlar olmasaydı, əminəm ki, iqtisadi cəhətdən nə qədər cəlbedici olsa da, xaricdən buraya adam gəlməzdi. Ancaq bununla bərabər, biz miqrasiya siyasətimizi daha da gücləndirməliyik, çox ciddi sistem yaratmalıyıq."
2003-cü ildən etibarən miqrasiya siyasəti sahəsində həyata keçirilən dövlət kursunun, Azərbaycan tarixində əvvəllər rast gəlinməyən konseptual sənədlərin, miqrasiyanı idarə edən xüsusi dövlət qurumunun yaradılması, ölkədə bu prosesə nəzarəti tənzimləyən miqyaslı infrastrukturun formalaşdırılması, dünya standartlarına uyğun peşəkar kadrlar korpusunun yetişdirilməsi, bu proseslərin bütövlükdə ölkənin daxili və xarici fəaliyyəti ilə əlaqələndirilməsi və s. inkişafın yeni mərhələsində, miqrasiya siyasəti və miqrasiyanın idarə olunmasının yeni kursunun təşəbbüskarı və rəhbəri olan Prezident İlham Əliyevin tarixi xidməti kimi dəyərləndirilməlidir. Qlobal miqrasiya fenomeninin dövlətimizin milli inkişafına mümkün, müsbət və mənfi cəhətlərini, sosial-iqtisadi inkişafda miqrasiya amilindən maksimum faydalanmaq məqsədini hərtərəfli təhlil edən dövlət başçısı İlham Əliyev miqrasiya siyasətinin yeni mahiyyətli konsepsiyasını formalaşdırmışdır.
XXI yüzillikdə miqrasiya siyasəti, ilk növbədə, dövlətimizin qəbul etdiyi konsepsiya, proqram, doktrina və strategiya kimi hərtərəfli, düşünülmüş şəkildə, obyektiv elmi əsaslarla həyata keçirilir. Bu siyasət həm də ölkəmizin öz üzərinə götürdüyü beynəlxalq öhdəlikləri və əməkdaşlığı nəzərə almaqla milli praktikaya uyğun olaraq reallaşdırılır. Azərbaycan Respublikasının 2007-ci il mayın 23-də qəbul olunmuş "Milli Təhlükəsizlik Konsepsiyası"nda dövlətin miqrasiya siyasəti "Azərbaycan Respublikasının milli təhlükəsizlik siyasətinin əsas istiqamətləri" sırasına daxil edilmişdir. Konsepsiyada qeyd olunur: "Son illərin təhlili göstərir ki, Azərbaycanda müşahidə olunan sürətli sosial-iqtisadi inkişaf, energetika və nəqliyyat sahələrində beynəlxalq kommunikasiyaların genişlənməsi, eyni zamanda, ölkəmizin geosiyasi mövqeyi miqrasiya proseslərinin intensivləşməsinə gətirib çıxarmışdır. Bu da, öz növbəsində, ölkənin inkişafı və təhlükəsizliyinin təmin edilməsi baxımından milli maraqlara uyğun miqrasiya siyasətinin həyata keçirilməsini, onun əsasında miqrasiya proseslərinin tənzimlənməsi məsələlərinin təkmilləşdirilməsini şərtləndirir".
Azərbaycanda miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi, qanunvericiliyin beynəlxalq normalara və müasir dövrün tələblərinə uyğun təkmilləşdirilməsi, milli təhlükəsizliyin və sabit sosial-iqtisadi, demoqrafik inkişafın təmin edilməsi, əmək ehtiyatlarından səmərəli istifadə edilməsi, ölkə ərazisində əhalinin mütənasib yerləşdirilməsi, miqrantların intellektual və əmək potensialından istifadə edilməsi, tənzimlənməyən miqrasiya proseslərinin mənfi təsirinin aradan qaldırılması, insan alveri də daxil olmaqla, qeyri-qanuni miqrasiyanın qarşısının alınması məqsədilə 2006-2008-ci illər üçün Dövlət Miqrasiya Proqramı qəbul olunmuşdur.
Miqrasiya siyasətini tənzimləyən dövlət orqanlarının fəaliyyətində pərakəndəliyi aradan qaldırmaq və koordinasiya etmək üçün Prezident İlham Əliyevin sərəncamı ilə vahid qurumun yaradılması bu sahədə aparılan idarəetmə siyasətinin dünyanın qabaqcıl ölkələri ilə müqayisə ediləcək səviyyəyə qaldırdı. Dövlət Miqrasiya Xidmətinin Əsasnaməsi təsdiq olundu. Azərbaycan Respublikasında qaçqın statusu almaq istəyənlərin vəsatətlərinə baxılması 2008-ci ildən Dövlət Miqrasiya Xidmətinin Qaçqın Statusunun Müəyyənləşdirilməsi Departamenti tərəfindən həyata keçirilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sisteminin fəaliyyətini təmin etmək məqsədilə 2009-cu il fevralın 6-da Dövlət Miqrasiya Xidmətinin Miqrasiya Məlumat Mərkəzi fəaliyyətə başlamışdır.
Əcnəbi və vətəndaşlığı olmayan şəxslərə müvəqqəti və daimi yaşamaq üçün icazənin, immiqrant statusunun, habelə Azərbaycan Respublikasına gələn əcnəbi və vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddətlərinin uzadılması ilə bağlı qərarın verilməsi, o cümlədən vətəndaşlıq, qaçqın statusunun müəyyənləşdirilməsi və bu kimi məsələlərlə bağlı ətraflı məlumat almaq istəyən şəxslər həmin mərkəzə müraciət edə bilərlər. Miqrasiya təhlükəsizliyinin təmin olunması sahəsində ən son yeniliklərdən biri isə Azərbaycanda Miqrasiya Məcəlləsinin hazırlanmasıdır.
Azərbaycan dövləti həm Avropa Şurasının, həm də BMT-nin üzvü kimi bu istiqamətdə aparılan beynəlxalq əməkdaşlıqda yaxından iştirak edir. ATƏT-in Bakı Ofisi, Avropa Şurası və Miqrasiya üzrə Beynəlxalq Təşkilatla bu istiqamətdə aparılan işlər çoxşaxəli problemləri əhatə edir. Azərbaycan miqrasiya axınında ən mühüm yer tutan əmək miqrasiyasının tənzimlənməsi sahəsində də beynəlxalq, regional səviyyəli əməkdaşlıq proseslərinə qoşulur. MDB məkanında dövlətlərarası əməkdaşlıq müqavilələri, "MDB dövlətlərində əməkçi miqrantlar və onların ailələrinin hüquqi statusu barədə" konvensiya geniş müzakirə edilir. Burada miqrantlara verilən icazə kartlarının altı dərəcəyə və altı qat müdafiə xüsusiyyətinə malik, saxtalaşdırılması mümkün olmayan kartların verilməsi əks olunmuşdur. Bu da miqrant əməyinin qeyri-qanuni istifadə edilməsinin qarşısını almaq məqsədinə xidmət edir.
2010-cu il oktyabrın 5-6-da Soçi şəhərində keçirilmiş "Təhlükəsizlik məsələlərinə məsul yüksək vəzifəli şəxslərin birinci beynəlxalq görüşü"ndə Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev "Beynəlxalq münaqişələrə çevrilə biləcək beynəlxalq təhlükəsizliyə təhdid və çağırışların dəyərləndirilməsi" mövzusunda çıxışının bir hissəsini miqrasiya təhlükəsizliyi məsələləri üzərində quraraq qeyd etmişdir:"Transmilli mütəşəkkil cinayətkarlığın təzahür formaları Azərbaycandan da yan keçməyib. Belə ki, ölkənin münbit coğrafi mövqeyi, Avropa ilə Asiya arasında ticarət-nəqliyyat və kommunikasiya yollarının kəsişməsində yerləşməsi, sabit inkişaf edən müasir iqtisadiyyatı, reallaşdırdığı irimiqyaslı enerji, nəqliyyat və digər layihələr təkcə əlverişli iqtisadi mühit formalaşdırmır, həm də qanunsuz fəaliyyətini genişləndirmək, gəlirlərini artırmaq üçün istənilən imkandan istifadə edən, daim yeni marşrut və bazarlar axtaran müxtəlif növ kriminal strukturları cəlb edir. Buna görə də Azərbaycanın Milli Təhlükəsizlik Konsepsiyasında və Hərbi Doktrinasında Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğalı ilə yanaşı, beynəlxalq terrorçuluq, narkotik maddələr və silah-sursatın qanunsuz dövriyyəsi, qeyri-leqal miqrasiya və insan ticarətinin ölkənin milli təhlükəsizliyinə qarşı təhdid qismində qeyd olunması tam qanunauyğundur. Çünki dövlətin milli təhlükəsizlik konsepsiyasının reallaşdırılması dünyadakı yeni situasiyanı nəzərə almadan mümkün deyil. Ermənistan silahlı qüvvələrinin işğal etdiyi Dağlıq Qarabağ ərazisində, o cümlədən Azərbaycan-İran sərhədinin faktiki olaraq Ermənistan tərəfindən nəzarət edilən 132 kilometrlik hissəsi aktiv şəkildə narkotik maddələrin istehsalı, tranziti və ticarəti, silah və insan alveri, qeyri-leqal miqrasiya, terrorçular üçün sığınacaq, çirkli pulların yuyulması və transmilli cinayətkarlığın digər təhlükəli növləri üçün istifadə olunur. Bu zona milli və beynəlxalq hüququn təsir dairəsindən kənarda olduğuna görə qeyd olunan təhlükələrə qarşı vaxtında və adekvat reaksiya vermək mümkünsüzdür. Buna görə də biz Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlərə milli və regional təhlükəsizliyin təminatı işinin bir hissəsi kimi baxırıq". Akademik R. Mehdiyevin dövlətimizin miqrasiya siyasətini və real gerçəkliyini olduqca dəqiq, məntiqli və əhatəli əks etdirən bu fikirlərindən o da məlum olur ki, Azərbaycanda daxili miqrasiya probleminin tam həlli yalnız işğal nəticəsində zorla qaçqın salınan məcburi miqrantların öz doğma torpaqlarına qaytarıldığı şəraitdə, ölkəmizin ərazi bütövlüyünün təmin olunduğu halda həll ediləcəkdir.

{nl}

Fətəli ABDULLAYEV, Hüquqi İslahatlara Yardım Mərkəzi İctimai Birliyinin sədri, AMEA-nın İnsan Hüquqları İnstitutunun dissertantı

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında