Son illər Azərbaycanda çoxsaylı infrastruktur layihələrinin həyata keçirilməsi nəticəsində ölkəmizin iqtisadi inkişafı üçün güclü baza formalaşdırılıb, yeni qaz və su kəmərləri çəkilib, yollar salınıb. Bu tədbirlər, eyni zamanda, yeni iş yerlərinin açılması insanların firavan yaşayışı üçün həyata keçirilən sosialyönümlü strategiyanın mühüm tərkib hissəsinə çevrilib.
Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq müəyyənləşdirilən Azərbaycanı müasir infrastruktur təminatına malik ölkəyə çevirməklə bağlı strategiyada yol-nəqliyyat infrastrukturunun yenilənməsinə xüsusi önəm verilməsi heç də təsadüfi deyil. Hər şeydən əvvəl vurğulayaq ki, bu istiqamətdə görülən işlər dövlətin məqsədyönlü şəkildə həyata keçirdiyi sosial siyasətin tərkib hissəsi olmaqla yanaşı, həm də ölkənin sürətli iqtisadi inkişafı ilə bağlıdır. Yüksək səviyyədə qurulan yol-nəqliyyat infrastrukturu insanlara böyük rahatlıq gətirdiyi kimi, həm də respublikanın iqtisadi potensialının artmasına stimul verən vacib amillərdən biridir. Rahat yollar olmadan Azərbaycanın dinamik iqtisadi inkişafını təsəvvür etmək belə mümkün deyil.
Respublikamızda yol-nəqliyyat infrastrukturunun yenilənməsini zəruri edən digər bir mühüm amil isə Azərbaycanın tranzit daşımaları üçün əlverişli coğrafi mövqedə yerləşməsi ilə bağlıdır. Qədim İpək yolunun üstündə yerləşən Azərbaycan həm ölkədaxili ictimai-siyasi sabitlik baxımından, həm də quru və su sərhədlərinə malik olmasına, eləcə də iqtisadi resurslarına görə beynəlxalq tranzit daşımaları üçün kifayət qədər cəlbedici məkandır. Eyni zamanda, respublikamızda yaradılan müasir yol-nəqliyyat infrastrukturu sayəsində region ölkələrinin həm daşımalarla bağlı problemləri həllini tapır, həm də onların da tranzit imkanları artır. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Azərbaycanın yol-nəqliyyat infrastrukturunun ən müasir səviyyəyə qaldırılması istiqamətində görülən işləri yüksək qiymətləndirib: “Belə infrastrukturların qurulması Böyük İpək yolu marşrutu üzrə Asiya ilə Avropa arasında ticarət və tranzit daşımalarının inkişafına, eləcə də, Xəzər regionunun nəqliyyat və tranzit potensialının daha səmərəli istifadəsinə töhfədir”.
Dövlətimizin başçısı nitqində, eyni zamanda, yol-nəqliyyat infrastrukturunun inkişafından bəhs edərkən deyib: “Keçən il nəqliyyat sektorunda önəmli hadisələr baş vermişdir. Xüsusilə Şimal-Cənub dəhlizinin yaradılması istiqamətində çox ciddi addımlar atılmışdır. Keçən ilin yaz aylarında mən göstəriş vermişdim ki, ilin sonunadək bizim dəmir yolumuz İran sərhədinə qədər çatdırılmalıdır və artıq biz buna nail olduq. Təqribən 7-8 ay ərzində çatışmayan o hissəni inşa etdik və ondan əlavə, Astaraçay üzərində körpünü də biz tikdik və istifadəyə verdik. Yəni, Azərbaycan Şimal-Cənub dəhlizi ilə bağlı öz üzərinə düşən vəzifəni cəmi səkkiz ay ərzində yerinə yetirdi. İndi biz bu böyük layihənin işə düşməsi ilə bağlı əlavə təşəbbüslər irəli sürmüşük ki, bu prosesi sürətləndirək. Bu, həm bizə, həm qonşu ölkələrə, bütün dünyaya lazımdır. Bu layihənin icrası nəticəsində Hindistandan, Pakistandan gələn yüklər Azərbaycan ərazisindən İrana, Rusiyaya, Şimali Avropaya və əks istiqamətdə gedəcəkdir. Bu, böyük nəqliyyat hərəkatına gətirib çıxaracaq. Milyonlarla ton yük ərazimizdən keçəcək və minlərlə iş yeri yaradılacaq. Biz bu layihənin icrası ilə, eyni zamanda, Naxçıvanı da dəmiryolu blokadasından çıxaracağıq. Naxçıvan İran ərazisindən dəmir yolu vasitəsilə Azərbaycanla birləşəcək. Yəni, bu, tarixi layihədir və biz bunu qonşu, dost ölkələrlə birlikdə icra edirik”.
Azərbaycan Şərq ilə Qərb, Şimal ilə Cənuba gedən yolların qovuşuğunda yerləşir. O, İran vasitəsilə Fars körfəzinə, Rusiya vasitəsilə Şimala, Xəzər dənizi vasitəsilə Asiyaya və Mərkəzi Asiyaya, Gürcüstan vasitəsilə Türkiyə və oradan da Qərbə çıxır. Ötən dövr ərzində Azərbaycan transmilli enerji və nəqliyyat-kommunikasiya layihələrinin həyata keçirilməsi, ölkənin beynəlxalq tranzit mərkəzinə çevrilməsi sahəsində çox mühüm nailiyyətlər əldə edib. Ölkədə hava, dəniz, dəmir yolu nəqliyyatı infrastrukturu ən müasir standartlara uyğun yenidən qurulub.
Hazırda Azərbaycan ildə 30 milyon ton yükü Çindən Avropaya və Avropadan Çinə, İrandan və Şərqdən Şimala və Rusiyaya, Rusiyadan da Yaxın Şərqə daşımaq imkanına malikdir. Burada ciddi rəqabət var və Azərbaycan da beynəlxalq tranzit sistemində yer tutmaq üçün lazımi tədbirlər görür. Bu məqsədlə Azərbaycandan keçən Şərq-Qərb və Cənub-Şimal nəqliyyat dəhlizlərinin yaradılması istiqamətində işlər gedir. Ölkəmizdə artıq beynəlxalq səviyyəli yeni hava limanları, dəniz limanı tikilib. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin başa çatması da ölkəmizin tranzit imkanlarını kifayət qədər genişləndirəcək, Asiya ilə Avropa arasında yük daşımalarını və kommunikasiyaları asanlaşdıracaq.
Beləliklə, Azərbaycan iqtisadiyyatın qeyri-neft sektorunu, daxili istehsalı gücləndirməklə, həmçinin enerji və nəqliyyat layihələrini gerçəkləşdirməklə öz gələcək inkişafını təmin etməyə çalışır.
Əhliman KƏRİMOV,
texnika elmləri doktoru,
professor
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.