Azərbaycan 2016-cı ildə də öz inamlı inkişafını davam etdirib

Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Azərbaycan Prezidenti İlham Əliyev  giriş nitqi söyləyərək 2016-cı ildə dünyada və regionda təhlükələrin artdığını, qanlı müharibələrin davam etdiyini, hətta yeni münaqişə ocaqlarının yarandığını, iqtisadi inkişafla bağlı vəziyyətin də ağırlaşdığını bildirdi. Qeyd etdi ki, bütün bunlara baxmayaraq, Azərbaycan 2016-cı ildə öz inamlı inkişafını davam etdirib, təhlükəsizlik tədbirləri təmin olunub, xalqımız sülh və əmin-amanlıq şəraitində yaşayıb. “Ölkəmizdə sabitliyin mənbəyi xalqın iradəsi və onun seçimidir”, - deyən dövlətimizin başçısı ötən il qarşıda duran bütün vəzifələrin icra edildiyini, neftin qiymətinin aşağı düşməsi fonunda yaranan böhranlı vəziyyətdən çıxış yolu tapıldığını bildirdi.

2016-cı ilin ölkəmizin tarixində dərin iqtisadi islahatlar dövrü kimi qalacağını vurğulayan Prezident İlham Əliyev qəbul edilən qərarlar nəticəsində bundan sonra da qeyri-neft sektorunun inkişafının diqqət mərkəzində olacağını qeyd etdi. Təsadüfi deyil ki, keçən il neftin qiymətinin 3-4 dəfə aşağı düşməsi nəticəsində ümumi daxili məhsul azalsa da, qeyri-neft sənayesində 5, kənd təsərrüfatında isə 2,6 faiz artım əldə olunub.

Keçən il Azərbaycana 8 milyard dollar xarici, 3,7 milyard dollar daxili sərmayənin qoyulduğunu deyən Prezident İlham Əliyev vurğuladı ki, 2016-cı ildə əsas vəzifələrdən biri valyuta ehtiyatlarının qorunması idi və buna da nail olundu. Bəzi neft ölkələrindən fərqli olaraq Azərbaycan Dövlət Neft Fondunun vəsaitlərindən səmərəli istifadə edildi. Azərbaycanda görülən işlərin beynəlxalq maliyyə qurumları tərəfindən də yüksək qiymətləndirildiyini, Davos İqtisadi Forumunun Azərbaycan iqtisadiyyatını rəqabətqabiliyyətliliyinə görə 37-ci yerdə qərarlaşdırdığını xatırladan dövlətimizin başçısı böhranlı ildə belə ölkədə 100 mindən çox daimi iş yerinin açıldığını vurğuladı.

Azərbaycan hökuməti hazırda iqtisadi siyasəti milli iqtisadiyyata təsir edən xarici və daxili iqtisadi amilləri, ortamüddətli proqnozları nəzərə almaqla həyata keçirir. Ona görə də hazırda respublikamızda qeyri-neft sektorunun inkişafı iqtisadi artımın başlıca mənbəyi kimi diqqət mərkəzində saxlanılır. Milli iqtisadiyyatın tərəqqisinə və ixracın şaxələndirilməsinə yönələn tədbirlər isə qeyri-neft sektorunda iqtisadi artıma müsbət təsir edir. Həmin tədbirlər sırasında son illər investisiya siyasətinin diqqət mərkəzində saxlanılması mühüm önəm daşıyır. Nazirlər Kabinetinin iclasında Prezident İlham Əliyev Azərbaycanda investisiya siyasətinin həyata keçirilməsi barədə dedi: “... Bu gün bütün dünyada iqtisadi böhran yaşanır, maliyyə çətinlikləri müşahidə olunur və belə vəziyyətdə xaricdən investisiya gətirmək çox çətin məsələdir. Biz bunu təmin etmişik və ölkə iqtisadiyyatına 8 milyard dollar xarici sərmayə qoyulmuşdur. Daxili sərmayə isə 3,7 milyard dollar olmuşdur. Əvvəlki illərlə müqayisədə bu, daha aşağı rəqəmdir. Ancaq bu, başadüşüləndir, bunun səbəbi də bəllidir. Beləliklə, ölkə iqtisadiyyatına keçən il 11 milyard 700 milyon dollar sərmayə qoyulmuşdur. Bir daha demək istəyirəm ki, bu, çox gözəl göstəricidir. Bu göstəricinin mütləq rəqəmləri də çox böyükdür. Əgər bunu adambaşına hesablasaq görərik ki, biz bəlkə də dünya miqyasında ən qabaqcıl yerlərdən birini tuturuq”.

Xatırladaq ki, bu gün Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) xarici investorlara və tərəfdaşlara təqdim edilməsi məqsədilə xarici investisiyaların cəlbi üçün nəzərdə tutulan layihələrin sahibkarlıq subyektlərindən qəbuluna xüsusi əhəmiyyət verir. Bu zaman investisiya layihələrində əsas diqqət maliyyə baxımından əsaslandırılan və iqtisadi cəhətdən səmərəli olan, beynəlxalq standartlara uyğun gələn müəssisələrin yaradılmasına və həmin obyektlərdə ixracyönümlü və idxaləvəzləyici  məhsulların istehsal edilməsinə yetirilir.

Azərbaycanın xarici investisiya üçün cəlbedici olması təsadüfi deyil. Çünki respublikamızda əcnəbi investorların səmərəli fəaliyyəti məqsədi ilə hər cür şərait, xüsusilə mükəmməl qanunvericilik bazası yaradılıb, “açıq qapı” siyasəti prioritet istiqamət kimi qəbul edilib. Bundan başqa, son illərdə Azərbaycan hökuməti ilə xarici dövlətlər arasında investisiyaların təşviqi və qarşılıqlı qorunması ilə bağlı 50-dən çox saziş imzalanıb. Avropa İttifaqının 23 üzv ölkəsi ilə respublikamız arasında ikiqat vergitutma aradan qaldırılıb.

Azərbaycan iqtisadiyyatının qeyri-neft sektoruna investisiya qoyan xarici qurumlar arasında İslam İnkişaf Bankı və Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası daha çox diqqət çəkir. Hər iki struktur ölkəmizdə bir sıra yeni layihələrdə fəal iştirak edir, qeyri-neft sahələrinin inkişafına maliyyə dəstəyi göstərir. İqtisadiyyat Nazirliyindən aldığımız məlumata görə, indiyədək İslam İnkişaf Bankı tərəfindən ölkəmizə iqtisadiyyatın müxtəlif sahələri üzrə 18 layihə çərçivəsində 1 milyard ABŞ dollarına yaxın vəsait ayrılıb. Bu layihələrin 14-ü başa çatıb, 4-ü isə davam edir. Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası tərəfindən isə indiyədək ölkəmizə kiçik və orta sahibkarlığın dəstəklənməsi ilə bağlı 14 layihə üzrə 130 milyon ABŞ dolları məbləğində investisiya yatırılıb.

Azərbaycana investisiya qoyuluşuna marağın getdikcə artması ölkəmizin siyasi cəhətdən sabit olması, milli, dini və irqi tolerantlığı baxımından seçilməsi ilə bağlıdır. Bununla yanaşı, respublika hökuməti tərəfindən həyata keçirilən iqtisadi siyasət, aparılan islahatlar nəticəsində ölkədə güclü iqtisadi potensial mövcuddur. Son 10 il ərzində iqtisadiyyatın 3 dəfə artması, müasir infrastruktur yaradılması, yüzlərlə müasir müəssisənin fəaliyyətə başlaması da bunun nəticəsidir. Yaradılan əlverişli biznes və investisiya mühiti, Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınması, regionda əlverişli mövqeyə malik olan mühüm tranzit mərkəzi olması, insan kapitalının inkişafı da ölkəmizin investisiya qoyuluşu baxımından cəlbediciliyini artırır. Eyni zamanda, Azərbaycan beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərini tam şəkildə və vaxtında yerinə yetirir. Ölkəmizin təşəbbüskarı olduğu transmilli layihələr bu gün Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. 

Dövlət başçısının rəhbərliyi ilə iqtisadiyyatın bütün sahələrini əhatə edən islahatlar hüquqi-siyasi istiqamətdə həyata keçirilməklə həm də sahibkarlığın inkişafına güclü təkan verir. Başqa sözlə, iqtisadiyyatın bütün sahələrində dövlət öz imkanları hesabına müasir sahibkarlıq subyektlərinin formalaşmasına geniş imkan yaradır, onların öz potensiallarından səmərəli istifadə etmələri üçün əlverişli mühit formalaşdırır. Bu isə iqtisadiyyatın, xüsusilə də özəl sektorun inkişafını sürətləndirir. Sahibkarların fəaliyyətinə əsassız və qanunsuz müdaxilələrin, bürokratik yoxlamaların aradan qaldırılması, liberal biznes mühitinin formalaşdırılmasının xüsusi diqqət mərkəzində saxlanılması da investisiya mühitinin yaxşılaşdırılmasına müsbət təsir göstərir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Qanuna əsasən, vergi yoxlamaları, insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə yoxlamalar istisna olmaqla sahibkarlıq sahəsində aparılan bütün yoxlamaların 2 il müddətinə dayandırılması bunun bariz ifadəsidir. Azərbaycan Respublikasının Prezidenti yanında, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apelyasiya şuralarının yaradılması da sahibkarların hüquqlarının daha etibarlı qorunmasına xidmət edir.

Yuxarıda qeyd edilənlərlə yanaşı, ixracın və investisiyaların təşviqi mexanizmlərinin formalaşdırılması, idxal-ixrac əməliyyatları sahəsində mütərəqqi mexanizmlərin (yaşıl dəhliz, elektron bəyanetmə və s.) tətbiq edilməsi, dövlət satınalmalarında yerli malların xeyrinə güzəştlər müəyyən olunması, kənd təsərrüfatının ənənəvi sahələrinin (pambıqçılıq, tütünçülük, ipəkçilik) inkişafı üçün subsidiyalar nəzərdə tutulması, kiçik sahibkarlığın, o cümlədən ailə təsərrüfatlarının dəstəklənməsi məqsədilə Ailə Biznesinə Asan Dəstək (“ABAD”) mərkəzlərinin yaradılması da ölkədə investisiya mühitinin diqqət mərkəzində saxlanılmasından xəbər verir.

Xatırladaq ki, Prezident İlham Əliyevin 18 yanvar 2016-cı il tarixli “İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” fərmanı ölkəyə daha çox xarici sərmayələrin cəlb edilməsi, sənaye istehsalının artırılması kimi mühüm məqsədləri özündə ehtiva edir. Bu fərman əsasında sahibkarlara investisiyanın təşviqi sənədi və təsdiqedici sənəd verilir. Bu sənədləri alan sahibkarlar Vergi Məcəlləsində və “Gömrük tarifi haqqında” qanunda nəzərdə tutulmuş güzəştlərdən yararlanmaq imkanı əldə edir, mənfəət və gəlir vergisinin 50 faizini, əmlak və torpaq vergisini, idxal etdikləri texnika, texnoloji avadanlıq və qurğular üzrə ƏDV və idxal rüsumlarını 7 il müddətində ödəməkdən azad olunurlar.

Yeri gəlmişkən, 2016-cı ilin may ayından bu ilin əvvəlinədək  84 layihəyə investisiya təşviqi, 56 layihəyə isə 212 təsdiqedici sənəd verilib. Bu isə yerli istehsala 1 milyard manatdan çox investisiya yatırılması, 7 minə yaxın iş yerinin açılması,  sahibkarlara 8 milyon ABŞ dollarından çox güzəşt edilməsi deməkdir. 

Prezident İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilən “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi” də ölkədə investisiya mühitinin daha da yaxşılaşdırılmasına müsbət təsir göstərəcək. Başqa sözlə, Strateji Yol Xəritəsinin müvafiq hədəflərini reallaşdırmaqla  biznes mühitinin səmərəliliyinin artırılması istiqamətində orta müddətli xərclər strategiyası çərçivəsində yeni siyasətin tətbiqi, maliyyə-bank sisteminin sağlamlaşdırılması və monetar siyasətin üzən məzənnə rejimi üzərində təkmilləşdirilməsi, habelə xarici bazarlara çıxış imkanlarının genişləndirilməsi gerçəkləşəcək.

Adıçəkilən Strateji Yol Xəritəsinin beşinci bölməsində göstərilir ki, 2025-ci ilə qədər Azərbaycanda hər il ÜDM istehsalı 3 faizdən çox artacaq və əlavə olaraq 450 mindən çox yeni iş yeri yaradılacaq. İqtisadiyyatın sektorları üzrə nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi nəticəsində qeyri-rəsmi məşğulluğun payı azalacaq.

Göründüyü kimi, hökumət ölkədə investisiya fəaliyyətinin genişləndirilməsinə, biznes mühitinin yaxşılaşdırılmasına, sənaye istehsalının artırılmasına, qeyri-neft sektorunun inkişaf etdirilməsinə ciddi önəm verir. Bu istiqamətdə qarşıya qoyulan əsas hədəflər sərmayə qoyuluşlarının artırılması, sahibkarların ixrac potensialının gücləndirilməsi, investisiya imkanlarının genişləndirilməsi, potensial tərəfdaşların tapılması və birgə əməkdaşlıq layihələrinin həyata keçirilməsidir.

Prezident İlham Əliyev iclasda ölkə həyatının digər məsələlərinə də toxundu. Bildirdi ki, ötən il sosial məsələlərin həlli yenə də diqqət mərkəzində olub, maaşlar 7, pensiyalar 8 faiz artıb və yenə də artmalıdır. Bununla yanaşı, kommunal xidmətlərin diferensiallaşdırılması da sosial ədalət prinsipinə əsaslanıb, orta təbəqənin maraqları nəzərə alınıb. Sosial siyasətin tərkib hissəsi kimi 485 məktəb təmir olunub, 29 yeni məktəb tikilib, 41 tibb müəssisəsi tikilib və ya təmir edilib. Məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması diqqətdə saxlanılıb. Bundan əlavə, “ASAN xidmət” mərkəzlərinin sayı 11-ə çatdırılıb. İndiyə qədər bu mərkəzlərə 13 milyon müraciət daxil olub, göstərilən xidmətlərin sayı artırılıb. “ASAN Viza”nın fəaliyyətə başlaması ölkəmizə turist axınının daha da sürətlənməsinə geniş imkanlar açıb. 2016-cı ildə Azərbaycana gələn turistlərin sayı 11 faiz artıb.

Ötən ilin mühüm hadisələrindən danışarkən Prezident İlham Əliyev “Cənub” qaz dəhlizinin və “Şahdəniz-2” layihəsinin icrası ilə bağlı bütün addımların atıldığını, TANAP layihəsinin böyük hissəsinin icra edildiyini, Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması ilə bağlı tədbirlərin görüldüyünü də bildirdi.

Prezident İlham Əliyev yekun nitqində inşaat sektorunun canlandırılması ilə bağlı bir çox tədbirlərin həyata keçirildiyini dedi, bu prosesin insanların həyat şəraitinin yaxşılaşdırılmasına, Bakının daha da gözəlləşməsinə, həm də tikinti materialları bazarının stimullaşdırılmasına xidmət etdiyini diqqətə çatdırdı. Prezident yanında Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyətini vurğulayan dövlətimizin başçısı qarşıdakı illərdə paytaxtda iki minə yaxın sosial mənzilin inşa olunacağını və Bakıda köhnəlmiş mənzil fondunun yerində yenilərinin tikintisinə start verildiyini, “Ağ şəhər” layihəsinin uğurla icra olunduğunu, qarşıdakı dövrdə Akademik Milli Dram Teatrının arxasında və TəzəPir məscidinin ətrafında geniş abadlıq işlərinin aparılacağını, ictimai yerlərin yaradılacağını bildirdi.

2017-ci ildə makroiqtisadi sabitliyin təmin edilməsinin, inflyasiyanın birrəqəmli olmasının vacibliyini vurğulayan Prezident İlham Əliyev bank sektorunun sağlamlaşdırılması ilə bağlı bu il də geniş tədbirlərin görüləcəyini dedi. Dövlətimizin başçısı sənaye parklarının yaradılması, kənd təsərrüfatının, xüsusilə də taxıl, pambıq, çay, barama və şərab istehsalının artırılması, valyuta gətirən meyvə plantasiyalarının salınması, heyvandarlığın inkişafı ilə bağlı tədbirlərin görülməsinin əhəmiyyətindən danışdı, istehsal olunan məhsullar üçün yeni bazarların tapılmasının vacibliyini vurğuladı.

Ölkədə infrastrukturun yaradılması, qazlaşdırılmanın aparılması, kənd yollarının tikintisi, içməli su layihələrinin icrası ilə bağlı tapşırıqlarını verən Prezident İlham Əliyev hərbi potensialın gücləndirilməsinə dair əlavə tədbirlərin görüləcəyini bildirdi, ekoloji tədbirlərin, ölkəyə turist axınının stimullaşdırılmasının, “ASAN xidmət”in coğrafiyasının və funksiyalarının genişləndirilməsinin, Ələtdəki Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisinin birinci mərhələsinin tam başa çatdırılmasının diqqət mərkəzində saxlanıldığını vurğuladı.

Azərbaycan 2016-cı ildə öz inamlı inkişafını davam etdirib, ölkəmizdə təhlükəsizlik tədbirləri təmin edilib, Azərbaycan xalqı sülh, əmin-amanlıq şəraitində yaşayıb və yaşayır.

Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında bu fikirlərə onu da əlavə edib ki, ölkəmizdə sabitliyin mənbəyi xalqımızın iradəsi, xalqımızın seçimidir. Bu gün Azərbaycanın dünya miqyasında sabitliyi ilə seçilən ölkələrdən biri olduğunu bildirən Prezident deyib: “Əlbəttə ki, gördüyümüz bütün bu işləri dünya kontekstindən ayırmaq mümkün deyil. Dünyada və bölgədə gedən təhlükəli proseslərə fikir verərkən bir daha görürük ki, Azərbaycan öz yoluna sadiqdir, müstəqillik, inkişaf yolu ilə gedir və biz çalışmışıq və çalışacağıq bundan sonra da ölkəmizi, xalqımızı mümkün olan risklərdən qoruyaq, öz müstəqil yolumuzu təmin edək”.

Bəli, artıq tarix və ətrafda baş verən hadisələr göstərir ki, Azərbaycanın seçdiyi yol yeganə düzgün yoldur. Bu, müstəqillik yoludur, sabitlik, inkişaf yoludur.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında