Yanvarın 12-də Davos İqtisadi Forumunun rəsmi saytında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycanın 2017-ci il üçün iqtisadi prioritetləri” sərlövhəli məqaləsi verilib. AZƏRTAC məqaləni təqdim edir.
* * *
Son illər ölkə həyatının bütün sahələrində reallaşdırılan məqsədyönlü tədbirlər öz uğurlu nəticələrini verib.
İqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən enerji sahəsində qlobal əhəmiyyətli layihələrin icrası ölkəmizin imkanlarını artırmaqla yanaşı, regional və beynəlxalq əməkdaşlığın inkişafı işinə də xidmət edir. Bu baxımdan Azərbaycanın təşəbbüsü və liderliyi ilə icra olunan “Cənub Qaz Dəhlizi” layihəsi Azərbaycan qazını Avropa bazarlarına çatdırmaqla Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə də öz dəyərli töhfəsini verəcək. Layihə çərçivəsində “Şahdəniz-2” qaz-kondensat yatağının işlənməsi üzrə işlərin 87 faizi, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi üzrə işlərin 72 faizi, Trans-Anadolu Boru Kəmərinin (TANAP) inşası üzrə işlərin 60 faizi, Trans-Adriatik Boru Kəmərinin (TAP) inşası üzrə işlərin 30 faizi icra edilib. Qeyd etmək lazımdır ki, “Şahdəniz” yatağı təsdiq edilmiş qaz ehtiyatı ən azı 1,2 trilyon kubmetr olan dünyanın ən böyük qaz yataqlarından biridir.
Azərbaycanda tranzit potensialının reallaşdırılması istiqamətində də mühüm layihələrin icrasına başlamışıq. Bu il Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi başa çatmalıdır. Bu layihənin icrası Çindən Avropaya yüklərin çatdırılma müddətinin 25-30 gündən 12-15 günə endirilməsinə imkan verəcək. Şimal-Cənub nəqliyyat dəhlizi çərçivəsində isə ötən il Azərbaycan ərazisində bütün tikinti işləri başa çatdırılıb. Beləliklə, Azərbaycan çox mühüm nəqliyyat qovşağına çevrilməkdədir. Hazırda iqtisadi siyasətin prioritetləri iqtisadiyyatın daha da şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafıdır.
Sənayenin inkişafı məqsədilə sənaye parklarının və zonalarının yaradılması işləri aparılmaqdadır. 2018-ci ildə Sumqayıt Kimya Sənaye Parkında investisiya dəyəri 2 milyard ABŞ dollarına yaxın olan bir neçə sənaye müəssisəsi açılacaq. Pambıq, tütün, fındıq, çay, barama və digər ixracyönümlü məhsulların istehsalı artırılacaq, bir neçə aqropark və iri fermer təsərrüfatlarının yaradılması davam etdiriləcək. İnformasiya sektorunun inkişafı məqsədilə xidmətlərin keyfiyyətinin, ölkənin tranzit informasiya dəhlizi potensialının artırılması davam etdiriləcək. Son zamanlar elektron vizaların verilməsi, “Tax free” sisteminin tətbiqi, Birinci Avropa Oyunları və Formula-1 kimi mötəbər tədbirlərin keçirilməsi ölkədə turizmin inkişafına əhəmiyyətli töhfə verir.
Eyni zamanda, qeyd etmək lazımdır ki, əldə etdiyimiz real uğurlarla yanaşı, çağırışlarla da üzləşmişik. Qlobal iqtisadi böhran prosesləri Azərbaycan iqtisadiyyatına da öz təsirini göstərib, gəlirlər azalıb və ötən il ərzində milli valyuta 10,1 faiz ucuzlaşıb. Lakin adekvat addımlar ataraq biz bu çətinliklərin öhdəsindən uğurla gəlirik. Daha dayanıqlı inkişafa nail olmaq üçün “Strateji Yol Xəritəsi” təsdiqlənib, struktur, institusional, pul-kredit, maliyyə və digər istiqamətlərdə dərin islahatlar aparılır, vergi və gömrük sahəsində idarəetmə təkmilləşdirilir, bütün sahələrdə şəffaflıq təmin edilir. Misal üçün, ötən ilin 10 ayında ticarət dövriyyəsinin azalmasına baxmayaraq, gömrük rüsumlarının toplanan həcmi 53 faiz artıb.
Azərbaycanın gücü təkcə iqtisadiyyatla məhdudlaşmır: Azərbaycan çoxmillətli bir ölkədir. Əsrlər boyu burada müxtəlif etnik qruplar və dini icmaların nümayəndələri sülh, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşayıblar. Azərbaycanda tolerantlıq ruhu daim hökm sürüb və 2016-cı il Azərbaycanda “Multikulturalizm ili” elan olunub. Ölkəmiz artıq sivilizasiyalar, dinlər və mədəniyyətlərarası dialoqa həsr olunmuş mötəbər beynəlxalq tədbirlərin keçirildiyi mühüm bir məkana çevrilib. Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun 2016-cı ildə Bakı şəhərində uğurla təşkil olunması bunun yaxşı nümunəsi və dünya ölkələrinin Azərbaycandakı multikulturalizm mühitinə olan münasibətinin real ifadəsi idi. Roma Papası Fransiskin Azərbaycana rəsmi səfərini xüsusilə qeyd etmək lazımdır. Bu tarixi səfər zamanı Roma Katolik Kilsəsinin rəhbəri dünyaya çox açıq mesajlar göndərdi. Azərbaycanda multikulturalizmin vəziyyəti ilə bağlı onun dəyərli fikirləri həm həqiqəti əks etdirir, həm də dünya katoliklərinin rəhbərinin bu işlərə qiymətinin gözəl təzahürü idi.
Ölkə həyatının bütün sahələrində olduğu kimi, Azərbaycan idman sahəsində də böyük uğurlar əldə edib. Paytaxtda və regionlarda ən müasir Olimpiya idman kompleksləri və digər idman infrastrukturu yaradılıb. Dövlət səviyyəsində idmana göstərilən qayğı və ölkədə ən müasir infrastrukturun yaradılması gənc nəslin idmana olan marağını böyük dərəcədə artırıb. İdmançılarımızın ən mühüm beynəlxalq idman tədbirlərində uğurlu iştirakı bu gün artıq yaxşı ənənəyə çevrilib və Azərbaycan idmançıları Rio Olimpiya Oyunlarında bunu bir daha sübut ediblər. İdmançılarımız 18 medal qazanaraq medalların sayına görə dünyada 14-cü, Avropada 7-ci, postsovet məkanında 2-ci, müsəlman ölkələri içərisində isə birinci yeri qazanıb.
Azərbaycan, həmçinin mötəbər idman tədbirlərinə ev sahibliyi edən dünyanın tanınmış ölkələrindən biridir. Ölkəmizdə 2015-ci ildə ilk Avropa Oyunları və Bakıda 2016-cı ildə dünyada 500 milyon insanın izlədiyi Formula-1 Qran-Pri yarışları keçirilib. Bu il yenidən beynəlxalq idman aləminin diqqəti Azərbaycanda olacaq. 2017-ci ildə ölkəmizdə İslam Həmrəyliyi Oyunları keçiriləcək. İdman sahəsində beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsinə böyük töhfə verəcək bu tədbirlər həm də Azərbaycana gələn turistlərin sayını xeyli dərəcə artıracaq, bununla da ölkəmizdə turizm sektorunun inkişaf etdirilməsi işinə xidmət göstərəcək.
Mən əminəm ki, 2017-ci il Azərbaycan iqtisadiyyatının inkişaf ili olacaq. Biz səmərəli iqtisadi islahatların həyata keçirilməsini davam etdirəcəyik. Eyni zamanda, sosialyönümlü təşəbbüslərin maliyyələşdirilməsini artıracağıq. İqtisadiyyatın şaxələndirilməsi işi demək olar ki, başa çatmaqdadır. Hazırda ölkəmizin ümumi daxili məhsulunun 70 faizi qeyri-neft sektorunun payına düşür. Bu gün bizim qarşımızda duran əsas məqsəd ixracın şaxələndirilməsidir. 2016-cı ildə atdığımız addımlar bu məqsədə nail olunması işinə xidmət edəcək. Azərbaycan artıq Dünya İqtisadi Forumunun Qlobal Rəqabət Qabiliyyətliliyi İndeksinə görə 37-ci yerdədir (MDB ölkələri sırasında 1-ci yerdə) və biz bu uğuru daha da möhkəmləndirmək əzmindəyik.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.