Azərbaycan dövləti 2017-ci ildə daha qətiyyətli addımlar atmaq əzmindədir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilmiş Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası  ölkə ictimaiyyəti tərəfindən böyük maraq və diqqətlə qarşılandı. Əhalinin bütün təbəqələrini təmsil edən soydaşlarımız dövlət başçımızın yanvarın 10-da səsləndirdiyi  fakt, rəqəm və proqnozları müasir Azərbaycan həqiqətləri kimi qəbul etdilər. Milli Məclisin deputatı Rüstəm XƏLİLOV isə bu məsələyə münasibət bildirərkən Prezidentin yekun nitqində səsləndirilən iki məqam üzərində dayandı:

– Təbii ki, ölkədə ötən il ərzində görülmüş işlər, xüsusən, beynəlxalq aləmdə davam edən maliyyə və iqtisadi böhran fonunda reallaşdırılan tədbirlər haqqında eşitmək çox xoş idi.  Ancaq mən belə tədbirlərdə  dövlət başçısının ölkə ictimaiyyəti qarşısında qoyduğu növbəti vəzifələri daha böyük maraqla izləyirəm. Çünki onun tövsiyə və tapşırıqları mütləq yeni uğurlara yol açır. Cənab Prezident yanvarın 10-da da qarşımıza çox böyük vəzifələr qoyulduğunu dilə gətirdi.

Yada salmaq istədiyim həmin vəzifələrdən biri ordu quruculuğu və topaqlarımızın işğaldan azad edilməsi üçün atılan addımlar barədə idi.  Dövlət başçımız özünün yekun nitqində dedi:  “Hərbi potensialımızın gücləndirilməsi üçün əlavə tədbirlər görüləcək. Büdcədə kifayət qədər vəsait ayrılıb. Hərbi xərclər bizim büdcə xərcləri arasında birinci yerdədir. Bu, belə də olmalıdır. Biz müharibə şəraitində yaşayırıq. Bütün böhranlara, neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, biz ordumuzu ən müasir silah-sursat, texnika ilə təmin edirik.

Keçən il çox önəmli addımlar atılmışdır. Ən müasir silahlar ölkəmizə gətirilmişdir və bu il də proses davam edəcək. Bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır, həm döyüş qabiliyyəti, həm təminat-təchizat baxımından. Bizim yüksək dəqiqliyə, dağıdıcı qüvvəyə malik olan ən müasir silahlarımız var. Onların bir hissəsi nümayiş etdirilib, bir hissəsi isə nümayiş etdirilməyib. Lazım olan vaxtda, lazım olan yerdə onlar nümayiş etdiriləcək”.

Deputatın toxunduğu ikinci məqam isə ölkə vətəndaşının sosial həyatı ilə bağlı olan  vəzifələr idi: – Təbii ki, parlamentə seçilmiş adam kimi, məni ən çox maraqlandıran məsələlərdən biri də əhalinin sosial həyatıdır. Məmnunam ki, dövlət səviyyəli bütün tədbirlərdə bu məsələ həmişə  diqqət mərkəzində olur. Yanvarın 10-da da belə oldu. Möhtərəm Prezidentimiz dedi: “Sosial infrastrukturun yaradılması bu il davam etməlidir. Mən qeyd etdim ki, keçən il 500-dən çox məktəb tikilib, təmir edilib. Bizim məqsədimiz ondan ibarətdir ki, 2017-2018-ci illərdə Azərbaycanda bir dənə də olsun qəzalı vəziyyətdə məktəb qalmasın. Bax, qarşıya belə məqsəd qoyulub. Bu layihələri biz iki ilə bölürük, bu il və gələn il. Vəsait nəzərdə tutulur. Təhsil Nazirliyi yeni layihələr təqdim edib. Xüsusilə ucqar kəndlərdə bütün müasir avadanlıqla təmin edilən və tezliklə istifadəyə verilə bilən modul tipli məktəblərin tikintisi getməlidir. Səhiyyə ocaqları da həmçinin. Biz demək olar ki, bütün şəhərlərdə ən müasir xəstəxanaları tikmişik, yaxud da ki, əsaslı təmir etmişik. Harada lazımdırsa, yenə də bu işlər davam etdiriləcək”.

Qələmə aldı:
İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında