Şriftin ölçüsü:
19.12.2010 08:34 | Oxunma sayı: 895
Misir Ərəb Respublikasının (MƏR) neft naziri Samih Fehminin dəvəti ilə sənaye və energetika naziri Natiq Əliyevin başçılığı ilə Azərbaycan nümayəndə heyəti dekabrın 14-dən 17-dək İsgəndəriyyə və Qahirə şəhərlərində səfərdə olmuşdur. Nümayəndə heyətinə Azərbaycan Dövlət Neft Akademiyasının rektoru, akademik S.Qarayev və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) rəsmiləri daxildir.
Azərbaycanın MƏR-dəki səfirliyindən bildirmişlər ki, səfər çərçivəsində nazir Natiq Əliyev ölkənin Baş naziri Əhməd Mahmud Mühəmməd Nazif, neft naziri Samih Fehmi ilə görüşmüş, İsgəndəriyyə şəhərində yerləşən "MİDOR-Middle East Oil Refinery", "SUMED-Arab Petrolium Co", "Enppi-Engineering for the petroleum and Process İndustries" və "Petrojet" neft -qazın qəbulu, emalı və nəqli ilə məşğul olan və neft-kimya məhsullarını istehsal edən şirkətlərin texniki imkanları ilə yaxından tanış olmuş, bu şirkətlər barədə təqdimatları dinləmişdir.
Baş nazir Əhməd Mahmud Mühəmməd Nazif ilə görüşdə xalqlarımız arasında tarixi dostluq əlaqələrini diqqətə çatdıran Natiq Əliyev Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1994-cü ildə Qahirəyə səfər etdiyini xatırlatmış, bu səfərin Azərbaycan ilə Misir arasında daim dərinləşən dostluq münasibətlərinin formalaşmasında xüsusi rol oynadığını nəzərə çarpdırmışdır. Nazir Azərbaycan Prezidenti İlham Əliyevin 2007-ci ilin mayında Misirə rəsmi səfərini və ölkə Prezidenti Hüsni Mübarək ilə görüşünü qeyd edərək, prezidentlərin ikitərəfli əlaqələrin daha da yaxınlaşmasına və yeni əməkdaşlıq sahələrinin inkişafına mühüm əhəmiyyət verdiklərini bildirmişdir. Natiq Əliyev yanacaq və energetika sahəsi də daxil olmaqla, ikitərəfli əməkdaşlığın daha da inkişafı və ticarət dövriyyəsinin artırılması üçün əlverişli imkanların olduğunu nəzərə çarpdırmışdır.
Baş nazir ölkəsinin Azərbaycanla əlaqələrin daha da inkişaf etdirilməsinə xüsusi maraq göstərdiyini qeyd etmişdir. O, hər iki ölkə rəhbərliyinin nümayiş etdirdiyi yüksək siyasi iradə əsasında əməkdaşlığın daha da dərinləşdirilməsi üçün bütün imkanların mövcudluğunu bildirərək, bu istiqamətdə neft və qazın ixracı və emalı sənayesinin xüsusi rolunu vurğulamışdır.
Natiq Əliyev Misirin Baş nazirinə Azərbaycanın son dövrlərdə əldə etdiyi iqtisadi nailiyyətlər, ölkə iqtisadiyyatının inkişaf dinamikası və aparılan iqtisadi islahatlar haqqında ətraflı məlumat vermişdir.
Misirin neft naziri S.Fehmi bu ilin iyun ayında Azərbaycana səfərini və keçirdiyi görüşləri xatırladaraq, Azərbaycan ilə Misir arasında neftin satışı və emalı sahəsində əməkdaşlığın dinamik inkişaf etdiyini söyləmiş və qarşılıqlı maraq doğuran bir sıra layihələr üzrə müzakirələrin aparıldığını bildirmişdir.
Nazir Natiq Əliyev Misirin neft-qaz emalı infrastrukturu ilə yaxından tanış olduğunu qeyd edərək, neft-qazın emalını və nəqlini həyata keçirən müəssisələrin texniki imkanlarının onda yüksək təəssüratlar doğurduğunu nəzərə çarpdırmışdır. N.Əliyev Misirin Aralıq dənizi sahilində yerləşən "MİDOR-Middle East Oil Refinery" neftayırma zavodunda ARDNŞ-in alt-strukturu olan "SOCAR Trading" şirkətinin neftinin artıq emal olunduğunu qeyd etmişdir. O, Misirin Aralıq və Qırmızı dəniz sahillərindəki dəniz limanı infrastrukturundan istifadə edərək, daha böyük həcmdə Azərbaycan neftinin iqtisadi baxımdan daha səmərəli yolla Cənub-şərqi Asiya bazarına çıxarılması imkanlarının olduğunu diqqətə çatdırmışdır.
Eyni zamanda, N.Əliyev aparılan müzakirələrin davam etdirilməsi üçün nazir S.Fehmini yaxın vaxtlarda Azərbaycana səfərə dəvət etmişdir.
Səfərin sonunda Natiq Əliyev və Samih Fehminin iştirakı ilə Azərbaycan Dövlət Neft Akademiyası və MƏR-in Neft Nazirliyinin tərkibində fəaliyyət göstərən "OGS-Egyptian Oil and Gas Skills Company" şirkəti arasında kadrların hazırlanması, təcrübə və tədris proqramlarının mübadiləsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanmışdır.
Səfərin yekunlarına dair Azərbaycanın sənaye və energetika naziri N.Əliyev və MƏR-in neft naziri S.Fehmi ölkənin aparıcı kütləvi informasiya vasitələri nümayəndələri üçün mətbuat konfransı keçirmişlər.
Səfər yerli KİV-lərdə ətraflı işıqlandırılmışdır.{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.